Məhkəmə qərarları › İş №e-2(005)-4364/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4364/2023

27.10.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4364/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Kreditor Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Kreditor Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu onun xeyrinə 170 000 manat vəsaitin və 100 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Kreditor tərəfindən Borclu qarşı pulun ödənilməsi ilə bağlı tələb irəli sürülərkən həmin mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş, bununla da Mülki Prosessual Məcəllənin 152-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Halbuki tərəflər arasında bağlanmış müqavilənin 9-cu bəndinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə eyni zamanda işin hallarını nəzərə alaraq qeyd edir ki, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, hazırki mülki iş üzrə pulun ödənilməsini təsdiq edən zəruri sübutlar təqdim edilmədiyindən (bu səbəbdən əlavə araşdırma aparılması zərurəti olduğundan) kreditorun tələbinin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı müəyyən edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.1 və 279.2.3-cü maddələrinə görə isə verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa və ya verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışsa, bu hallar məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Mülki Prosessual Məcəllənin 279.3 və 279.4-cü maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından Kreditor Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul edilməsindən imtina edilməli, kreditora həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 276 və 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar