Məhkəmə qərarları › İş №e-2(005)-4403/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4403/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4403/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin rəsmi nikahından olan 13 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iş üzrə Cavabdeh ilə 22 oktyabr 2016-cı il tarixli, 124 nömrəli akt qeydi əsasında nikahı qeyd etdirməklə evlənmişlər. Tərəflərin rəsmi nikahdan 13 iyun 2017-ci il təvəllüdlü X3 adlı 1 (bir) uşağı anadan olmuşdur. Qeyd edir ki, iddiaçı gəlin kimi iş üzrə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı ünvana köçərək özünə məxsus cehiz əmlakını və qızıl-zinət əşyalarını həmin mənzilə aparmışdır. Bir müddət tərəflər birlikdə mehriban yaşayaraq birgə təssərüfat aparmış, nikahda 1 (bir) uşağı olmuşdur. 10 iyun 2023-cü ildə yaşadığı mənzildə iş üzrə Cavabdeh iddiaçını döyərək, bədəninin müxtəlif yerlərinə xəsarət yetirmiş və qolunu sındırdığı üçün evdən ev paltarında uşağı ilə birlikdə çıxmışdır. Həmin vaxt iddiaçının və uşağının bütün sənədləri və digər əşyaları həmin evdə qalmış, iş üzrə cavabdeh həmin əşyaları vermədiyi üçün Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət ərizəsi yazdıqdan sonra, sənədlərini polis vəsitəsi ilə almışdır. Hal-hazırda iş üzrə cavabdehlə barışıb birlikdə yaşamaq fikiri yoxdur. İddiaçı uşağı təkbaşına saxlamaqda maddi tərəfdən çətinlik çəkir. Hal-hazırda iddiaçı və himayəsində olan 13 iyun 2017-ci il təvəllüdlü X3 qeydiyyatda olduğu ünvanda yaşayırlar. İş üzrə Cavabdeh uşağın maddi təlabatı ilə maraqlanmadığı üçün, müvəqqəti təminat tədbiri olaraq ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, e- 16(005)-293/2023 saylı qərardadı ilə ərizəsi təmin edilmiş, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edənədək, (xx.xx.2023-cü il tarixinədək) Cavabdeh 13 iyun 2017-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində müvəqqəti alimentin iddiaçıya verilməsi və həmin qərardadın dərhal icra olunması qərara alınmışdır. Həmin aliment borcu iş üzrə cavabdeh tərəfindən tam ödənilmişdir. İddiaçı bildirir ki, aliment tələbini mediatorun köməkliyi ilə öz aralarında həll edilməsini istəsə də, iş üzrə cavabdeh bundan imtina etmişdir. Odur ki, iddiaçı məcburiyyət qarşısında qalaraq tərəflərin rəsmi nikahdan olan 13 iyun 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanması üçün iş üzrə cavabdeh xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ərizəçi İddiaçı verilməsi ilə əlaqədar məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə EMİS vasitəsilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, məhkəmədə üzrlü səbəblərdən iştirak etmədiklərini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, hazırda tərəflər arasında olan nikahın pozulması ilə bağlı Salyan rayon Məhkəməsinin icraatında mülki işin olduğunu, uşağın himayəsi ilə bağlı aralarında mübahisənin olmadığını, lakin maddi vəziyyəti nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə yüksək məbləğdə olmayan aliment tutulmasını xahiş etdi. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(005)- 293/2023 saylı qərardadına əsasən İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edənədək, (xx.xx.2023-cü il tarixinədək) Cavabdeh 13 iyun 2017-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində müvəqqəti aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(005)- 293/2023 saylı qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-4403/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Cavabdeh 13 iyun 2017-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində müvəqqəti aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 450 №-li arayışdan məlum olur ki, X3 və X6 nikahı xx.xx.2016-cı il tarixdə bağlanmış və 124 №-li qeydi ilə qeyd olunmuşdur. Ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2017-ci il tarixli AZ-İV 010597 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci ildə doğulmuş, bu barədə akt qeydləri kitabında 4986 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-02102 №-li X4 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmiş və onun nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci ildə X3 adlı övladları doğulmuşdur və tərəflərin ailə münasibətləri baş tutmadığından onlar faktiki olaraq ayrı yaşayırlar, X3 anasının yanında qalır və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2023-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, onların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit aliment cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə, xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır. Bu zaman Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(005)- 293/2023 saylı qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci ilə bağlı tələb olmadığından çəkilmiş xərc onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-16(005)-293/2023 saylı qərardadı nəzərə alınmaqla) il tarixindən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödədiyi 50 manat mediasiya xərci özünə aid edilsin. Qətnamə dərhal icra olunsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar