Məhkəmə qərarları › İş №e-2(005)-4448/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4448/2022

14.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4448/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqı və son haqq-hesaba görə 628.84 manat, məcburi ilkin mediasiya üçün verilmiş 50 manat, hüquqi xidmətə görə 100 manat, cəmi 778.84 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, bildirmişdir ki, Cavabdeh MMC-də əmək müqaviləsi əsasında işləmişdir. Cari ilin iyun ayında əmək müqaviləsinə ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndinə əsasən xitam verilməsi haqqında ərizə vermişdir. 15 iyul 2022-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Qeyd etmişdir ki, o, əmək funksiyalarını sonuncu günə qədər icra etmiş, lakin cavabdeh ona əmək haqqını və son haqq-hesabı ödəməkdən qərəzli şəkildə imtina etmişdir. Hazırki iddia ərizəsinə əlavə etdiyi bank hesabından çıxarışdan görünür ki, əmək haqqı və son haqq-hesabı tam ödənilməmişdir. Nəticədə cavabdehin 628,84 (altı yüz iyirmi səkkiz manat, səksən dörd qəpik) manat borcu yaranmışdır. Bu mübahisə ilə əlaqədar əvvəlcə AR ƏƏSMN yanında X2 Bakı Şəhər İdarəsinə yazılı şikayət etmişdir. Həmin şikayətin əsasında cavabdehin rəhbəri barəsində AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunanlara əsasən, həmin pul vəsaitləri cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış cavab məktubunun mətnində “araşdırma zamanı, hüquqi şəxslər Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC-də son haqqhesabınızın ödənilməməsi ilə bağlı ARƏƏSMN-nə ünvanladığınız müraciətə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətin araşdırılması məqsədilə Cavabdeh MMC-nin ünvanına **********8 saylı xx.xx.2022-ci il tarixli, "xxxx" MMC-nin ünvanına **********6 saylı xx.xx.2022-ci il tarixli, "xxxx" MMC-nin ünvanına **********8 saylı xx.xx.2022-ci il tarixli məktublarla müraciət olunaraq onlara aid olan sənədlərin qanunvericilyə uyğun olaraq təqdim edilməsi sonuncular tərəfindən təmin olunmamışdır. Eyni zamanda araşdırma nəticəsində ARƏƏSMN-nin X1 sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçıyla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində , "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022, "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) uyğun olaraq xitam verildiyi məlum olmuşdur. Təqdim olunan bank hesab çıxarışından son haqq-hesabınızın cəmiyyətlər tərəfindən ödənilmədiyi müəyyən edilmişdir. Bununla da “İnmax Group“ MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəhbərləri barəsində ARİXM-nin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* saylı, xx.xx.2022-ci il tarixli MN ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, “E-Sosial.gov.az” portalından çıxarışa əsasən işəgötürən Cavabdeh MMC işçı İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli Son haqq-hesab-a dair sənədinə əsasən İddiaçı ödənilməli olan məbləğ 628.84 (altı yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat təşkil edir. xx.xx.2022-ci il tarixli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən hüquqi yardım xidməti olaraq 100 (bir yüz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi üzrə işçinin əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiaları ilə müəyyən edilmişdir ki, X1 Sisteminin iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) istinad olunmaqla xitam verilmiş, lakin işçiyə son haqq hesab tam olaraq ödənilməmişdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin birinci hissəsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə iddiaçının əmək haqqı tələbini əsaslı hesab edir: Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu iş günü son haqq-hesabı tam həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və Cavabdeh MMC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməli, cavabdehdən ödənilməmiş əmək haqqı və son haqq-hesaba görə 628.84 manat, məcburi ilkin mediasiya üçün verilmiş 50 manat, hüquqi xidmətə görə 100 manat, cəmi 778.84 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbi təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC tərəfindən (VÖEN **********) ödənilməmiş əmək haqqı və son haqqhesaba görə 628.84 manat, məcburi ilkin mediasiya üçün verilmiş 50 manat, hüquqi xidmətə görə 100 manat, cəmi 778.84 manat (yeddi yüz yetmiş səkkiz manat səksən dörd qəpik) pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar