Məhkəmə qərarları › İş №e-2(005)-4602/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4602/2022

16.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4602/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 avqust 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin, uşaq 3 yaşına çatana kimi hər ay anaya 100 manat maddi yardımın və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 17 mart 2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurub. Yola getməməyi səbəbindən xx.xx.2022-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzində nikahları pozulub. Onların birgə nikahlarından 22 avqust 2022-ci il təvəllüdlü X5 adlı bir övlaları olub. İddiaçı cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, aralarında söz-söhbət yaranmış, bu səbəbdən də hazırda ayrılaraq birgə təsərrüfat idarə etmirlər. İddiaçı hal-hazırda heç bir yerdə işləmir, uşağın maddi ehiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirməyərək uşağı ilə maraqlanmır, uşağın maddi və mənəvi təlabatlarının yerinə yetirilməsində iştirak etməyib. Hətta övladları anadan olarkən xəstəxana xərclərini belə qarşılamamışdır. Qeyd olunan məsələlərin məhkəmədən kənar qaydada mediasiya seansında nizama salınması üçün iddiaçı tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmiş, cavabdeh məktuba cavab vermədiyi üçün iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət olunmuş və o ilkin mediasiya seansında da iştirak etməkdən imtina etdiyi üçün bu barədə iddiaçıya arayış verilmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X2 üçün 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddia tələbinə dair yazılı etirazını təqdim etdi. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X6 ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Cavabdehin rəsmi nikahından 22 avqust 2022-cı il tarixdə X5 adlı övladı dünyaya gəlib. İddiaçı X6 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “bir uşağa alimentin tutulması və uşaq üç yaşına çatana qədər anaya aliment təyin edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu haqqında Prezident sərəncamına əsasən yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyənləşdirilmişdir. İddiaçının tələb etdiyi 193 manat aliment məbləği və anaya 100 manat aliment ödənilməsi cavabdehin imkanı xaricindədir. Belə ki, cavabdeh rəsmi olaraq hər hansı bir yerdə işləmir, günəmuzd fəhlə işləməklə 450 (dörd yüz əlli) və ya 500 (beş yüz) manat əmək haqqı alır. Bəzən elə olur ki, günlərlə işsiz qalır, iş tapa bilmir, bu səbəbdən onun aylıq qazancı sabit deyil. Yuxarıda yazılanlardan da aydın olur ki, cavabdehin hər ay övladına 193 manat, ayrıca keçmiş həyat yoldaşı İddiaçı 100 manat olmaqla cəmi 293 manat aliment ödəmək imkanı yoxdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir, lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirib mülki işə onun iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İş materiallarında olan Bakı 5 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-cu il tarixdə verilmiş AZ İ № 395947 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları pozulmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2022-cu ildə 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında Bakı 5 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV 779846 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞB/6-6154 nömrəli X3 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, yalnız İddiaçı ilkin mediasiya sessiyasında iştirak edib. Beləliklə, məhkəmədə tərəflərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər xx.xx.2022-ci il tarixdə nikahları pozulmuş, onların birgə nikahlarından bir uşaqları doğulmuş, 22 avqust 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmamışdır. İddiaçı cavabdehdən uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği miqdarında 193 manat aliment və uşağın 3 yaşınadək saxlanması üçün 100 manat əlavə xərcin tutulmasını tələb edir, qarşı tərəf isə həmin tələbi qismən qəbul edir. Məhkəmə alimentin tutulması ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını nəzərə alaraq, aliment tələbinin təmin edilməsini, 22 avqust 2022-ci il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən ərarvad bir-birlərinə kömək etmədikdə, köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə, iddiaçının 22 avqust 2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək cavabdehdən 100 manat alimentin tutulması tələbinə hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaiti olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Lakin cavabdehdən sabit pul miqdarında alimentin tutulacağını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əlavə hər ay 100 manat məbləğində alimentin tutulması cavabdehin maddi durumunun nəzərə alınması baxımından ədalətli deyildir və bu tələb qismən, 30 (otuz) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh 50 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixindən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2025-ci ilədək 30 manat miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar