Məhkəmə qərarları › İş №e-2(005)-4604/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4604/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4604/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “qiymətləndirmə hesabatının etibarsız sayılması və hərracın keçirilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “qiymətləndirmə hesabatının etibarsız sayılması və hərracın keçirilməsinin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-16/2012 saylı xx.xx.2011-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq girov qoyulmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş 11/1 saylı xx.xx.2023-cü il tarixli hesabatın eləcədə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş 11/1 saylı xx.xx.2023-cü il tarixli hesabatın etibarsız sayılması barədə müvafiq məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən ... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Qərara əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021 saylı Qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən icra sənədi üzrə hərrac keçirilmədiyindən hazırkı mübahisəyə icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyatı məhkəmədə baxılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-16/2012 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsi ilə tələbin ipoteka predmeti olan əmlaklara yönəldilməsi qeyd olunmuş, lakin qətnamə ilə həmin əmlakların dəyəri müəyyən olunmamışdır. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 18-1927-10 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubu əsasında Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən əmlakların qiymətləndirilməsi aparılmışdır. Nəticədə 11 və 11/1 saylı hesabatlar tərtib edilmiş və əmlaklar qiymətləndirilmişdir. İddia tələbi daşınmaz əmlakların qiymətləndirilməsi barədə həmin hesabatların etibarsız sayılması barədədir. Ərizə iddia icraatı qaydasında ümumi məhkəməyə verilmiş və cavabdeh olaraq Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh göstərilmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sübutlardan, habelə iddia ərizəsinin məzmunundan qeyd olunan əmlaklarla bağlı hərracın keçirilməsi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən, hərrac keçirilənədək həmin qiymətlər, müstəqil iddia tələbi qaydasında deyil, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Belə ki, iddiaçılar icra sənədinin icrası zamanı icra məmurunun sifarişi əsasında alınmış Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş 11 və 11/1 saylı xx.xx.2023-cü il tarixli hesabatları, dolayısı ilə icra məmurunun hərəkətlərini mübahisələndirmişdirlər (çünki əmlakın qiymətləndirilməsi barədə sifarişi icra məmuru vermişdir). Lakin iddiaçılar qiymətləndirmə hesabatlarının ləğv edilməsinə dair iddianı icra məmurunun hərəkətlərindən şikayət qaydasında ona qarşı deyil, icra məmurunun sifariş məktubu əsasında hərraca çıxarılmalı olan daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş qiymətləndiriciyə - Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı irəli sürmüşdür. Hazırki iş üzrə mövcud iddiaya əmlaklara dair hərrac keçirilmədiyindən bu tələbə iddia icraatı qaydasında hazırki məhkəmədə baxılmalı deyildir. Buna görə də iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Digər tərəfdən iddiaçıların icra icraatı çərçivəsində, yəni həmin mülki işin davamı olaraq icra sənədinin qanunsuz icra olunması ilə əlaqədar daşınmaz əmlakların qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən, hazırki işin predmeti olan qiymətləndirmə rəyi ilə bağlı icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ var. Onların bu şikayətinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz bu qayda icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur. Məhkəmə iddiaçılara icra icraatı çərçivəsində aidiyyəti üzrə məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olmasını izah edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia ərizəsinin baxılmaq üçün icraata qəbul edilməsindən imtina edildiyindən, iddiaçının nümayəndəsi və vəkili tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tam geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “qiymətləndirmə hesabatının etibarsız sayılması və hərracın keçirilməsinin qadağan edilməsi” tələbinə dair iddianın ümumi məhkəmədə baxılmasının yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və onlara icra icraatı çərçivəsində aidiyyəti üzrə məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət vermək hüquqları olduğu izah olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən inzibati icraat qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğundan iddiaçıya aidiyyət qaydaları nəzərə alınmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək k hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. III. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdehnə qarşı “Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)- 16/2012 saylı xx.xx.2011-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq qirov qoyulmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş 11/1 saylı xx.xx.2023-cü il tarixli hesabatın eləcədə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən hazırlanaraq tərtib edilmiş 11/1 saylı xx.xx.2023-cü il tarixli hesabatın etibarsız sayılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıların icra icraatı çərçivəsində aidiyyəti üzrə məhkəməyə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququ vardır. İddia ərizəsinin verilməsi üçün xx.xx.2023-cü il tarixdə edilmiş 100 (yüz) manat (qəbz nömrəsi **********) dövlət rüsumu iddiaçıların nümayəndəsi və vəkili Vəkil geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar