Məhkəmə qərarları › İş №e-2(005)-473/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-473/2025

24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-473/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: mənəvi zərər) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şərəf və ləyaqəti ləkələndiyi üçün cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5000(beş min) manat mənəvi zərərin, eyni zamanda ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Üzeyirova Seyidağa qızı “Facebook” sosial şəbəkədə bir qrupun üzvü olduğu və həmin qrupun inzibatçısı Əhmədova(Salmanova) Jalə Şaiq qızıdır.xx.xx.2020-ci il tarixdə qrupun paylaşımında bir qırğa dəsti gördüyünü və paylaşım edən Əhmədova (Salmanova) Jalənin postunun altında “bu sırğanı hardan almaq olar”barədə sual yazılmışdır.Şərhlər bölməsində Əhmədova (Salmanova) Jalə iddiaçıya postu niyə oxumadığı barədə irad tutmuşdur.Bundan sonra Əhmədova (Salmanova) Jalə iddiaçıya yazmışdır ki,”başını vur divara” və Nala Gaydaya adlı istifadəçi “sən o nedonoska niyə cavab verirsən”sözlərini yazıb təhqir edərək bloka atmış və “Facebook”da bütün şərhləri silmişdir.Hansı səbəbdən təhqir olunduğunu öyrənmək üçün ünvan 1 ünvanında yerləşən “Ambassade de la Beaute”gözəllik salonunun iş telefonuna zəng vurmuş,Cavabdeh (Salmanova) Jalənin mobil telefon nömrəsini öyrənmək istəmiş,lakin buna nail olmamışdır.Gözllik salonuna getmiş və əlaqəsaxlamasını xahiş etmişdir. Əhmədova (Salmanova) Jalə ona zəng etmiş,təhqir edilməsinin səbəbini soruşmuşdur.LakinƏhmədova (Salmanova) Jalə rus dilində daha ağır nəlayiq sözlərlə təhqir edərərək onu məhv edəcəyini,türməyə göndərəcəyi ilə hədələmişdir. Əhmədova (Salmanova) Jalə “Facebook” şərhlər bölməsində “Delia Gafarlı “adlı istifadəçi ilə yazışaraq onu təhqir etməyə davam etmişdir.Bu söyüşləri 4000 min nəfər izləyicinin gördüyünü şərəf və ləyaqəti alçaldan fikirlərlə paylaşmın davamı olaraq “Mən əlimdən gələni edirəm ki səhifəmdə neqativ postları məhdudlaşıdırım amma elə insanlar vardır ki,onları pisik kimi əhilləşdirmək lazımdır, burnunu soxursan və 100 dəfə təkrar edirsən belə etmək olmaz Dəfələrlə təkrar etmişəm, səfehlər üçün birdə təkrar edirəm. Əgər mən sizi aşağıdakı fotoda göstərilən ünvan üzrə göndərirəmsə (həmin fotoda latın əlifbası ilə rus dilində biədəb söz yazılmışdır) və bloka atıramsa, deməli siz buna layiqsiniz. Sonra məni axtarmaq lazım deyil, mənim telefon nömrəmi, mənim iş yerimə və evimə gəlib məni axtarmaq lazım deyil. Ağıldan kəm insanlar bu qədər boş vaxtınız hardandır? Allah haqqı, öz ünvanıma kobudluq eşitsəm ikinci dəfə həmin adama müraciət etməkdən diksinərəm. Bu qədər inad və şəxsən təhqir olunmaq istəyiniz haradan yaranıb? Özünüzə hörmət edin. Bu günkü gündən məni iş yerimdə və başqa yerdə axtaranlar mənimlə polisdə görüşəcək.” Bu paylaşımdan sonra müzakirəyə İnara G.Manafova qoşulur. Ona cavab olaraq Cavabdeh (Salmanova) yenə də biədəb söz işlədərək onu təhqir edir. Sonrada müzakirə Narmina Amirova ilə davam etdirilir. Ona cavab olaraq Cavabdeh (Salmanova) yenə onu “GD” adlandıraraq təhqir edir. Şərhlər yenə davam edir. Bu dəfə Cavabdeh (Salmanova) bütün etika normalarını keçərək "GD"-nin mənasını açıqlayır, Aida Tsikhiseli adlı birisi isə mövzu ilə bağlı xüsusi fəallıq göstərərək söhbəti qızışdırır. Nəzərə alınmalıdır ki, qeyd olunan şərhlər videoya da çəkilmişdir. Cavabdeh (Salmanova)nın “Facebook” sosial şəbəkəsində dəfələrlə onu təhqir etməsini X4 qızı və X1 şahid ifadələri ilə təsdiq edə bilərlər. İddiaçı cavabdeh Əhmədova (Salmanova) Jalə Şaiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Facebook sosial şəbəkəsində yazdığı məlumatları təkzib etməsi və ondan üzr istəməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4920/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərarla cavabdeh Əhmədova (Salmanova) Jalə Şaiq qızının üzərinə istifadəsində olan facebook sosial şəbəkəsindəki "Jale Əhmədova (Salmanova)" hesabında İddiaçı məxsus "X15" facebook sosial şəbəkəsindəki hesabını qeyd etməklə xx.xx.2020-ci il tarixdə yazdığı - "götünün qorxusundan şəkili yığışdırıb və eşşək qoyub", "GD-gıjdıllaq", "qəhbə" ifadələrinin təkzib edilərək həmin sosial şəbəkə hesabı vasitəsilə iddiaçıdan üzr istənilməsi öhdəliyi qoyulmuşdur. xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarla Ali Məhkəmənin 2(102)-4920/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Əsas olaraq göstərilmişdir ki, icra sənədi üzrə tələbkar İddiaçı ərizəsində borclu Əhmədova (Salmanova) Jalə Şaiq qızının xx.xx.2024-cü il tarixdə məhkəmə prosesi zamanı yazdığı yerli üzrünü qəbul etdiyini qeyd etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. cavabdehin haqqıda yazdığı nalayiq, təhqiramiz ifadələr nəticəsində dostları, tanışları arasında qınaq obyektinə çevrilmişdir. Bu ifadələr digərlərinə də haqqında pis ifadələr işlətməyə rəvac verib. İşgüzar nüfuzuna ziyan dəyib. Cavabdeh Əhmədova (Salmanova) Jalə nalayiq ifadələri yazdığı facebook qrupunda deyil, sadə yazılı formada məhkəmə prosesində üzr istəməsi iddiaçının digərləri qarşısında şərəfini, nüfuzunu qorumağı anlamına gəlmir. Çünki həmin facebook qrupunda olan şəxslər məhkəmə prosesi zamanı yazılan üzrxahlıq ərizəsindən xəbərsizdirlər və iddiaçı bu ərizəni bir-bir həmin qrupun üzvlərinə göstərmək imkanına malik deyil. İddiaçı bu vəziyyətdən kifayət qədər narahatadır və ona dəyən ziyanı kompensasiya edən mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 cavabdehin iddiaçını təhqir etdiyini, bu səbəbdən sosial şəbəkədə dostlarının arasında nüfuzdan düşdüyünü qeyd etmişdir.Eəvvəlki icra sənədində cavahdein üzərinə iddiaçıdan məhz təhqirin istifadə edildiyi səhifədən üzr istənilməsi vəzifəsi qoyulsa da, cavabdeh icra sənədini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh izləyicisi demək olar ki olmayan yeni səhiifə üzərindən üzr istəmişdir. İddiaçı icra sənədi üzrə icraata xitam verilməsinə razılıq versə də, bunun hüquqi nəticələrini anlamamışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki,mübahisəli məsələ barədə AR Ali Məhkəməsinin yekun aktı çıxıb və cvabdeh bir neçə dəfə sosial şəbəkədə üzr istəyib, həmçinin, üzr istədiyi ilə bağlı ərizə yazıb. Lakin iddiaçı bu işi təkrar mübahisələndirir. Cavabdeh iddiaçı tərəfindən süründürməçiliyə məruz qalır. Mülki işin materialları - Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(004)-156/2020 saylı qərarından görünür ki, İddiaçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. - Bakı Apelyasiya Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)- 677/2020 saylı qərarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbulundan imtina edilməsinə dair qərar dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. - Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci ildə 2(004)-905/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X6 üzərinə istifadəsində olan facebook sosial şəbəkəsindəki “Jale Salmanova” hesabıdan İddiaçı məxsus “X15” facebook sosial şəbəkəsindəki hesabını qeyd etməklə xx.xx.2020-ci il tarixdə yazdığı qeyri etik ifadələrin təkzib edilərək həmin sosail şəbəkə hesabı vasitəsilə iddiaçıdan üzr istənilməsi öhdəliyinin qoyulması qərar alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci tarixli 2(103)- 4565/2021 saylı qətnaməsindən görünür ki,cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin ləğv dilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. - Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il 2(102)-13/2022 saylı Qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci tarixli 2(103)-4565/2021 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci tarixli 2(103)- 3575/2022 saylı qətnaməsindən görünür ki,cavabdehin apellyasiya şikəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. - AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 4920/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3575/2022 nömrəli 24 may 2022-ci il tarixli qətnaməsinin ləğ edilməsi, yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi; cavabdeh X6 üzərinə istifadəsində olan facebook sosial şəbəkəsindəki “Jale Salmanova” hesabıdan İddiaçı məxsus “X15” facebook sosial şəbəkəsindəki hesabını qeyd etməklə xx.xx.2020-ci il tarixdə yazdığı qeyri etik ifadələrin təkzib edilərək həmin sosail şəbəkə hesabı vasitəsilə iddiaçıdan üzr istənilməsi öhdəliyinin qoyulması qərar alınmışdır. - AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 4920/2022 saylı Qərarından görünür ki, tələbkar İddiaçı tərəfindən verilmiş şikayət üzrə qərarından görünür ki, şikayət təmin edilmiş və icra məmurunun xx.xx.2022-ci tarixli icraata xitam verilməsi barədə qərarı ləğv edilmişdir. - Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il 3(009)-229/2024 saylı qərarından görünür ki, Cavabdehnin AR İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Qərarın təsviri əaslandırıcı hissəsində Salmanova (Əhmədova) Jalə Şaiq qızının yələbkardan üzr istədiyi qeyd edilmişdir. - 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli 720 saylı rəyindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X9 uşaq autizmi,Kanner sindrom F84.0 diaqnozu qoyulmuşdur. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəyə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstəilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki,“İnsan hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın İİ bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və X5 haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə vəya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Sözügedən qərarın 7-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarda qeyd edilmişdir ki, Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. "Media haqqında” Azərbaycan Respublikası Qanununun 18.1 -ci maddəsinə görə, media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında dəfələrlə azad mətbuatın demokratik cəmiyyətdə oynadığı vacib rolu vurğulamışdır. Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, mətbuat, başqalarının nüfuzunun və hüquqlarının qorunması ilə əlaqədar müəyyən sərhədləri aşmamalıdır. Buna baxmayaraq, mətbuatın vəzifəsi - onun cəmiyyət qarşısındakı öhdəliklərinə və məsuliyyətlərinə uyğun olaraq ictimai maraq kəsb edən bütün mövzularda məlumat və fikirləri çatdırmaqdır. Məhkəmə öz qərarlarında həmçinin qeyd etmişdir ki, mətbuatın məlumat və fikirləri yaymaq vəzifəsi ilə yanaşı, ictimaiyyətin də bu məlumatları almaq hüququ var və bu hüquq daim nəzərə alınmalıdır. Əks təqdirdə, mətbuat "ictimai gözətçi” rolunu oynaya bilməzdi (Bladet Tromso və Stensaas Norveçə qarşı, 20 may 1999-cu il, Pedersen və Baadsgaard Danimarkaya qarşı, 2004-Xİ). Jurnalist azadlığı həm də müəyyən dərəcədə mübaliğəyə və hətta təxribata əl atma ehtimalını da əhatə edir (bax: Pedersen və Baadsgaard işi, § 71). "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli Qərarının 3-cü bəndinə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Qeyd olunduğu kimi, qüvvədə olan qanunvericilik bu qəbildən olan işlər üzrə hər hansı şəxs barəsində yerləşdirilən və bilavasitə onun şərəf və ləyaqəti, işgüzar nüfuzu ilə bağlı olan məlumatların həqiqətə uyğun olmasını sübut etmək vəzifəsini bu məlumatları yerləşdirən şəxsin üzərinə qoyur, yəni barəsində məlumat yerləşdirilən şəxs bu məlumatların doğru olmamasını sübut etmək vəzifəsi daşımır. Eyni zamanda şərəf və ləyaqətin müdafiəsi haqqında işlərə baxılarkən məlumatların vətəndaşların və ya təşkilatların şərəf və ləyaqətini ləkələməsi, onların doğru olub-olmaması və bu məlumatların yayılıb-yayılmamasına dair işin faktiki halları məcmu şəkildə araşdırılmalı və onlara hüquqi qiymət verilməlidir. Araşdırılmalı olan hallardan birinin mövcudluğunun məhkəmədə tədqiq edilən iş materiallarına əsasən öz təsdiqini tapmaması iddanın rəddedilməsi üçün əsasdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər-hansı bir şəxsə qarşı irəli sürülmüş iddianın təmin edilə bilməsi üçün onun qanun pozuntusuna yol verdiyi kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla təsdiq olunmalı, daha sonra qeyd olunan əməlin qanunun dispozisiyasında göstərilən şərtləri pozub-pozmaması aydınlaşdırılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır . Həmçinin də MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Həmçinin də, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqla yanaşı, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı həm də öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə olan halda, iddiaçının iddiaçının mənəvi zərərin əvəzinin tutulması tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı daha əvvəl cavabdehə qarşı şərəf və ləyaqəti müdafiəzsi tələbi ilə məhkəməyə müraciət etmiş, yekun məhkəmə aktı ilə onun iddiası təmin edilmiş və cavabdehin üzərinə iddiaçıdan üzr istənilməsi öhdəliyi qoyulmuşdur. Hazırda məhkəməyə müraciət edən iddiaçı cavabdehin məhkəmə qərarını lazımi qaydada icra etmədiyini, az izləyicisi olan səhifədən üzr istədiyini qeyd edir və bunun nəticəsində mənəvi iztirab yaşadığını iddia edir. Məhkəmə iddiaçının dəlillətini ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Belə ki, mülki işin materiallarından görünür ki, cavabdeh həm facebook sosial şəbəkəsində olan səhifəsi vasitəsilə, həm də yazılı ərizə təqdim edərək iddiaçıdan üzr istəmişdir. Digər tərəfdən iddiaçı cavabdehin əməlləri nəticəsində hansı mənəvi iztirablar keçirdiyini əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə, iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab etmir. Belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Odur ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübutlarla təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Həmçinin iddiaçı məhz cavabdehin hərəkəti nəticəsində ona dəymiş ziyanı sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, aşağıda sadalanan hallar iddia tələbinin rədd edilməsi üçün əsasdır: - iddiaçının hüquqlarının pozulması müəyyən edilməmişdirsə; - iddiaçının iddia tələbinin qanuni əsası yoxdursa (qanunda nəzərdə tutulmamışdırsa) iddiaçı iddia irəli sürməyə imkan verən subyektiv mülki hüquqa malik deyildirsə; - iddiaçının iddia tələbi cavab verməli olmayan şəxsə qarşı yönəlmişdirsə; - iddia müddəti ötürülmüşdürsə; - iddiaçı məhkəmədə hüquqlarının pozulmasını sübuta yetirə bilməmişdirsə (sübutların təqdim edilməməsi) və s. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istinad etdiyi halları məhkəmədə sübut yetirə bilmədiyindən və buna dair heç bir mötəbər sübut təqdim etmədiyindən, iddia tələbi təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı“mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi agündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar