Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4870/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı Açar sözlər: aliment miqdarının dəyişdirilməsi (alimentin azaldılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aylıq 235 manat sabit aliment məbləğini azaldaraq, maaş gəlirinin 25%-i həcmində müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, azyaşlı övladı X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit məbləğdə aliment ödəyir. Hal-hazırda maddi vəziyyəti dəyişib, gəliri azalıb, müəyyən xərcləri və öhdəlikləri artıb. Bu səbəbdən əvvəlki sabit məbləğdə alimenti ödəmək çətindir. Hazırda aylıq gəliri təxminən 441 manat 14 qəpik təşkil edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi və tələbin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddia tələbi ilə razı deyildir. Cavabdehin 2900 manat əmlaka görə borcu var və bir ildən çoxdur ödəniş etmir. Ondan tutulan aliment uşağın saxlanmasına kifayət etmir. Cavabdehin xeyli borcu var, lakin ödəmir. Onun başqa ailəsi yoxdur, əlavə iki evi vardır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-164/2025 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 235 manat alimentin məbləği xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,68 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qərara alınmışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə İddiaçı iş yeri barədə məlumatlarına dair çıxarışla müəyyən olunur ki, İddiaçı “X2” MMC-də mal qəbulu üzrə anbardar vəzifəsində işləyir, əmək haqqı 441.14 manatdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçının izahatını dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 adlı bir uşaqları vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, tərəflər arasında olan nikahın pozulması, uşağın anası Cavabdeh yanında qalması, onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)- 164/2025 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 235 manat alimentin məbləği xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,68 misli həddində sabit pul məbləğinə indeksasiya edilməsi qərara alınmışdır. Hal-hazırda iddiaçı müəyyən olunmuş aliment məbləğindən narazıdır. Bu səbəbdən məhkəməyə müraciət edərək alimentin azaldılaraq, maaş gəlirinin 25%-i həcmində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. -78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. -112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valieynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarı: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 01 yanvar 2025-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 01 yanvar 2026-cı il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, gəliri azalıb, müəyyən xərcləri və öhdəlikləri artıb. Bu səbəbdən əvvəlki sabit məbləğdə alimenti ödəmək çətindir. Hazırda aylıq gəliri təxminən 441 manat 14 qəpik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının cavabdehlə olan xx.xx.2022-ci il təvəllüdlü X1 adlı bir övladı var, həmin uşağın saxlanması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-164/2025 saylı qərardadına əsasən, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,68 misli həddində aliment ödəyir. İddiaçı aliment məbləğinin azaldılaraq, 441,14 manat əmək haqqının 25%-i həddində müəyyən edilməsini xahiş edir. Bununla bağlı məhkəmə bildirir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artması, yaşayış minimumu həddinin artaraq hazırkı iqtisadi şəraitdə uşağın saxlanılması üçün xərclərin miqdarının dəyişməsi nəzərə alınaraq və tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması prinsipi rəhbər tutularaq, məhkəmə qərardadı əsasında müəyyən olunmuş alimentin məbləğinin tələb olunan həddə qədər azaldılması, yəni hər ay 110 manat (441,14 manat əmək haqqının 25%-i həddində) həddində tutulması uşağın mənafeyinə zidddir. Belə ki, qanunvericiliyin müddəalarına uyğun olaraq, 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat, 2026-cı il üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir və uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edildiyi halda, iddiaçı alimentin miqdarını uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumundan da aşağı məbləğdə (110 manat) azaldılmasını tələb edir. Odur ki, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları, uşağın mənafeyini, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, onun təminatının mümkün qədər maksimal saxlanması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Abşeron Rayon Məhkəməsinin 2(012)-2417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aylıq 235 manat sabit aliment məbləğini azaldaraq, maaş gəlirinin 25%-i həcmində müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Abşeron Rayon Məhkəməsinin 2(012)-2417/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aylıq 235 manat sabit aliment məbləğini azaldaraq, maaş gəlirinin 25%-i həcmində müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4870/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4870/2025
13.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver