Məhkəmə qərarları › İş №e-2(005)-489/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-489/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-489/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X2 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 oktyabr 2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Səbail rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1353 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv. metr torpaq sahəsinin özəlləşdirilərək İddiaçı ilə əsas alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 26 oktyabr 2023-cü il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Səbail rayon bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1353 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv metr torpaq sahəsini sənədləşdirib özəlləşdirməyi və gələcəkdə əsas (alğı-satqı müqaviləsi nəzərdə tutulur) müqavilə bağlamaq öhdəliyini öz üzərinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən Cavabdeh öhdəsinə götürür ki, bu müqavilənin predmeti olan torpaq sahəsinin üzərindəki hüquqlarının qanunvericiliklə, eləcə də bu ilkin müqavilə ilə müəyyən edilən qaydada alıcının-yəni, İddiaçı mülkiyyətinə keçməsi üçün gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasını təmin edəcək; 2.1.3-cü bəndinə əsasən Cavabdeh öhdəsinə götürür ki, əsas müqavilə olan torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsi üçün reyestr qeydiyyatı ilə bağlı bütün işləri, zəruri sənədləşmələri icra edəcək. 2.1.5-ci bəndinə əsasən torpaq sahəsinin əsas alğı-satqı müqavilə üzrə dəyəri tərəflərin qarşılıqlı razılığı əsasında 105000 manat məbləğində müəyyən edilmişdir. 3.1.1-ci bəndə əsasən İddiaçı 100 000 manat məbləği ilkin müqavilə imzalandığı vaxt Cavabdeh ödəmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında bağlanmış ilkin alğı-satqı müqaviləsinin müddətinin bitməsinə az vaxt qalmasına baxmayaraq Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Səbail rayon bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1353 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv metr torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı hər hansı bir hərəkətlər etməmişdir. Buna görə də artıq iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün müraciət etmişdir. Tərəflərindən cavabdehə sonuncu xəbərdarlıqla pretenziya məktubunun göndərilməsinə baxmayaraq, şəxs yenidən hərəkətszilik göstərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, torpağın dəyərinin 100000 manat olmadığı ona məlumdur, ona deyilmişdi ki, torpağın çıxarışı olmadığından belə ucuz qiymətə satılır. Onun həmin torpaqda ev tikmək niyyəti olub. Torpaq sahəsinə gedib baxanda nə Koroğlu, nə də Bahəddin iştirak edirdi. Bahəddini ilkin müqavilə bağlanarkən görmüşdür. O, pulu qarşı tərəfə tam ödəmişdir. 5000 manatı da sənədlər düzələn zaman ödəyəcəkdi. Hətta qarşı tərəf 100000 manatı götürsün deyə o 300-400 manat komissiya da ödəmişdir. O, Bahəddin və İslamı sadəcə alğı-satqı günü görüb. O, İslamla Bahəddinin dost olduqlarını bilsə idi torpağı almazdı. Pulu götürdükdən sonra onların söhbətini eşitmişdi. Mübahisəli şəkildə pulu öz aralarında bölürdülər. Ona qarşı dələduzluq etmələrindən şübhələnmişdi. Həmin gün Bahəddin ona torpaa dair etibarnamə verməli idi, lakin vermədi. Sonradan o, torpaq satmaq niyyəti yox idisə ondan niyə 100000 manat pul aldıqlarını soruşanda Bahəddin demişdi ki, ipoteka borcu olduğundan müqavilə bağlamışdır. O həmçinin bildirmişdir ki, 50000 manatı o özü, qalan 50000 manatı isə İslam götürüb. X9 də aldadıbsa, şikayət edə bilərdi. Lakin o, şikayət etmir. Hər bir halda o, pul ödəyərək torpaq almışdır. Lakin cavabdeh öz öhdəliyini icra etmir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, tərəflər arasında ilkin müqavilə bağlansa da, qarşı tərəf sonradan pulu tam almadığını bildirmişdir. Pul bank hesabına köçürülmüşdür. Qəbzi də məhkəməyə təqdim etmişlər. İddiaları əsaslıdır və təmin edilməsini xahiş edir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasnın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq hər hansı bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi onun adınadır. Lakin faktiki olaraq torpaq qardaşı Sultanov Bahəddinə məxsusdur. O, müqavilə bağlamaq üçün qardaşına etibarnamə vermişdir. Torpaq onun olmadığından qeyd edilən məsələlərdən məlumatı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən X2 bildirmişdir ki, torpağı formal olaraq qardaşının adına rəsmiləşdirmişdir. Əslində torpaq ona məxsusdur. Torpağı İslam adlı şəxs satıb. İslam onları aldadıb. Müqavilədən əvvəl onun iddiaçı ilə görüşüb danışmasına, müqavilə ilə tanış olmasına imkan verməmişdir. Həmin yerdə torpaq sahəsinin qiyməti 500000-600000 manatdır. Həmin qiymətə olan torpaq 100000 manata satıla bilməz. Ona evini ipotekadan azad etmək üçün pul lazım idi, həmçinin İslama da pul lazım idi. İslam onu aldadaraq torpağı 300000 manata satdığını, 200000 manatı özü götürdüyünü, ona hər ay 35000 manat verəcəyini, bu barədə Pərvizə heçnə deməməyi bildirmişdir. Sənədlərə imza çəkdikdən sonra İslam 50000 manatı sayaraq ona verdi, qalan 50000 manatı isə özü götürdü. Onun 100000 manata torpağı satmaq niyyəti heç vaxt olmamışdır və torpağını həmin qiymətə iddiaçıya vermək fikri yoxdur. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m sahə Bakı şəhər Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1353 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə X3 ayrılmışdır; - Bakı şəhəri 26 saylı Notariat Ofisində Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixl ilkin müqavilənin 1 və 2.1.6-cı bəndlərindən görünür ki, tərəflər nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (MM 402.1). Tərəflər Bakı şəhəri, Səbail rayonu, Səbail rayon bələdiyyəsinin xx.xx.2004cü il tarixli 1353 nömrəli sərəncamına əsasən Bakı şah, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv. metr torpaq sahəsini sənədləşdirib, özəlləşdirməyi və gələcəkdə əsas müqavilə (alğı-satqı müqaviləsi nəzərdə tutulur) bağlanmasının şərtlərinin, qaydasının, torpaq sahəsi və üzərində yerləşən tikili alğı-satqı dəyərinin müəyyənləşdirilməsi, müəyyənləşdirilən dəyərinin müvafiq hissəsinin bu ilkin müqavilə üzrə ödənilməsinin və bununla bağlı digər məsələlərin hüquqi tənzimlənməsi barədə razılığa gələrək müqaviləni bağlamışdırlar. Tərəflər razılaşmışlar ki, bu müqavilə ilə nəzərdə tutulan torpaq sahəsinin hazırki müqavilə ilə müəyyənləşdirilən 105000 manat məbləğində olan dəyərinin 100000 manat məbləğində olan hissəsi ilkin müqavilə bağlandığı vaxt 1-ci tərəfə ödənilir; - xx.xx.2023-cü il tarixli "xxxx" ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən X1 100000 manat pul köçürülmüşdür; - xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh, onunla əsas müqavilənin bağlanmasını, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir; - X2 tərəfindən təqdim edilmiş səs yazılarından görünür ki, sonuncu İslam adlı şəxsdən pulunu dəfələrlə tələb etmiş, İslam isə pulu ödəyəcəyini bildirmişdir. Daha sonra Bahəddin Pərvizlə bağlanmış müqavilənin ləğv edilməsini İslamdan tələb etmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş (iddiaçı tərəfindən) X6 bildirmişdir ki, Pərvizi də, İslamı da təxminən 15 ildir ki tanıyır. İslam tanışının 12 sotluq torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Pərvizə də torpağın çıxarışsız olduğunu söyləmişlər. Onlar torpağın hansı hissəsinin satılmalı olduğunu müəyyənləşdirmək məqsədilə, aparatla torpağın yerlərini müəyyən ediblər. Onlar torpağın sahibini görməyiblər. Sonra qiymət barədə İslamla razılıq əldə edilib. Alqı-satqı günü müəyyən edilsə də, o iştirak edə bilməyib və bildiyinə görə həmin gün pul ödənilib. O, xidmət haqqını istəyəndə Pərviz ona deyib ki, sənəd düzələndən sonra ödəyəcək. Sonra Pərviz zəng edib ki, torpağı satmaq istəmirlər, İslam isə deyib ki, o sadəcə vasitəçi olub. O, İslamla bir neçə dəfə iş görüb, lakin hər hansı problem yaşamayıb. Torpağın sənədi olmadığı üçün 100 min manata satıldığını demişdilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Həmin maddənin 2-ci bəndinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilənlərdən göründüyü kimi mülki qanunvericiliyin prinsipləri olan subyektlərin bərabərliyi və müqavilə azadlığına uyğun olaraq müqavilə tərəflər arasında sərbəst şəkildə, iradələrinə uyğun olaraq bağlanmalıdır. Müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin ilkin müqavilənin mahiyyətini tənzimləyən 402-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Hüquqi təbiəti etibarilə ilkin müqavilə, həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamaq öhdəliyini əks etdirən razılaşmadır. İlkin müqavilə tərəflər üçün əsas müqavilənin gələcəkdə bağlanmasına dair öhdəliklər yaradır, lakin bu müqavilənin bağlanması ilə əmlak üzərində hüquqların keçməsi baş vermir. Yəni ilkin müqavilə mal mübadiləsinə deyil, onun təşkilinə, gələcək mal mübadiləsinin iştirakçıları arasında qarşılıqlı münasibətlərin qurulmasına yönələn təşkilatı müqavilədir. İlkin müqavilə öhdəlikyaradıcı müqavilədir. Şəxsin belə bir müqaviləni bağlaya bilməsi üçün, onun bağlandığı anda əşyanın mülkiyyətçisi olması tələb olunmur, sərəncam səlahiyyətinin varlığı yalnız sərəncamverici əqdlərin bağlanması zamanı əhəmiyyət kəsb etməkdədir. Nəzərə alınmalıdır ki, bütün müqavlələr kimi, ilkin müqavilə də müqavilənin etibarlılıq şərtlərinə cavab verməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsinin 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür. Bu zaman hər hansı əqd mövcud deyildir. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd bağlanmayıb. Əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hər hansı əqdin (o cümlədən müqaviləsinin) etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). İşin hallarına və üçüncü şəxs Sultanov Bahəddinin (müqavilə bağlanarkən cavabdehin nümayəndəsi qismində iştirak edən şəxsin) izahatına əsasən, sonuncunun ilkin müqavilədə nəzərdə tutulan şərtlərlə və qiymətə torpaq sahəsini satmaq niyyəti olmamış, təcili pul lazım olduğundan bu addımı ataraq ilkin müqavilə bağlamış, İslam tərəfindən aldadılmışdır. Məhkəmə tərəflərin izahatını, qarşılıqlı münasibətlərini, anoloji torpaq sahəsinin birjada əks olunan mövcud bazar dəyərini, xüsusilə də iddiaçının üçüncü şəxslər tərəfindən aldadıldığını, həmin qiymətə torpaq satmaq niyyətlərinin olmadığını özünün də qəbul etdiyini nəzərə alaraq üçüncü şəxsin izahatlarını ağlabatan və səmimi qəbul edir. Məhkəmə hesab edir ki, işin qeyd olunan halları iddiaçı ilə cavabdeh arasında müvafiq hüquq münasibətinin yaranmadığı, müqavilə imzalanarkən onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcud olmadığı, beləliklə də qanunvericinin müqavilənin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərtin reallaşmadığı qənaətinə gəlməyə əsas verir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq, əqdin etibarsızlığının hüquqi nəticələri tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apellyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdikdən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır… Etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”. Göründüyü kimi, əqdi etibarsız hesab edən məhkəmə, bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll etməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir. Hazırki iş üzrə müqavilə Cavabdeh əvəzinə, onun etibarnamə üzrə nümayəndəsi X2 ilə iddiaçı arasında bağlanmışdır. Hər üç tərəfin izahatına əsasən torpağa dair sənədlər Cavabdeh adına olsa da, o, ümumiyyətlə müqavilənin bağlanması prosesində iştirak etməmiş, faktiki olaraq torpaq ona deyil, qardaşı Sultanov Bahəddinə məxsus olmuşdur. Müqavilə bağlanarkən bank vasitəsilə ödənilən pul da sonuncu tərəfindən götürülmüş, Cavabdeh bu proseslərdə iştirak etməmişdir. Lakin məhkəmə Bakı şəhər Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1353 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsinin Cavabdeh ayrıldığını, onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsünün verildiyini və təmsilçilik zamanı təmsil edilənin məsuliyyətini nəzərə alaraq müqavilə üzrə ödənilmiş pulun müqavilə tərəfi olan Cavabdeh tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 443.9-cu maddəsinin tələblərinə görə, borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Bakı şəhəri 26 saylı notariat ofisində bağlanılmış 26 oktyabr 2023-cü il tarixli müqavilə üzrə İddiaçı tərəfindən 100000 manat pulun köçürülməsi işin mübahisələndirilməyən halıdır. Həmin pulun cavabdehin adından nümayəndəsi X2 tərəfindən imza edilərək qəbul edilməsi (sonuncu, pulun yarısının İslam tərəfindən götürüldüyünü bildirir) də işin mübahisələndirilməyən halıdır. Məhkəmə cavabdehin təmsilçinin hərəkətlərinə görə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, müqavilə üzrə ödənilmiş 100000 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. O da qeyd edilməlidir ki, cavabdeh gələcəkdə pulu götürən şəxslərə qarşı iddia qaldırmaqla öz hüquqlarını bərpa etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (X2 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası təmin edilməməli, Bakı şəhəri 26 saylı Notariat Ofisində Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin müqavilə etibarsız hesab edilməli, həmin müqavilə üzrə ödənilmiş 100000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (X2 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Bakı şəhəri 26 saylı Notariat Ofisində Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli ilkin müqavilə etibarsız hesab edilsin. Həmin müqavilə üzrə ödənilmiş 100000 (bir yüz min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar