Məhkəmə qərarları › İş №e-2(005)-5114/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5114/2021

07.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5114/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Əmək fəaliyyəti ilə bağlı pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin oktyabr ayı üçün 4,010.66 manat, 2020-ci ilin noyabr ayı üçün 4,010.66 manat və 2020-ci ilin dekabr ayı üçün 2,552.23 manat olmaqla cəmi 10,573.55 manat əmək haqqının; 18 dekabr 2020-ci il tarixədək istifadə edilməmiş 8 günlük əsas əmək məzuniyyətinə görə 1,055.43 (min əlli beş manat, 43 qəpik) manat pul əvəzinin; 09 noyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 4,010.66 manat məbləğində əmək haqqının (Oktyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i məbləğində (günlük 40.10 manat) ödəncin; 09 dekabr 2020-ci il tarixdən başlayaraq, cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 4,010.66 manat məbləğində əmək haqqının (Noyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 40.10 manat) məbləğində ödəncin 19 dekabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2,552.23 manat məbləğində əmək haqqının (Dekabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 25.52 manat) məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışlar ki, işəgötürən "xxxx" ASC ilə İddiaçı arasında 09 yanvar 2020-ci il tarixdə Əmək Müqaviləsi bağlamışdır. Əmək Müqaviləsinə əsasən cavabdeh iddiaçını aylıq vergilər və digər ödənişlər daxil 4,516.00 (dörd min beş yüz on altı) manat, vergilər və digər ödənişlər çıxıldıqdan sonra net 4,010.66 (dörd min on manat, 66 qəpik) manat əmək haqqı müqabilində əsas iş yeri üzrə texniki plan departamentinə müdir vəzifəsinə işə qəbul etmişdir. 18 dekabr 2020-ci il tarixdə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) 79 saylı Əmrlə 18 dekabr 2020-ci il tarixdən əmək müqavilənə xitam verilmiş və həmin əmrdə də qeyd olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq son haqq-hesab verilməlidir. Lakin, dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq İşəgötürən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi günə qədər 2020-ci ilin oktyabr ayı üçün 4,010.66 manat, 2020-ci ilin noyabr ayı üçün 4,010.66 manat və 2020-ci ilin dekabr ayı üçün 2,552.23 manat olmaqla, cəmi 10,573.55 manat əmək haqqını və 18 dekabr 2020-ci il tarixədək istifadə edilməmiş 8 günlük əsas əmək məzuniyyətinə görə 1,055.43 manat (Riyazi hesablama: 12 təqvim ayının orta əmək haqqı 4,010.66 manat / 30.4 bir məzuniyyət günü üçün əmək haqqı X istifadə edilməmiş 8 gün əsas əmək məzuniyyəti = 1,055.43 manat) pul əvəzini iddiaçıya ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında: 02.10.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. "xxxx" ASC (işəgötürən) ilə İddiaçı (işçi) arasında 09.01.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən İddiaçı 09.01.2020-ci il tarixdən 09.04.2020-ci il tarixədək 3 ay sınaq müddətinə "xxxx" ASC-nin "Texniki plan departamentinə müdir” vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı hər ay vergilər və digər ödənişlər daxil olmaqla, 4516 manat müəyyən edilmişdir; "xxxx" ASC-nin 18.12.2020-ci il tarixli, 79 saylı əmrdən çıxarışın surətinə əsasən "xxxx" ASC-nin "Texniki plan departamentinə müdir” vəzifəsində işləyən İddiaçı 18.12.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən müqaviləsinə xitam verilməsi və qanunvericiliyə uyğun olaraq ona son haqqhesab verilməsi qərara alınmışdır; İddiaçının iddiasına görə, cavabdeh 2020-ci ilin oktyabr ayı üçün 4,010.66 manat, 2020-ci ilin noyabr ayı üçün 4,010.66 manat və 2020-ci ilin dekabr ayı üçün 2,552.23 manat olmaqla, cəmi 10,573.55 manat əmək haqqını və 18 dekabr 2020-ci il tarixədək istifadə edilməmiş 8 günlük əsas əmək məzuniyyətinə görə 1,055.43 manat (Riyazi hesablama: 12 təqvim ayının orta əmək haqqı 4,010.66 manat / 30.4 bir məzuniyyət günü üçün əmək haqqı X istifadə edilməmiş 8 gün əsas əmək məzuniyyəti = 1,055.43 manat) pul əvəzini iddiaçıya ödəməmişdir və o, məhz həmin ödənişlərin onun xeyrinə tutulmasını tələb etməkdədir. Cavabdeh iddiaya dair etirazını və etirazını əsaslandıran sübutlarını təqdim etməmişdir. Məhkəmə MPM-nin 184.2-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Əmək Məcəlləsinin 172-ci maddəsinin birinci hissəsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə iddiaçının əmək haqqı tələbini əsaslı hesab edir: Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Mülki işin araşdırılmış halları ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə əsasən iddiaçı cavabdeh üçün iş görmüş, cavabdeh isə bunun müqabilində həmin işin dəyərinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı öz üzərinə düşən işlər görmüş, lakin görülmüş işlərin həcminə görə cavabdeh tərəfindən ona əmək müqaviləsinə xitam verilərkən son haqq hesab ödənilməmişdir. Mülki iş materiallarında olan hesabdan çıxarış üzrə məlumatlar "xxxx"ASC-nin İddiaçı 2020ci ilin oktyabr ayı üçün 4,010.66 manat, 2020-ci ilin noyabr ayı üçün 4,010.66 manat və 2020-ci ilin dekabr ayı üçün 2,552.23 manat olmaqla, cəmi 10,573.55 manat, 18 dekabr 2020-ci il tarixədək istifadə edilməmiş 8 günlük əsas əmək məzuniyyətinə görə 1,055.43 manat məbləğində ödənişin aparılmadığı müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17.1-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi tənzim edən normalar təsbit edilir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci bəndinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Eyni zamanda məhkəmə iddiaya izah edir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə bu aspektdən yanaşaraq hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi işçinin təminatların minimum səviyyəsini təşkil edir və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi ilə şərtləndirilmişdir. Bu baxımdan iddiaçının əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc tələb etmək hüququ mövcuddur. İddiaçı müqavilə üzrə bir aylıq əmək haqqı 4516 manat təşkil etdiyindən Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən qeyd olunan əmək haqqının bir faizi yəni 4,010.66 manat məbləğində əmək haqqının (Oktyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i məbləğində (günlük 40.10 manat) ödəncin; 09 dekabr 2020-ci il tarixdən başlayaraq, cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 4,010.66 manat məbləğində əmək haqqının (Noyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 40.10 manat) məbləğində ödəncin 19 dekabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2,552.23 manat məbləğində əmək haqqının (Dekabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 25.52 manat) məbləğində iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 2020-ci ilin oktyabr ayı üçün 4,010.66 manat, 2020-ci ilin noyabr ayı üçün 4,010.66 manat və 2020-ci ilin dekabr ayı üçün 2,552.23 manat olmaqla cəmi 10,573.55 manat əmək haqqı, 18 dekabr 2020-ci il tarixədək istifadə edilməmiş 8 günlük əsas əmək məzuniyyətinə görə 1,055.43 (min əlli beş manat, 43 qəpik) manat pul əvəzi; 09 noyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 4,010.66 manat məbləğində əmək haqqının (Oktyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i məbləğində (günlük 40.10 manat) ödənc; 09 dekabr 2020-ci il tarixdən başlayaraq, cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 4,010.66 manat məbləğində əmək haqqının (Noyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 40.10 manat) məbləğində ödənc, 19 dekabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 2,552.23 manat məbləğində əmək haqqının (Dekabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 25.52 manat) məbləğində ödənc cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar