Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-519/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı (açar sözlər: müqavilələrin ləğv edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi- vəkili Vəkil2, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 35 saylı Notariat Kontoru, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3070518X6, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3070518X7, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3070518X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 29 dekabr 2021-ci il tarixli, 110 nömrəli əvəzləşdirmə müqaviləsinin və 26 yanvar 2022-ci il tarixli müqavilənin ləğv edilməsi, 18 aya görə ödənilmiş 16200 manat kirayə pulunun və 300 manat nəqliyyat xərcinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 1500 manat pulun, eləcə də iddianın verilməsinə görə 145 manat rüsumun Cavabdeh tutularaq iddiaçı "xxxx" MTK-ya geri qaytarılması və cavabdehin "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş binanın F blokunun, 8-ci mərtəbəsində 7 saylı 82,10 kv.m-dən ibarət təmirli mənzildən, F blokunun 8-ci mərtəbəsində 4 saylı 56,46 kv.m-dən ibarət təmirli mənzildən, F bloku 253 kv.m-dən ibarət təmirli qeyri-yaşayış sahəsindən (binanın Qarabağ küçəsinə baxan tərəfi) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 dekabr 2021-ci il tarixdə "xxxx" MTK-nın qanuni təmsilçisi X9 ilə Cavabdeh arasında 110 nömrəli əvəzləşdirmə müqaviləsi bağlanmış və həmin əvəzləşdirmə müqaviləsinə əsasən Cavabdeh mənzilin köçürülməsi məqsədilə 300 manat nəqliyyat xərci, 18 ay müddətinə 900 manat məbləğində kirayə pulu (ümumilikdə 16200 manat) ödəmişdir. Daha sonra, eyni şəxslə 26 yanvar 2022-ci il tarixində müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı 12 aprel 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsünü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən mülkiyyətçiyə məxsus faktiki divar altı sahəsi 70 kv.m mənzilin və 21 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın F blokunun, 8-ci mərtəbəsində, 7 saylı 82,10 kv.m-dən ibarət təmirli mənzili, F blokunun 8-ci mərtəbəsində 4 saylı 56,46 kv.m-dən ibarət təmirli mənzili, F bloku 23 kv.m.dən ibarət təmirli qeyri-yaşayış sahəsini (binanın Qarabağ küçəsinə baxan tərəfi) mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Əvəzinə isə mülkiyyətçi 26 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən ona məxsus mənzili söküntü üçün "xxxx" MTK-ya verməyi, bu müqavilədəki şərtlərə uyğun yeni inşa edilmiş binada verilən mənzili qəbul etməyi öhdəsinə götürməyə razılaşmışdır. "xxxx" MTK ilə Cavabdeh arasında müqavilələr bağlanarkən müstəqil tələb irəli sürə bilən üçüncü şəxslərin yəni X3, X4, X2 hər biri ayrıayrılıqda olaraq etibarnamələrin onda olduğunu söyləmiş və çıxarışla birlikdə etibarnamələri də "xxxx" MTK-ya təqdim edəcəyini söyləmişdir. Lakin, sonradan məlum olmuşdur ki, qeyd olunan şəxslər Cavabdeh etibarnamə verməmişlər. Həmçinin, bunu da qeyd etmək istəyir ki, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışı paylı mülkiyyət əsasında verilsə də, çıxarışı istifadəsinə uyğun istifadə etməyərək çıxarışda paylı hüququ olan X3, X4 hüquqları Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bundan əlavə qeyd etmək istəyir ki, Cavabdeh çıxarışda qeyd olunan şəxsləri təmsil etmək ixtiyarı olmamışdır. Buna baxmayaraq, onların adından 35 saylı notariat ofisində əvəzləşmə müqaviləsi bağlamış, bununla da Cavabdeh digər şəxslərin hüququnu pozmuş, həmin notariat ofisinin xüsusi notariusu olan X5 tərəfindən təsdiq edilərək hüquq pozuntusuna yol verilmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, bu hüquq pozuntusunun mövcud olduğunu təsdiq edən daha bir hal Cavabdeh oğlu Rusiya Federasiyasında yaşayan və oranın vətəndaşı olan Elnur Məmmədovun "xxxx" MTK-ya qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırması olmuşdur. Həmçinin, Elnur Məmmədov hüquqlarını təmsil etməsi üçün anası Cavabdeh yalnız 27 fevral 2023-cü il tarixdə etibarnamə vermiş, ondan əvvəl belə bir etibarnamənin mövcud olmasına dair hər hansı bir mötəbər sənəd və ya sübut olmamışdır. Digər tərəfdən, hazırda qaldırılmış həmin iddia üzrə məhkəmədə nümayəndə kimi çıxış edən də Cavabdehdır. Həmin iddianı qaldırmaqda cavabdeh tərəfin əsas məqsədi yenidən iddiaçıdan əlavə əmlaklar əldə etməkdir. Göründüyü kimi "xxxx" MTK müqavilə üzrə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş binadan 82,10 kv.m-dən ibarət təmirli mənzili, 56,46 kv.m-dən ibarət təmirli mənzili, 23 kv.m-dən ibarət təmirli qeyri-yaşayış sahəsini təhvil verməklə, vəzifələrini lazımi şəkildə icra etsə də, sonuncu bu əmlakları iddiaçı MTK-nı aldadaraq, habelə işin həqiqi hallarını təhrif edib, əldə etmiş, bununla da iddiaçı MTK-nın hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Yəni, praktikada hər bir tikinti şirkəti iş görməzdən əvvəl, habelə gələcək mübahisələrdən, zərərlərdən qorunmaq üçün tərəflərlə razılaşır və bundan sonra işlərə başlayır. Lakin, hazırda cavabdeh tərəf razılaşmanın şərtlərini pozaraq yeni mübahisəyə rəvac verir. Halbuki, bağlanmış müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan da elə cavabdeh tərəfdir, bu isə özündə iddiaçı MTK-nın zərər məruz qalacağı mənasını ifadə edir. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanarkən cavabdehin işin həqiqi hallarını təhrif etməsi nəticəsində o, özü üçün əlverişli nəticələrə səbəb olan müqavilənin bağlanmasına nail olmuşdur. Hazırda isə cavabdehin oğlunun iddiaçı MTK-ya qarşı iddia qaldırması isə MTK-nın əlavə zərərə məruz qala biləcəyi anlamına gəlir. Yəni, əgər MTK cavabdeh tərəfdən aldadığını bilsə idi, sonuncu ilə müqavilələr bağlanmazdı. Bu səbəbdən də, yuxarıda qeyd edilən müqavilələr ləğv edilməli, iddiaçı MTK-nın çəkdiyi xərclər ona geri qaytarılmalıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı MTK ilə cavabdeh arasında əvəzləşdirilmə müqaviləsi imzalanmışdır və həmin müqaviləsinin tələblərinə görə Cavabdeh özünə məxsus əmlakı təhvil verməli və onun əvəzində digər əmlakları əldə etməli idi. Bu əvəzləşdirilmə müqaviləsi notarial qaydada təsdiq olunub və hesab edir ki, müqavilə düzgün təsdiq olunmayıb, çünki cavabdeh vərəsəliklə övladlarına keçmiş paylı mülkiyyətə dair sərəncam vermiş, lakin sərəncam verməyə hər hansı bir səlahiyyəti olmamışdır. Ev paylı mülkiyyət olmuşdur. Əmlak paylı mülkiyyət ola-ola hamının əvəzinə cavabdeh müqaviləni imza edib. Bu müqavilə notarius tərəfindən təsdiq edilə bilməzdi. Etibarsızlıqla bağlı müddət keçdiyindən müraciət edə bilməmişdirlər. Müqavilənin ləğvi üçün əsas var, çünki övladı olsa belə başqa şəxslərin mülkiyyət hüququ pozulub. Cavabdeh Elnur Məmmədovun əvəzinə müqaviləni imzalayıb, lakin onun buna səlahiyyəti olmayıb və bu səbəbdən əvəzləşdirilmə müqaviləsi ləğv edilməlidir. Etibarnamə 2023-cü ildə verilib, müqavilə isə xx.xx.2022-ci ildə bağlanılıb. Cavabdehin əvəzləşdirmə müqaviləsini imza etmək səlahiyyəti olmamışdır. Mənzilləri təhvil aldıqdan sonra Cavabdeh yenidən müraciət edərək, əlavə bir mənzil tələb etmişdir. Həmin mərhələdə oğlunun iddiası düzgün idi və buna görə kassasiya şikayəti ilə müraciət etməmişdirlər. Paylı mülkiyyətə dair cavabdeh tərəfindən sərəncam vermək düzgün deyil, çünki oğlunun qaldırdığı ikinci iddia daha haqlıdır. Elnur Məmmədova evi təhvil verməyə hazırdırlar və artıq qətnamə qanuni qüvvəsini almışdır, lakin cavabdehin əsassız olaraq istifadəsində olan mənzili geri təhvil verilməsini tələb edirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci ildə evinə köçmüşdür. Oğluna çatan pay var və buna dair məhkəmə qərarları mövcuddur. MTK-nın direktoru şəxsən oğlu ilə danışıb bildirmişdir ki, “hazırda pandemiya dövrüdür və ilk öncə ananla bacının evin verək daha sonra sən gələrsən sənə də təqdim edərik.“ İddianın təmin olunması üçün heç bir sübut və dəlil yoxdur. Öz evi özünə verilmişdir. Oğluna isə iki otaq verilmişdir. Qanunsuz olaraq layihəni dəyişmiş, oğlunun evini 92 kv.m etmişdirlər. Qızını isə aldadıb başqa evə köçürmüşdürlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mülki iş üzrə cavabdeh anasıdır, özü ilə MTK arasında müqavilələr bağlanmışdır. Müqavilələrin ləğv olunması üçün heç bir əsas yoxdur. Bu səbəbdən MTKnın iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, mülki işə digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,0680 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərtəbəli binada, yaşayış sahəsi 56,1 kv.m., ümumi sahəsi 87,1 kv.m. olan 4 otaqdan ibarət 20 saylı mənzil 1/4 hissədə X3, 1/4 hissədə onun Cavabdeh, 1/4 hissədə X4, 1/4 hissədə X2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. -Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşməklə qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsü və bu ərazidə yeni yaşayış binalarının tikintisi cavabdeh İddiaçı MTK-ya həvalə edilmişdir. - İddiaçı MTK və Cavabdeh arasında bağlanmış 29 dekabr 2021-ci il tarixli 110 №-li əvəzləşdirmə müqaviləsinin surətindən və Bakı şəhəri 35 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamının 1-ci bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən “Mülkiyyətçi”-yə məxsus faktiki divar altı sahəsi 70 m2 mənzilin və 21 m2-dən ibarət qeyri-yaşayış sahəsinin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın F blokunun, 8-ci mərtəbəsində, 7 saylı 82.10 m2-dən ibarət təmirli mənzili F blokunun 8-ci mərtəbəsində 4 saylı 56.46 m2-dən ibarət təmirli mənzili F bloku 23 m2-dən ibarət təmirli qeyri-yaşayış sahəsini (binanın Qarabağ küçəsinə baxan tərəfi) mülkiyətçiyə verməyi, mülkiyyətçi isə ona məxsus mənzili söküntü üçün MTK-ya təhvil verməyi və yeni mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. - İddiaçı MTK və X10 arasında Bakı şəhəri 35 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamının 1-ci bəndinə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 3 ünvanında yerləşən “Mülkiyyətçi”-yə məxsus faktiki divar altı sahəsi 35 m2 mənzilin əvəzinə faktiki sahənin parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə yeni inşa ediləcək binanın F blokunun, 9-cu mərtəbəsində, 1 saylı 66,48 m2-dən ibarət təmirli mənzili mülkiyyətçiyə verməyi, mülkiyyətçi isə ona məxsus mənzili söküntü üçün MTK-ya təhvil verməyi və yeni mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. - İddiaçı MTK-nın 26 yanvar 2022-ci il tarixli 098 №-li aktının surəti ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh özünəməxsus mənzili və qeyri-yaşayış obyektini söküntü məqsədi ilə İddiaçı MTK-ya təhvil vermişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-870/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X3 cavabdeh İddiaçı MTK tərəfindən sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,0680 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərtəbəli binada, yaşayış sahəsi 56,1 kv.m., ümumi sahəsi 87,1 kv.m. olan 4 otaqdan ibarət 20 saylı mənzil üzərindəki ¼ hissədə paylı mülkiyyət hüququnun bərpası məqsədilə onunla əvəzləşdirmə müqaviləsi bağlanması öhdəliyi cavabdeh İddiaçı MTK-nın üzərinə qoyulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4513/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. - İddiaçı MTK tərəfindən verilmiş 32 №-li xx.xx.2024-cü il tarixli arayışla müəyyən olunur ki, X11 MTK-ya məxsus binada “F” bloku 9-cu mərtəbə mənzil 3-də qeydiyyatsız yaşayır. - İddiaçı MTK tərəfindən verilmiş 33 №-li xx.xx.2024-cü il tarixli arayışla müəyyən olunur ki, X7 MTK-ya məxsus binada “F” bloku 8-ci mərtəbə mənzil 9-da qeydiyyatsız yaşayır. - İddiaçı MTK tərəfindən verilmiş 34 №-li xx.xx.2024-cü il tarixli arayışla müəyyən olunur ki, Cavabdeh MTK-ya məxsus binada “F” bloku 8-ci mərtəbə mənzil 9-da qeydiyyatsız yaşayır. - İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə müəyyən olunur ki, sonuncudan müqavilələrin ləğv edilməsinə şərait yaradılması və 18 aya görə ödənilmiş 16200 manat kirayə pulu və s. digər məbləğlərin ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi, üçüncü şəxsi, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəfin, tərəflərin nümayəndə və vəkillərinin izahatları, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində istifadədə olan 0,0680 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərtəbəli binada, yaşayış sahəsi 56,1 kv.m., ümumi sahəsi 87,1 kv.m. olan 4 otaqdan ibarət 20 saylı mənzil 1/4 hissədə X3, 1/4 hissədə Cavabdeh, 1/4 hissədə X4, 1/4 hissədə X2 adlarına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı, xx.xx.2021 tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşməklə qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsü və bu ərazidə yeni yaşayış binalarının tikintisi iddiaçı MTK-ya həvalə edilmişdir. Tərəflər arasında 29 dekabr 2021-ci il tarixdə sadə yazılı formada, 26 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 35 saylı Notariat ofisində notariat qaydada cavabdehin paylı mülkiyyətçisi olduğu əmlakın sökülməsi və onun əvəzində güzəştli şərtlərlə yeni inşa ediləcək binadan əmlak verilməsi barədə müqavilə bağlanmışdır. Hazırda iddiaçı tərəflər arasında bağlanmış qeyd olunan müqavilələrin ləğv edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; - 6.1-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri mülki qanunvericiliyin prinsipləri kimi göstərilmişdir. -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. -390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. -421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, müqavilənin ləğv edilməsi zərurəti, müqavilədə nəzərdə tutulan, tərəflər arasında əvvəlcədən qarşılıqlı razılaşdırılmış hüquq və öhdəliklərin predmetinə, həcminə və ya şərtlərinə sonradan yaranmış hallarla - tərəflərdən birinin müqavilə şərtlərini pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s. - əlaqədar olaraq yaranır. Hazırki iş üzrə iddiaçı faktiki olaraq müqaviləyə onun bağlandığı andan düzgün olmaması – müqaviləni bağlayan tərəfin həmin müqaviləni bağlamaq (imzalamaq) səlahiyyətinin olmaması əsası ilə ləğv edilməsini xahiş edir. Başqa sözlə, iddiaçı qeyd olunan müqaviləni ümumiyyətlə qəbul etmir, onun ləğv edilməsini xahiş edir. Bu isə müqavilənin ləğv edilməsi əsaslarına uyğun deyildir. Qeyd olunan hallar müqavilə bağlandıqdan sonra yaranmamışdır. İddiaçı qeyd olunan müqavilənin paylı mülkiyyətçi olan Cavabdeh tərəfindən etibarnaməsi olmamasına baxmayaraq digər paylı mülkiyyətçilərin adından imzalandığını bildirir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarında ilə formalaşdırılmış hüquqi mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd bağlanmamışdır, əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Göründüyü kimi İddiaçı MTK-nin iddia tələbinin əsasını əqdə dair qanunvericiliklə müəyyən olunmuş tələblərin pozulması – müqavilənin bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakının olmaması təşkil etdiyindən müqavilənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, qanunvericiliyə - müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları başlıqlı 421-ci maddəyə əsasən, müqavilənin ləğv edilməsi üçün əsaslar konkret olaraq göstərilmişdir. İlkin olaraq müqavilənin ləğv edilməsi əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1). Bu maddə müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Hazırki iş üzrə tərəflər arasında müqavilənin onların razılığı ilə ləğv edilməsinə dair razılıq əldə olunmamışdır. Belə ki, “East Residence" MTK xx.xx.2024-cü il tarixli məktubu (mülki iş v. 10-11) qarşı tərəfə müraciət edərək müqavilənin ləğv edilməsinə şərait yaradılmasını xahiş etmişdir. Bununla belə bu mümkün olmamış, iddiaçı məhkəməyə hazırki tələblə müraciət etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinin digər əsası isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, bu maddədə nəzərdə tutulan müqavilə tərəflərindən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması dedikdə digər tərəfə vurulan elə bir zərər başa düşülür ki, bu zərər nəticəsində həmin tərəf müqavilə bağlanarkən güman və ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, bu pozuntu digər tərəfə müqavilənin məqsədinə nail olunmasına imkan vermir. Mühüm pozuntunun vurduğu zərər (ziyan) özündə həm çəkilən əlavə xərcləri, həm də nəzərdə tutulan mümkün gəlirlərin əldə edilməməsini, habelə müvafiq tərəfin mənafeyinə mühüm dərəcədə toxunan digər nəticələri birləşdirir. Məhkəmə qeyd edir ki, tərəflərin hər biri sözügedən müqavilənin şərtləri ilə razılaşaraq, onu könüllü və iradə ifadələrinə uyğun bağlamışdırlar. İddiaçı iddia ərizəsində “cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu” bildirsə də, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 26 yanvar 2022-ci il tarixdə notariat qaydada müqavilə bağlanmış, eyni tarixdə cavabdeh ona məxsus mənzili və qeyri-yaşayış obyektini söküntü məqsədi ilə iddiaçıya təhvil vermişdir (098 №-li, 26 yanvar 2022-ci il tarixli akt). Göründüyü kimi müqavilənin icrasından imtina olunmamış, onun şərtləri cavabdeh tərəfindən yerinə yetirilmiş, sökülməli olan mənzil iddiaçı MTK-ya təhvil verilmişdir. Müqavilənin ləğv edilməsi üçün əsaslar – müqavilə bağlandıqdan sonra onun şərtlərinin cavabdeh tərəfindən pozulması, bununla da iddiaçıya əhəmiyyətli zərər vurulması və iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması halları - məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Bu səbəbdən “East Residence" MTK-nın Cavabdeh qarşı tələbi “29 dekabr 2021-ci il tarixli, 110 nömrəli əvəzləşdirmə müqaviləsinin və 26 yanvar 2022-ci il tarixli müqavilənin ləğv edilməsi” hissədə əsaslı olmadığından məhkəmə tərəfindən təmin edilə bilməz. İddiaçı həmçinin 18 aya görə ödənilmiş 16200 manat kirayə pulunun və 300 manat nəqliyyat xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin bu hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan pul məbləğləri tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Hazırda iddia tələbinin birinci hissəsi, yəni pul məbləğlərinin ödənilməsinə əsas olmuş müqavilələrin ləğv edilməsinə dair hissədə iddia əsassız olduğundan, qeyd olunan pul məbləğlərinin cavabdeh tərəfindən iddiaçıya geri ödənilməsi barədə tələb də əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə vəkilə ödənilmiş 1500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı hazırki iddia tələbi təmin edilmədiyindən, iş üzrə hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş məbləğin cavabdehdən tutulması da əsaslı deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, İddiaçı MTK-nın iddia tələbi təmin edilmədiyindən, MPM-in 124.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu İddiaçı MTK-nın özünə aid edilməlidir. Beləliklə məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı “Cavabdeh ilə bağlanmış 29 dekabr 2021ci il tarixli, 110 nömrəli əvəzləşdirmə müqaviləsinin və 26 yanvar 2022-ci il tarixli müqavilənin ləğv edilməsi, 18 aya görə ödənilmiş 16200 manat kirayə pulunun və 300 manat nəqliyyat xərcinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 1500 manat pulun, eləcə də iddianın verilməsinə görə 145 manat rüsumun Cavabdeh tutularaq iddiaçı "xxxx" MTKya geri qaytarılması və cavabdehin "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş binanın F blokunun, 8-ci mərtəbəsində 7 saylı 82,10 kv.m-dən ibarət təmirli mənzildən, F blokunun 8-ci mərtəbəsində 4 saylı 56,46 kv.m-dən ibarət təmirli mənzildən, F bloku 253 kv.m-dən ibarət təmirli qeyri-yaşayış sahəsindən (binanın Qarabağ küçəsinə baxan tərəfi) çıxarılması” tələbinə dair iddiası təmin edilməməli, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı “Cavabdeh ilə bağlanmış 29 dekabr 2021-ci il tarixli, 110 nömrəli əvəzləşdirmə müqaviləsinin və 26 yanvar 2022-ci il tarixli müqavilənin ləğv edilməsi, 18 aya görə ödənilmiş 16200 manat kirayə pulunun və 300 manat nəqliyyat xərcinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 1500 manat pulun, eləcə də iddianın verilməsinə görə 145 manat rüsumun Cavabdeh tutularaq iddiaçı "xxxx" MTK-ya geri qaytarılması və cavabdehin "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində inşa edilmiş binanın F blokunun, 8-ci mərtəbəsində 7 saylı 82,10 kv.m-dən ibarət təmirli mənzildən, F blokunun 8-ci mərtəbəsində 4 saylı 56,46 kv.m-dən ibarət təmirli mənzildən, F bloku 253 kv.m-dən ibarət təmirli qeyri-yaşayış sahəsindən (binanın Qarabağ küçəsinə baxan tərəfi) çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-519/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-519/2025
20.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver