Məhkəmə qərarları › İş №e-2(005)-524/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-524/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-524/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X1 üçün həy ay tutulan qazancının dörddə bir miqdarında olan alimentin dəyişdirilməsi, aliment miqdarının hər ayda onun aylıq qazancının altıda biri miqdarında və ya ayda 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək alimentin sabit pul məbləğinə dəyişdiriləcəyi halda miqdarının aylıq 220 manat müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2 (005)-6554/2016 saylı qətnaməsilə oğlu Mehdi yetkinlik yaşına çatanadək ondan hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvədədir. O, qətnaməni könüllü icra edir. Onun ikinci nikahından 2017-ci il dekabrın 09-da övladı X5 doğulmuşdur. 2(001)- 5136/2021 saylı mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il qətnaməsilə ikinci nikahı da pozulmuş, oğlu Eldarın yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İş uşaqla ünsiyyət hissəsində apellyasiya və kassasiya baxışlarının predmeti olmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 1715/2022 saylı, 09 fevral 2022-ci il tarixli qətnamə və Ali Məhkəmə 2(102)-3441/2022 saylı, 16 avqust 2022-ci il tarixli qərar qəbul etmişdir. Övladı Mehdi üçün ondan aliment tutularkən təkcə həmin övladı olduğu halda, vəziyyət, şərait dəyişmişdir və hazırda ikinci övladı üçün də aliment ödəyir. Mehdi üçün qazancının dörddə biri miqdarında aliment müəyyən edilməsindən cavabdehin ailəsi ona qarşı təzyiq vasitəsi kimi istifadə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, vəkil kimi fəaliyyət göstərir və məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın olur ki, onun gəliri sabit deyildir. Həmin sənədlərdə illik gəlir göstərilmişdir. Aylıq gəlir təxmini olaraq 1200 manat təşkil edir. Həmin aliment tutulduğu zaman ikinci övladı olmamışdır və hazırda şərait dəyişdiyi üçün alimentin məbləğinin ¼ hissədə qalması onun hüquqlarının pozulması ilə nəticələnir. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2 (005)- 6554/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 25 iyul 2016-cı il tarixdən başlayaraq, tərəflərin birgə nikahından 01 mart 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(001)- 5136/2021 saylı mülki iş üzrə qətnaməsindən görünür ki, İddiaçı ilə Yusifzadə (Həsənova) Günay Mətləb qızı arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında 585 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir; İddiaçı adına olan sosial arayışdan görünür ki, İddiaçı 2022-ci il üçün illik gəliri 13087,25 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəflərin birgə nikahından 01 mart 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının ikinci nikahı pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı hər iki nikahının pozulduğunu və hər iki nikahından doğulmuş uşaqlarına ayrı-ayrılıqda aliment ödədiyini, birinci övladı üçün ondan aliment tutularkən təkcə həmin övladı olduğu halda, sonradan şəraitin dəyişdiyini və hazırda ikinci övladı üçün də aliment ödəməli olduğunu əsas gətirərək övladı X1 üçün həy ay tutulan qazancının dörddə bir miqdarında olan alimentin dəyişdirilməsi, aliment miqdarının hər ayda onun aylıq qazancının altıda biri miqdarında və ya ayda 200 (220) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2 və 75.1-ci maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarın 8.7 və 8.13-cü bəndlərinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göstərilən normaların məzmunundan göründüyü kimi, təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinə, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. Eyni zamanda təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Hər bir halda alimentin təyin edilməsi məsələsi uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu zaman uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə yol verilməməli, məsələyə uşağın mənafeyinin daha yaxşı təmin edilməsi nöqteyi nəzərindən yanaşılmalıdır. Eyni zamanda ailə qanunvericiliyi uşaqlarla yanaşı, aliment ödəyən şəxsin də hüquqlarını qoruyaraq uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarını müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur. Lakin nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin hazırkı mübahisəyə iddiaçının tələb etdiyi qaydada tətbiqi qeyri-mümkündür. Belə ki, həmin maddə alimentin aliment ödəyən şəxsin aylıq qazancından (başqa gəlirlərindən) hissələr üzrə tutulmasını tənzimləyir. Hazırki işdən isə müəyyən olunur ki, cavabdehə münasibətdə iddiaçıdan aliment onun əmək haqqısının (gəlirlərinin) ¼ hissəsində tutulsa da, digər ikinci nikahından olan keçmiş arvadına münasibətdə Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğində müəyyən olunmuşdur. Həmçinin hazırki iş üzrə iddiaçının gəlirinin müxtəlif aylar üzrə əhəmiyyətli şəkildə azaldığını və artdığını nəzərə alaraq məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə alimentin altıda bir hissədə müəyyən edilməsi bəzi aylarda uşaq üçün minimum dolanacaq xərclərindən də az miqdarda aliment ödənilməsinə səbəb olacaqdır, bu isə uşağın Konstitusiya və beynəlxalq aktlarla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnə bilər. O da qeyd olunmalıdır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqü vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə iddiaçının işləməsini, iddiaçının maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas götürür. Bu baxımdan tərəflərin birgə nikahından olan uşaqlar anaları ilə qaldıqlarından, iddiaçı ata kimi öz borcunu yerinə yetirərək, uşaqlarının saxlanılmasında iştirak etməli və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuş aliment məbləğlərini ödəməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri, eləcə də mövcud vəziyyətdə cavabdehin maddi vəziyyətində pisləşmənin olmasının müəyyən edilmədiyini, alimentin azaldılmasının isə müəyyən aylarda uşağın minimum dolanacaq xərclərindən az aliment almasına səbəb ola biləcəyini nəzərə alaraq hesab edir ki, iddiaçının alimentin gəlirlərinin altıda bir hissəsi miqdarında müəyyən edilməsi tələbi təmin edilə bilməz. İddiaçının alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını müəyyən edən 78.1-ci maddəsinə uyğun olaraq, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Göründüyü kimi, alimentin sabit pul məbləğində müəyyən edilməsi təşəbbüsü ilə bir qayda olaraq aliment ödəyən şəxs deyil, alimentin tutulmasını tələb edən şəxs çıxış edə bilər. Bu səbəbdən iddia həmin hissədə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar