Məhkəmə qərarları › İş №e-2(005)-538/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-538/2025

05.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-538/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı boşdayanmaya görə əmək haqqı məbləğinin və ödənilməmiş əmək haqqında hesablanmış ödənc məbləğinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı boşdayanmaya görə əmək haqqı məbləğinin və ödənilməmiş əmək haqqına hesablanmış ödənc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqı məbləğinin 2/3 hissəsinin və həmin məbləğə hesablanmış 1 faiz ödənc məbləğinin, ümumilikdə 35000 manat məbləğin; həmin zavodun əməkdaşı olduğu 2 illik, yəni 55 təqvim günü müddətində məzuniyyət haqqının, ödənilmiş 60 manat mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci il tarixdən Bakı Şin Zavodunun Yığma sexinə rezin məmulatları kəsicisi-bağlayıcısı işinə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixədək həmin sexdə 2-ci dərəcəli rezin məmulatları kəsicisibağlayıcısı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Texniki nəzarət şöbəsində nəzarətçi işləyərək, Vulkanlaşdırma sexində, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Texniki nəzarət şöbəsində 2-ci qrup növbə ustası işəyərək Vulkanlaşdırma, Avtokamer və Yığma sexlərində xidmət etmişdir. 1995-ci il tarixdən 1998-ci il tarixədək analıq məzuniyyətində olmuş, Naxçıvan MR-də olduğundan analıq məzuniyyətinə çıxması ilə bağlı ona ödəniləsi pulları ala bilməmişdir. Cavabdeh saxtakarlıq edərək ödənilməli pulları mənimsəmiş və həmin pulları aldığını rəsmiləşdirmişdir. Zavod iqtisadi çətinliklər üzündən təyinatı üzrə fəaliyyətini 1998-ci ilin yanvar ayında qismən dayandırdığı, həmin tarixlərdə analıq məzuniyyətində olduğu üçün xx.xx.1999-cu il tarixdən öz hesabına ödənişsiz əmək məzuniyyətinə buraxılmışdır. Qanunla ödənişsiz məzuniyyətin müddəti 6 ay müəyyən edildiyi halda 2024-cü il tarixədək ödənişsiz məzuniyyətdə olduğu bildirilmişdir. Lakin həmin müddət ərzində nə əmək haqqı verilməmiş, nə də ki, məzuniyyətdə olduğu dövrlər ərzində heç bir pul ödənilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən ödənişsiz məzuniyyət müddəti ən çoxu 6 ay müəyyən edilmiş, həmin müddətin sonu bitdikdə isə ya əmək müqaviləsinə xitam verilməsi, ya da ödənişsiz məzuniyyətdən qaytarılaraq əmək fəaliyyətinə davam etdirilməli idi. Lakin cavabdeh bunların heç birinə əməl etməyərək, hər dəfə məsələnin həlli ilə bağlı ya pul kompensasiyası, ya da əmək fəaliyyətinə davam etməsi ilə bağlı məsələni həll edəcəyinə söz vermişdir. O, cavabdehə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilmişdir. Son haqq-hesabla bağlı cavabdeh üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin xahiş etdi hissəsinin 1-ci bəndində qeyd olunan məbləğin şərti olduğu üçün nəzərə alınmamasını, iddia məbləğinin tam hesablanıb ödənilməsi üçün xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər il minimum əmək haqqı məbləğinə münasibətdə həmin məbləğlərin 2/3 hissəsinin və həmin məbləğə hesablanmış hər gecikdirilmiş gün üçün 1 faiz ödənc məbləğinin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddia tələbinin xahiş etdi hissəsinin 2-ci və 3-cü bəndlərinin olduğu kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili X8 etiraz ərizəsinə uyğun izahat verərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir; xx.xx.2024-cü il tarixli, 01/28 saylı arayışdan görünür ki, İddiaçı istifadə olunmamış məzuniyyət pulu 1994-cü il üçün 30 təqvim gününə 36333,60 manat, 1995-ci il üçün 25 təqvim gününə 30278 manat olmaqla, 36333,6 + 30278 = 66611,60/5000 = 1332 manat təşkil edir; xx.xx.2023-cü il tarixli Şəxsin güzəştli şərtlərlə hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı Bakı Şin zavodunda xx.xx.1991-ci il tarixdən Bakı Şin zavodunun Yığma sexinə rezin məmulatları kəsici-bağlayıcısı işinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Yığma sexində 2-ci dərəcəli rezin məmulatları kəsicisi-bağlayıcısı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Texniki nəzarət şöbəsində nəzarətçi işləyərək Vulkanlaşdırma sexinə xidmət etmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Texniki nəzarət şöbəsində 2-ci qrup növbə ustası işləyərək Vulkanlaşdırma, Avtokamer və Yığma sexlərinə xidmət etmişdir; İddiaçı tərəfindən "xxxx" ASC-nin direktoru X.H.Süleymanova ünvanlanmış ərizədən görünür ki, o, xx.xx.1998-ci il tarixdən bu günə kimi maaşının 2/3 hissəsinin hesablanaraq ona ödənilməsini xahiş etmişdir; "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01/14 saylı cavab məktubundan görünür ki, İddiaçı qaldırdığı minimum əmək haqqınınn 2/3 ödənilməsi ilə bağlı məsələyə xx.xx.2015-ci il tarixdə AR-nın Bakı şəhəri Nərimanov rayon Məhkəməsində, bundan sonra isə xx.xx.2016-cı il tarixdə AR-nin Ali Məhkəməsində baxılmışdır. Hər iki Məhkəmənin Qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmənin bu Qərarlarını əsas tutaraq tələbin yerinə yetirmək mümkünsüzdür; İddiaçı tərəfindən "xxxx" ASC-nin direktoru X.H.Süleymanova ünvanlanmış ərizədən görünür ki, o, işdən azad edilərək əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir; xx.xx.2024-cü il tarixli X7 ünvanlanmış ərizədən görünür ki, İddiaçı "xxxx" ASC-dən 26 illik əmək haqqının 2/3 hissəsinin və 3 illik uşağa baxılması üçün pulların hesablanaraq ödənilməsi, "xxxx" ASC-nin məmurlarının əməllərində cinayət tərkibi olduğu üçün barələrində cinayət işinin açılması və araşdırılması üçün korrupsiya və prokurorluq orqanlarına həvalə edilməsini xahiş etmişdir; xx.xx.2024-cü il tarixli X5 məktubundan görünür ki, İddiaçı araşdırmaya müvafiq qaydada izah və əmək haqqına dair bank hesabından çıxarış təqdim etməmişdir. O cümlədən, müəssisə rəhbərliyi barəsində cinayət işinin başlanması müfəttişliyin səlahiyyətlərinə aid edilmədiyindən hüquq mühafizə orqanlarına müraciə etmək hüququ qeyd edilmişdir; xx.xx.2024-cü il tarixli, 04-k saylı İşdən azad olma barədə əmrdən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilən zaman İddiaçı ilə "xxxx" ASC arasında əmək müqaviləsinin bağlanması haqqında portalda məlumat olmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə ərizəsinə əsasən işdən azad edilmişdir; xx.xx.2023-cü il tarixli, 01/130 saylı arayışdan görünür ki, "xxxx" ASC-nin İddiaçı əmək haqqı borcu yoxdur. xx.xx.1998-ci ildən 84m saylı, xx.xx.1998-ci il tarixli əmrlə zavodda istehsalat dayandığına görə İddiaçı öz hesabına məzuniyyətə buraxılmışdır; "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01/14 saylı cavab məktubundan görünür ki, İddiaçı 1994-cü ildə 30 təqvim günü, 1995-ci ildə isə 25 təqvim günü istifadə olunmamış əmək məzuniyyəti qalmışdır. 1996-1997-1998-ci illərdə arxiv sənədləri göstərir ki, o, həmin illərdə analıq məzuniyyətində olmuş və analıq məzuniyyətinə düşən məvacib tamamilə ödənilmişdir. Bakı Şin zavodunda əmək fəaliyyəti zamanı istifadə etmədiyi 2 illik, yəni 55 təqvim günü əmək məzuniyyətinin məbləği ödəniləcəkdir. xx.xx.2002-ci il tarixdə "xxxx" ASC-yə çeviriləndən sonra o, cəmiyyətdə heç bir fəaliyyət göstərməmiş, əmək müqaviləsi olmamışdır. Bu vəziyyətlə bağlı 2015-ci ildə Bakı Şin zavodunun işçilərindən Nərimanov Rayon Məhkəməsinə rəsmi qaydada müraciət edən olmuşdur, şikayətçinin tələbinə dair iddia təmin olunmamışdır, amma buna baxmayaraq onun zavodda əmək fəaliyyəti, əziyyətini nəzərə alıb, çalışacaqlar ki, cəmiyyətin iqtisadi durumunda cüzidə olsa mənfəət yaranarsa, ona köməklik edilsin; Bakı Şin Zavodu üzrə 84-M saylı, xx.xx.1998-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir; Bakı Şin Zavodu üzrə 83-M saylı, xx.xx.1999-cu il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir; "xxxx" ASC-nin 32 saylı, xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, ərizə ilə müraciət edən öz hesabına məzuniyyətdə olan işçilərin əmək kitabçalarının bağlanaraq onlara təqdim edilməsi, arxiv sənədlərinin qaldırılması, işlədikləri müddət üçün ehtiyac olan arayışların təqdim edilməsi əmr edilmişdir; "xxxx" ASC-nin 04 saylı, xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, 04-k saylı, xx.xx.2024-cü il tarixli əmr 32 saylı, xx.xx.2022-ci il tarixli əmrlə ziddiyyət təşkil etdiyinə görə qüvvədən düşmüş hesab edilmişdir; "xxxx" ASC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, "xxxx" Açıq Səhmdar cəmiyyəti Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, "xxxx" Dövlət Şirkətinin tabeliyində olan Bakı Şin Zavodunun çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4681/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı və məzuniyyət pulu” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2092/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4681/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin X3 münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-4103/2016 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2092/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir; Beləliklə, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı Şin Zavoduna işə qəbul edilmişdir. X6 Bakı Şin Zavodunda işləmiş, 1996-1997-1998-ci illərdə arxiv sənədləri göstərir ki, o, 1995-1998-ci illərdə analıq məzuniyyətində olmuşdur. Zavod iqtisadi çətinliklər üzündən təyinatı üzrə öz fəaliyyətini 1998-ci ildə qismən dayandırmışdır. Bakı Şin Zavodu sonradan xx.xx.2002-ci il tarixli, 01-k nömrəli əmrə əsasən Azərşin ASC-nə çevrilmişdir. Bundan əvvəl isə İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi daha sonra xx.xx.1999-cu il tarixdən etibarən öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. İddiaçı 2024-cü ilə kimi öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən ödənişsiz məzuniyyət müddəti ən çoxu 6 ay müəyyən edilmiş, lakin həmin müddətin bitməsinə baxmayaraq nə ödənişsiz məzuniyyətdən qaytarılaraq əmək fəaliyyətinə davam etdiriə bilmiş, nə də əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, 04-k saylı İşdən azad olma barədə əmrlə İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə ərizəsinə əsasən işdən azad edilmişdir. Hazırda İddiaçı zavodun əməkdaşı olduğu 2 illik, yəni 55 təqvim günü müddətində məzuniyyət haqqının, xx.xx.1999cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqı məbləğinin 2/3 hissəsinin və həmin məbləğə hesablanmış 1 faiz ödənc məbləğinin ödənilməsini tələb edir. "xxxx" ASC-yə və X7 müraciət etməsinə baxmayraq, bir nəticəyə nail ola bilmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2ci maddənin 3-cü hissəsi). Məhkəmə ilk növbədə "xxxx" ASC-nin, iddia tələbinin rəddini sitat gətirdiyi Nərimanov Rayon Məhkəməsinin 2(005)-4681/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə hazırki işə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, adıçəkilən qətnamədə mübahisə üzrə tələb hazırki işlə oxşar olaraq, işçi tərəfindən işəgötürən "xxxx" ASC-yə qarşı əmək mübahisəsi üzrə pul tələbi olsa da, işlərin hallarında bir-birindən fərli məqamlar mövcuddur. Hazırki iş üzrə İddiaçı zavodun əməkdaşı olduğu 2 illik, yəni 55 təqvim günü müddətində istifadə etmədiyi üçün məzuniyyət haqqının ödənilməsini tələb edir və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01/14 saylı cavab məktubunda həmin hissədə zavodun borclu olduğunu qəbul edərək, ödənişlərin ediləcəyini bildirir. Həll olunmuş mübahisədə isə 1994- 2015-ci illər üçün ödənilməmiş məzuniyyət haqqı tələb olunur ki, cavabdeh "xxxx" ASC tərəfindən məzuniyyət haqqının hesablanması, lakin iddiaçı X1 pul məbləğinin qəbulundan imtina etməsi əsası ilə məhkəmə həmin hissədə iddianı rədd edir. Həmçinin hazırki iş üzrə İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqı məbləğinin 2/3 hissəsinin və həmin məbləğə hesablanmış 1 faiz ödənc məbləğini tələb edir ki, iddia Əmək Məcəlləsinin 169.1-ci maddəsi, yəni işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi ilə əsaslandırılır. Lakin həll edilmiş mübahisədə tələb vəzifə üzrə əmək haqqının ödənilməsidir ki, məhkəmə tərəfindən həmin hissədə iddia zavodun fəaliyyətini dayandırdığı dövrdən iddiaçı X2 orada işləməməsi və hər hansı bir formada əmək fəaliyyəti ilə məşğul olmadığından rədd edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh "xxxx" ASC İddiaçı ona qarşı tələblərinin həllində analoji olaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4681/2015 saylı işinin nəticəsini rəhbər tutmaqda haqlı deyildir. Əmək Məcəlləsinin 129-cu maddəsinə görə ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddənin məzmunundan göründüyü kimi, ödənişsiz məzuniyyət işəgötürən tərəfindən birtərəfli qaydada deyil, altı aydan çox olmamaqla tərəflərin mülahizəsinə əsasən verilə bilər. Eyni zamanda Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. İş materiallarından göründüyü kimi, "xxxx" ASC ödənişsiz məzuniyyətə buraxılma barədə əmrlər ilə iqtisadi çətinliklər ilə əlaqədar Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla işçiləri, o cümlədən hazırki iş üzrə iddiaçını ödənişsiz məzuniyyətlərə buraxmışdır. Cavabdeh tərəfindən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi daha sonra isə xx.xx.1999-cu il tarixdən etibarən ödənişsiz məzuniyyətə buraxmışdır. 2024-cü ilə kimi İddiaçı əmək müqaviləsinə xitam verilmədiyindən və ya ödənişsiz məzuniyyətdən qaytarılaraq əmək fəaliyyətinə davam etdirilmədiyindən vəzifə maaşının 2/3 hissəsinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı minimum əmək haqqının 2/3 hissəsinin ödənilməsini tələb etmək hüququna nisbətdə cavabdeh etirazını zavod rəhbərliyinə bununla bağlı müraciət edilmədiyi, xx.xx.2002-ci il tarixdən isə Bakı Şin zavodunun yenidən təşkil olunaraq, "xxxx" ASC-yə çevrildikdən sonra cəmiyyətdə heç bir əmək fəaliyyəti göstərməməsi, əmək müqaviləsinin olmaması ilə əsaslandırır. Məhkəmə zavodun "xxxx" ASC-yə çevrilməsindən sonra iddiaçının əmək müqaviləsinin olmamasına nisbətdə qeyd edir ki, müəssisənin yenidən təşkili işçilərin əmək müqaviləsinin xitamına səbəb olmur, iddiaçının cəmiyyətdə əmək fəaliyyəti göstərməməsinin səbəbi isə boşdayanmaya görə onun ödənişsiz məzuniyyətə göndərilməsi çıxış edir. Həmçinin xx.xx.2024-cü il tarixli, 04-k saylı İşdən azad olma barədə əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işçinin öz xahişi ilə ərizəsinə əsasən işdən azad edilməsi onu göstərir ki, Bakı Şin zavodunun yenidən təşkil olunaraq, "xxxx" ASC-yə çevrildikdən sonra da işdən çıxarma ilə bağlı əmr verilənədək tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur ki, sonradan iddiaçının müraciəti əsasında bu münasibətlərə xitam verilmişdir. Həmçinin iş materiallarından olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01/14 saylı cavab məktubunda cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya zavoddakı əmək fəaliyyəti, əziyyəti nəzərə alınıb cəmiyyətin iqtisadi durumundan cüzi də olsa mənfəət yaranarsa köməklik ediləcəyi vurğulanmışdır. Əgər tərəflər arasında əmək münasibətləri mövcud deyildisə və müəssisənin İddiaçı qarşısında öhdəliyi yox idisə, deməli, işçinin orada çəkdiyi əziyyətə görə köməklik edilməsini nəzərdə tutan hansısa əsasla pul ödənilməsi vədi də ağlabatan deyildir. Yəni cavabdeh tərəf vəzifəsini yerinə yetirmədiyini bilir və mənfəət yarandığı təqdirdə ödənişlər ediləcəyini bildirərək, onların icrasından boyun qaçırmasını bu üsulla gizlətməyə çalışır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərdə boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, boşdayanma vaxtı - əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilmir. Boşdayanma işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləği tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə işəgötürən hasilat normalarının yerinə yetirilməsi üçün işçiyə iş şəraitinin minimum şərtlərini mütləq təmin etməlidir. Müvafiq şəraitin yaradılmamasına görə boşdayanma vaxtı işəgötürənin məsuliyyətinə aiddir və onun təqsiri üzündən boşdayanma kimi qəbul olunmalıdır. Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Eyni Məcəllənin 233-cü maddəsinin 5-ci hissəsində göstərilmişdir ki, iş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Nəzərə alınmalıdır ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir (Əmək Məcəlləsinin 155.1 və 156.1-ci maddələri). İşçidən asılı olmayan hallara görə zəruri iş şəraitinin təmin edilməməsi halında işçinin Konstitusiyada və Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq təminatları almaq hüququndan məhrum edilməsi ədalət prinsipi ilə ziddiyyət təşkil etmiş olur. İddiaçı ərizəsində xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək hər il minimum əmək haqqı məbləğinə münasibətdə həmin məbləğlərin 2/3 hissəsinin ödənilməsini tələb edir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti keçməklə verildiyi üçün iddia müddətini tətbiq edərək tələbin bu hissəsinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4 və 6-cı hissələrinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə iddia müddətinin tətbiqi hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən bu əsasla iddianın rədd olunması xahiş edilmiş, iddiaçı tərəfindən isə iddia müddətinin bərpası haqqında ərizə verilməmişdir. Bu səbəbdən cavabdehin tələbi nəzərə alınmalıdır. Lakin diqqət yetirilməlidir ki, əmək qanunvericiliyində pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 illik müddət məcmu şəklində pul vəsaitlərinin ödənilməməsi ilə bağlı bir tələbə nisbətdə məhdudlaşdırılmamalıdır. Yəni hər ay üzrə İddiaçı əmək haqqının 2/3 hissəsinin ödənilməməsi hər ay həmin məbləğləri almaq üzrə hüquqlarını pozur. Yuxarıda göstərilənlərə əsasən işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciətin mümkünlüyünü nəzərdə tutan norma xx.xx.1999-cu il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqının 2/3 hissəsinin ödənilməsi tələbinə şamil olunmalı və həmin hissədə iddia rədd edilməlidir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi isə əmək haqqı məbləğinin 2/3 hissəsinin ödənilməsi tələbi üçün iddia müddəti ötürülmədiyindən, iddia həmin hissədə təmin olunmalıdır. İş materiallarında İddiaçı müəssidədə tutduğu vəzifə üzrə aldığı əmək haqqının məbləğini əks etdirən heç bir sənəd olmadığından xx.xx.2023-cü ildən minimum aylıq əmək haqqı kimi müəyyənləşdirilmiş və 2024-cü il üçün də eyni qalan 345 manat məbləğə nisbətdə iddiaçıya 2/3 hissədə vəsait ödənilməlidir. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə iddiaçının 1994-cü ildə 30 təqvim günü, 1995-ci ildə 25 təqvim günü istifadə olunmamış əmək məzuniyyəti haqqının ödənilməsi hissəsində isə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət üçün 1 illik iddia müddətini ötürdüyündən həmin hissədə rədd edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Məhkəmə iddia tələbinin “əmək haqqı ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarına görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Məhkəmənin gəldiyi qənaətə görə, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi cavabdeh "xxxx" ASC hər il minimum əmək haqqı məbləğinə münasibətdə əmək haqqınn 2/3 hissəsini ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödəniş gününə qədər hesablanmaqla İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində də təmin olunmalıdır. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2023 və 2024-cü illər üçün müəyyənləşdirilmiş 345 manat minimum əmək haqqının 2/3 hissəsi və həmin məbləğə hesablanmış 1 faiz ödənc məbləği, o cümlədən ödənilmiş 60 manat mediasiya xidmət haqqı cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2023 və 2024-cü illər üçün müəyyənləşdirilmiş 345 manat minimum əmək haqqının 2/3 hissəsi hesablanmaqla, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2023 və 2024-cü illər üçün müəyyənləşdirilmiş 345 manat minimum əmək haqqının 2/3 hissəsinin ödənilməsi gecikdirildiyi üçün həmin məbləğə hesablanmış 1 faiz ödənc məbləği cavabdeh "xxxx" ASCdən İddiaçı xeyrinə tutulsun. Mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində vəsait cavabdeh "xxxx" ASC-dən alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar