Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5396/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbinin dəliləri İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-245/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X6 arasında 05 oktyabr 2012-ci il tarixdə Səadət Sarayında 2294 nömrəliakt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X10mənim himayəsində saxlanılmış və xx.xx.2013cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarda alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bir müddət cavabdehin işlədiyi yer üzrə aliment məbləği tutularaq iddiaçıya ödənilsə də, cavabdeh artıq işləmədiyindən 2025-cü ilin yanvar tarixindən aliment məbləğinin tutulması təmin edilmir. Cavabdehin işdən çıxması barədə məlumatı isə çətinliklədə olsa bir-neçə gün əvvələldə edə bilmişəm. Bununla əlaqədar olaraq mediasiya ya müraciət edib və Bakı 13 saylı Mediassiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli MŞB/13/2025-01263 nömrəli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış da verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2025-ci ilin Yanvar, Fevral, Mart və Aprel aylarında aliment almadığını iddia etmişdir. Bu məlumat həqiqətə uyğun deyil və faktiki vəziyyəti tam əks etdirmir. Alimentin ödənilməsi barədə faktlar 2025-ci ilin Yanvar, Fevral və Mart aylarında cavabdeh 400 AZN işsizlik müavinəti almışdır. Qanuna uyğun olaraq hər ay həmin məbləğin 1/4 hissəsi (100 AZN) aliment kimi ödənilmişdir. Buna dair bank çıxarışları və ödəniş sənədləri mövcuddur və məhkəməyə təqdim edilə bilər. İddiaçının aliment almaması barədə iddiası sübuta yetirilməmişdir. İddiaçı aliment almaması barədə iddiasını sübut etməlidir, əks halda iddia əsassızdır. İddiaçının aliment ödənişlərinin mövcudluğunu inkar etməsi bu prinsipə uyğun deyil. Rəsmi işə qəbul xx.xx.2025 tarixindən rəsmi işə qəbul olunmuşdur və aylıq əmək haqqı 400 AZN təşkil edir. Alimentin qanuni məbləği Ailə Məcəlləsi, maddə 76: Aliment borclunun qazancının müəyyən hissəsi kimi tutulur. 400 AZN əmək haqqının 1/4 hissəsi 100 AZN təşkil edir və qanuna tam uyğundur. Onurğadan əməliyyat keçirmişdir, müvafiq tibbi sənədlər mövcuddur. Hal-hazırda disk yırtığı diaqnozu ilə müalicə alır və əmək qabiliyyəti məhdudlaşmışdır. Ailə Məcəlləsi, maddə 110.3: Sağlamlıq və maddi vəziyyətin pisləşməsi alimentin artırılmaması üçün əsasdır. İddiaçı alimentin minimum əmək haqqının 0,615 misli (təxminən 246 AZN) kimi müəyyən edilməsini tələb edir. Bu məbləğ: cavabdehin 400 AZN rəsmi əmək haqqının 60%-dən çoxunu təşkil edir; qanuna zidd olaraq yaşayış minimumunu aşağı salır. Ailə Məcəlləsi, maddə 78: Aliment borclunun maddi vəziyyətinə uyğun olmalıdır. Əmək Məcəlləsi, maddə 176: Tutulmalardan sonra əmək haqqı yaşayış minimumundan aşağı ola bilməz. Bu səbəblə iddiaçının tələbi hüquqi baxımdan əsassızdır. Ailə Məcəlləsinin 88- ci maddəsinə əsasən, yetkinlik yaşına çatmış uşaqlar əmək qabiliyyəti olmayan valideynlərinə baxmağa borcludurlar. Bu norma göstərir ki, valideynlərin övladının saxlanılması üçün ödədiyi aliment xərci birtərəfli yük kimi deyil, gələcəkdə uşağın da valideyninə qarşı mənəvi və qanuni məsuliyyəti yaradan ailə öhdəliyidir. Bu baxımdan, mənim övladım üçün bu gün ödədiyim aliment, gələcəkdə valideynə qayğı borcunun hüquqi əsasını təşkil edir. Qanun açıq şəkildə bildirir ki, valideyn əmək qabiliyyətini itirdikdə və yaşlandıqda, övlad onların saxlanmasına görə məsuliyyət daşıyır. İddiaçının aliment məbləğinin artırılması barədə tələbi tam əsassız hesab edilməsi və rədd edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, aliment təyin edilən vaxt cavabdehin daimi iş yeri var idi. Daha sonra o işsiz qaldı. Hazırda yenə daimi əmək fəaliyyəti ilə məşğul olsa da, əmək haqqı məbləği çox aşağıdır və onun ¼ hissəsinin tutulması uşağın mənafeyinə ziddir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Bildirdi ki,hazırda işləyir, lakin əmək haqqı onu qane etmir. Belə ki, 400 manat əmək haqqı alır; tutulmalardan sonra təxminən 337 manat məbləğində əmək haqqı əldə edir. Alimentin sabit pul məbləğində təyin edilməsinə etiraz edir. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 06 aprel 2022-ci il tarixdə verilən nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X8 və X6 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə aralarındakı nikah pozulmuşdur. Nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-245/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə X6 arasında 05 oktyabr 2012-ci il tarixdə Səadət Sarayında 2294 nömrəli akt qeyd ilə bağlanmış nikah pozulması, xx.xx.2013-cü il təvəllüdlü X10 iddiaçı X3 yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı X4 verilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. - Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sesiyasında iştirak edilməməsi ilə bağlı arayışdan görünür ki, mediasiya sesiyasında İddiaçı iştirak edərək, 50 manat mediasiya haqqı ödənilmişdir. Cavabdeh isə iştirak etməmişdir. - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh işəgötürən X5 ilə bağladığı əmək müqaviləsinə əsasən satıcı vəzifəsində çalışır və 400 manat əmək haqqı alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsi və həmin Konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsi ilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarınına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4- 3-cü yarım bəndində qeyd edilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Hazırda İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbini irəli sürmüş və tələbini uşaqların tələbatlarının, təhsil xərclərinin və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-245/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddianın təmin edilməsi, İ man Elşad Həsən oğlu ilə X6 arasında 05 oktyabr 2012-ci il tarixdə Səadət Sarayında 2294 nömrəli akt qeyd ilə bağlanmış nikah pozulması, xx.xx.2013-cü il təvəllüdlü X10 iddiaçı X3 yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh onun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı X4 verilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmiş, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 06 aprel 2022-ci il tarixdə verilən nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X8 və X6 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə aralarındakı nikah pozulmuşdur. Nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onu da bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşaqların getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüməsi tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.Eyni zamanda tərəflərin izahatlarından da müəyyən edilir ki, cavabdeh bir müddət işsiz qalmış; hazırda isə 400 manat məbləğində əmək haqqı alır. Məhkəmə hesab edir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və bu miqdar dəyişməlidir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, cavabdehin rəsmi iş yeri müəyyən edilmədiyindən alimentin əmək haqqının hisssəsi kimi tutulması qeyri mümkün olur və həm birgə nikahdan olan uşağın, həm iddiaçının mənafeyinə ciddi xələl gətirir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və s. dəyişmiş, uşaq böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Eyni zamanda İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-245/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli məbləğində məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.11-ci bəndinəə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilməsi qərara alınmışdır: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-245/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş 50(əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-5396/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5396/2025
10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver