Məhkəmə qərarları › İş №e-2(005)-554/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-554/2025

21.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-554/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğində ödəncin və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2882 manat əsas əmək haqqı (son haqq hesab daxil) məbləğinin, xx.xx.2024-cü il tarixədək olan 13565,62 faiz məbləğinin, xx.xx.2024-cü il tarixdən başlayaraq hazırki mübahisə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minib tam icra olunduğu tarixədək 2882 manat əsas əmək haqqı məbləğinin hər gün üçün 1 faizinin, Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 99.000.000 manat pul vəsaitinin, Cavabdeh MMC-dən mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat xərcin, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövət rüsumu və 1500 manat vəkil xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MMC-dən 2882 manat əsas əmək haqqı məbləğinin, xx.xx.2025-ci il tarixədək olan 13747,14 manat faiz məbləğinin, xx.xx.2025-ci il tarixdən başlayaraq hazırki mübahisə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minib tam icra olunduğu tarixədək 2882 manat əsas əmək haqqı məbləğinin hər gün üçün 1 faizin, cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 99.000.000,00 manat pul vəsaitinin, cavabdehdən mediasiya sesiyasının keçirilməsi üçün ödənilmiş 61 manat xərc, etibarnamənin verilməsi ödənilmiş 17 manat dövlət rüsumu və 1500 manat vəkil xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə o, baş mühasib vəzifəsinə işə qəbul olmuş (əlavə iş yeri) və onun aylıq əmək haqqı 602 manat olmuşdur. İddiaçı təşəbbüsü ilə həmin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə ƏM-in 68.2-ci bəndinə əsasən xitam verilib. Əmək müqaviləsinin qüvvədə olduğu dövrdə onun əmək haqqı məbləği fərdi məbləğlərdə olmuşdur. Müxtəlif aylarda onun əmək haqqı aşağıdakı kimi olmuşdur: xx.xx.2023-cü il-602 azn, xx.xx.2023-cü il-556 azn, xx.xx.2023cü il-930 azn, xx.xx.2024-cü il-500 azn. Əmək fəaliyyətinə başladığı ilk vaxtlardan cavabdeh tərəfindən onun əmək haqqı normal şəkildə ödənilməyib. Əmək müqaviləsinə əsasən işçinin əmək haqqı növbəti ayın 10-u ödənilməli olduğu halda, işə götürən tərəfindən ona ödənilməli olan əmək haqqları bütün aylar üzrə gecikdirilmişdir. Həmçinin 2023-cü ilin dekabr ayından əmək müaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixədək olan aylar üzrə Cavabdeh MMC tərəfindən İddiaçı əmək haqqı ümumiyyətlə ödənilməyib. Eyni zamanda əmək müqaviləsinə xitam verilərkən son haqq hesab da ödənilməyib. İddiaçı təminatlar üzrə ödənilməli olan əsas əmək haqqı və son haqq hesab məbləği 2,882 manat təşkil edir. Həmçinin aşağıda əlavə edilmiş cədvəldən göründüyü kimi, xx.xx.2024-cü il tarixədək əmək haqqının gecikdirilməsi üçün ödənilməli olan faiz məbləği 15031,66 manat təşkil edir. Gecikdirilmiş əmək haqqının xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan faiz hesablanması cədvəlinə əsasən əsas əmək haqqı üzrə cəmi borc-2882 manat, gecikdirilmiş günlər üçün əmək haqqı 15031,66 manat təşkil edir. İddiaçı tərəfindən əmək haqqının ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkəti iddiaçının əsəb, sarsıntı və güclü həyəcan keçirməsinə səbəb olmuşdur. Ona görə hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzi olaraq 99.000.000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə etibarilə həm əsas əmək haqqı məbləği, həm əmək haqqının gecikdirilməsi üçün hesablanmış faiz məbləği, həm də mənəvi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Kredo” Vəkil Bürosu ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli EM-1602VK-6808/24 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və onun tərəfindən 1500 manat vəkil xidmət haqqı ödənilmişdir. Eyni zamanda İddiaçı tərəfindən onu təmsil etmək üçün vəkilə etibarnamənin verilməsinə görə 17.25 manat dövlət rusumu ödənilmişdir (ödənilmiş rüsumun dəyəri etibarnamənin üzərində qeyd edilib). Həm hüquqi yardımın göstərilməsinə görə ödənilən vəsait, həm mediasiya sesiyasının keçirilməsi üçün çəkilmiş xərc, həm də etibarnamənin verilməsi üçün ödənilmiş rüsumun haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh MMC iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, ödəniş qəbzləri və ödənişlə bağlı bütün məlumatlar onlarda var və məhkəməyə təqdim ediləcəkdir. İddiaçı hər şeyin öz əlində olduğunu düşünərək əldə etdiyi etibardan suiistifadə edərək asan imza vasitəsiylə şirkətdəki ştatlarda dəyişiklik edərək özünü fərqli ştatlara təyin edərək şirkəti ziyana salmışdır. İddiaçı əsassız ifadələri ilə iddia ərizəsində özünün qeyd etdiyi əmək haqqının xx.xx.2023-cü il tarixdən hüququnun pozulduğunu aşak etmişdir. Əgər belə bir hal var idisə niyə indiyədək gözləyib və niyə qısa zaman ərzində məhkəməyə və ya müvafiq orqanlara müraciət etməmişdir? Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçının da qeyd etdiyi kimi əmək haqqı xx.xx.2023-cü il tarixindən ödənilmir və ya gecikdirilir, madəm ki belə bir hal qeyd olunmuşdu iddiaçı niyə müvafiq qurumlara müraciət etməmişdir. Burada Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən işçinin pul tələbi bir illik müddət ərzində olmalıdır, lakin burada müddət keçmişdir. Həmçinin belə gecikmələrin uzun müddətli olmasına baxmayaraq bu məsələyə dair nə işəgötürənə iradını bildirmiş, nə də bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə müraciət etməmişdir. Onun müddətin keçməsindən sonra edilmiş müraciəti isə hazırkı mübahisənin həlli baxımından hər hansı əhəmiyyət kəsb etmir. İddiaçı həmçinin iddiasının hüquqi əsası kimi göstərib ki, Azərbaycan Respublikası Mulk Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, 95.000.000.00 manat mənəvi zərərin qarşılanmasını tələb etmişdir. Lakin həmin qərarda qeyd edilir: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.” İddiaçı qərarı oxumadan başlanğıc cümləsinə baxaraq bu qərara istinad edərək məhkəmədən mübaliğə edilmiş (şişirdilmiş) 99,000,000 manat mənəvi zərər kimi cavabdehdən tələb etmişdir. İddiaçının irəli sürdüyü məlumat və iddiaların nə qədər həqiqətdən uzaq olduğunu və xəyali düşüncə olduğunu tələb etdiyi mənəvi zərər üçün istədiyi məbləğdən də görə bilərsiniz. Digər tərəfdən yuxarıda qeyd edilən Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən qeyd olunan 1 il müddətin keçməsini nəzərə alaraq iddia ərizəsi rədd edilməlidir. Daha sonra Cavabdeh MMC məhkəməyə ərizə ünvanlayaraq, mülki iş üzrə iddia tələbini yalnız ödənilməmiş 2882 manat əmək haqqı hissəsində qəbul etdiklərini qeyd etmiş, qalan hissədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhərində olmadığı üçün üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı 602 manat təşkil etmişdir; - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; - Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Kredo Vəkil Bürosuna 1500 manat pul ödənilmişdir; - Quba regional “Asan xidmət” Mərkəzində notariat ofisiinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, etibarnamənin verilməsi üçün 17,25 manat rüsum ödənilmişdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “ekspertizanın aparılmasından imtina edilməsi” barədə məktubundan görünür ki, ekspertizanın keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilmədiyindən məhkəmə ekspertizasının keçirilməsi mümkün olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilmişdir. Hazırda iddiaçı 2023-cü ilin dekabr ayından əmək müaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixədək olan aylar üçün əmək haqqı və son haqq-hesabın ödənilmədiyinə istinad edərək 2882 manat əsas əmək haqqı məbləğinin, onun gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixədək olan dövr üçün 13747,14 manat faiz məbləğinin, xx.xx.2025-ci il tarixdən başlayaraq hazırki mübahisə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minib tam icra olunduğu tarixədək 2882 manat əsas əmək haqqı məbləğinin hər günü üçün 1 faiz məbləğin, vurulmuş mənəvi zərərin, 1500 manat vəkil xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi ərizəsində 2882 manat əmək haqqı borcunun mövcudluğunu etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23, 24-cü maddələrində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ, eləcə də məzuniyyət hüququ və son haqq-hesabın ödənilməsi və s. tələb etmək hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi müvafiq hüquq normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsini əks etdirir. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (2-ci maddənin 3-cü hissəsi). Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1 və 4-cü bəndlərinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Eyni Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Hazırki mülki iş üzrə iddiaçı əmək haqqının, son haqq-hesabın ödənilmədiyini iddia etdiyindən həmin məbləğin, eləcə də əmək haqqının tam şəkildə ödənilib-ödənilməməsini müəyyən etmək məqsədilə məhkəmə ekspertizası təyin edilmiş, mülki iş Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, lakin zəruri sübutlar təqdim edilmədiyindən ekspertizanın keçirilməsindən imtina edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində məhkəmə tərəfindən sübutların təmin edilməsi barədə qərardad çıxarılmış, icra sənədi üzrə icraata başlanılmış, lakin qərardad cavabdeh tərəfindən icra olunmamış və ekspertizanın keçirilməsi üçün zəruri sübutlar təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadıqda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırki iş üzrə cavabdehin zəruri sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə tərəfə dəfələrlə məhkəmə sorğusu göndərsə də, sübutlar təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, son haqq-hesabın düzgün şəkildə ödənilibödənilməməsi, ödənilməmişdirsə hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçının "xxxx" MMC-də işlədiyi dövrdə bütün aylar üzrə iş vaxtının tabel uçotu, ona hesablanmalı olan və faktiki halda hesablanmış əmək haqqı barədə məlumat, əmrlər və ödənişlər, eləcə də ekspert vəsatətində göstərilən digər sənədlərin işəgötürəndə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında tələb edilən məbləğ müəyyən olunmuş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqq-ədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, hazırki halda iddia tələbinin əksini sübut etmək vəzifəsinin cavabdehdə olmasını, cavabdehin həmin halı təkzib edən hər hansı sübut təqdm edə bilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ödənilməyən əmək haqqının, son haqq-hesabın məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bu məbləğin məhkəmə tərəfindən hesablanması mümkün olmadığından, cavabdeh ekspertizanın keçirilməsinə mane olduğundan, Mülki Prosessual Məcəllənin 97.5 və 106.2-ci maddələrinin tələblərinə uyğun olaraq ekspertiza təyin edilən fakt, yəni iddiaçının tələb etdiyi əmək haqqının ödənilməməsi və onun məbləğinin 2882 manat olması təsdiq olunmuş hesab edilməlidir. Belə ki, məhkəmə tərəfindən qeyd edilən halları təkzib edən sübutların, eyni zamanda məhkəmə ekspertizasının aparılması üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən təqdim edilməsi üçün kifayət qədər vaxt verilərək lazımi şərait yaradılmasına baxmayaraq, o, sübutları təqdim etməmiş, bununla həm obyektiv, tam və hərtərəfli məhkəmə araşdırmasına mane olmuş, həm də mülki iş üzrə icraatın xeyli müddət uzanmasına səbəb olmuşdur. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qanuni təmsilçisi tərəfindən 02 iyun 2025-ci il tarixdə məhkəməyə iddianın qismən etiraf edilməsi barədə ərizə ünvanlanmışdır. Həmin ərizəyə əsasən cavabdeh iddiaçıya 2882 manat əmək haqqı borcunun olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh məhkəməyə yazılı ərizə ünvanlayaraq iddia tələbini 2882 manat əmək haqqı borcunun tutulması hissəsində qəbul etmişdir. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faizi məbləğində ödəncin verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Adı çəkilən Qərarda həmçinin qeyd olunmuşdur ki, şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Hazırki iş üzrə qeyd olunan şərtlər öz təsdiqini tapmış və iddiaçının haqlı olaraq cavabdehdən gecikdirilmiş əmək haqqının 1 faizi məbləğində ödənc almaq hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırki işdə dəqiq hansı aylar üzrə əmək haqqının ödənilibödənilmədiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarından göründüyü kimi, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinə əsasən isə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Hazırki işdə əmək haqqının dəqiq hansı tarixdən gecikdirilməsi müəyyən edilmədiyindən məhkəmə bir faiz ödəncin son haqq-hesabın ödənilməli olduğu gündən, yəni xx.xx.2024-cü il tarixindən başlayaraq hesablanmasını ağlabatan hesab edir. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməli, xx.xx.2024-cü il tarixindən başlayaraq iddiaçının tələb etdiyi xx.xx.2025-ci il tarixinədək hər gecikdirilmiş gün (477 gün) üçün 1 faiz hesablanmaqla (2882x1%=28,82x477=) 13.747,14 manat pul cavabdehdən tutulmalıdır. Eyni zamanda iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizədə xx.xx.2025-ci il tarixindən başlayaraq 2882 manat əmək haqqının ödənildiyi günə qədər hər gün üçün bir faizin ödənilməsini tələb edir. Məhkəmə əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normaları baxımından iddiaçının həmin tələbini də qanuni və əsaslı hesab edir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə iddiaçı işlədiyi xx.xx.2023-xx.xx.2024-cü tarixləri üzrə ödənilməyən əmək haqqını tələb edir. İddiaçı göstərmişdir ki, əmək haqları qarışıq ödənildiyindən hansı aylar üzrə ödənilib-ödənilmədiyini dəqiq müəyyən etmək mümkün olmamışdır. Ekspertizanın keçirilməsi mümkün olmadığından son bir il üzrə ödənilməmiş əmək haqqının məbləğinin də müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, həmin hal işçinin ziyanına şərh edilməməlidir. Əks mövqe iqtisadi cəhətdən daha zəif tərəf olan işçinin hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin iddiaçının əmək haqqının 602 manat olduğu və ödənilməyən əmək haqqının 2882 manat təşkil etdiyi nəzərə alınarsa, bu, təxminən son 5 ayın (xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə) əmək haqqının ödənilmədiyi anlamına gəlir. Mediasiyanın tətbiqi barədə təklif isə qarşı tərəfə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Həmin tarixdən iddia müddətinin axımı dayandırıldığından, əmək haqqının tələb edilməsi üçün 1 illik iddia müddəti də keçməmiş olur. Belə ki, “Mediasiya haqqında” Qanunun iddia müddətinin axımının dayandırılmasını müəyyən edən 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan başlanmış sayılır. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən işçinin son-haqq hesabının vaxtında ödənilməməsi sübut edildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçıya uzun müddət ərzində əmək haqqının ödənilməməsi nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, işləmiş olduğu dövrlər üçün ödənilməli olan əmək haqqından məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya dəymiş mənəvi zərərə görə 300 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, mənəvi zərərə görə ödənilən təzminat iddiaçının gəlir əldə etməsinə deyil, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mediasiya xərci olaraq 60 manat məbləğində pul ödənilmişdir və cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə mediasiya xərclərini ödəmiş tərəfin çəkdiyi xərcləri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəfdən tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının 1500 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulması tələbinə münasibətdə hesab edir ki, işin halları, mürəkkəblik dərəcəsi, cavabdehin iddianı etiraf etməsi, ödənilməli olan pulun məbləği nəzərə alınmaqla vəkil xərcinə görə 1000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını ağlabatan hesab edir. Həmçinin məhkəmə iddiaçının çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2-ci maddəsinə görə, hazırkı iddia ərizəsi üzrə 100 manat dövlət rüsumu tutulmalıdır. Bu mənada məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqına görə 2882 manat, əmək haqqının xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək gecikdirilməsinə görə 13747,14 manat, mənəvi zərərə görə 300 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 1000 manat, etibarnamənin verilməsinə görə ödənilmiş 17 manat, mediasiya xərcinə görə ödənilmiş 60 manat olmaqla, cəmi 18006,14 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. xx.xx.2025-ci il tarixindən başlayaraq 2882 manat əmək haqqının ödənildiyi günədək ödənilməmiş əmək haqqı məbləğinin hər günü üçün 1 faiz məbləğində pul hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 manat pul Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqına görə 2882 manat, əmək haqqının xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək gecikdirilməsinə görə 13747,14 manat, mənəvi zərərə görə 300 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 1000 manat, etibarnamənin verilməsinə görə ödənilmiş 17 manat, mediasiya xərcinə görə ödənilmiş 60 manat olmaqla, cəmi 18006,14 (on səkkiz min altı manat, on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq 2882 manat əmək haqqının ödənildiyi günədək ödənilməmiş əmək haqqı məbləğinin hər günü üçün 1 faiz məbləğində pul hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat pul Cavabdeh MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar