Məhkəmə qərarları › İş №e-2(005)-555/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-555/2024

06.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-555/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı Əli qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında rəsmi dövlət qeydiyyatına alınaraq bağlanan nikah məhkəmə qaydasında pozulmuş və nikahın pozulması barədə xx.xx.2011-cü il tarixli 555 nömrəli Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş şəhadətnamə ilə təsdiq edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanan birgə nikahdan xx.xx.2011-cu il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Nikah pozulduqdan sonra İddiaçı cavabdehdən hər hansı aliment tələbi olmamış və övladının bütün xərclərini özü qarşılamışdır. Lakin o, hazırda övladının xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən Cavabdeh övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması zərurəti yaranmışdır Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ekspertizanın rəyi ilə razı olduğunu, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi və vəsatət təqdim edərək,aliment təyin ediləcəyi təqdirdə alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdehin əmək haqqı yüksək olduğundan alimentin məbləği də ölkə üzrə minimum yaşayış həddindən bir neçə dəfə artıqdır. Aylıq tutulan məbləğ 650-700 manatdır. Həmin məbləğin hamısının uşağın cari xərclərinə xərclənməsinə ehtiyac yoxdur. Digər tərəfdən iddiaçı illərdir uşağı özü saxlayıb və atadan aliment istəməyib. Yəni ananın da uşağı saxlamağa imkanı vardır. Bu baxımdan tutulacaq alimentin 50% hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi onun gələcəyi və təhsili üçün daha faydalı ola bilər. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZ-İ 125776 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 26 noyabr 2011-ci il tarixində pozulmuşdur. - AZ-İİ 795046 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2011-cu il təvəllüdlü X4 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 xx.xx.2024-cü il tarixli rəydən görünür ki, genetik test nəticəsində testə uğradılan güman olunan ata (F) ilə uşaq (C) arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X4 adlı uşağın bioloji atası olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarından “Elektron məhkəmə” informasiya sistemindən çıxarışla cavabdeh "xxxx" ASC-də bank müdiri vəzifəsində işləməsi və aylıq əmək haqqı 3300 manat alması müəyyən edildiyindən məhkəmə alimentin onun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində tutulmasını məqbul hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə yazılı vəsatətin təmin edilməsi üçün əsaslar mövcud deyildir və həmin vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Azərbaycan Respublikası ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi barədə” 04/2023 saylı Qərardadın: 38.Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.9cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. 39.Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. 40.Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır.

41. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.

42. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin vəsatətində təyin ediləcək alimentin 50% məbləğinin uşağın adına açılan bank hesabına köçürülməsinin hansı zərurətdən irəli gəldiyi əsaslandırılmamışdır. Belə ki, yuxarıda istinad edilən Ali Məhkəməsi Mülki və X1 da görünür ki, uşağa təyin edilən alimentin məbləğinin minimum yaşayış həddindən yüksək olması vəsatətin təmin edilməsi üçün əsas deyil. Digər tərəfdən vəsatətdəki digər əsas – iddiaçının indiyədək cavabdehdən aliment tələb etməməsinin, ümumiyyətlə vəsatətlə birbaşa və dolayı əlaqəsi yoxdur. Belə ki, iddiaçı tərəfindən ötən müddət ərzində azyaşlı uşağının saxlanılması üçün aliment tələbi ilə bağlı iddia qaldırmaması, cavabdehi bir valideyn olaraq uşağın qarşısında öhdəliklərindən azad etməməklə yanaşı, iddiaçının da maddi vəziyyəti ilə bağlı hər hansı nəticəyə gəlməyə imkan vermir. Belə ki, AZEMİS elektron məhkəmə informasiya sistemindən iddiaçının hər hansı gəlir məlumatları, əmək müqaviləsi, VÖEN-i müəyyənləşdirilmir. Məhkəmə təkrarən qeyd edir ki, iddiaçının kifayət qədər maddi imkanlara səbəb olması tam təsdiq edilsə belə, bu cavabdeh tərəfin vəsatətin təmini üçün yeganə əsas ola bilməz. Təyin ediləcək alimentin məbləği barədə hissədə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh ilə ailə münasibətlərindən olan xx.xx.2011-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(005)-365/2023 saylı qərardadı nəzərə alınmaqla xx.xx.2011cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş “alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi” barədə yazılı vəsatət təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar