Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-559/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı, Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə və "xxxx" BOKT MMC-yə qarşı Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü çəxs qismində cəlb olunmaqla, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu X3 tərəfindən cavabdeh "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə aparılan 21 fevral 2022-ci il tarixli, 8İ-1731 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə "xxxx" BOKT MMC ilə Quliyeva Əfsanə Nazim qızı arasında kreditor tərəfindən borcalana illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə10.000 manat kreditin verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. "xxxx" BOKT MMC, Quliyeva Əfsanə Nazim qızı və İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə görə isə kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evi "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonradan icra şöbəsindən verilən məlumata əsasən İddiaçı Aydın oğluna məlum olmuşdur ki, onun xəbəri olmadan sözügedən fərdi yaşayış evi icra qeydi əsasında hərracdan satılmışdır. Bundan sonra vəkil sorğusu əsasında icra qeydinin aparılmasına dair notariat işi rəsmi qaydada əldə edilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubu əsasında müəyyən olmuşdur ki, Əfsanə Quliyeva kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyinə görə "xxxx" BOKT MMC özünün tərtib etdiyi maliyyə arayışına əsalanaraq ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi üçün Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 müraciət etmiş, xx.xx.2022-ci il tarixdə notarius tərəfindən “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi verilərək Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə göndərilmişdir. İcra qeydinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixə olan 19.810,89 manat məbləğində tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə yönəldilməsi, dəyəri 27.000 manat olmaqla həmin evin hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində evin boşaldılması tələb olunmuşdur. Halbuki, sözügedən icra qeydi qanunvericiliyin tələbləri və ipoteka qoyanın mülkiyyət hüquqları pozulmaqla həyata keçirilmişdir. Buna görə də icra qeydi ləğv edilməlidir. Belə bir icra qeydinin aparılmasından ipoteka qoyan İddiaçı xəbəri olmamışdır. İcra qeydinin aparılmasına dair notariat işinə əlavə edilmiş və “Azəri Express” poçt daşıma xidmətinə aid olan 299819 nömrəli qaimədən görünür ki, guya xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC tərəfindən İddiaçı məktub göndərilmiş, bu məktub xx.xx.2022-ci il tarixdə “Quliyeva” soyadlı şəxs tərəfindən alınmışdır. Halbuki, İddiaçı ünvanına hər hansı məktub gəlməmişdir. Ümumiyyətlə bu qaimənin əsasında gələn zərfdə nəyin göndərildiyi də qeyd olunmamışdır. Beləliklə qeyd olunanlardan göründüyü kimi İddiaçı icra qeydinin aparılmasından xəbəri olmamışdır. Bu isə ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olmuşdur. İpoteka haqqında qanunvericiliyin tələblərinə görə ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə və ya əsas öhdəliyi icra edə bilər. İpoteka qoyan İddiaçı belə bir bildiriş almadığına görə o, ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verə bilməmiş və bu hüququndan məhrum olmuşdur. Notariat haqqında” 76-cı maddəsinin 1-ci abzasında qeyd edilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Qanunvericiliyin tələblərinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. İcra qeydinin aparılmasına dair notariat işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, tələbkar borclunun sözügedən tarixə 9.242,72 manat əsas, 5.848,17 manat faiz və 4.720 manat cərimə olmaqla, ümumilikdə 19.810,89 manat borcunun olmasına əsaslanaraq icra qeydinin aparılması barədə notariusa müraciət etmişdir. Halbuki, kreditor tərəfindən birtərəfli qaydada hesablanan bu borc həddindən artıq şişirdilmişdir. Çünki kredit müqaviləsi üzrə borcun əksər hissəsi ödənilmişdir. Belə bir vəziyyətdə kreditora bu qədər qalıq borcunun olması mümkün deyil. İcra qeydi aparılarkən ipoteka predmetinin satış üsulu ilə bağlı qanunvericiliyin və müqavilənin tələblərinə də əməl edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 9.2-ci bəndində ipoteka müqaviləsinin satış üsulu olaraq göstərilmişdir ki, “ ...“İpoteka haqqında” Qanunun 38.2-ci maddəsinə əsasən açıq bazar (seçilmiş üsuldan asılı olaraq) ipoteka predmeti bu Dövlət rüsumunun ödənilməsi haqqında məlumat qaydada satılmadığı halda məcburi icra tədbirləri çərçivəsində hərrac vasitəsi ilə özgəninkiləşdiriləcək...”. Notariat işindən görünür ki, "xxxx" BOKT MMC “ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi barədə ərizəsində 19.810,89 manat kredit borcunun, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində xərcin, 20 manat məbləğində dövlət rüsumunun ipoteka pretmetinə yönəldilməsini, fərdi yaşayış evinin hərracdan satılmasını, qeydiyyat hüquqlarının ləğv edilməsini və satıldıqdan sonra ən geci 1 ay ərzində evin boşaldılması barədə icra qeydinin aparılmasını xahiş etmişdir. Notarius isə xx.xx.2022-ci il tarixli icra qeydində tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə yönəldilməsi və evin hərracdan satılması ilə yanaşı, səlahiyyət hədlərindən kənara çıxaraq satıldıqdan sonra ən geci 1 ay ərzində evin boşaldılması barədə göstərişlər müəyyən etmişdir. Halbuki, notariusun “evin boşaldılması barədə” göstərişlər müəyyən etmək səlahiyyəti olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X4 sızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, bildirişlər Quliyeva Əfsanə tərəfinən təhvil alınmış olsa belə, bu barədə o iddiaçıya məlumat verməmişdir. Belə ki, nikahları davam etsə də, hazırda münasibətləri pisdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab etdiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdilər. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, hazırki məhkəmə iclasında nümayəndəsinin iştorakını təmin etməmişdir. Məhkəmə işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, "xxxx" BOKT MMC 36 ay müddərinə, illik 32% dərəcəsi ilə 10000 manat pul məbləğini borc olaraq Quliyeva Əfsanə Nazim qızına verməyi, Quliyeva Əfsanə Nazim qızı isə kredit müqaviləsi üzrə müəyyən olunmuş qaydada və müddətlərdə ödənişlər etməyi öz üzərinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, 2019/00702-İP nömrəli ipoteka müqaviləsinin surətindən məlum olur ki, “ipoteka qoyan” İddiaçı xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsi üzrə “borcalan” Quliyeva Əfsanə Nazim qızının öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evini “ipoteka saxlayan” "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Quliyeva Əfsanə Nazim qızının xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsi üzrə 9242.72 manat əsas borc, 5848.17 manat faiz borcu, 4720 manat cərimə borcu olmaqla cəmi 19810.89 manat borcu vardır. - "xxxx" BOKT MMC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Quliyeva Əfsanə Nazim qızı xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini icra etmədiyi üçün ipoteka predmetinə tutuma yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış məktubda qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə tutma yönəldilməsinə dair bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. - 28 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT MMC kredit öhdəliyinin qısa zamanda icra edilmədiyi halda ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönəldilməsi barədə ipoteka qoyan və borcluya məlumat vermişdir. - Azari Express məktub və bağlama daşınması xidmətinin qəbzlərinin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı və Quliyeva Əfsanə Nazim qızına ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın əmlaka yönləndirilməsi barədə bildirişlər göndərilmişdir və həmin bildirişlər xx.xx.2022-ci il tarixdə “Quliyeva” soyadlı şəxs tərəfindən imza atılmaqla təhvil alınmışdır; - xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanı yönəldilməsi haqqında icra qeydindən məlum olur ki, xx.xx.2019-cu il tarixli, 2019/00702-İP nömrəli ipoteka müqaviləsinə əsasən borc alan Quliyeva Əfsanə Nazim qızı "xxxx" BOKT MMC-dən illik 32% olmaqla 36 ay müddətinə götürdüyü 10000 manat məbləğində kreditin və həmin kreditin öhdəliklərinin pozumasından yaranan kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 19810.89 manat məbləğində tutulmalı olan cəmi borc ipoteka saxlayan "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə yönəldilməli, dəyəri 27000 manat olmaqla mənzil açıq hərracdan satılmalı, satıldıqdan sonra ən geci 1 ay ərzsində boşaldılmalı, icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün ödənilən 41.42 manat pul borcludan tutulmalıdır. - Açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən və təkrar hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, hərracın xx.xx.2022ci il tarix, saat 11:00 və xx.xx.2022-ci il tarix, saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim 4a ünvanında keçirilməsinə dair Quliyeva Əfsanə Nazim qızı və İddiaçı bildiriş göndərilmişdir. - xx.xx.2022-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evi təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə - 22950 manata əldə edilməsi "xxxx" BOKT MMC-yə təklif edilmişdir. - "xxxx" MMC tərəfindən Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, "xxxx" BOKT MMC Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, 0.015 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evi təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətə - 22950 manata əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən xx.xx.2022-ci il tarixdə hərracın yekunları barədə 219/22 saylı protokol tərtib olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” seriya № RX, ******* saylı çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. Yüklülüyün növü- ipoteka; müddəti – xx.xx.2022-ci il tarixədəkdir. Əsas öhdəiliyin mahiyyəti və icra müddəti – 2019/00702 KM;xx.xx.2019-cu ildir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə "xxxx" BOKT MMC ilə Quliyeva Əfsanə Nazim qızı arasında kreditor tərəfindən borcalana illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə10.000 manat kreditin verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. "xxxx" BOKT MMC, Quliyeva Əfsanə Nazim qızı və İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə görə isə kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evi "xxxx" BOKT MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 9.3-cü bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti 27000 manat məbləğində müəyyən edilmişdir. 9.6-cı bəndinə əsasən, ipoteka predmetinə tutumanın yönəldilməsi notariusun icra qeydi əsasında həyata keçirilir. Müqavilənin 9.1-ci bəndinə əsasən, ipoteka predmetinə yöbəldilmənin əsası kimi, ipoteka qoyan tərəfindən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, və ipoteka saxlayanın öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında tələbini irəli sürməsi barədə yazılı bildirişi aldığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmaması nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixinə Quliyeva Əfsanə Nazim qızının kredit müqaviləsi üzrə 9242.72 manat əsas borc, 5848.17 manat faiz borcu, 4720 manat cərimə borcu olmaqla cəmi 19810.89 manat borcu yaranmışdır. Öhdəlik icra edilməmiş, cavabdeh notariusa müraciət edərək 21 fevral 2022-ci il tarixdə, 8İ-1731 nömrəli icra qeydini aparmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş edir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-nın 39.1-ci bəndinə əsasən, icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.22-ci bəndinəəsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Məhkəmə iddia ərizəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsində göstərilənlər mülki işin materialları ilə öz təsdiqini apmır. Belə ki, iddiaçı icra qeydinin aparılması barədə məlumatının olmamasını onunla əsaslandırır ki, bildirişləri özü deyil, həyat yoldaşı almışdır. Hazırda nikahları davam etsə də münasibətləri pisir. Buna görə də icra qeydinin aparılmasından məlumatsız olmuşdur. Halbuki qanunvericiliyin istinad edilən normalarından aydın məlum olur ki, tələbkar tərəfindən bildriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İcra qeydinin aprılması barədə notariat işinin materiallarından aydın olur ki bildirişlər 31 yanvar 2022-ci il tarixdə iddiaçının ünvanına göndərilmiş, 01 fevral 2022-ci il tarixdə Quliyeva Əfsanə tərəfindən imza atılmaqla təhvil alınmışdır. Digər tərəfdən iddiaçı ilə Quliyeva Əfsanə arasında nikah münasibətləri pozulmamışdır. Qanunveriliyə əsasən ər-arvad yaxın qohum və ailə üzvü hesab edilir. Buna görə də iddiaçının dəlili əsassızdır. İddiaçının digər dəlili borcun mübahisəli olması, ödənişlərin böyük hissəsinin edilməsi ilə bağlıdır. Halbuki, yuxarıda istinad edilən Nazirlər Kabinetinin Qərarından görünür ki, borcun mübahisəsiz olması tərəflər arasında notarial qaydada bağlanmış müqavilənin olması ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Yuxarıda sadalanan mülki iş materiallarından və qanunvericilik müddəalarından aydın olur ki, Quliyeva Əfsanə Nazim qızı və "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00702 nömrəli kredit müqaviləsi əsasında tələbkar tərəfindən edilmiş müraciət əsasında Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisi və "xxxx" BOKT MMC-yə qarşı (Sabunçu Rayon İcra şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-559/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-559/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver