Məhkəmə qərarları › İş №e-2(005)-562/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-562/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-562/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84.6 kv.m olan 9 saylı mənzilin tələbkar Cavabdeh2 ASC tərəfindən əldə edilməsi barədə "xxxx" MMC-nin 11 sentyabr 2023-cü il tarixli, 53/01 nömrəli hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və sözügedən əmlak üzrə verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus əmlak hərraca çıxarılıb və nəticədə borclu olduğu Cavabdeh2 ASC ipoteka predmeti olan əmlakı dəyərindən aşağı qiymətə əldə edib. Belə ki, cari ilin oktyabrın sonunda icradan ona məxsus evə gələrək evdən çıxması tələb edilmiş, səbəbini soruşduqda isə evin hərracdan satıldığı bildirilmişdir. O da dərhal icra ilə əlaqə saxlayaraq məlumat əldə etmək istəsə də, icra işinin mahiyyətini öyrənməyə çalışsa da, ona təkcə sifariş, hərracın yekunları barədə protokolu, çıxarışı verərək artıq hər şeyin yekunlaşdığı, könüllü çıxmayacağı halda noyabr ayının birində güclə çıxarılacağı bildirilmişdir. O da haqlı olaraq etiraz edərək icradan, hərracdan xəbərinin olmadığını bildirsə də, onun qanuni tələbini nəzərə alan olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, qeyd etdiyi kimi onun əmlakının hərraca çıxarılmasından, ümumiyyətlə icra işinin olmasından heç bir zaman məlumatı olmayıb. Bu isə onun hüquqlarını kobud şəkildə pozmaqla yanaşı, baş tutmuş hərracın qanuniliyini şübhə altına salır. Onun ünvanlarına icra məmuru tərəfindən hərracla bağlı heç bir məlumat, təklif, sifariş, o cümlədən hərrac təşkilatı olan "xxxx" MMC tərəfindən nə ilkin, nə təkrar hərrac barədə elan, protokol, nə də yekun protokol göndərilməmişdir. Halbuki icra məmurunun özü hərrac təşkilatı müəyyən etməzdən əvvəl tələbkar və borcluya bu barədə razılıqlarının, təkliflərinin bildirilməsi barədə məktubunun göndərilməli olduğu, o cümlədən hərracın keçirilməsi, eləcə də baş tutmaması, elanlar, protokollar barədə məlumatın tərəflərə göndərilməli olduğu birbaşa olaraq mülki qanunvericilikdə, ipoteka, icra haqqında qanunda, eləcə də aidiyyəti normalarda təsbitini tapıb. Nə icra məmuru, nə də ki, hərrac təşkilatı qanuni əsaslarla ona məxsus olan əmlakın satışa çıxarılması və baş tutmuş proseslər barədə məlumat verməyərək hərracın təşkili ilə bağlı qanunvericilik tələblərini kobud şəkildə pozaraq əmlakının əlindən çıxmasına səbəb olmuşlar. Bu da baş tutmuş hərrac prosedurunun qanunsuz olduğunu, ümumiyyətlə icra məmuru tərəfindən hərrac barədə sifariş verərkən pozuntuya yol verildiyini və bu səbəbdən də həmin hərəkətin məhkəmə qaydasında qanunsuz hesab edilməli olduğunu bir daha göstərir. Əks yanaşma mülki qanunvericiliyin, icra, ipoteka haqqında normalarının tələblərinin pozulması deməkdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, mübahisənin məhkəmədən kənar həllinə dair iddiaçı ilə Cavabdeh2 ASC arasında razılıq əldə edilmiş, belə ki, xx.xx.2024-cü il tarixində mübahisə predmeti olan daşınmaz əmlakın alqı-satqısına dair tərəflər arasında müqavilə bağlanmışdır. Qeyd olunan səbəbdən iddiaçı iddiadan imtina etdiyini bildirir və ərizənin nəzərə alınmasını xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual qanunvericiliyə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə iddiaçının ərizəsini araşdıraraq hesab edir ki, onun iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmçinin müvafiq hərəkətin nəticələri tərəfə aydın olduğundan həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasından imtinası təsdiq edilsin və iddia üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar