Məhkəmə qərarları › İş №e-2(005)-580/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-580/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-580/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X5 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nüməyəndəsi Nümayəndə2, Cavabdeh X1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və "xxxx" MMC-yə qarşı “hərracların etibarsız hesab olunması, fərdi yaşayış evinin açıq hərracda satışının yenidən təşkil olunması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və "xxxx" MMC-yə qarşı “hərracların etibarsız hesab olunması, fərdi yaşayış evinin açıq hərracda satışının yenidən təşkil olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə keçirilmiş hərracların etibarsız hesab olunması və X2 məxsus Gəncə şəhəri, R.Allahverdi oğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evin "xxxx" MMC-də açıq hərracda satışının yenidən təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-5762/2016 saylı qətnaməsinə əsasən Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 17451,35 manat əsas borcu, 5125,71 manat faiz borcu, 100 manat dəbbə pulu, cəmi 22627,06 manat borcunun tutulması, 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqının alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi cavabdeh X2 məxsus olan və tərəflər arasında ilkin olaraq 70000 manata qiymətləndirilmiş Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamənin icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilmiş, qeyd olunan icra orqanı tərəfindən prosessual icra tədbirləri görülərək, icra hərəkətləri aparılmış və tutma obyektinin satılma ilə bağlı "xxxx" MMC-də hərrac təşkil olunmuşdur. Hərrac mərkəzində xx.xx.2017-ci il tarixli bildirişlə birinci hərracın keçirilmə vaxtı xx.xx.2017-ci il, saat 11:00 müəyyən edilmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixli bildirişlə ikinci hərracın keçirilmə vaxtı xx.xx.2017-ci il, saat 11:00 müəyyən edilmişdir. Pozuntu ilə keçirilən hərracda əmlakın alıcısı olmadığına görə hərrac mərkəzi X2 məxsus olan və tərəflər arasında ilkin olaraq 59500 manata qiymətləndirilmiş fərdi yaşayış evini LPO İddiaçı ASC-nin Gəncə filialına təklif etmişdir. LPO İddiaçı ASC-nin Gəncə filialı hüquqi şəxs deyildir və ona görə də filialın hərrac mərkəzinin ipotekanın əldə edilməsi barədə təklifinə qərar vermək səlahiyyəti yoxdur, belə səlahiyyət bankın Gəncə filialına verilməmişdir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verilməlidir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilməlidir. Lakin Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən ipoteka saxlayan LPO İddiaçı ASC-yə məlumat verilmədən "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC-nin 5 il daimi fəaliyyətinin olubolmamasını müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə sorğu yazılmış, cavabdan görünür ki, MMC-nin 5 il daimi fəaliyyəti olmamışdır. Göründüyü kimi "xxxx" MMC tərəfindən ipoteka predmetinin satışını həyata keçirtmək qanunla qadağandır. “Banklar haqqında” AR Qanununun 82.1.2-ci və 82.1.3-cü maddələrinə əsasən müflis elan olunmuş bankın aktivləri ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinə yönəldildiyindən sözügedən icra sənədi tələbin təmin olunmaması Fondun LPO İddiaçı ASC qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla külli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır. Qalib alıcı tərəfindən 7 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayana hələ də ödəniş həyata keçirilməmiş və təqdim edilən ödəniş tapşırıqlarının təyinatında isə ödənişin İcra sənədi üzrə ödənilməsi qeyd olunmuşdur. Daha sonra iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə ərizə verərək, iddia ərizəsində texniki yanlışlıq olaraq cavabdeh kimi "xxxx" MMC-nin əvəzinə "xxxx" MMC-ni göstərimişdir. Bu səbəbdən cavabdeh "xxxx" MMC-ni əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən cavabdeh əsl cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5762/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 17451,35 manat əsas borc, 5125,71 manat faiz borcu, 100 manat dəbbə pulu, cəmi 22627,06 manat borcunun tutulması, 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqının alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi cavabdeh X2 məxsus olan və tərəflər arasında ilkin olaraq 70000 manata qiymətləndirilmiş Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2017-ci il tarixdə Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ünvanladığı məktubun surətindən görünür ki, ünvan 1i yaşayış evinin açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş edilmişdir. Məktubun surəti "xxxx" ASC-yə Gəncə şəhəri, A.Abbaszadə 92 ünvanına göndərilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli, 01 nömrəli və xx.xx.2017-ci il tarixli, 01/2 nömrəli bildirişlərinin surətindən görünür ki, ünvan 1i yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə saat 11:00-da təyin edilmişdir. Əmlakların satış qiyməti 70000 manat müəyyən edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli, 02 nömrəli və xx.xx.2017-ci il tarixli, 02/2 nömrəli bildirişlərinin surətindən görünür ki, ünvan 1i yaşayış evinə dair açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə saat 11:00-da təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 59500 manat müəyyən edilmişdir; “FM Express” şirkətinin Kuryer xidmətləri üçün mədaxil qəbzinin talonunun surətindən görünür ki, "xxxx" MMC-nin hərracın keçirilməsinə dair 02 nömrəli bildirişi "xxxx" ASC-yə Gəncə şəhəri, A.Abbaszadə 92 ünvanına göndərilmişdir; “Birja yenilikləri” qəzetin 24.02-xx.xx.2017-ci il tarixli, 52 (52) nömrəli, 10-xx.xx.2017ci il tarixli, 54 (54) nömrəli və 14-xx.xx.2017-ci il tarixli, 58(58) nömrəli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən ünvan 1i yaşayış evinə dair açıq hərracın keçirilməsi elan edilmişdir; “Birja yenilikləri” qəzetin xx.xx.2017-ci il tarixli, 83 (83) nömrəli tirajının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən B ünvan 1i yaşayış evinə dair keçirilmiş hərracın baş tutmaması elan edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi və "xxxx" ASC-yə (Bakı şəhəri, Babək prospekti 16) ünvanladığı məktubun surətindən görünür ki, sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş ünvan 1i yaşayış evinin satılması ilə bağlı qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qazetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq ipoteka qoyan və saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya orqanları vasitəsilə məlumat verilmişdir. İpoteka saxlayana ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatının tanış edilməsi xahiş edilmişdir; DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, R.Allahverdioğlu küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 32 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, R.Allahverdioğlu küçəsində 0.04 ha torpaq sahəsində yerləşən 32 nömrəli fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin “Gəncə” filialının xeyrinə yüklü edilmişdir; Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixdə Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ünvanladığı məktubun surətindən görünür ki, hərracın keçirilməsi ilə bağlı sifariş qəbul edilərək icra olunması hərrac mərkəzinə göndərilmişdir. Hərracın yekunları barədə məlumat verilməsi xahiş edilmişdir; Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı məktubun surətindən görünür ki, xx.xx.2017-ci il tarixli icra sənədi qanunvericiliyə uyğun olaraq açıq hərraca çıxarılmış, alıcı müraciəti olmadığına görə satılmamışdır. Sifarişin icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır; "xxxx" ASC-nin “Gəncə” filialı haqqında əsasnamədən görünür ki, 4.4-cü bəndin 9-cu altbəndində qeyd edilmişdir ki, filial müdirinin vəzifələrindən biridə hüquqi və fiziki şəxslərin ərizələrinə, təkliflərinə, filial işçilərinin hərəkətləri barədə şikayətlərə baxır, bunlar əsasında lazımi tədbirlər görür, vətəndaşları qəbul edir. 4.5-ci bəndin 3-cü altbəndində qeyd edilmişdir ki, filial müdirinin hüquqlarından biridə verilmiş səlahiyyət daxilində dövlət, ictimai və başqa idarə və təşkilatlarda bankın və filialın mənafeyini təmsil etməkdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. İpoteka predmeti olan fərdi yaşayış evi hərraca çıxarılmış, alıcı müraciəti olmadığına görə satılmamış, ipoteka saxlayana təklif göndərilmiş, lakin təklif məktubuna cavab olmamış və sifarişin icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır. Hazırda iddiaçı qeyd edilən hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək, yəni ipoteka predmetinin əldə olunmasına dair təklif məktubunun "xxxx" ASC-nin özünə deyil, filialına göndərilməsini və filialın həmin məktuba cavab vermək səlahiyyəti olmamasını əsas gətirərək, hərracın yenidən təşkil edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçının tələbinin əsası hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə bağlıdır. İddiaçı bildirir ki, hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin ipoteka saxlayana təklif məktubu hərrac mərkəzi tərəfindən "xxxx" ASC-yə deyil, “Gəncə” filialına göndərilmiş, filialın təklifi qəbul etmək səlahiyyəti olmamış və bu səbəbdən filial tərəfindən təklif məktubuna cavab verilməmişdir. Hərrac mərkəzi təklif məktubu təklifi qəbul etməyə səlahiyyətli olan hüquqi şəxsin özünə, yəni "xxxx" ASCyə göndərməli idi. "xxxx" ASC-nin təklif məktubu barədə məlumat olmadığından, ipoteka predmetini əldə etməmiş və bu səbəbdən hərrac sifarişinin icra müddəti başa çatdığı üçün sənədlər geri qaytarılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə göndərilmiş ipoteka predmetinin əldə olunması barədə təklif məktubu "xxxx" ASC-nin Gəncə filialına deyil, Əmanətlərin Sığortalanması Fondunun LPO İddiaçı ASC-nin hüquqi ünvanı olan Bakı şəhəri, Babək prospekti 16-ya göndərilmişdir. Göründüyü kimi, iddiaçının iddiasının əsasını təşkil edən hərracın baş tutmaması barədə məlumatlı olmamaları təkzib olunur. Həmçinin hərracların keçirilməsi vaxtı və yeri, hərracın baş tutmaması barədə məlumatlar “Birja Yenilikləri” qazetində dərc edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddiaçı iddiasında "xxxx" MMC-nin 5 il daimi fəaliyyətinin olmamasını iddia etsə də, lakin “AZEMİS” Elektron Məhkəmə Sistemindən görünür ki, "xxxx" MMC xx.xx.2004-cu il tarixdə qeydiyyata alınmış və fəaliyyət göstərir. Məhkəmə iddia tələbinin ikinci hissəsi olan “yenidən hərracın keçirilməsi” hissəsi ilə bağlı qeyd edir ki, prosessual qənaət prinsipi baxımından iddia tələbi keçirilmiş hərracların etibarsız olması hissəsində əsassız olduğundan, iddiaya həmin hissədə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən iddia tələbi həmin hissədə də əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən ünvan 1i yaşayış evi xx.xx.2017-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2017-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş və tərəflərin ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə “İpoteka haqqında” Qanunun 43-cü maddəsini rəhbər tutaraq ipoteka saxlayan LPO İddiaçı ASC-yə təklif məktubu göndərmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və ünvan 1i yaşayış evin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri əsassız olduğundan, iddia təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab olunması, fərdi yaşayış evinin açıq hərracda satışının yenidən təşkil olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X3 və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab olunması, fərdi yaşayış evinin açıq hərracda satışının yenidən təşkil olunması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar