Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-585/2024 10.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahlarından xx.xx.2023-cü ildə anadan olmuş X2 onun yanında saxlanılması, onun 18 yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh əmək haqqının (aylıq sabit məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və s.) və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 55 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 05 fevral 2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahlarını 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 495 nömrə ilə qeyd edilmiş, AZ-İİ № 490941 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Rəsmi nikahlarından xx.xx.2023-cü ildə X4 anadan olmuşdur. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, övladı doğulduqdan dərhal sonra cavabdeh onu zorla evdən çıxartmış və o, hazırda anasıyla birlikdə Bakı şəhərində yaşayır. Ailəsi dağılmışdır. Cavabdeh övladının maddi məsrəflərinin qarşılanmasında iştirak etmədiyindən, uşağı ilə maraqlanmadığından, alimenti məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşıdır. Yüksək məbləğdə əmək haqqı alır, bu səbəbdən də sosial yaşayışları yüksək səviyyədə olmuşdur. Cavabdeh onu yaşamaq üçün ev ilə təmin etmədiyindən, hazırda 3 aylıq olan 1 körpə övladına anasının yaşadığı kiçik evdə təkbaşına baxmağa məcburdur. Bundan əlavə, qızı Nilayın səhhətində problemlər yarandığından tez-tez həkimə müraciət edir, cavabdeh isə bu xərclərin heç birində ona köməklik etmir. Uşağın atası onun xəstəliyinin müalicə xərclərini çəkməlidir. Qanunvericiliyin tələblərinə riayət olunaraq, məhkəmədən əvvəl mediatora müraciət olunsa da, cavabdehin nümayəndəsi və vəkili ilkin mediasiya sessiyasında iştirak etmiş, əmək haqqının dörddə bir hissəsinin tutulmasına razılıq vermiş, lakin tutulacaq alimentin ½ hissəsinin uşağın depozit hesabına köçürülməsini təklif etdiyindən mediasiya prosesi baş tutmamışdır. Mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 55 manat mediasiya xərci ödənilmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə vəsatət təqdim edərək, ödəniləcək alimentin 50 faizinin uşağın bank hesabına köçürülməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2-2-20/2-890/2023 saylı məlumatından da göründüyü kimi iddiaçının aylıq əmək haqqı 2918,00 manat, cəmi tutulmalar 673,25 manat, məcburi tutulmalar çıxdıqdan sonrakı məbləğ 2244,65 manat təşkil edir. Cavabdeh mütəmadi olaraq övladı ilə əlaqə saxlamağa və maddi təminatını da həyata keçirməyə hazırdır. Bununla yanaşı alimentin 50% təşkil edən məbləğin isə, uşağın adına açılmış bank hesabına köçürülməsi daha məqsədəuyğun olar. Belə ki, uşağın 18 yaşına qədər yığılmış məbləğ onun ali təhsilinə və bir sıra zəruri xərclərin ödənilməsinə yönələ bilər və uşağın maraqları baxımından, gələcəkdə pulsuz qalmaq təhlükəsinin qarşısını alar. Cavabdeh övladının maddi məsrəflərinin qarşılanmasında iştirak etmədiyinə, uşağı ilə maraqlanmadığına Nilayın səhhətində problemlər yarandığından teztez həkimə müraciət etdiyinə, bu xərclərin heç birində ona köməklik etmədiyinə istinad etsə də, cavabdeh tərəfindən ödəniləcək aliment uşağın saxlanması üçün 1 aylıq xərclərdən kifayət qədər çoxdur. Uşaqlar üçün yaşayış minimumu 2024-cü il üçün 235 manat nəzərdə tutulmuşdur, bank hesabına qoyulacaq məbləğdən əlavə yerdə qalan məbləğ çox olacaqdır. Bu səbəbdən hesab edir ki, tərəflərin birgə nikahından olan övladlarının yetkinlik yaşına çatanadək onun adına bank hesabının açılması və ödənilən alimentin ½ hissəsinin həmin bank hesabına köçürülməsi uşağın mənafeyi nəzərə alınmaqla məqsədəmüvafiq hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş və cavabdehin alimentin 50 faizinin uşağın bank hesabına köçürülməsi barədə vəsatətinə etiraz edərək, iddiaçının uşağın sağlamlığı ilə bağlı əlavə xərclərinin olduğunu, hazırda sosial məzuniyyətdə olduğundan əmək haqqı almadığını bildirərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, iddiaçının aldığı əmək haqqı tutulmalar çıxıldıqdan sonra 2244 manat təşkil edir. Cavabdeh uşağın bütün tələbatlarını ödəməyə hazırdır. Alimentin 50 faiz hissəsi uşağın depozit hesabına köçürüldükdə belə, alimentin məbləği 500 manata yaxın edir ki, iddiaçının da maddi gəliri nəzərə alındıqda bu kifayət qədər məbləğ edir. Bu səbəbdən o, alimentlə bağlı tələbin təmin edilməsini və 50 faiz hissəsinin uşağın bank hesabına köçürülməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2022-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 495 nömrə ilə qeyd edilmişdir; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 nümayəndəsi Vəkil2 təklifə etiraz edərək, alimentin 1/2–nin uşağın depozit hesabına köçürülməsini təklif etmiş, İddiaçı nümayəndəsi Vəkil1 isə təklifi qəbul etməmişdir; - Azərbaycan Respublikası Baş Prokurorluğunun 2-2-20/2-890/2023 saylı, məhkəmə sorğusuna cavab məktubuna əsasən İddiaçı hesablanmış aylıq əməkhaqqı 2918 manat, cəmi tutulmalar 673,35 manat, məcburi tutulmalar çıxıldıqdan sonrakı məbləğ 2244,65 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən azyaşlı uşağa qulluq etməklə bağlı 20 noyabr 2023-cü il tarixdən 20 noyabr 2025-ci tarixədək sosial məzuniyyətdədir. Cavabdeh hesablanmış aylıq əmək haqqı 4010 manat, cəmi tutulmalar 542,26 manat, məcburi tutulmalar çıxıldıqdan sonrakı məbləğ 3467,74 manat təşkil edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahdan bir övladı doğulmuşdur. Tərəflərin münasibətləri sonradan pisləşmişdir. Birgə təsərrüfat aparmırlar. Nikahları pozulmamışdır. İddiaçı hazırda cavabdehlə ayrı yaşadıqlarını, uşağın saxlanması ilə bağlı razılığa gəlmədiklərini, birgə nikahdan olan övladına təkbaşına baxmaqda çətinlik çəkdiyini bildirərək, uşağın onun yanında saxlanmasını və cavabdehdən gəlirlərinin (qazancının) dörddə bir hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Cavabdeh isə iddia tələbi ilə razı olduğunu bildirsə də, iddiaçının yüksək əmək haqqına malik olduğuna, ödəniləcək alimentin minimum yaşayış normasından xeyli yüksək olduğuna istinad edərək, alimentin məbləğinin 50 faizinin uşağın bank hesabına köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4 və 61.3-cü maddələrinə uyğun olaraq, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmə tərəflərin nikahda olsalar da, ayrı yaşadıqlarını, uşağın iddiaçının himayəsinə verilməsi tələbini, uşağın mənafeyini, azyaşlı olduğunu və ana qayğısına ehtiyacının olduğunu, həmçinin iddiaçı tərəfindən bu barədə hər hansı tələb və ya etiraz irəli sürülmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X2 yaşayış yeri anasının yanında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 19-cu maddələrinə uyğun olaraq, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifələrindəndir. Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2, 75.1 və 75.4-cü maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Nəzərə alınmalıdır ki, hər bir uşağın layiqli həyat tərzində yaşamaq hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Uşaqlar üçün məhkəmə qaydasında alimentin tutulma qaydasını və miqdarını müəyyənləşdirən Ailə Məcəlləsinin 76-78-ci maddələrinin məzmunundan görünür ki, alimentin sabit pul məbləğində və ya hissə şəklində tutulması tələbini irəli sürmək bir qayda olaraq iddiaçının seçimindən asılıdır. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə iddiaçının alimentin qazancın müəyyən hissəsi (dörddə bir hissəsi) şəklində ödənilməsi tələbini, cavabdehin müntəzəm qazanca malik olduğunu, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu, eyni zamanda uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün hər ay cavabdehin qazancının (gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması ərizə verildiyi vaxtdan, xx.xx.2023-cü il tarixindən başlayaraq hesablanmalıdır. Cavabdeh tərəfin alimentin 50%-nin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə vəsatəti ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” xx.xx.2023cü il tarixli qərardadına əsasən ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Göründüyü kimi, ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin uşağın bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət edəcəyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Hazırki mülki iş üzrə isə cavabdeh tərəf alimentin bir hissəsinin bank hesabına köçürülməsinin zəruriliyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bu halı yalnız ödəniləcək alimentin məbləğinin çox olması və iddiaçının əmək haqqının yüksək olması ilə əlaqələndirmişdir. Halbuki işin hallarından göründüyü kimi, iddiaçı hazırda sosil məzuniyyətdə olmaqla əmək haqqı almır. Həmçinin cavabdeh tərəfindən ödəniləcək vəsaitin çox olması ilə bağlı məhkəmə qeyd edir ki, həmin məbləğ mövcud şəraitdə uşağın yaşı, xərcləri nəzərə alınmaqla kifayət qədər yüksək məbləğ hesab oluna bilməz, əksinə ödəniləcək məbləğ uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə yönələcəkdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh gələcəkdə ödənilən alimentin təyinatı üzrə xərclənmədiyini müəyyən edərsə, bununla bağlı icra icraatı qaydasında məhkəməyə müraciət edərək alimentin müəyyən hissəsinin uşağın bank hesabına köçürülməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud vəziyyətdə alimentin 50 faizinin uşağın bank hesabına köçürülməsi ilə bağlı cavabdehin vəsatəti təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi mediasiya sesiyasında iştirak etmişdir. Bu səbəbdən mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X2 yaşayış yeri anası İddiaçı yanında müəyyən edilməli, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment (müvəqqəti alimentin tutulması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(005)-342/2023 saylı qərardadı nəzərə alınmaqla) tutularaq İddiaçı ödənilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş 55 manatın yarısı 27.5 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 yaşayış yeri iddiaçı (anası) İddiaçı yanında müəyyən edilsin. xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment (müvəqqəti alimentin tutulması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(005)-342/2023 saylı qərardadı nəzərə alınmaqla) tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 55 manat pulun yarısı 27.5 (iyirmi yeddi manat, əlli qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-585/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-585/2024
10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver