Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-606/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC, "xxxx" MMC, “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X9 ) iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC və "xxxx" MMC MMC arasında imzalanmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, 06 yanvar 2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(011)-424/2021 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC ilə Ağayeva Səbinə Məhəmməd qızı arasında bağlanmış 16 iyul 2009-cu il tarixli, 012-09/i saylı kredit müqaviləsi ləğv edilərək, cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə 40295.30 manat əsas, 2699.36 manat faiz borcu, 540 manat cərimə borcu olmaqla, ümumilikdə 43534.66 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuş, tələb Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqı 32 nömrəli mənzilə yönəldilmiş, həmin əmlak likvid satış qiyməti 86000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində Ağayeva Səbinə Məhəmməd qızı mənzili boşaltmadığı təqdirdə ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı məlumatı olmamış və nəticədə qətnamə guya qanuni qüvvəsini alaraq icra şöbəsinə getmiş və yuxarıda qeyd olunan əmlak, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzili 01/01 nömrəli, 06 yanvar 2022-ci il tarixli hərracın yekunlarına dair protokola əsasən tələbkar Muğanbank ASC tərəfindən 54825 manata alınaraq balansa keçirilmişdir. Sonradan İddiaçı məlum olmuşdur ki, bu əmlak bir çox şəxsə satılmış, protokolda ilkin satış qiyməti 86000 manat qiymətləndirilmişdir. Əmlak faktiki olaraq evə baxış keçirmədən, evin ölçülərinin fərqli olmasına baxmayaraq, faktiki olaraq evin 52 kv.m yazmış olsa da 72 kv.m olması nəzərə alınmadan qiymətləndirilmişdir. Halbuki bu heç 72 kv.m-ə əlavə tikililər də daxil deyil. Ən azında 2021-ci ildə 180-200 min manat qiyməti vardır. 2008-ci ildə həmin ev Cavabdeh2 ASC tərəfindən 125700 manat qiymətləndirilmişdir. 2009-cu ildə müqavilə bağlanan zaman isə 86000 manat qeyd edilən əmlak bu qədər vaxt keçməsinə baxmayaraq qiymətinin ilkin satış qiyməti müəyyən edilərkən də eyni qiymət müəyyən edilməsi hesab edir ki, ağlabatan deyil. Lakin 54825 manata balansa keçirildikdən sonra hazırki əmlak ilk olaraq bankın sahibinin qohumuna 60000 manata satılmış daha sonra isə 16 gününün tamamında həmin mənzil 125000 manata başqa şəxsə satılmışdır. Bütün bunlardan İddiaçı məlumatı olmamış və onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti bir dəfə geri qaytarılsa da təkrarən müddət bərpa edilərək iş mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş və nəticədə Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi də ləğv edilmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsində borcun məbləği 43534.66 göstərilsə də, yekunda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan zaman məhkəmənin göndərdiyi ekspertizaya əsasən müəyyən edilmişdir ki, 36743 manat faktiki borc mövcuddur. Hərrac təşkilatçısı tərəfindən “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, keçirilmiş hərracların yeri və vaxtı barədə ipoteka qoyan İddiaçı heç bir bildiriş verilməyib və digər formada məlumatlandırılmayıb. Halbuki “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsi imperativ norma olduğundan tərəflərə, o cümlədən ipoteka qoyana bildirişin göndərilməsi vəzifəsini hərrac təşkilatçısının üzərinə vəzifə qoyulmuşdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 yazılı ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində bildirmişdir ki, mülki iş üzrə nə iddiaçını nədə ki, cavabdehləri tanıyır. Sözü gedən mənzil X9 ilə onun arasında imzalanan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən onun mülkiyyətinə keçmişdir və bu barədə xx.xx.2022-ci il tarixli çıxarış mövcuddur. İddia ərizəsində qeyd edilir ki, guya mənzilin ona satılmasında iddiaçının və ya qohumunun məlumatı olmamışdır. Tam yalandır. xx.xx.2022- ci il tarixdə Bakı Şəhər Nərimanov RPİ-nin İŞ- nin müstəntiqi, polis mayoru Hüseyn Nuriyev tərəfindən Azərbaycan Respublikası CM- nin 322.1- ci maddəsi ilə başlanaraq icraatına qəbul edilməklə istintaq aparılmışdır. Həmin cinayət işinin başlamasına səbəb X6, ona məxsus olan, sözügedən mənzildə əvvəllər də tanımadığı, alqı-satqı zamanı Aydın adlı maklerin və özünü mənzilin sahibi kimi X7 təqdim edən X13 və digərlərinin onun mənzilinə qanunsuz daxil olmaları və orada indiyə kimi Haytaoğlu RuhiyyəMübariz qızının iradəsinə zidd olaraq qanunsuz yaşamaları barədə şikayət ərizəsi olmuşdur. Cinayət işində şahidlərin ifadələri alınmış və X11 həmin mənzili X3 və qiymətdə də məhz onunla razılaşması sübuta yetirilmişdir. Alqı-satqı zamanı iddiaçının qohumu və əvvələr də həmin mənzildə yaşamış olan X13 notarial ofisdə olmuş, yəni həmin mənzilin X1 onlardan xəbərsiz olmamışdır. Tam əksinə X8 bankla bağlı heç kəs tərəfindən məlumat verilməmişdir. Haytaoğlu RuhiyyəMübariz qızı vicdanlı alıcıdır və bu hal bir daha sübuta yetirilmişdir. Həmin mənzildə heç kim qeydiyyatda deyil. Bu barədə arayış mövcuddur. X4 mənzili hərracdan almamış, Notarial ofisdə alqı-satqı zamanı X5 iştirakının səbəbini soruşduqda X13 cavabında X7 bildirdi ki, ev onun olsa da Məmmədağanın adına rəsmiləşdirilmişdir. Ona görə də Məmmədağa bu səbəbdən bu gün burada iştirak edir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli qətnaməsi ilə X13 və digərlərinin X7 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 24, mənzil 32-dən əşyaları ilə birgə çıxarılmalarına dair iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi qətnaməni qismən təmin etmişdir. Qarşı tərəfin şikayəti əsasında hal hazırda mülki iş Ali Məhkəmənin icraatındadır. İddia tələbi əsasız və qanunsuzdur. İddia ərizəsində göstərildiyi kimi hərrac xx.xx.2022-ci il tarixdə keçirilmişdir və guya onların məlumatı olmamışdır. Halbuki, xx.xx.2022- ci il tarixdə Nərimanov Rayon İcra şöbəsi mənzildə yaşayan X11 və digərlərinin qətnamənin əsasında mənzildən çıxarılmaları qət edilmişdir. Lakin həmin qərarla barışmışlar və şikayət verilməmişdir. Yəni bir sözlə etibarsızlıqla bağlı iddia müddəti üzrsüz səbəbdən keçirilmişdir. Bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, 2008-ci il tarixdə iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzili Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edərək nabkdan kredit götürmüşdür. Lakin məlum pandemiya dövründə ödənişlər etməkdə çətinlik çəkməsindən istifadə edən Cavabdeh2 ASC tutmanın mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçıya mənzili özünün əldə etməsi üçün hərracda imkan yaradılmamışdır. Eyni zamanda, , Xətai Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(011)-424/2021 saylı qətnaməsindən sonradan məlumağı olmuş İddiaçı həmin qətnaməni mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinə göndirilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qətnamə qismən ləğv olunmuşdur. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, bank haqlı mənafelərinin müdafiəsi üçün kredit borcunun tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmiş və əmlak məhkəmə qətnaməsinə əsasən hərraca çıxarılmışdır. Hərrac qanunvericiliyə uyğun aparılmışdır. Sonradan məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilsə də, qətnamə yalnız kreit borcunun məbləği hissəsində dəyişdirilmiş əmlakın hərracdan satılmasına dair hər hansı dəyişiklik olmamışdır. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi yazılı ərizəyə uyğun izahat verdi və iddianın təmin edilməsi üçün qanuni əsasların olmadığını bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1762/2023 saylı qətnaməsindən müəyyən olunur ki: İddiaçı Cavabdeh2 ASC cavabdeh Ağayeva Səbinə Məhəmməd qızına qarşı “kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 ASC ilə Ağayeva Səbinə Məhəmməd qızı arasında bağlanmış 16 iyul 2009- cu il tarixli, 012-09/i saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə 40295.30 manat əsas, 2699.36 manat faiz borcu, 540 manat cərimə borcu olmaqla, ümumilikdə 43534.66 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tələbin Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqı 32 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın likvid satış qiyməti 86000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində Ağayeva Səbinə Məhəmməd qızı mənzili boşaltmadığı təqdirdə ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması qət edilmişdir; Qətnamədən cavabdeh Məmmədova (Ağayeva) Səbinə Məhəmməd qızının vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1762/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsinin “cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi qismən təmin edilməsi, cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə 36743,21 manat əsas borc tutularaq iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin faiz borcunun tutulması hissəsində təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manatın, 126 manatının cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından, qalan 24 manatının isə iddiaçı Cavabdeh2 ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən Ağayeva Səbinə Məhəmməd qızına, Xətai Rayon İcra Şöbəsinə və Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli icra sənədi üzrə Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzilin xx.xx.2021-ci il tarixdə saat 11:00-da hərrac keçiriləcəyi barədə; xx.xx.2021-ci il tarixli 02 nömrəli bildirişdə ilə həmin əmlaka dair xx.xx.2021-ci il tarixdə saat 11:00-da hərrac keçiriləcəyi və hərracın keçirilməs yeri, ilkin və təkrar həracdan satış qiyməti və s. məlumatlar qeyd edilmişdir. "xxxx" MMC tərəfindən Ağayeva Səbinə Məhəmməd qızına, Xətai Rayon İcra Şöbəsinə və Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə 54825 manata tələbkar Cavabdeh2 ASC-yə təklif olunmuşdur. Hərrac təşkilatının xx.xx.2022-ci il tarixli, 01/01 nömrəli hərracın yekunları barədə protokolundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli icra sənədi, Xətai Rayon İcra Şöbəsinin 17/74-907/19 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən təşkil olunmuş hərracla Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə 54825 manata tələbkar Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. xx.xx.2022-ci il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı” müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzili X9 125000 (bir yüz iyirmi beş min) manat məbləğinə X2; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzili xüsusi mülkiyyət hüququ əsasında X7 məxsusdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Cavabdeh2 ASC ilə Ağayeva Səbinə Məhəmməd qızı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 012-09/İ nömrəli kredit müqaviləsi ilə bank tərəfindən Ağayeva Səbinə Məhəmməd qızına 300 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. Ağayeva Səbinə Məhəmməd qızı ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli binada ümumi sahəsi 52 kv.m olan 3 otaqı 32 nömrəli mənzil bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. Ağayeva Səbinə Məhəmməd qızı kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımınca yerinə yetirmədiyinə görə Cavabdeh2 ASC kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə kredit borcunun Ağayeva Səbinə Məhəmməd qızından tutulması və tutmanın Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzilinə yönəldilməsi və s. qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra Ağayeva Səbinə Məhəmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1762/2023 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ilə qət edilmiş kredit borcunun məbləği azaldılmış, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan normanın tələbinə əsasən məhkəmə Ağayeva Səbinə Məhəmməd qızı və Cavabdeh2 ASC arasında kredit müqaviləsinin bağlanmış olması, Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzilin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Ağayeva Səbinə Məhəmməd qızının kredit borcunun tutulmasının Ağayeva Səbinə Məhəmməd qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 24 saylı evin 32 saylı mənzilinə yönəldilməsi və mənzilin 86000 manata qiymətləndirilməklə hərracdan satılmalı olması işin mübahisəsiz hallarıdır və yenidən araşdırılmır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ açıq hərracın keçirilməsində qanunvericiliyin tələblərinin pozulmuş olmasıdır. İddiaçı bildirir ki, hərrac barədə ona heç bir məlumat verilməyib, əmlak ondan xəbərsiz satılıb. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən açıq hərracların keçirilməsi vaxtı və yerinə dair göndərilmiş 01 nömrəli bildirişə dair xəbərnamədən bu bildirişin xx.xx.2021-ci il tarixdə iddiaçının özünün də iddia ərizəsinə qeyd etdiyi ünavnına göndərildiyi və bildirişin “Nadir Abdullayev” adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təhvil alındığı görünür. 02 nömrəli bildiriş isə xx.xx.2021-ci il tarixdə göndərilmiş və “Ağayeva Səbinə” adlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə təhvil alınmışdır. Hərracın keçirilməsi yeri və vaxtı barəsində “Birja Yenilikləri” qəzetinin xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli buraxılışlarında məlumat qeyd edilmişdir. Yəni "xxxx" MMC bildirişin düzgün ünvana göndərilməsi ilə bağlı vəzifəsini yerinə yetirmişdir. Eyni zamanda, təkrar hərrac 06.1.2021-ci il tarixə təyin edilmiş, hərracın yekunlarında dair protokol isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Bununla da protokol “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-1-ci maddəsində göstərilən müddət daxilində tərtib edilmişdir. Lakin "xxxx" MMC təkrar hərraca dair bildirişin göndərilməsi vaxtına dair qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hazırki halda isə birinci hərrac xx.xx.2021-ci il tarixə, təkrar hərrac isə xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Təkrar hərraca dair bildiriş xx.xx.2021-ci il tarixdə göndərilmişdir. Qanunverciliyin hərracın keçirilməsi barədə bildirişin göndərilməsinə dair yuxarıda qeyd edilən normasının məzmunundan bu normanın imperativ xarakter daşıdığı görünür. Məlumdur ki, hüquq normaları icra edilməsi tələbinə görə dispozitiv və imperativ ola bilər. Dispozitiv norma subyektlərə müəyyən şəraitdə birdən daha çox davranış imkanı versə də, imperativ norma konkret davranış qaydası müəyyən edir. Hazırki halda normanın tətbiq edildiyi subyekt olan "xxxx" MMC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş müddətə əməl etməli idi, ona başqa davranış imkanı verilməmişdi. Lakin MMC əməl etməli olduğu normanın tələbini pozmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağayeva Səbinə Məhəmməd qızının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti geri qaytarılmış, onun tərəfindn xx.xx.2022-ci il tarixdə yenidən apellyasiya şikayəti verərərk əmlakın hərracdan satış qiymətini və kredit borcunun məbləğini mübahisələndirmiş, həmin apellyasiya şikayəti mülki işlə birikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndirilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə kredit borcunun məbləği azaldılmış, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından müəyyən olunur ki, qətnamədən cavabdeh Məmmədova (Ağayeva) Səbinə Məhəmməd qızının vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Aydındır ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsini xahiş etdiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki iş tam araşdırılmış, elə bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin nəticə hissəsində qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 yanvar 2003-cü il tarixli Qərarınıda qeyd edilir ki, aşağı instansiya məhkəməsinin qətnaməsi Apellyasiya Məhkəmələri tərəfindən qismən ləğv edildikdə və ya hissə ilə ləğv edilib iş üzrə həmin hissədə yeni qətnamə qəbul edildikdə icra vərəqi qətnaməni ləğv etmiş məhkəmə tərəfindən verilir və bu halda icra vərəqələri həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində verilir. İş materialarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını bütünlüklə yoxlayan Bakı Apellyasiya Məhkəməsi mahiyyəti üzrə qəbul etdiyi yekun məhkəmə aktında “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-424/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsinin “cavabdeh Ağayeva Səbinə Məhəmməd qızından kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması” hissəsində ləğv edilməsini” qət etmişdir. Aydındır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən icra vərəqi həm qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş hissəsində veriləcəkdir. Məhkəmə cavabdehin hazırda baxılan iş üzrə kəsici müddətin tətbiq edilməli olması ilə barədə mülahizələri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli” Qərarına görə, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericilikdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır. Qeyd olunan qərara əsasən mübahisə edilən əqdlər Mülki Məcəllənin 339.1, 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Başqa sözlə əqdin tərəfi həmin müddətdə əqdi (Mülki Məcəllənin 337.2-ci maddəsində göstərilən qaydada) mübahisə etdikdə onu bağlandığı andan etibarsız hala gətirir, etmədikdə isə mübahisələndirmək hüququ aradan qalxır və hüquqi müstəvidə əqd etibarlı kimi qalmaqda davam edir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olmadığı üçün onun tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlər tətbiqi oluna bilməz. Beləliklə, məhkəmə hərracın qanunauyğun keçirilməməsini, hərracın keçirilməsinə əsas olmuş, əsasında icra vərəqi verilmiş məhkəmə aktının qismən ləğv edilərək yeni icra vərəqisinin veriləcəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 ASC və "xxxx" MMC MMC arasında imzalanmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, 06 yanvar 2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokol etibarsız hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbindən və bu tələbin əsaslandırılmasından “hərracın hüquqi nəticələrinin ləğvini tələb edən iddiaçı məhz mübahisələndirdiyi hərracın birbaşa nəticələrinin, yəni əmlakın Cavabdeh2 ASC-nin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvini tələb edir. Məhkəmə hesab edir ki"xxxx" MMC MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilin açıq hərracdan satılmasına dair keçirilmiş hərrac qanunauyğun olmadığı və bu hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi üçün qanuni əsaslar olduğu üçün hərracın nəticəsi olaraq əmlakin Cavabdeh2 ASC-nin mülkiyyəti kimi qeydiyyata alınmasına dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 ASC və "xxxx" MMC MMC arasında imzalanmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilə dair hərracın yekunlarına dair 01/01 nömrəli, 06 yanvar 2022-ci il tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokol etibarsız hesab edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 24 nömrəli evin 32 saylı mənzilin Cavabdeh2 ASC-nin tam payda xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan çıxarış ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-606/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-606/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver