Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-67/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (“X4” Qapalı Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) (açar sözlər: hərracın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (“X4” Qapalı Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “hərracın və qiymətləndirmə nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın və qiymətləndirmə nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı keçirilmiş 123 nömrəli, 11 avqust 2023-cü il tarixli protokolun və qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi ilə “X4” QSC tərəfindən İddiaçı illik 16 % hesablanmaqla 36 ay müddətinə 51386 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 213/003 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə girov qoyan İddiaçı mülkiyyətində olan “Mercedes Benz-GL 550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili (2009-cu il buraxlışlı, Ban:4CGBF86E99A506633, Rəngi: ağ) “X4” QSC-yə girov qoymaqla ona olan hüquq və maraqları girov saxlayana vermiş və bu barədə xx.xx.2013-cü il tarixli, 213/003 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8156/2014 saylı 24 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2013-cü il tarixli 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dollar əsas borc. 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374.51 ABŞ dollar (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu “X4” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “Mercedes Benz-GL550” markalı, 90-VE125 dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun “X4” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8156/2014 saylı 05 dekabr 2014-cü il tarixli qərardadı İddiaçı məxsus “Mercedes Benz-GL550” markalı **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qüvvədə olan qətnamədə nəzərdə tutulmuşdur ki, həmin əmlak hərrac vasitəsilə satılaraq, satışdan əldə edilən vəsait hesabına banka olan borc ödənilsin və artıq qalan vəsait İddiaçı ödənilsin. Lakin etibarnamə ilə etibar etdiyim şəxs və onun etibar etdiyi şəxslər avtomobili qaytarmadığından həmin vaxt avtomobilin hərracda satılması mümkün olmamışdır. “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı əldə edərkən avtomobilin bank tərəfindən qiymətləndirilməsi həyata keçirilmişdir. Avtomobilə 30 yanvar 2013-cü il tarixdə 70000 ABŞ dolları qiymət qoyularaq 40000 ABŞ dolları kredit verilmişdir. xx.xx.2020-ci il tarixdə yəni 6 il sonra polis orqanları tərəfindən tapılıb icra və probasiya şöbəsinə təhvil verildikdən sonra Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzində “Mercedes Benz GL 550” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil qiymətləndirilərək ilkin satış qiyməti 35000 manat təşkil etdiyi məlum olmuşdur. Halbuki 2014-cü il tarixdə həmin əmlakın dəyəri onun indiki qiymətindən qat qat artıq olacaqdır və onun satışı ilə X4 Azərbaycan QSC-yə olan borc tam ödənilə bilərdi və məhkəmə qərarında qeyd edildiyi kimi qalan vəsait İddiaçı qaytarılmalı idi. Daha sonra bilinməyən səbəblərlə əmlak yenidən qiymətləndirməyə verilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-8156/2014 saylı, 24 dekabr 2014-cü il tarixli icra vərəqəsi əsasında Xətai rayon İcra və Probasiya Şöbəsi tərəfindən “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi məqsədilə "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC tərəfindən sözügedən avtomobilin qiymətləndirilməsi həyata keçirilmiş və “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirmə dəyəri 25000 manat təşkil etmişdir. Avtomobil ilə bağlı hərracın keçirilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Cavabdeh MMC tərəfindən hərracın yekunlarına dair 123 nömrəli, 11 avqust 2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin hərraca əsasən “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili “X4 Azərbaycan” QSC 25000-15%-25%=15937.5 manata əldə etmişdir. Lakin sözügedən qiymətləndirmənin və hərracın nəticələri ilə razılaşmır. Çünki sözügedən əmlak çox ucuz qiymətə satılmışdır. Belə ki, həmin avtomobilin bank tərəfindən qiymətləndirilməsi həyata keçirilmiş sözügedən avtomobil 70000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Hesab edir ki, “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil dəyərindən çox ucuz qiymətləndirilməməli və həmin dəyərdə hərraca çıxarılmamalı idi. “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hərracın nəticələri məhkəmə qaydasında etibarsız hesab edilməli və əmlak yenidən qiymətləndirilərək hərraca çıxarılmalıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatından əlavə üçüncü şəxs tərəfindən də bildiriş göndərilmişdir. Bunu təsdiq edən sms bildirişlər də mövcuddur. Hərrac təşkilatı tərəfindən keçirilən hərrac qanunvericiliyə uyğun şəkildə keçirilmişdir. Qeyd edir ki, 15.900 manat məbləğinə avtomobili məcburi şəkildə əldə etmişlər, çünki avtomobilin başqa alıcısı olmayıb. İddiaçı avtomobilin baha olduğunu qeyd edirsə, onu bank olaraq normal qiymətə iddiaçıya təkif edə bilər. Lakin qanuni qüvvəyə minmiş qətnamə var və hərrac qanunauyğun olaraq keçirilib. Avtomobili almaqdan əvvəl iddiaçı ilk öncə banka olan borcunu ödəməlidir və hazırda 35.900 ABŞ dolları məbləğində borcu var. Bununla bağlı əmək haqqısına yönəltmə etmişlər, lakin sonradan iddiaçı formal olaraq məhkəmə qətnaməsi ilə nikahın pozulması ilə müraciət etmiş və əmək haqqısına yönəldilmə dayandırılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi, Bank ilə İddiaçı arasında 30 yanvar tarixli, 213/003 saylı kredit müqaviləsi imzalanmış və kredit müqaviləsinə əsasən Cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 16% (on altı faiz) olmaq şərti ilə 51386 (əlli bir min üç yüz səksən altı) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ona məxsus MERCEDES-BENZ-GL 550 minik markalı, buraxlış ili 2009, ağ rəngli, şassi/BAN 4JGBF86E99A506633 avtomobili 30 yanvar 2013-cü il tarixli, 213/003 ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzə öhtəliklərini vaxtında və lazımınca icra etməmiş, Bank məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi ilə Bankın iddiası qismən təmin edilmiş, cəmi 46373.51 ABŞ dolları məbləğində pulun Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsi, əlmakın açıq hərracdan satılaraq, satış hesabına əldə edilmiş pulun Banka ödənilməsi qət olunmuşdur. Məhkəmə Qətnaməsi Qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı İcra İdarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. İcra məmurunun sifarişi əsasında əmalkın qiymətləndirilməsi keçirilmişdir. Qiymətləndirilmə rəyində avtomobilin bazar dəyəri 25000 manat, likvid dəyəri işə 22500 manat müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən hazırki iş üzrə iddiaçıya hərrac mərkəzi tərəfindən bildirişlər ünvanlamnışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmaması ilə əlaqədar yekun olaraq Banka (girov saxlayana) təklif edilmişdir. Həmin əmlak Hərracın nəticələri barədə 11 avqust 2023-cü il tarixli, 123 saylı yekun Protokola əsasən Bank tərəfindən “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə görə əldə edilmişdir / alınmışdır. Bank tərəfindən balansa (mülkiyyətinə) götürülmüş əmlakın dəyəri 15 937 manat olmuş və kredit borcundan silinmişdir. Əmlakın dəyəri və ödənişləri nəzərə alaraq cəmi 11 471.94 mədaxil olmuşdur. Qalıq borc 34 902.57 ABŞ dolları təşkil edir. (maliyyə arayışı əlavə edilir) Hazırda avtomobil Bankın mülkiyyətidir. Göründüyü kimi iddia “əsaslandırmaq” üçün iddiaçılar öz mülahizələrini əsas kimi göstərsələrdə onların sübuta yetirən dəlilər məhkəməyə təqdim olunmamış, irəli sürülən tələbin hər hansı hüquqi əsasa söykənmədiyini təsdiq edir. İddiacının iddia predmeti üzrə İddiaçının hansı hüququnun pozulması aydın olmur və belə halların olmasına dair sübütlar təqdim etməmişdir. Hazır ki iş üzrə iddiaçı nə qiymətləndirmə rəyinə, nə də ki hərracın keçirilməsi ilə bağlı hər hansı bir formada etirazını bildirməmişdir. Halbuki, qanunvericiliyə müvafiq qaydada məlumatlandırılmışdır. İddiaçının belə iddia qaldırması üçün subyektiv hüququnun olması mübahisəlidir və hesab edir ki, iddiaçı tərəfindən belə iddia qaldırıla billməzdir. İddia ərizəsində AR Mülki Məcəlləsinin bir sıra maddələri sadalansa da, yuxarıda da qeyd edildiyi kimi, hazıkı iş üzrə tələbi əsaslandıra bilən konkret olaraq hər hansı normaya istinad edilmir və ümumiyyətlə, əmlak hansı səbəbdən və hansı əsasla tələb olmasına dair hər hansı fakta istinad edilmir. Bank məhkəməyə müraciət edərək MERCEDES-BENZ-GL 550 minik markalı, buraxlış ili 2009, ağ rəngli, şassi/BAN 4JGBF86E99A506633 avtomobilin bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 796.88 manat məbləğində, (o cümlədən 675.32 manat 5% hərrac xərci və hərrac xərcinin 18% ƏDV - 121 manat) vəsait (banka vurulmuş maddi ziyan) bank tərəfindən ödənişinin həyata keçirilməsini nəzərə alaraq pulun hazır ki üzrə iddiaçıdan tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsi e-2(011)- 1742/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bankın iddiasını təmin etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4” Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti sözügedən avtomobilə baxış keçirmədən qiymətləndirmə rəyini tərtib etmişdir. Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli №xx/xx-43022/20 saylı məktubuna əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014 cu il tarixli 2(011)- 8156/2014 saylı icra sənədinin icrası ilə əlaqədar İddiaçı məxsus "Mercedes Benz-GL550" minik markalı **-VE-*** d.q.n minik markalı avtomobilin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli QXM/3460 saylı qiymətləndirmə rəyi tərtib olunmuşdur. Rəyə əsasən "Mercedes Benz-GL550" minik markalı **-VE-*** d.q.n minik markalı avtomobilin bazar dəyəri 25000 (iyirmi beş min) manat likvid dəyəri isə 22500 (iyirmi iki min beş yüz) manat olaraq müəyyən edilmişdir. Bildirir ki, sözügedən avtomobilin tekniki problemləri vardır və bununla bağlı avto servisə müraciət olunub və Servisin xx.xx.2024-cü il tarixdə tərtib eydiyi qiymət təklifində ümumilikdə 12375 (on iki min üç yüz yetmiş beş) manat (9825 azn ehtiyat hissələri) və 2550 (işçi pulu) olaraq dəyərləndiriblər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər – iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)- 8156/2014 saylı qətnaməsi ilə müəyyən olunur ki, iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2013-cü il tarixli, 213/003 saylı kredit müqaviləsi üzrə 41400.64 ABŞ dolları əsas borc, 4773.87 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində penya, cəmi 46374.51 (qırx altı min üç yüz yetmiş dörd dollar, əlli bir sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 8 manat poçt xidmətlərinə görə və 30 manat dövlət rüsumu “X4” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin banka girov qoyulmuş İddiaçı məxsus “ MERCEDES BENZ-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc “X4” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. -"xxxx" MMC-nin 3460 №-li xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Mercedes Benz-GL550" markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin bazar dəyəri 25000 manat, likvid dəyəri isə 22500 manat müəyyən edilmişdir. -Cavabdeh MMC-nin 16 iyun 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 156 №li bildirişi ilə müəyyən olunur ki, “Mercedes Benz-GL550" markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin dəyəri 25000 manat olmaqla 6 iyul 2023-cü il tarixdə saat 11:00-da açıq hərracının keçiriləcəyi bildirilmişdir. -Cavabdeh MMC-nin 8 iyul 2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair 156-1 №li bildirişi ilə müəyyən olunur ki, “Mercedes Benz-GL550" markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin dəyəri 15 % endirimlər 21250 manat olmaqla 27 iyul 2023cü il tarixdə saat 11:00-da açıq hərracının keçiriləcəyi bildirilmişdir. -Cavabdeh MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 123 №-li 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Xətai rayon Məhkəməsinin 2(011)-8156 saylı xx.xx.2014-cü il tarixli icra qeydi və Xətai rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli 17/74-459/20 saylı sifariş məktubu əsasında İddiaçı məxsus “Mercedes Benz GL550” markalı **-VE-*** qeydiyyat nişanlı avtomobil ilkin satış qiymətindən 25 % aşağı qiymətə 15937 manat 50 qəpik məbləğə ipoteka saxlayan “X4 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli 3-16-16/2-9/3381/2024 saylı ekspert rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərə Mərkəzdə olan məlumatlardan və elecə də ekspertiza təyini haqqında qərardadda göstərilən 2009-cu il buraxılışlı, “Mercedes Benz-GL550" markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin normal vəziyyətdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 30000,00 manat müəyyən olunur. - Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-1742/2024 saylı qiyabi qətnaməsindən görünür ki, “X4 Azərbaycan” QSC məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh İddiaçı bank qarşısında götürdüyü kredit öhdəliklərini pozduğu üçün MERCEDES-BENZ-GL 550 minik markalı (buraxlış ili 2009, ağ rəngli, şassi/BAN 4JGBF86E99A506633) avtomobilin Bankın mülkiyyətinə keçirilməsi ilə bağlı hərrac xərci daxil ümumilikdə 796.88 manat (675.32 manat 5% hərrac xərci və hərrac xərcinin 18% ƏDV-si - 121 manat) məbləğində vəsaitin (banka vurulmuş maddi ziyanın) və 30 AZN dövlət rüsumunun “X4 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia tələbi təmin edilərək, İddiaçı banka vurulmuş maddi ziyanın əvəzi kimi 796 (yeddi yüz doxsan altı) manat 88 (səksən səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul alınaraq «X4 Azərbaycan» QSCyə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 yanvar 2025-ci il tarixli 9/9828 saylı ekspert rəyindən görünür ki, qərardadda göstərilən 2009-cu il buraxılışlı, “Mercedes Benz-GL550" markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin normal vəziyyətdə 2024-cü il tarix üçün orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 30000,00 manat müəyyən olunmaqla, likvid dəyəri 27000 (30000-10%) manat müəyyən olunur. Avtomobilin 2023-cü il tarixə olan satışı və qiyməti barədə məlumat olmadığından qeyd edilən tarixə likvid dəyərini müəyyən etmək mümkün olmamışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi – icra vərəqəsinə əsasən, İddiaçı cəmi 46374.51 ABŞ dolları “X4” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb banka girov qoyulmuş İddiaçı məxsus “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilinə yönəldilməli, avtomobil açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc “X4” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunan qətnamə icraya yönəldilmiş, Xətai rayon İcra şöbəsinin sifariş məktubuna əsasən, “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilin bazar dəyəri "xxxx" MMC-nin 3460 №-li xx.xx.2023-cü il tarixli rəyinə əsasən 25000 manat müəyyən edilmişdir. Bundan sonra Cavabdeh MMC tərəfindən avtomobilin dəyəri 25000 manat olmaqla 6 iyul 2023-cü il tarixdə və avtomobilin dəyəri 15 % endirimlə 21250 manat olmaqla 27 iyul 2023-cü il tarixdə açıq hərrac keçirilmişdir. Hərrac baş tutmadığından avtomobil Cavabdeh MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 123 №-li 11 avqust 2023-cü il tarixli protokolu ilə avtomobil ilkin satış qiymətindən 25 % aşağı qiymətə 15937 manat 50 qəpik məbləğə ipoteka saxlayan “X4 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. Bununla razılaşmayan İddiaçı hərracın yekunları barədə protokolun və qiymətləndirmə nəticələrinin etibarsız hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Qanunun -41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. -42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir - 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yuxarıda göstərilən maddələrin məzmunundan aydın olur ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrinə əsasən ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15% və 25% azaldılması və təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında cavabdehdən – hazırki iş üzrə İddiaçı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin dəyərini müəyyən etmək üçün "xxxx" MMC-yə və hərracını təşkil etmək üçün sifarişlə hazırki iş üzrə Cavabdeh MMC-yə müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra Cavabdeh MMC tərəfindən ipoteka predmeti olan “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilə dair ilkin satış qiyməti 25000 manat olmaqla hərrac təşkil olunmuşdur. Hazırki mülki iş üzrə “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilin keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən avtomobil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25 % azaldılaraq “X4 Azərbaycan” QSC tərəfindən əldə olunmuş, bununla bağlı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 123 №-li 11 avqust 2023-cü il tarixli protokolu tərtib olunmuşdur. İddiaçı ipoteka predmeti olan “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dəyərindən çox ucuz qiymətləndirilərək hərraca çıxarıldığını bildirərək, əmlakın qiymətləndirilməsinin keçirilməsində və bunun nəticəsi olaraq qiymətləndirmə hesabatına əsasən əmlakla bağlı hərracın keçirilməsində pozuntulara yol verildiyini, hüquqi nəticə etibarı ilə bu işlərin təşkili və keçirilməsi zamanı həmin sahəni tənzimləyən qanunvericiliyin tələblərinin pozulduğunu iddia edir və qiymətləndirmə və həmin qiymətləndirmə rəyinə əsasən keçirilmiş hərracın etibarsızlığını tələb edir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin “iddiaçının subyektiv hüququnun olmaması” barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən avtomobilin İddiaçı xüsusi mülkiyyət hüququ ilə (hərracdan əvvəl) məxsus olduğu (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi - mülki iş v. 134), kredit və ipoteka müqavilələrinin İddiaçı ilə bank arasında bağlandığı nəzərə alınmaqla həmin avtomobilin düzgün qiymətləndirilməməsi, eləcə də onunla bağlı keçirilmiş hərracın mübahisələndirilməsi hüququ da məhz ona məxsusdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. - 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” AR Qanununun: -7-ci maddəsinə görə qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. -8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Göründüyü kimi, qanunvericiliyə əsasən, borcluya məxsus əmlak yalnız tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə qiymətləndirilmədiyi halda icra məmuru borclunun əmlakının qiymətləndirilməsi üçün qərar qəbul edə bilər. Hazırki iş üzrə ipoteka predmetinin dəyəri barədə razılıq olmadığından və əmlak Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 saylı qətnaməsi ilə müəyyən edilmədiyindən, Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx-43022/20 saylı qərarı və xx.xx.2023-cü il tarixli müraciətinə əsasən “Mercedes Benz- GL550” markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobilin qiymətləndirilməsi keçirilmişdir. "xxxx" MMC-nin 3460 №-li xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Mercedes Benz-GL550" markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin bazar dəyəri 25000 manat, likvid dəyəri isə 22500 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadının 11-12-ci bəndlərində qeyd edilir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazardəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. (11-ci bənd) Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir (12-ci bənd). Məhkəmə iddiaçının dəlilərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində qeyd olunan “razılaşma” ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi, hansı tarixdə yönəldiləcəyi və s. bəlli olmadığından tərəflər əmlakın hərraca çıxarılacağı təqdirdə ilkin satış qiymətini deyil, ipoteka predmetinin dəyərini müəyyənləşdirmişdirlər. Tərəflər arasında ipoteka müqaviləsi 30 yanvar 2013-cü il tarixdə bağlanmış müqavilənin 3-cü bəndində qeyd edilmişdir ki, ipoteka predmeti olan “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri 73286 ABŞ dolları məbləğində qiymətləndirilir. “Dəyər” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra müəyyənləşdirilən qiymətdir. Digər tərəfdən ipoteka müqaviləsinin bağlanmasından uzun müddət keçməsi (2013cü il), avtomobilin hərracının bundan 10 il sonra 2023-cü il tarixdə keçirilməsi nəzərə alınmaqla, bu müddət ərzində 2009-cu il buraxılışlı nəqliyyat vasitəsinin 2023-cü il tarixə dəyərinin dəyişməsi, onun köhnəlməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət – avtomobilin dəyəri bir müddətdən sonra, xüsusilə də 10 il keçdikdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, habelə məhkəmə qətnaməsi ilə müəyyən olunmadığı nəzərə alınmaqla icra məmuru 2023cü il tarixdə “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərracı çıxarılması zamanı onun ilkin satış qiymətinin müəyyən olunması məqsədilə qiymətləndiriciyə sifariş məktubu ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin qiymətləndirmə rəyinin düzgün olubolmaması, 2009-cu il buraxılışlı “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2023-cü ilə likvid dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 yanvar 2025-ci il tarixli 9/9828 saylı ekspert rəyindən görünür ki, qərardadda göstərilən 2009-cu il buraxılışlı, “Mercedes Benz-GL550" markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobilin normal vəziyyətdə 2024-cü il tarix üçün orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 30000,00 manat müəyyən olunmaqla, likvid dəyəri 27000 (30000-10%) manat müəyyən olunur. Avtomobilin 2023-cü il tarixə olan satışı və qiyməti barədə məlumat olmadığından qeyd edilən tarixə likvid dəyərini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh MMC tərəfindən keçirilmiş hərraca dair sənədlərlə - açıq hərracın keçirilməsinə dair bildiriş, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 123 №-li 11 avqust 2023-cü il tarixli protokolla – müəyyən olunur ki, ipoteka predmeti olan “Mercedes Benz-GL550" markalı (**-VE-*** dövlət qeydiyyat nişanlı) avtomobil ilkin satış qiyməti 25000 manat olmaqla hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından avtomobil dəyəri 15% aşağı – 21250 manat olmaqla yenidən hərraca çıxarılmışdır. Təkrar hərrac baş tutmadığından əmlak dəyəri 25 % aşağı 15937,50 manat məbləğinə ipoteka saxlayan tərəfindən əldə edilmişdir. İddiaçı tərəfindən “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2023-cü il tarixə olan likvid dəyərinə dair hər hansı bir sübut (hesabat, rəy və s.) məhkəməyə təqdim edilmişdir. Məhkəmə Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyinin mötəbərliyini qiymətləndirərək qeyd edir ki, icra sənədinin icrası mərhələsində "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyi və məhkəmə prosesi zamanı keçirilmiş ekspertiza nəticəsində verilmiş rəy ilə müəyyən edilmiş məbləğlər müqayisə edilərkən “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin likvid dəyərinin sonuncu rəyə nisbətən aşağı qiymətləndirildiyi müəyyən edilmişdir. Bununla belə məhkəmə, qeyd olunan rəydə göstərilən məbləğin avtomobilin 2023-cü il tarixə olan dəyərini əks etdirmədiyini, məbləğlər arasında ciddi fərq olmadığını, habelə iddiaçı tərəfindən əmlakın daha yüksək dəyərdə olmasını təsdiq edən hesabat (rəy) təqdim edilməməsini nəzərə alaraq qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə tələbi əsaslı hesab etmir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, “Mercedes Benz-GL550” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması Cavabdeh MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə uyğun qiymət ilə hərracın keçirilməsində haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(011)-8156/2014 icra sənədinin icrası ilə əlaqədar Cavabdeh MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməli, ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC tərəfindən “Mercedes Benz-GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı keçirilmiş 123 nömrəli, 11 avqust 2023-cü il tarixli protokolun və qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC tərəfindən “Mercedes Benz- GL550” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı keçirilmiş 123 nömrəli, 11 avqust 2023-cü il tarixli protokolun və qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-67/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-67/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver