Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-70/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 03 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin 46537,5 manat qiymətinə tələbkar "xxxx" ASC-yə satılması ilə əlaqədar 03 iyun 2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin və həmin hərracın təşkilatçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" ASC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" X1” ASC-nin iddiası qismən təmin edilərək, "xxxx" X1 ASC ilə Mürsəlova Məryəm İsmayıl qızı arasında bağlanılmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Mürsəlova Məryəm İsmayıl qızından 27597,97 ABŞ dolları əsas, 10000,04 ABŞ dolları faiz, 418,72 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38016,73 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq, "xxxx" X1 ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 73000 manat məbləği olmaqla açıq hərracdan satılması və borcun satışdan əldə ediləcək pul vəsaitinin hesabına ödənilməsi və qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə nə onu, nə də cavabdeh olaraq adları qeyd edilən şəxsləri məhkəmə iclaslarının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırmadığından, ünvanlarına hər hansı bir bildiriş göndərmədiyindən məhkəmə iclaslarında iştirak edib iddia tələbinə dair fikir bildirə bilməmişdir. Eyni zamanda, məhkəmə qətnaməsi ona lazımi qaydada təqdim edilmədiyindən ondan vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş “Hərracın yekunları barədə” 03 iyun 2022-ci il tarixli Protokolla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23/2017 saylı, xx.xx.2017-ci il tarixli İcra vərəqəsinə və Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 487/5-9 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilin 46537,5 manat qiymətinə tələbkar "xxxx" ASC-yə satılması rəsmiləşdirilmişdir. Cavabdehlə "xxxx" ASC arasında 03 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin hərrac qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Hərracların keçirilməsi barədə ona hər hansı bir bildiriş gəlməmiş və onun həmin hərraclar barəsində hər hansı bir məlumatı olmamışdır. Sonradan hərracı keçirən təşkilatdan guya ona göndərilmiş bildirişləri və onların verilməsi barədə kuryer xidməti qəbzlərini alıb. Məhkəməyə təqdim etdiyi həmin qəbzlərlə vizual tanışlıq belə onların saxta olduğunu sübut edir. Belə ki, cavabdehin 1-ci hərrac barədə bildirişi üzrə FMEXPRESSin kuryer xidmətləri üçün mədaxil qəbzinin xx.xx.2022-ci il tarixli 262356 saylı və 262357 saylı surətlərində “kvartirantlar yaşayırlar, qəbul etmədilər” qeydi, 2-ci hərrac barədə bildirişi üzrə xx.xx.2022-ci il tarixli 262654 saylı surətində “bu adam xaricdədir. Türkiyədə” qeydi, xx.xx.2022-ci il tarixli 262655 saylı surətində “bu evdə qohum yaşayır, məktubu götürmədi, zəng vuranda trubkanı götürmür” qeydi, xx.xx.2022-ci il tarixli 284163 saylı və 3-cü hərrac barədə bildirişi üzrə 284164 saylı surətlərində “qapı bağlıdır” qeydi yazılmışdır. Halbuki həmin qeydlər həqiqətdən uzaq qeydlərdirlər. Belə ki, həmin mənzildə o və ailə üzvləri yaşayırlar. Nə onun, nə də ailə üzvlərinin başqa yerdə yaşayış evi yoxdur ki, sözügedən mənzili kirayə versinlər, eləcə də həmin tarixlərdə o, Türkiyədə nəinki yaşamamışdır, eləcə də olmamışdır. Bundan əlavə, təxminən bir aylıq müddəti əhatə edən bildirişlərin çatdırıla bilməməsi barədə səbəblər bir-birindən kəskin şəkildə fərqlənir ki, bu da həmin məlumatların həqiqiliyini şübhə altına qoyur. Göründüyü kimi, hərraclar onu bu barədə rəsmi qaydada məlumatlandırmamaqla keçirildiyindən nəticələri etibarlı hesab oluna bilməz. Sabunçu Rayon Məhkəməsi sözügedən mənzilin düzgün qiymətləndirilməməsinə və onun əsl dəyərindən xeyli ucuz qiymətə dəyərləndirilməsinə də diqqət yetirməmiş, müvafiq qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, mənzilin mövcud dəyərinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 148 saylı qiymətləndirmə hesabatında sözügedən üç otaqlı mənzilin dəyərinin 73000 manat deyil, 105000 manat olduğu təsdiq olunur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-23/2022 saylı icra vərəqəsinə və Sabunçu rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən hərrac keçirilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər və ipoteka predmetinin əldə olunmasına dair təklif tərəflərə 12 aprel 2022-ci il tarixdə göndərilmişdir. Hərracın yekunlarına dair protokol 03 iyun 2022-ci il tarixdə tərtib edilmişdir. "xxxx" ASC ünvan 2 ünvanında yerləşən mənzilə dair Çıxarışı xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçı iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. İddiaçı "xxxx" ASC-yə və qeyrilərinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, o cümlədən digər proses işirakçıları məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyərək, iddia tələbinin dəlillərini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2014-cü il tarixində qeydə alınmışdır; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Mürsəlova Məryəm İsmayıl qızından 27597.97 ABŞ dolları məbləğində əsas borcun, 10000.04 ABŞ dolları faiz borcu, 418.72 ABŞ dolları cərimə, cəmi 38016.73 ABŞ dolları məbləğində kredit borcu (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan Bakı ş. Sabunçu r. Bakıxanov qəs. S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.m ümumi, 38.71 kv.m yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 73000 manat olmaqla açıq hərracdan satılmalı və satışdan əldə ediləcək pul vəsaiti hesabına borc ödənilməlidir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 5037/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin aparatının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5037/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır; - İddiaçı sifarişi əsasında keçirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, 99 saylı mənzilin dəyərinin müəyyən edilməsi nəticələri haqqında xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən icra edilmiş hesabatının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, 99 saylı mənzilin dəyəri 105000 manat təşkil edir; - İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, 99 saylı mənzilin bazar dəyəri 115000 manat, likvid dəyəri 100000 manat təşkil edir; - “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 73000 manat müəyyən edilmişdir; - “Açıq hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti 73000-15%=62050 manat müəyyən edilmişdir; - Bildirişlərin çatdırılmasına dair qəbzlərdən görünür ki, bildirişlər xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə iddiaçının ünvanına göndərilmiş, lakin müxtəlif səbəblərdən (qapının bağlı olması, kirayə qalınmasının bildirilməsi və s.) qəbul edilməmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə, İddiaçı, Mürsəlova Məryəm İsmayıl qızına ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 46537,5 manata ipoteka saxlayana təklif olunmuşdur; - “Birja Yenilikləri” qəzetinin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli buraxılışlarının surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair müvafiq olaraq xx.xx.2022-ci il tarixində, saat 11:00-da və xx.xx.2022-ci il tarixində saat 11:00-da açıq hərraclar keçiriləcəyi barədə elan verilmişdir; - “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin təkrar hərracı baş tutmamışdır; - Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 31/01-1 saylı protokolun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 46537,5 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2022ci il tarixində qeydə alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, ev 4, mənzil 99 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətində olmuş, həmin ev borclu Mürsəlova Məryəm İsmayıl qızının kredit borcunun təminatı olaraq 25 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçı tərəfindən ipoteka ilə yüklü edilmiş, sözügedən kredit borcu ödənilmədiyindən məhkəmə qətnaməsi ilə evə tutma yönəldilmiş, mənzilin ilkin satış qiyməti Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə 73000 manat müəyyən edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş hərrac prosedurunun yekununda mənzil tələbkar "xxxx" ASC-yə təklif edilmiş və sonuncu tərəfindən əldə edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən məlumatı olmadığını əsas gətirərək apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı keçirilmiş hərraclar barədə məlumatlandırılmadığına, əmlakın düzgün qiymətləndirilmədiyinə istinad edərək həmin hərracın yekunlarına dair protokolun, onun əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddələrin məzmunundan aydın olur ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrinə əsasən ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əmlakın dəyərinin az olması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə daşınmaz əmlakın dəyəri müəyyən edilmiş və onun açıq hərracdan satılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. İddiaçı müddətin bərpası barədə ərizə və qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsində icraat barədə məlumatlandırılmamasını, mənzilin aşağı dəyərləndirilməsini mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, qətnamənin artıq icra edildiyi müəyyən edilir, təqdim edilən yeni ekspert rəyi üzrə mənzilin qiyməti likvid dəyər təşkil etmir və digər dəlillər də sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Sabunçu Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubunu aldıqdan sonra "xxxx" MMC “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli buraxılışında ünvan 1 ünvanında yerləşən mənzilə dair ilkin satış qiyməti 73000 manat müəyyən edilməklə açıq hərracın xx.xx.2022-ci il tarixində keçiriləcəyinə dair elan vermiş, bu barədə xx.xx.2022-ci il tarixdə borclulara bildiriş göndərmişdir. "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 01 nömrəli və xx.xx.2022-ci il tarixli, 02 nömrəli bildirişlərinin surətlərindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair açıq hərracın keçirilməsi müvafiq olaraq xx.xx.2022-ci il tarixində, saat 11:00-da və xx.xx.2022-ci il tarixində, saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 73000 manat, təkrar satış qiyməti 62050 manat müəyyən edilmişdir. İkinci hərrac barədə bildiriş borcluya xx.xx.2022-ci il tarixində göndərilmişdir. Hərracın baş tutmaması barədə elanlar “Birja yenilikləri” qəzetinin 12 aprel və 24 may 2022-ci il tarixli buraxılışlarında dərc edilmişdir. Daha sonra “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 46537,5 manata tələbkara təklif edilmiş, xx.xx.2022-ci il tarixində tələbkar tərəfindən həmin qiymətə əldə edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, mövcud qanunvericilik normalarına uyğun olaraq hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. İddiaçının bildirişlərin çatdırılmaması dəlili ilə bağlı qeyd olunmalıdır ki, kuryer xidmətləri üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, bildirişlər ünvan 1 ünvanında yerləşən mənzilə çatdırılmış, lakin qəbzlər qəbul edilmədiyindən geri qaytarılmışdır. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmədən hərracın keçirilməsinin qanunsuz olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bu hal qanunauyğun şəkildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2018-ci ildə qəbul edilmiş, hərrac 2022-ci ildə, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında keçirilmişdir. Sonradan müddət bərpa edilməklə, iddiaçı tərəfindən qətnamə mübahisələndirilsə də, qüvvədə saxlanılmışdır. Bu halın hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olmaması barədə mövqe həmçinin mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Beləliklə, məhkəmə hesab edir ki, hərracların keçirilməsi zamanı qanunvericilik tələblərinin pozulması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı mövcud qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən, eləcə də əmlakın dəyərinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyi nəzərə alınmaqla, hərracın yekunları barədə protokolun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair tələb təmin edilməməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin iddia müddətinin tətbiqinə dair ərizəsi barədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Məhkəmə hesab edir ki, hazırkı mülki iş iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-70/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-70/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver