Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-769/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən uşaqları İbrahim Əsədzadə yetkinlik yaşına çatana qədər onun saxlanması üçün hər ay 800 manat, digər uşaqları Kamil Əsədzadə yetkinlik yaşına çatana qədər saxlanması üçün isə hər ay 600 manat olmaqla, ümumilikdə hər ay 1400 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2006-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur və bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1536/2020 nömrəli qətnaməsi ilə nikahları rəsmi qaydada pozulmuş və uşaqları İddiaçı himayəsində qalmışdır. Lakin 1 ildir ki, Cavabdeh tərəfindən uşaqların saxlanması üçün maddi köməklik göstərilmir. Belə olan halda, uşaqların saxlanması üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Uşaqlar məktəblidirlər və fiziki inkişaf dövründədirlər. Belə dövrdə onların həm təhsilləri, həm yaxşı qidalanmaları, həm də idman məşğələləri üçün müəyyən vəsaitlər lazımdır. Bundan başqa, İbrahim Əsədzadə ağır formalı, yəni 1-ci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir, bu da onun müalicəsi üçün əlavə məsrəflər yaradır. İddiaçı ana kimi bütün xərcləri çəkə bilmir, bu vəziyyət də İbrahim Əsədzadənin sağlamlığı üçün ciddi həyati təhlükədir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1536/2020 nömrəli qətnaməsi ilə Cavabdeh ilə Əsədova (Rəhmanova) Zərifə Asif qızı arasında xx.xx.2009-cu ildə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 599 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 (anası) İddiaçı yanında saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistsemindən əldə edilmiş əlillik haqqında arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 “şəkərli diabet tip.1. insulindən asılı forma” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən 18 yaşınadək əlliliyi müəyyən edilmişdir. Növbəti müayinə tarixi xx.xx.2028-ci ilə təyin edilmişdir. Cavabdeh məxsus "xxxx" ASC-də olan bank hesabı üzrə məlumatdan aydın olur ki xx.xx.2021-ci il tarixdən xx.xx.02023-cü il tarixədək Cavabdeh hesabı üzrə illik dövriyə 68655,36 manat təşkil etmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2009-cu il tarixində rəsmi olaraq nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı iddiası ilə tərəflər arasında olan nikah qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda bu qətnamə ilə tərəflərin nikahından olan yetkinlik yaşına çatmayan uşaqları İddiaçı himayəsində saxlanılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda baxılan iş üzrə tərəflərin rəsmi nikah münasibətlərində olması, onların nikahından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 doğulması, sonradan tərəflərin nikahının pozulması və uşaqların İddiaçı himayəsində saxlanılması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən yenidən araşdırılmır. Məhkəmə aliment tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.2-ci bəndinə görə, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, hazırda uşaqlar İddiaçı himayəsində olmaqla İddiaçı onlara qayğı göstərilməsi və yetkinlik yaşına çatanadək maddi və mənəvi tələbatların ödənilməsi ilə daima məşğul olur. Mülki iş üzrə keçirilən iclaslar barəsində cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMSin işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Göründüyü kimi, məhkəmə keçirilən iclaslar barəsində bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirmək vəzifəsi daşıyır. Yalnız elektron kabineti olmayan işdə iştirak edən şəxsə SMS bildirişin göndərilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Buna baxmayaraq hazırda baxılan iş üzrə məhkəmə məhkəmə iclasları barədə bildirişləri cavabdehin elektron kabinetinə yerləşdirməklə yanaşı ona bu iclaslar barədə SMS bildirişlər də göndərmiş, bununla da onun məhkəmə iclasları barədə xəbərdar edilməsi üçün qanunvericiliyin verdiyi imkanlardan tam istifadə etmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya hər hansı etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehin iddiaya hər hansı etirazını bilmədiyi halda tərəflərin birgə nikahın olan uşaqların yetkinlik yaşına çatmadığı və cavabdehin maddi yardım göstərmədi halda iddiaçının uşaqların maddi və mənəvi tələbatlarının ödənilməsində çətinlik çəkməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində aylıq qliment tutulması üçün qanuni əsaslar mövcuddur. Məhkəmə təyin edilməli olan aliment məbləği ilə bağlı qeyd edir ki, iş materiallarında xx.xx.2010-cu il təvəllüdlü X1 şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunun 1.01.-ci maddəsinə əsasən şəkərli diabet - insulin (mədəaltı vəzinin hormonu) çatışmazlığı və keyfiyyətinin azalması nəticəsində qanda qlükozanın səviyyəsinin artması ilə səciyyələnən xroniki xəstəlikdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər həcmi və keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tibbi yardımla təmin olunurlar. Məhkəmə qeyd edir ki, xx.xx.2010-cu il təvəllüdlü X1 şəkərli diabetdən müayinə və müalicəsi dövlət hesabına həyata keçirilsə də, uşağın əlilliyindən irəli gələrək ona qayğısına qalan valideynin tam iş vaxtı ilə işləmək imkanının məhdud olması, o cümlədən əlavə xərclər sərf etməli olması istisna edilmir, ağlabatandır. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarından müəyyən edilmişdir. Cavabdeh məxsus "xxxx" ASC-də olan bank hesabı üzrə məlumatdan aydın olur ki xx.xx.2021-ci il tarixdən xx.xx.02023-cü il tarixədək Cavabdeh hesabı üzrə illik dövriyə 68655,36 manat təşkil etmişdir. İddiaçı iddia ərizəsində cavabdehin son 1 ilədək uşaqların saxlanılmasında iştirak etdiyini bildirir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Bank hesabı barədə məlumatlar isə xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, tərəflərin nikahda olduqları dövrdə və nikahdan sonra cavabdehin hazırki iddia tələbində qeyd edilən məbləğdə uşaqların xərclənməsi üçün pul sərf etməsi ağlabatandır Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən iki uşağa görə valideynin qazancının üçdə bir hissəsində aliment tutulması müəyyən edilərkən iki uşağın ehtiyaclarının qarşılanması və əvvəlki təminat səviyyəsinin saxlanması meyarları əsas götürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia tələbi qanuni və əsaslıdır, buna görə də təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 yetkilin yaşına çatanadək saxlanılması üçün hər ay 800 manat, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 600 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Normanın tələbinə əsasən məhkəmə alimentin xx.xx.2023-cü il tarixdən tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun : 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində təşkil edir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə onu da qeyd edir ki, ödənilməli alimentin bir illik məbləği 16800 manat olduğundan, ödənilməli dövlət rüsumun məbləği 140,4 manat təşkil edir. İddiaçı bu məbləği ödəməkdən azad edildiyindən rüsumun məbləği cavabdehdən dövlət büdcəsi üçün tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 yetkilin yaşına çatanadək saxlanılması üçün hər ay 800 manat, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 600 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumun məbləği olan 140,4 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-769/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-769/2024
30.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver