Məhkəmə qərarları › İş №e-2(005)-83/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-83/2024

17.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-83/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmək haqqı və ezamiyyə xərclərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əmək haqqı və ezamiyyə xərcləri üçün 20082,61 manat və ödənişin gecikdirilməsinə görə 8025 manat olmaqla, cəmi 28107,61 manat vəsaitin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əmək haqqı üçün 8025,9 manat, ezamiyyə xərcləri üçün 12056,71 manat və məhkəmə qətnaməsi icra edilən vaxtadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün bir faiz vəsaitin tutularaq onun xeyrinə ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində Mərkəzi Təchizat Departamentinin satınalma üzrə mütəxəssis (xx.xx.2021-xx.xx.2021) və “Xarici Layihələr Qrupu/Özbəkistan Termez-Daşkənd M 39” bölməsində “Müdir” (xx.xx.2021-xx.xx.2022) vəzifələrində işləmişdir. Aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən 25 yanvar 2021-ci il tarixdən 17 may 2021-ci il tarixədək vergilər və digər ödənişlər xaric əmək haqqı 1000 manat, 17 may 2021-ci il tarixdən 17 mart 2022-ci il tarixədək vergilər və digər ödənişlər xaric əmək haqqı 3500 manat, 17 mart 2022-ci il tarixdən 30 avqust 2022ci il tarixədək vergilər və digər ödənişlər xaric əmək haqqı 5000 manat təşkil edirdi. xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Lakin qanunvercilikdə nəzərdə tutulmuş son haqq hesab edilməmişdir. "xxxx" ASC-nin ona bütün işlədiyi dövr üzrə 8025,9 manat əmək haqqı borcu qalıb. Belə ki, bütün iş dövrü üzrə əmək haqqı üçün ona 66300 manat ödənilməliydi (xx.xx.2021-xx.xx.2021 dövr üzrə 3800 manat; xx.xx.2021xx.xx.2022 dövr üzrə 35000 manat; xx.xx.2022-xx.xx.2022 dövr üzrə 27500 manat; cəmi- 66300 manat). Lakin, bütün dövr üzrə əmək haqqı olaraq 58274,1 manat ödənilmişdir (66300-58274,1=8025,9). Bundan başqa xx.xx.2021-ci il tarixdən xx.xx.20221-ci il tarixədək 55 gün ərzində Özbəkistan Respublikasının Daşkənd şəhərində ezamiyyədə olmuşdur (xx.xx.2021-ci il tarixli 34 saylı, xx.xx.2021-ci il tarixli 40/2 saylı və xx.xx.2021-ci il tarixli 44/1 saylı əmrlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 14 nömrəli xx.xx.2008-ci il tarixli qərarına əsasən Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunmuş şəxsə bir gün üçün 160 ABŞ dolları, yəni 272 manat ödənilməlidir. Cəmi 14960 (55x272=14960) manat. Lakin, ezamiyyə xərcləri üçün ona cəmi 2903,29 manat ödənilib. Qalıq 12056,71 manat təşkil edir. Beləliklə, "xxxx" ASC əmək haqqı və ezamiyyə xərcləri üçün ümümi olaraq 20082,61 manat ödəməlidir. Qeyd edilənlərə əsasən, cavabdeh 30 avqust 2022-ci il tarixindən başlayaraq 100 gün ərzində, ödəməli olduğu 8025,9 manat məbləğin (əmək haqqı və mükafat) hər gecikdirilmiş gün üçün bir faizini ödəməlidir, yəni hər gün üçün 80 manat 25 qəpik. Ümumilikdə 8025 manat (100 x 80,25 = 8025). Beləliklə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əmək haqqı və ezamiyyə xərcləri üçün 20082,61 manat və ödənişin gecikdirilməsinə görə 8025 manat, cəmi 28107,61 manat vəsait ona ödənilməlidir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 18 yanvar 2012-ci il tarixdə təsdiq edilmiş “X1”nın 1.5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyəə getməzdən əvvəl ezamiyyəin müddətinə uyğun olaraq pul avansı verilir. İddiaçı haqqının ödənilmədiyini iddia etdiyi sonuncu ezamiyyəə, sənədlərdən də göründüyü kimi, 01 aprel 2021-ci il tarixində getmiş, 24 aprel 2021-ci il tarixində isə qayıtmışdır. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı haqqının ödənilmədiyini iddia etdiyi ezamiyyələrdən tarix üzrə sonuncusuna 01 aprel 2021-ci il tarixində getdiyini və məhkəməyə yalnız 17 noyabr 2022ci il tarixdə müraciət etdiyini nəzərə alaraq, güman edilən hüquq pozuntusunun aşkar edildiyi gündən 1 il keçdiyinə görə Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəfindən iddiaçının sonuncu ezamiyyədən qayıtdığı tarix (24 aprel 2021-ci il) güman edilən hüquq pozuntusunun aşkar edildiyi gün hesab edilsə belə, qeyd edilən iddia müddəti iddiaçı tərəfindən ötürülmüş hesab edilməlidir. Daha sonra cavabdeh iddia tələbinin əmək haqqı hissəsinə də iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, cavabdeh özü vəsatət versə də, ekspertizanın keçirilməsi üçün zəruri sənədləri təqdim etməmişdir. Bu sənədlər isə yalnız cavabdehdə ola bilərdi. Ekspertizanın keçirilməsi mümkün olmadığından borc təsdiq edilmiş hesab olunmalıdır. Bu səbəbdən iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı mərkəzi təchizat departamentinə satınalma üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 3 ay müddətinə bağlanmışdır. İşçinin əmək haqqı 1115 manat təşkil etmişdir; - Əmək müqaviləsinə 02 nömrəli, xx.xx.2022-ci il tarixli əlavənin surətindən görünür ki, işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla 5764 manat məbləğində əmək haqqı ödənilir; - "xxxx" ASC-nin 34 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində ezamiyyətə göndərilmişdir; - "xxxx" ASC-nin 40/2 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ezamiyyə müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək uzadılmışdır; - "xxxx" ASC-nin 44/1 nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ezamiyyə müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək uzadılmışdır; - Əmək müqaviləsinə xitam verilməsi barədə 108 nömrəli, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000300 saylı əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsaəsn, tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir; - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki, "xxxx" ASC xx.xx.2022-ci il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və “satınalma üzrə mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra “Xarici Layihələr Qrupu/Özbəkistan Termez-Daşkənd M 39” bölməsində “Müdir” (xx.xx.2021-xx.xx.2022) vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixindən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində ezamiyyədə olmuşdur. Hazırda iddiaçı əmək haqqı və ezamiyyə xərclərinin tam şəkildə ödənilmədiyini əsas gətirərək cavabdehdən əmək haqqına görə 8025,9 manat, ezamiyyə xərclərinə görə 12056,71 manat məbləğində pulun və əmək haqqı ödənişinin gecikdirilməsinə görə hər gün üçün müvafiq məbləğin bir faizinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1 və 4-cü bəndlərinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Eyni Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hallar təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına bağlanan hüquqi nəticədən fayda görən tərəfə aiddir. Bir qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarda istisna qayda müəyyən edir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və mülki işin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsinə baxmayaraq ekspert tərəfindən tələb edilən sənədlərin cavabdeh tərəfindən təqdim edilməməsi nəticəsində ekspertizanın həyata keçirilməsi mümkün olmamışdır. Sübutlar cavabdehdə olduğundan onun, iş vaxtının tabel uçotu, ödəniş sənədləri, son haqq-hesab barədə məlumatı və digər sübutları məhkəməyə təqdim etmək vəzifəsi olmuşdur. Bu hüquqi mövqedən çıxış edən məhkəmə müvafiq sənədlərin təqdim edilməsi məqsədi ilə tərəfə dəfələrlə məhkəmə sorğusu göndərsə də, sübutlar tam şəkildə təqdim edilməmiş, bu səbəbdən ekspertiza keçirilməsi, əmək haqqı və ezamiyyə xərclərinin tam şəkildə ödənilib-ödənilməməsi, ödənilməmişdirsə, hansı məbləğdə borcun mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Ekspert vəsatətində göstərilmiş müvafiq sənədlərin işəgötürəndə olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən, iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında tələb edilən məbləğ müəyyən olunmuş hesab edilməlidir. Belə ki, əmək münasibətlərində işəgötürən işçiyə münasibətdə daha çox imkanlara, o cümlədən inzibati imkana malikdir və bu baxımdan, işəgötürənin inzibati idarəçiliyi ilə bağlı halları sübut etmək yükünün işçinin üzərinə qoyulması hüquq bərabərliyinin, mənafelərin haqq-ədalətlə təmin olunması prinsipləri ilə ziddiyyət təşkil edir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Hazırki halda iddia tələbinin əksini sübut etmək vəzifəsinin cavabdehdə olmasını, müvafiq sübutları təqdim etmədiyindən ekspertizanın keçirilməsinin mümkün olmamasını, bununla da iddiaçının öz iddia tələbini sübut etmək vəzifəsindən azad olunduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, ödənilməyən əmək haqqı və ezamiyyə xərclərinin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və bu məbləğin məhkəmə tərəfindən hesablanması mümkün olmadığından, Mülki Prosessual Məcəllənin 97.5 və 106.2-ci maddələrinin tələbinə uyğun olaraq həmin məbləğ, yəni ekspertiza təyin edilən fakt müəyyən edilmiş hesab edilməlidir. Belə ki, məhkəmə tərəfindən qeyd edilən halları təkzib edən sübutların, eyni zamanda məhkəmə ekspertizasının aparılması üçün zəruri olan sənədlərin cavabdeh tərəfindən təqdim edilməsi üçün kifayət qədər çox vaxt verilərək lazımi şərait yaradılmasına baxmayaraq, o, təqdim etməni həyata keçirməmiş, bununla həm obyektiv, tam və hərtərəfli məhkəmə araşdırmasına mane olmuş, həm də mülki iş üzrə icraatın xeyli müddət uzanmasına səbəb olmuşdur. Tutulacaq əmək haqqının məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində işlədiyi dövr üzrə ümumi ödənilməli olan əmək haqqını hesablayaraq (ödənilmiş əmək haqqını çıxaraq) 8025,9 manat borcunun olduğunu bildirir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışı, iddiaçının xx.xx.2022-ci il tarixdən başlayaraq 5764 manat əmək haqqı aldığını, 2022-ci ilin iyun, avqust aylarında əmək haqqının ödənilmədiyini, işin digər hallarını nəzərə alaraq həmin məbləği ağlabatan hesab edir və iddia ərizəsində qeyd edilən həcmdə, yəni ödənilməmiş əmək haqqına görə 8025,9 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. İddia tələbinin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərar). Məhkəmə qeyd edir ki, hazırki işdə dəqiq hansı aylar üzrə əmək haqqının ödənilib ödənilmədiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçının hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixində 20.424 manat, xx.xx.2022-ci il tarixində isə 5000 manat əmək haqqı köçürülmüşdür. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinə əsasən isə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Hazırki işdə əmək haqqının dəqiq hansı tarixdən gecikdirilməsi müəyyən edilmədiyindən məhkəmə bir faiz ödəncin son haqq-hesabın ödənilməli olduğu gündən, yəni xx.xx.2022-ci il tarixindən başlayaraq hesablanmasını ağlabatan hesab edir. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməli, xx.xx.2022-ci il tarixindən başlayaraq məbləğ ödənilənədək hər gecikdirilmiş gün üçün iddiaçıya 8025,9 manat pulun bir faizi məbləğində ödənc hesablanaraq verilməlidir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə iddiaçı işlədiyi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üzrə ödənilməyən əmək haqqını tələb edir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əmək haqları qarışıq ödənildiyindən hansı aylar üzrə ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmamışdır. Ekspertizanın keçirilməsi mümkün olmadığından son bir il üzrə ödənilməmiş əmək haqqının məbləğinin də müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, həmin hal işçinin ziyanına şərh edilməməlidir. Əks mövqe iqtisadi cəhətdən daha zəif tərəf olan işçinin hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin yuxarıda qeyd edildiyi kimi, 2022-ci ilin may ayında 20424 manat əmək haqqı köçürülmüşdür. Bu isə əvvəlki ayların əmək haqlarının böyük hissəsinin ödənilməsinin göstəricisidir. Eləcə də hesabdan çıxarışdan görünür ki, iyun, avqust aylarında əmək haqqı ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 8025,9 manat əmək haqqı son bir il üzrə ödənilməmiş əmək haqqı hesab edilməli, iddia müddəti əmək haqqı tələbinə münasibətdə ötürülməmiş hesab olunmalıdır. Ezamiyyə xərclərinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia müddəti ötürüldüyündən iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində ezamiyyətdə olmuşdur. İddia müddətinin axımı 2021-ci ilin may ayından başlasa da, iddiaçı tərəfindən mediasiyanın tətbiqi barədə təklif xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Göründüyü kimi, ezamiyyə xərclərinə görə pulun ödənilməsi tələbi üzrə bir illik iddia müddəti ötürülmüşdür. Qanunvericiliyin tələbinə görə isə bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddianın rədd edilməsi barədə qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilməmiş əmək haqqına görə 8025,9 manat məbləğində pul və xx.xx.2022-ci il tarixindən başlayaraq həmin məbləğ ödənilənədək hər gecikdirilmiş gün üçün 8025,9 manat pulun bir faizi məbləğində ödənc hesablanaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ödənilməmiş əmək haqqına görə 8025,9 (səkkiz min iyirmi beş manat, doxsan qəpik) manat məbləğində pul və xx.xx.2022-ci il tarixindən başlayaraq həmin məbləğ ödənilənədək hər gecikdirilmiş gün üçün 8025,9 manat pulun bir faizi məbləğində ödənc hesablanaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar