Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-851/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakın qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 dəst yataq mebeli, 1 ədəd şifoner, 1 ədəd yataq, 1 ədəd tumba, 1 ədəd divan, 1 ədəd xalça, 1 ədəd masa, 4 ədəd stul, 1 ədəd televizor altlığı, 5 ədəd pərdə, 1 ədəd xalça, 1 ədəd çil-çıraq 60 azn, 1 ədəd çil-çıraq 60 azn, 1 ədəd çil-çıraq 40 azn, (mətbəx əşyaları) qazan dəsti, 3 ədəd çaynik+qrafin 2 ədəd+qab-qacaq+qaşıq dəstləri+mətbəxt dəstləri, mətbəx əşyaları, ütü masası, paltar asılan, svitilnik, matras, elektrik əşyaları, mətbəx dəsti, ütü, paltaryuyan, qabyuyan (Bosh), soyuducu, şəxsi əşyalar, pal-paltar, yataq əşyaları, süfrə, balışlar, örtüklərin Cavabdeh alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia ərizəsində qeyd olunan və cavabdehdən tələb edilən cehiz əşyalarının siyahısı və qiymətlərinə aid hissədə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, 1 ədəd şifoner, 1 ədəd yataq, 1 ədəd tumba-1435 manat, 1 ədəd divan, 1 ədəd xalça-1035 manat, 1 ədəd masa, 4 ədəd stul-700 manat, 1 ədəd televizor altlığı-266 manat, 5 ədəd pərdə, 1 ədəd xalça-60 manat, 1 ədəd çıl-çıraq 60 azn, 1 ədəd çıl-çıraq 60 azn, 1 ədəd çıl-çıraq 40 azn-160 manat, qazan dəsti - 350 manat, 3 ədəd çaynik+qrafin, 2 ədəd+qab-qacaq+qaşıq dəstləri+mətbəxt dəstləri, mətbəx əşyaları-1500 manat, ütü masası-50 manat, paltar asılan-50 manat, svitilnik-45 manat, matras-299 manat, mətbəx dəsti-350 manat, ütü- 150 manat, paltaryuyan-1470 manat, qabyuyan-1129 manat, soyuducu-1250 manat olmaqla, şəxsi əşyalar: pal-paltar+yataq əşyaları+süfrə +balışlar +örtüklər də daxil olmaqla, 10299 manat təşkil edir. İddia onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyul ayınadək Cavabdeh ilə faktiki ər-arvad münasibətlərində olmuşlar və birgə olaraq ünvan 1 ünvanda yaşamışlar. Həmin ünvana yaşayış üçün köçəndə özünə məxsus cehiz əşyaları da gətirmişdir. Artıq iyul 2023-cü il tarixdən birgə yaşamadıqları üçün ona məxsus əşyalar geri qaytarılmalıdır. Hazırda cavabdeh həmin əşyaları ona qaytarmaqdan imtina edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, bu günə kimi keçirilən məhkəmələr zamanı, iddiaçı qismində çıxış edən İddiaçı dəfələrlə məhkəməni aldatmağa və yalan söyləməyə cəhd etmiş və dolayı yollarla özünə məxsus olmayan bir çox əşyaları özününkü kimi qələmə vermiş və məqsədyönlü şəkildə emosional davranaq və 35 yaşından və qadın olmasından istifadə edəcək, onun özünə məxsus daşınar əmlaklarına sahib olmaq istəmişdir. Belə ki, İddiaçı ilə münasibətləri daha öncə də bildirdiyi kimi 2022-ci il yox məhz 2023-cü ildən başlamışdır. Bu mövzunu dəfələrlə qarşı tərəfə bildirsələr də iddia ərizəsində bunu dəyişdirməmiş və məhkəməni aldatmağa cəhd göstərmişdilər. İkinci hal kimi, məhkəmənin və onun vaxtını alaraq onun onda olan əşyalarını satmaqda ittiham edərək onun şəxsi mülkünə icra nümayəndəliyini yönləndirmiş və bu azmış kimi özü də, yəni İddiaçı onun evinə gəlmiş, onu və qonşuları narahat etmiş və nalayiq ifadələr işlətmişdirlər. Daha sonra icra nümayəndələri özləri də durumu anlamış, əşyalarının onun evində olduğunu bilmiş, lakin onun məxsus olmayan əşyaları da tələb etdiyi üçün və həmçinin absurd iddia irəli sürərək həmçinin onları da narahat etdiklərini anlayıb, öz vəzifə salahiyyətlərini yekunlaşdırıb ondan və qarşı tərəfdən izahatlar alaraq işlərini yekunlaşdırmışdılar. Bütün bunlar azmış kimi Pərvanə icra nümayəndələrinə də yalan məlumat verərək, hakimin onun evinə baxış keçirilməsi zamanı iddiaçının da orada, yəni onun şəxsi mülkündə olmalı olduğunu yalandan bildirmişdir. Bütün bunlardan əlavə məhkəməyə iddia ilə müracirət edərkən “cehiz” əşyaları adı ilə ona məxsus əşyaları da siyahiya daxil etmişlər və onların özlərinin gətirdiyi əşyalardan əlavə onun aldığı əşyaları da istəmişdirlər. Qarşı tərəfin bunu hansı pullarla aldığını sual ünvanlasalar da, iddiaçı tərəf özü və vəkili vasitəsi ilə suallardan qaçınmış və gəliri haqqında məlumat verməmişdir. Çünki bilir ki, onun gəlirləri heç bir şey xərcləmədən də, qeyd elədiyi “cehiz” əşyalarının alınması üçün kifayət deyildir. Həmçinin paltaryuyan, yataq mebel dəsti, şfoner, tumba, soyuducu və. s kimi əşyaların kreditdə olmasi və həmin kreditlərin 6 ay müddətində, aylıq ən azı 560 manat məbləğində krediti onun tərəfindən ödənilməsini bildirməyərək əşyaların bir qisminin özünün digər bir qisminin isə anası X1 adında olmasından istifadə edib özlərinki kimi qələmə vermişdilər. Hələ bu azmış kimi qabyuyanı o xaricdən gəldikdən sonra tamami ilə bütün xərci və quraşdırıİması xərclərinin onun tərəfindən olunmasına, yəni 1300 manatdan çox pulun onun cibindən çıxmasına baxmayaraq əşyaların özünün və anasının adından olmasından istifadə etmiş və özlərinki kimi qələmə vermişdilər. İddiaçı ilkin zamanlarda bunu etiraf etməsə də, məhkəmə gedişatında bunu bilmədən etiraf etmiş yəni ondan 560 manat aylıq əşyaların kredit üçün alındığını etiraf etmiş, lakin sonradan vəkilinin müdaxiləsi ilə cümləsini dəyişdirməyə cəhd etmişdir. Ödənişlərin 99%-i onun tərəfindən ödənilib. İddiaçı ona qarşı qərəzli mövqeyi bununla da bitmir. Belə ki, iddiaçi daha öncə də ona qarşı polisə yalan ifadə verərək, yaşadığı ərazidə və evində anası ilə və dostu ilə dəfələrlə gəlib səs-küy salaraq, köhnə iş yerinə gedib orada ona qarşı böhtan ifadələri istifadə edərək və həmçinin son dəfə icra nümayəndələri ilə birlikdə evinə basqın etməyə cəhd göstərməyindən və s. hərəkətlərindən tam aydın görsənir ki, İddiaçı ən başından məqsədi onun reputasiyasına xələl gətirmək və ona məxsus daşınar və daşınmaz əmlaka sahib olmaq olmuşdur. Yuxarıda qeyd etdiyi kimi, İddiaçı 35 yaşına qədər heç bir şeyə sahib olmaması və 35 yaşdan sonra hər bir şeyə bir anda sahib olmasında açıqaşkar görsənir ki, onun “cehiz” kimi iddiası tamamilə absurddur və bütün bu əşyaların pulunu o cibindən ödəmişdir. Onun bu icazəsiz girişlər zamanı və həmçinin icazəli girişlər zamanı cehiz əşyalarının sadəcə bir qismini götürdüyünü və tamamını götürməkdə maraqlı olmadığını nəzərə alsalar, cavabdehin niyyəti açıq-aşkar görsənir və iddianın tamamilə yalan olması göz qabağındadır. İddiaçının mübahisəli hesab etdiyi əşyalar cehiz əşyaları hesab edilmir. Cehiz əşyaları toydan əvvəl ödəniş və digər ödəmələr tamamlansaydı “cehiz” kimi hesab olunardı. Lakin iddiaçının özünün də boynuna aldığı kimi əşyaların kreditinin çox hissəsi məhz onla yaşadığı dövrdə ödənilib. Beləliklə bütün bu faktlar sübüt edir ki, bu əşyalar cehiz əşyaları yox, məhz birgə nikah dövründə əldə olunmuş əşyalar hesab olunur. Beləliklə o, iddiaçının ilkin iddiasının rədd edilməsi, ümumiyyətlə “cehiz” ifadəsinin ləğv edilməsi, iddiaçının əşyaları ona məxsus 4660 manat geri qaytarıldıqdan və ya bu məbləğ müəyyən əşyalarla əvəzləndikdən sonra, rəsmi qaydada aktlaşdırılaraq müvafiq icra orqanının nəzarəti altında geri qaytarılması, İddiaçı, Cavabdeh qarşı həmin iddiada irəli sürdüyü faktları (yuxarıda qeyd edilib) öz mənafeyinə uyğun olaraq əsassız şəkildə şişirtdiyini və etibardan sui-istifadənin nəzərə alınması, iddiaçının onun və yaşadığı evin ətrafına yaxınlaşmasına və narahat edilməsiylə əlaqədar ciddi surətdə tədbirlər görülərək Ədliyyə orqanları tərəfindən xəbərdarlıq edilməsi və uzaqlaşdırma qərarının çıxarılması, əgər şəxs bir daha bunu edərsə, qanunla tənzimlənmiş müvafiq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, İddiaçı ilə Cavabdeh birgə olaraq Səbail rayonu, Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi, ev 55, mənzil 19-da yaşayıblar. Həmin evə köçən zaman iddiaçı tərəfindən anasının hədiyyə olaraq aldığı mebellər, əşyalar cehiz olaraq gətirilmişdir. Hazırda onlar həmin cehiz əşyalarını tələb edirlər. Cavabdeh 560 manat kredit üçün pul ödədiyini bildirsə də, amma bunu sübut edəcək heç bir sənəd təqdim etməyib. Onlar əşyaları almaları ilə bağlı sübutlar təqdim etmişlər. Hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən alınmış cehiz əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, əşyaları anası ilə birlikdə Kontakt Homedan əldə etmişlər və pullarını da onlar ödəmişlər. Cavabdeh heç bir ödəniş etməyib. Sadəcə dəhliz otağı üçün şkafı cavabdehlə birlikdə almışlar. Buna görə də o, həmin şkafı heç siyahıda qeyd etməmişdir. 2023-cü ilin yanvarın 15-i toyları olub və əşyalar da dekabrın ortaları evə aparılıb. Cavabdehin xaricə tez-tez səfərləri olurdu. Buna görə bildirmişdi ki, rəsmi nikah maneə yarada bilər. O da ona güvəndiyindən istəməmişdi. Toydan qabaq evi ipotekaya götürmüşdü. Əşyaların dəyəri 8000 manata yaxın olar. Böyük əşyaların alınmasını sübut edən qəbzlər var. Qabyuyanı da anası sonradan ona çətinlik olmasın deyə hədiyyə aldı. Anasının kartı ilə alınıb. O, özü də mühasib işləyir və maaşı istədiyi əşyanı almağa kifayət edirdi. Cavabdeh sadəcə arada ad günü və s. kimi günlərdə ona hədiyyə alıb. Bundan başqa kreditə görə ondan heç vaxt pul almamışdır. Yataq mebelini, divanı, xalçanı eyni gündə kredit kartı ilə anası öz adına alıb. Masa və stullar da eyni gün alınıb. Soyuducunu anası ilə birlikdə toydan əvvəl alıblar. Onun adına alındı, amma pulunu anası ödəyib. Hazırda cavabdeh onun qarşısında ev tələb etməmək, aliment və uşaqdan imtina etmək şərti qoyur. Bu səbəbdən iddiaya etiraz edərək işi uzatmaq istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçının cehiz əşyaları dediyi malların pulunu o ödəmişdir. Hər ay 560 manat əşyaların kredit pulunun ödənilməsi ilə bağlı ondan pul alıb. Hansı əşyaları özü gətirib, onları özünə verir. Həmçinin anası ilə birgə bəzi əşyalarını gəlib aparıb. Mətbəx əşyalarının çox hissəsini qarşı tərəf anası ilə birlikdə aparıb. Sadəcə bir qutuda müəyyən əşyalar qalıb. Mikser dəstini evdə görməmişdir. Ütü evdə var və ona verəcəkdir. Əşyaların aylıq kreditini o ödəmişdir. Paltaryuyan, yataq mebeli, soyuducu, stol, stul üçün aylıq 560 manat ödəmişdir. Qabyuyanı da o, xaricdən gəldikdən sonra almışdı. Məhkəmə prosesləri zamanı öyrənib ki, əşyalar kreditlə alınmayıb. Onu aldadıblar və o da 6 ay 560 manat pul ödəmişdir. Ödənişi qarşı tərəf anasına edib və anası öz adına alıb. Ya anasının, ya da qarşı tərəfin özünün adına alınıb. Divan, xalça, 2 çil-çıraq, qazan dəsti də var. 3 ədəd qrafin yoxdu, əgər tapsa verəcək. Ütü masası da, paltar asılqanı da var. Mətbəx dəstini anası ilə aparıb. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Zəmanət talonunun surətindən görünür ki, 1469,99 manat dəyərində olan “W/MAchine Dry Samsung” markalı paltaryuyan maşın müştəri X2 tərəfindən xx.xx.2022ci il tarixdə alınmışdır; - 5342 saylı ödəniş qəbzinin surətindən görünür ki, 4 qapılı dolab, kamod+güzgü, tumba, çarpayı üçün 1035 manat məbləğində pul xx.xx.2022-ci il tarixində ödənilmişdir; - N3245 saylı ödəniş qəbzinin surətindən görünür ki, “Gloria” yataq mebeli üçün ümumilikdə 1435 manat məbləğində pul xx.xx.2022-ci il tarixində ödənilmişdir; - “Perla” Mebel Mağazasının təhvil-təslim aktının surətindən görünür ki, 1 ədəd “Ornella 3” yerli divan və 1 ədəd xalça müştəri İddiaçı xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir; - “Perla” Mebel Mağazasının təhvil-təslim aktından görünür ki, 1 ədəd masa və 4 ədəd stul müştəri İddiaçı xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. - xx.xx.2022-ci il tarixli zəmanət vərəqindən və ödəniş qəbzindən görünür ki, müştəri İddiaçı “Embawood” mebel mağazasından 266 manata televizor altlığı almışdır; - “Kontakt Home” mağazasının ********* saylı mədaxil sənədi və N51532 saylı ödəniş qəbzindən görünür ki, 1249,99 manat dəyərindəki “Toshiba GR” markalı soyuducu İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində nəğd qaydada alınmışdır; - Zəmanət talonunun surətindən görünür ki, 1129,99 manat dəyərində olan “X6” markalı qabyuyan müştəri X2 tərəfindən xx.xx.2023-cü il tarixdə nəğd şəkildə alınmışdır; - Səbail İŞ-nin icra məmuru X3, Səbail İŞ-nin icra məmuru X4, borclu Cavabdeh, tələbkar İddiaçı imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-392/2023 saylı, xx.xx.2023-cü il tairxli məhkəmə qərarının icrası ilə əlaqədar olaraq A.Məmmədov ev 55 m 19 ünvanına gəliblər. Məhkəmə qərardadında göstərilən əmlaklardan yataq mebel dəsti- 1 ədəd Şifoner, 1 ədəd Yataq 1 ədəd tumba, 1 ədəd divan, 2 ədəd xalça, 1 ədəd masa, 1 ədəd stul, 1 ədəd televizor altlığı, 2 ədəd pərdə, 2 ədəd çil-çıraq, qazan dəsti, ütü masası, paltar asılan, svitilnik, matras, paltaryuyan, qabyuyan, soyuducu siyahıya alınaraq həbs qoyuldu və həmin əşyaların evdən çıxarılması Cavabdeh qadağan olundu. Borclu tərəfindən tələbkarı mənzilə daxil olmasına şərait yaradılmadığından digər əşyaların mövcudluğunu müəyyən etmək mümkün olmadı. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh 15 yanvar 2023-cü il tarixində toy edərək faktiki nikah münasibətlərinə daxil olmuşlar. Bir müddət eyni evdə yaşadıqdan sonra aralarında olan münasibət pozulmuş, iddiaçı 2023-cü ilin iyul ayında evi tərk etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus cehiz əşyalarının cavabdehin yaşadığı mənzildə qaldığını, cavabdehin onları könüllü şəkildə təhvil verməkdən imtina etdiyini bildirərək, əşyalarının qaytarılmasını tələb edir. Cavabdeh isə həmin əşyaların bir çoxunun dəyərinin onun tərəfindən ödənildiyini bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunmalıdır ki, cehiz əşyalarının cavabdehdən alınması tələbinin maddihüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyalarının iddia etdiyi sayda, növdə və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının tələb etdiyi əmlakların cavabdehin özünün vəsaiti hesabına alındığını və ya iddiaçı tərəfindən gedərkən aparıldığını (yəni artıq özünün sahibliyində olmadığını) sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində sadalanan və qaytarılmasını tələb etdiyi cehiz əşyalarının əksəriyyətinin mövcudluğu cavabdehin izahatı və müvəqqəti təminat tədbirinin tətbiqi nəticəsində icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktla təsdiq olunur. Həmin aktla cavabdehə məxsus mənzildə iddia ərizəsində göstərilən əmlaklardan yataq mebel dəsti- 1 ədəd şifoner, 1 ədəd Yataq, 1 ədəd tumba, 1 ədəd divan, 2 ədəd xalça, 1 ədəd masa, 1 ədəd stul, 1 ədəd televizor altlığı, 2 ədəd pərdə, 2 ədəd çil-çıraq, qazan dəsti, ütü masası, paltar asılan, svitilnik, matras, paltaryuyan, qabyuyan, soyuducu siyahıya alınaraq həbs qoyulmuşdur. Həmçinin cavabdeh məhkəmə iclasında verdiyi izahatında mənzilində ütünün də olduğunu qəbul etmiş, onu iddiaçıya verəcəyini bildirmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən əşyaların cavabdehə məxsus mənzildə qaldığı sübuta yetirilmişdir. Hazırda cavabdeh tərəfindən işin mübahisələndirilən halı həmin əşyaların mövcudluğu deyil, onların dəyərinin faktiki nikah dövründə onun tərəfindən ödənilməsidir. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında və etiraz ərizəsində həmin əşyaların iddiaçı tərəfindən gətirildiyini qeyd etsə də, onların kreditlə alındığını və kredit ödənişlərinin onun tərəfindən iddiaçıya verildiyini bildirmişdir. Cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, soyuducu xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən nəğd qaydada, qabyuyan xx.xx.2023-cü il tarixində iddiaçının anası Nəsirova Şüküfə tərəfindən nəğd qaydada, paltaryuyan maşın X2 tərəfindən xx.xx.2022-ci il tarixdə, mebel, divan dəstləri iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə nəğd qaydada alınmışdır. Göründüyü kimi tələb edilən əşyalar tərəflər faktiki nikaha girməzdən əvvəl nəğd şəkildə alınmışdır. Tərəflərin faktiki nikah münasibətlərinə xx.xx.2023-cü il tarixində daxil olmaları işin mübahisələndirilməyən halıdır. Bunu cavabdeh etiraz ərizəsində də qəbul etmişdir. Yalnız qabyuyan maşın tərəflərin faktiki nikah münasibətlərində olduğu zaman alınmışdır. Həmin əşya isə ödəniş qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən deyil, iddiaçının anası X2 tərəfindən alınaraq iddiaçıya hədiyyə edilmişdir. Göründüyü kimi, cavabdeh hər ay kredit ödənişlərini iddiaçıya verdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmçinin iddiaçı həmin halı qəbul etməmişdir. Yəni cavabdeh göstərilən əşyaların birgə nikah dövründə və tərəflərin birgə vəsaiti hesabına alındığını sübuta yetirə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, birgə mülkiyyətin yaranma əsaslarından hesab olunan və dövlət tərəfindən tanınan rəsmi nikah münasibətləri hazırki iş üzrə tərəflər arasında mövcud olmamışdır. Qeyd olunmalıdır ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, cavabdehin etirazı sübuta yetirilmədiyindən əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, icra məmuru tərəfindən tərtib edilmiş aktla mənzildə mövcud olduğu müəyyən edilən və cavabdehin mövcudluğunu etiraf etdiyi, yataq mebel dəsti - 1 ədəd şifoner, 1 ədəd yataq, 1 ədəd tumba, 1 ədəd divan, 2 ədəd xalça, 1 ədəd masa, 4 ədəd stul, 1 ədəd televizor altlığı, 2 ədəd pərdə, 2 ədəd çil-çıraq, qazan dəsti, ütü masası, paltar asılan, svitilnik, matras, paltaryuyan, qabyuyan, soyuducu, həmçinin 1 ədəd ütü cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia ərizəsində tələb edilən digər əşyaların isə mövcudluğu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar üzərində faktiki sahiblikdən məhrum olması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, qanunvericiliyə əsasən iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Prosessual Məcəllənin 222.1-ci maddələrinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Əşyaların iddia ərizəsində göstərilən dəyəri ilə bağlı həmçinin qeyd edilməlidir ki, həmin məbləğlər hazırki bazar qiymətləri, ödəniş qəbzləri nəzərə alınmaqla məntiqli və ağlabatandır. Həmçinin cavabdeh əşyaların dəyərini mübahisələndirməmiş, yalnız dəyərlərinin onun tərəfindən ödənildiyinə istinad edərək iddiaya etiraz etmişdir. Bu baxımdan məhkəmə, prosessual qənaət prinsipini, əşyaların üzərinə həbs qoyulduğunu və hazırki dövrdə mövcud olduğunu nəzərə alaraq əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin qaytarmalı olduğu əşyaların dəyəri iddia ərizəsində göstərildiyi kimi müəyyən edilməlidir: 1 ədəd şifoner, 1 ədəd yataq, 1 ədəd tumba-1435 manat; 1 ədəd divan, 2 ədəd xalça-1035 manat; 1 ədəd masa, 4 ədəd stul-700 manat; 1 ədəd televizor altlığı-266 manat; 2 ədəd pərdə - 20 manat; 2 ədəd çil-çıraq 120 manat; qazan dəsti-350 manat; ütü masası-50 manat; paltar asılan-50 manat; svitilnik-45 manat; matras-299 manat; ütü-150 manat; paltaryuyan- 1470 manat; qabyuyan-1129 manat; soyuducu-1250 manat. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəyəri 1435 manat olan 1 ədəd şifoner, 1 ədəd yataq, 1 ədəd tumba; dəyəri 1035 manat olan 1 ədəd divan, 2 ədəd xalça; dəyəri 700 manat olan 1 ədəd masa, 4 ədəd stul; dəyəri 266 manat olan 1 ədəd televizor altlığı; dəyəri 20 manat olan 2 ədəd pərdə; dəyəri 120 manat olan 2 ədəd çil-çıraq; dəyəri 350 manat olan qazan dəsti; dəyəri 50 manat olan ütü masası; dəyəri 50 manat olan paltar asılan; dəyəri 45 manat olan svitilnik; dəyəri 299 manat olan matras; dəyəri 150 manat olan ütü; dəyəri 1470 manat olan paltaryuyan; dəyəri 1129 manat olan qabyuyan və dəyəri 1250 manat olan soyuducu, qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 222.1, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəyəri 1435 manat olan 1 ədəd şifoner, 1 ədəd yataq, 1 ədəd tumba; dəyəri 1035 manat olan 1 ədəd divan, 2 ədəd xalça; dəyəri 700 manat olan 1 ədəd masa, 4 ədəd stul; dəyəri 266 manat olan 1 ədəd televizor altlığı; dəyəri 20 manat olan 2 ədəd pərdə; dəyəri 120 manat olan 2 ədəd çil-çıraq; dəyəri 350 manat olan qazan dəsti; dəyəri 50 manat olan ütü masası; dəyəri 50 manat olan paltar asılan; dəyəri 45 manat olan svitilnik; dəyəri 299 manat olan matras; dəyəri 150 manat olan ütü; dəyəri 1470 manat olan paltaryuyan; dəyəri 1129 manat olan qabyuyan və dəyəri 1250 manat olan soyuducu, qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-851/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-851/2024
01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver