Məhkəmə qərarları › İş №e-2(005)-929/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-929/2024

01.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-929/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İlkin iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün tutulan aliment məbləğinin azaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün tutulan aliment məbləğinin azaldılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını azaldaraq xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin miqdarının 220 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-2663/2022 saylı, 04 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment və 300 manat miqdarında əlavə xərc Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment tələbi ilə bağlı icra sənədi İddiaçı tərəfindən tam olaraq icra edilmişdir. Hazırki vəziyyətdə Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı həddindən artıq coxdur və onu ödəmək iqtidarında deyil. Övladı xx.xx.2007-ci il təvəllüdlü X3 heç bir problem yoxdur ona əlavə xərc kimi 300 manat alimentin müəyyən edilməsi doğru deyildir. Hesab edir ki, hazırki vəziyyətdə müəyyən edilmiş alimentin həcmi azaldılaraq ölkə üzrə müəyyən edilmiş 220 manat məbləğində aliment müəyyən edilməlidir. Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməməsi; Birgə nikahdan dünyaya gəlmiş övladı X2 üçün alimentin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində aliment və 835 manat miqdarında əlavə xərclərin Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, hazırda qüvvədə olan Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 saylı qətnaməsinə əsasən birgə nikahdan dünyaya gəlmiş övladı üçün alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment və 300 manat miqdarında əlavə xərcin Cavabdeh ödənilməsi qət edilmişdir. Hal-hazırda qüvvədə olan aliment miqdarı və əlavə xərclər uşağın saxlanması üçün kifayət etmir. Həmçinin, 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə, sonuncu qətnamənin qəbul edildiyi 2022-ci ildən bugünə qədər keçən müddət ərzində uşağın saxlanması üçün sərf edilən əlavə xərclər də artmışdır. Belə ki, hazırki ərizəyə əlavə edilən "X20’’ tərəfindən verilən arayışa əsasən təsdiq edilir ki, birgə nikahdan dünyaya gələn övladı X11 01,10.2023-cü il tarixdən təsviri incəsənət studiyasında (ödəniş 70 manat aylıq) və rəqs studiyasında (ödəniş 60 manat aylıq) tədris kursu keçir. Hazırki ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən təsdiq edilir ki, X11 “X24 klubu”nda şahmat dərslərində iştirak edir və aylıq ödənişi 60 manat təşkil edir. Həmçinin, hazırki ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən təsdiq edilir ki, X11 “X24 klubu"nda məktəb dərslərinin hazırlığı kursuna gedir və aylıq ödənişi 200 manat təşkil edir. Bundan əlavə, hazırki ərizəyə əlavə edilən sürücülük xidmətlərinin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən təsdiq edilir ki, övladının hazırlıq, şahmat rəqs, gimnastika kimi dərslərə gedibgələ bilməsi üçün aylıq ödənişi 700 manat təşkil edən sürücülük xidmətindən istifadə edilir. Həmçinin Cavabdeh işlədiyi görə qızının evdə tək başına qalmaması üçün, məktəbdən götürüb, evə gətirib, yeməyini yedizdirib əlavə məşğələlərə yalnız getməməsi üçün dayə üçün də 400 manat ödəniş edir. Bundan əlavə, gimnastika və ingilis dili üçün də əlavə məşğələyə də qoymuşdur. Gimnastika aylıq 80 manat, ingilis dili isə aylıq 100 manat təşkil edir. Göründüyü kimi, birgə nikahdan dünyaya gəlmiş X5 aylıq əlavə xərcləri (70+60+60+200+700+400+80+100) 1670 manat təşkil edir. Bu səbəbdən həmin xərclərin yarısı, 835 manat məbləğində pul cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Həmçinin, aylıq ödənilən aliment məbləği 193 manatdan artırılaraq, 235 manat məbləğində müəyyən edilməlidir. İlk iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi qanunsuz və əsassız olduğundan etiraz etməklə qəbul etmir. Onun uşağın əlavə xərclərdəki hərəkətləri onun şəxsi mülahizələrinə əsaslanır. Belə ki, Azərbaycan Respublikasına təhsil icbaridir, dövlət siyasəti olaraq məktəblərdə həyata keçirilir və pulsuzdur. Orta təhsilin alınmasında heç bir xüsusi xərc tələbi yoxdur. Qarşılıqlı iddiadan görünür ki, Cavabdeh uşağı təhsildən yayındırmaqla əlavə xərclərlə bağlı sənədlər toplamaq yolu ilə İddiaçı qanunsuz şəkildə pul almaq niyyətindədir. İddiaçı azyaşlı övladının sürücüsü üçün xüsusi olaraq pul ödəmək məcburiyyətində deyil. Cavabdeh məhkəməni çaşdırmaq yolu ilə düzgün olmayan sənədlərlə pul əldə etmək fikrindədir. Bu qəbul edilməz haldır. İddiaçı onunla nikahı mövcud deyildir, o hər an hər hansı bir qərar qəbul edirsə həmin qərarın icrasında İddiaçı iştirak etmək məcburiyyətində deyil və İddiaçı bu şəxsi qərarların icrasına heç bir şəxs və ya orqan məcbur edə bilməz. 2024-cü il üçün ölkə üzrə alimentin miqdarı 235 manat müəyyən edilmişdir. İddiaçı hazırki vaxta Cavabdeh uşağın saxlanması üçün aliment borcu yoxdur. Baxmayaraq ki, əlavə xərc kimi müəyyən edilmiş 300 manat məbləğ belə İddiaçı tərəfindən mülkiyyətində olan mənzilin satılması hesabına bağlanmış və hal-hazırda evsiz qalmışdır. Daha sonra qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur ki, azyaşlı övladı X20ndə təsviri incəsənət kursu, Ağ top kursunda şahmat dərsi keçməklə onlara görə müəyyən xərclər ödənilir ki, qeyd olunan bütün təhsil və əlavə təhsil xidmətləri ümumi orta təhsil məktəblərində məktəblilərə keçirilməkdədir. Cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsindən belə məlum olur ki, sanki Azərbaycan Respublikası ərazisindən orta təhsil səviyyəli məktəblər mövcud deyildir. Bütün azyaşlı uşaqların hər biri onun müəyyən etdiyi qarşılıqlı iddiada iddia etdiyi məbləğlərdə təlim-tədris prosesi qəbul edir. Təbii ki, bu məsələlər Cavabdeh işə bur tərzdə yanaşdığı kimi deyil təhsil haqqında və sair normativ hüquqi aktlarla tənzimlənən bir prosesdir. Belə ki, azyaşlı uşağın fiziki və psixoloji sağlamlığını qorumaq məqsədi ilə uşağın əlavə tədris və sair proqramlarla yüklənməsi doğru hal deyildir. İşdən və məhkəməyə cavabdeh, qarşılıqlı iddiaçı tərəfindən təqdim edilən qarşılıqlı iddiadan və sair sənədlərdən mübahisəsiz qaydada görünür ki, cavabdeh, qarşılıqlı iddiaçı bu və ya digər mənada İddiaçı hansı yolla olursa olsun fərq etməz əlavə pul almaq fikrindədir ki, bu hal qəbul edilməz və bunun qəbulu üçün də hüquqi əsaslar yoxdur. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilk iddia ərizəsinə uyğun izahat verərək uşaqla ünsiyyət olmasına ilk iddia üzrə cavabdeh tərəfindən maneələr yaradıldığını, tərəflərin birgə nikahından olan uşağın sağlamlığında hər hansı problem olmadığını, uşağın saxlanılması üçün hər ay ondan tutulan cəmi 493 manat pul məbləğini ödəmək imkanı olmadığı səbəbindən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 193 manat aliment məbləğini ödəsə də, uşağın müalicəsi üçün tutulan 300 manat əlavə xərc məbləğini ödəmək iqdarında olmadığını bildirdi və uşağa görə cəmi 220 manat aliment tutulmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin hazırki ildə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində təyin edilməsini və uşağın xərclərin artması səbəbindən cavabdehdən tutulan əlavə xərc məbləğinin də artırılmasını xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2663/2021 saylı qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 175 manat miqdarında aliment tutularaq X12 verilməsi qət edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(006)-2663/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment və 300 manat miqdarında əlavə xərcin Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh və X15 arasında bağlanmış xx.xx.2023-cü il tarixli sürücülük xidmətlərinin göstərilməsi haqqında müqavilədən müəyyən olunur ki, “icraçı” X15 “Sifarişçi” Cavabdeh müəyyən etdiyi uşağı məktəbdən götürmək, gəzməyə aparmaq, yeməyini hazırlamaq və yedizdirmək, dərslərini təkrarlatmaq, uşağın əlavə məşğələlərinə aparmaq və digər xidmətləri həyata keçirmək və s. vəzifələri, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Cavabdeh və X7 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış dayə xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, “icraçı” X7 “Sifarişçi” Cavabdeh müəyyən etdiyi uşağı məktəbdən götürmək, gəzməyə aparmaq, yeməyini hazırlamaq və yedizdirmək, dərslərini təkrarlatmaq, uşağın əlavə məşğələlərinə aparmaq və digər xidmətləri həyata keçirmək və s. vəzifələri, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini ödəmək vəzifəsini yerinə yetirməyi öhdəsinə götürmüşdür. “X20” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 39 nömrəli arayışda qeyd olunur ki, X11 xx.xx.2023-cü il tarixdən təsviri incəsənət studiyasında (ödəniş hər ay 70 manat) və rəqs studiyasında (ödəniş hər ay 60 manat) tədris kursu keçir. xx.xx.2023-cü il tarixli, 88 saylı müqavilədən görünür ki, “X24 Klubu” valideynin müraciəti əsasında X8 şahmat dərsinə qəbul etmək, həftədə 2 dəfə 3 saat, 4 həftə ərzində 8 dərs 12 saat dərs keçməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə aylıq ödəniş 60 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: xx.xx.2007-ci il təvəllüdlü X4 Fəxri İlqar oğlu və Cavabdeh birgə nikahından doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2663/2021 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 175 manat miqdarında aliment tutularaq X12 verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə isə alimentin miqdarı dəyişdirilmiş, cavabdeh İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment və 300 manat miqdarında əlavə xərcin Cavabdeh ödənilməsi qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələblərini özünün maddi vəziyyətinin aliment məbləğini ödəməyə imkan verməməsi və uşağın doğuşdan ürəyində bəzi problemlər olsa da, bunun doğulan bir çox uşaqlarda rast gələninən hal olduğunu və bir müddət sonra bu problemin müalicəyə ehtiyac olmadan aradan qalxdığını, uşaq onunla yaşadığı vaxtda tam sağlam olması ilə əsaslandırır. Məhkəmə ilk iddia üzrə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda baxılan iş üzrə tərəflərin rəsmi nikah münasibətlərində olması, onların nikahından xx.xx.2007-ci il təvəllüdlü X6 doğulması, sonradan tərəflərin nikahının pozulması və uşağın Cavabdeh himayəsində saxlanılması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən yenidən araşdırılmır. Həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən uşağa görə İddiaçı əlavə xərclərin də tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanunun mənasına görə valideynin əlavə xərclərə cəlb olunması dedikdə, bütün müalicə xərclərinin əlavə xərclərə cəlb olunmalı olan valideyndən tutulması deyil, həmin valideyndən əlavə xərcin müəyyən hissəsinin tutulması nəzərdə tutulur. Göründüyü kimi sözügedən qətnamə ilə İddiaçı uşağa görə gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilmişdir. Lakin İddiaçı ilk iddia tələblərini uşağın ümumiyyətlə xəstə olmaması ilə əsaslandırır, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə görə qətnamə qəbul olunan zaman xx.xx.2007-ci il təvəllüdlü X1 olan problemlə əlaqədar əlavə xərclərin tutulmasına zərurət olması müəyyən edilmişdir. Belə olan halda İddiaçı uşağın heç vaxt ağır xəstə olmaması və buna görə əlavə xərclərin tutulması barədə mülahizələri əsassızdır. Belə ki o qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə məhkəmənin gəlmiş olduğu nəticəsini mübahisələndirir. Məhkəmə maddi vəziyyətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə müəyyən olunan əlavə xərcləri ödəməyə imkanı olmaması ilə bağlı İddiaçı iddiasına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarinın 8.2-ci bəndinə əssən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması ilə bağlə daha artıq vəsait sərf etməsi müəyyən edilmədiyindən, eyni zamanda həmin xərcdən tam azad olunma və ya azaldılması uşağın mənafeyinə və “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipininə zidd olduğundan ilk iddia rədd və qarşlıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, qarşılıqlı iddiaçı cavabdehdən uşağın saxlanılması üçün 235 manat alimentin tutulmasını tələb etməklə, hüquqi nəticə etibarı ilə həmin uşağın saxlanılması üçün cavabdehdən artıq məhkəmə qaydasında tutulmuş aliment məbləğinin dəyişdirilməsini (artırılmasını) tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki bu hissədə qarşılıqlı iddia tələbi “müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi” tələbi kimi qiymətləndirilməli və məhz bu tələbə hüquqi qiymət verilməlidir. Məhkəmə məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı Cavabdeh iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, qarşılıqlı iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tutulan 193 manat sabit pul məbləği dəyişdirilməli, həmin məbləğ 235 manat müəyyən edilməlidir. İlk iddiaçının «alimentin azaldılması və ya əlavə xərclərin çəkilməsindən azad olunması» ilə bağlı tələbi təmin oluna bilməz, belə ki, ilk iddiaçı maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olması və ya özünün əmək qabiliyyətinin olmaması, uşağın əvvəllər çəkilmiş xərclərinə artıq ehtiyacın olmamasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sübutlarla əsaslandırmağı halda İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə təyin olunan əlavə xərc məbləğinin ödənilməsinə maddi imkanın olmaması barədə formal mülahizələri əsasında onun uşağa görə tutulan əlavə xərclərdən azad edilməsi yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbləri əsaslandlırılmamışdır, bu tələblərin qanuni əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir, buna görə də İddiaçı Cavabdeh qarşı “uşağın saxlanılması üçün tutulan əlavə xərclərdən azad edilmə” tələbinə dair ilk iddiası təmin edilə bilməz. Məhkəmə xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan aliment məbləğinin artırılmasına dair qarşılıqlı iddia ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X9 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcud olan “istehlak qiymətləri indeksinin hesablamasına dair” kalkulyatoru vasitəsilə hazırki iş üzrə alimentin məbləğinin müəyyən edildiyi dövr (2022-ci ilin iyul ayı) ilə 2024-cü ilin fevral ayının istehlak qiymətləri indeksini müqayisə etdikdə aydın olur ki, bu zaman kəsiyi ərzində respublika üzrə qiymətlərin səviyyəsi 11.4 faiz artmışdır. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə uşağa görə tutulan alimentin məbləği 193 manat müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan aliment məbləğinin artırılması hissəsində dair qarşılıqlı iddia qanuni və əsaslıdır və bu hissədə təmin edilməlidir. Məhkəmə xx.xx.2007-ci il təvəllüdlü X10 görə tutulan əlavə xяrc məbləğinin artırılması hissəsində qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Cavabdeh əlavə xərcin tutulmasına dair iddiasını uşağın incəsənət studiyasında, rəqs studiyasında və ingilis dili ilə bağlı ödənişli tədris kursu keçməsi, “X24 klubu”nda ödənişli şahmat dərslərində iştirak etməsi, gimnastika ilə məşğul olması və uşağa ödənişli sürücülük, həmçinin dayə xidmətlərinin göstərilməsi ilə əsaslandırır. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd olunur ki, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Qərarda o da qeyd olunur ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə qeyd edilən hissədə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında ümumi orta təhsildən başqa təhsilin digər pillə və səviyyələri icbari xarakter daşımır. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsil seçim xüsusiyyətinə malikdir. Əlavə və ya peşə təhsili, eləcə də ali təhsil daha çox fərdin maddi vəziyyəti ilə bağlıdır. Valideynlər ümumi orta təhsil istisna olmaqla uşağın təhsilin digər pillə və səviyyələrində təhsil almasını təmin etməyə borclu deyildir. Ümumi orta təhsil istisna olmaqla uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bu səbəbdən də İddiaçı tutulan əlavə xərc məbləğinin artırılması üçün qanuni əsaslar mövcud deyil və qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə qarşılıqlı iddianın qismən, tutulan aliment məbləğinin artırılması hissəsində təmin edilməsi və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 112.1-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun : 8.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği iddia qiyməti 1.000 manatadək olduqda 30 manat təşkil edir. Məhkəmə onu da qeyd edir ki, artırılan alimentin bir illik məbləği 504 manat olduğundan, ödənilməli dövlət rüsumun məbləği 30 manat təşkil edir. İddiaçı bu məbləği ödəməkdən azad edildiyindən rüsumun məbləği cavabdehdən dövlət büdcəsi üçün tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2624/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı tutulan alimentin miqdarı artırılaraq İddiaçı hər ay 235 manat sabit pul məbləğində aliment, qətnamə ilə müəyyən edilən 300 manat miqdarında əlavə xərc olduğu kimi saxlanılmaqla, yəni 235+300 manat= cəmi 535 manat tutularaq Cavabdeh ödənilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumun məbləği olan 30 manat pul cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar