Məhkəmə qərarları › İş №e-2(005)-99/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-99/2025

16.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-99/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqının və gecikdirilmiş əmək haqqına görə ödəncin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqının və gecikdirilmiş əmək haqqına görə ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 2021-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün hər ay 3.412 manat olmaqla, cəmi 17.060 manat məbləğində əmək haqqının, işlədiyi müddət ərzində cavabdeh tərəfindən əmək haqqının ödənilməsində onun təqsiri üzündən gecikmələrin baş verməsinə görə cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.412 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 34,12 manat ödəncin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə xxxxxxx000400 nömrəli əmək müaviləsi bağlayaraq aylıq əmək haqqı 3.412 manat olmaqla, mühəndis laboratant vəzifəsində işə başlamışdır. Cavabdeh şirkətlə arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) xitam verilmişdir. Lakin işdən azad olunana qədər yəni 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qədər müqavilə üzrə aylıq 3.412 manat əmək haqqını almamışdır. Bununla bağlı şirkətdə işləyən işçilərin əmək haqqısı ilə bağlı məsələləri həll edən şirkətin işçisi Orxan adlı şəxslə dəfələrlə əlaqə saxlamış, ondan şirkət tərəfindən ödənilməmiş əmək haqqının iddiaçıya məxsus karta vurulmasını xahiş etmiş, o, isə hər dəfə gərək pul olsun ki, vurum karta da deyə cavablandırmış və işdən çıxanlara hələlik pulun ayrılmadığını yalnız işləyənlərə hələlik bir ay verildiyini bildirmişdir. Bəzən də, türklərin pulu hesaba oturmadığını bu səbəbdən də əmək haqqını hələlik karta vura bilməyəcəyini, pul olduğu təqdirdə dərhal əmək haqqını karta vuracağı barədə iddiaçıya vatsaap yazışmalarında vəd etmişdir. Başqalarına əmək haqqının vurulması barədə ona irad bildirəndə iddiaçını hər dəfə arxayın etmişdir ki, gələn ay gah 400 manat, gah da 600 manat karta əmək haqqını ödəyəcəyini vəd etmişdir. Bütün bunlar onun şirkətin işçisi Orxanla vatsaap yazışmaları ilə təsdiq edilir. Beləliklə, işdən azad olunan zaman cavabdeh şirkət tərəfindən ona bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməmişdir. Yalnız sonuncu dəfə olaraq şirkət Azərbaycan Beynəlxalq Bankından 04 avqust 2023-cü il tarixdə ödənilməyən əmək haqqından 500 manat iddiaçıya məxsus karta ödəniş etmişdir. 6 saylı Vəkil Bürosu tərəfindən "xxxx" ASC-nə 18 sentyabr 2023-cü il tarixli sorğu əsasında şirkətlə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış xxxxxxx000400 nömrəli əmək müaviləsini, işdən azad olunma barədə əmr və işdən azad olunduqdan sonra cəmiyyətin iddiaçıya son haqq hesab olaraq ödənilməmiş (faktiki işlədiyi günlər və aylar göstərilməklə) məbləğ barədə arayış verilməsi barədə sorğu ünvanlansa da, bu barədə heç bir sənəd və arayış verilməmiş, sorğu cavablandırılmamışdır. Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən cavabdehə bidiriş göndərilsə də, Mediasiya Sessyasında iştirak etməmiş, bununla bağlı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Göründüyü kimi, cavabdeh şirkət iddiaçıya 2021-ci ildə 5 ay sentyabr, oktyabr, noyabr və dekabr aylarının əmək haqqını ödəməmişdir. 5 ay ödənilməyən əmək haqqı 3.412x5=17.060 manat təşkil edir. Eyni zamanda da cavabdeh şirkətin təqsiri üzündən əmək haqqının verilməsi gecikdirildiyinə görə hər gecikdirimiş gün üçün əmək haqqının 1% məbləğində ödənc ona ödənilməlidir. 2021-ci ildə Vİİİ, İX, X, Xİ, Xİİ ayları, 5 ay X30 gün=150 gün, 2022-ci ilin yanvarın 19-da işdən azad olunmuşdur – 19 gün, 2022-ci ildə İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ ayları–11 x 30 gün=330 gün, 2023-cü ildə İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ Xİİ ayları, 12x30=360 gün, cəmi:150+19+330+360=859 gün təşkil edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 12.060 manat məbləğində əmək haqqının, işlədiyi müddət ərzində ödənilməsində cavabdehin təqsiri üzündən gecikmələrin baş verməsinə görə 05 sentyabr 2021-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.412 manat məbləğində əmək haqqının 1%-i məbləğində günlük 34.12 manat hesablanmaqla, ödənişin "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 2021-ci ilin sentyabr və oktyabr ayları üzrə 3.412 manat əmək haqqının tam məbləğdə ödənilmədiyini, noyabr və dekabr aylarında isə yalnız müəyyən hissəsinin (xx.xx.2021-ci ildə 1000 manat, xx.xx.2021-ci ildə 500 manat) ödənildiyini nəzərə alaraq, həmin aylar üçün ödənilməyən əmək haqqının və gecikmə kompensasiyasının hesablanaraq cavabdehdən tutulması, 2022-ci ilin yanvar ayından etibarən əmək müqaviləsinə xitam verilən tarixədək tam məbləğdə əmək haqqının ödənilmədiyini və həmin məbləğin gecikdirilməsi nəticəsində yaranmış kompensasiyanın hesablanaraq cavabdehdən tutulması, 2022-ci ilin fevral ayından etibarən əmək haqqının və gecikmə kompensasiyasının ödənilmədiyini və bu ödənişlərin yalnız 2023 və 2024-cü illərdə hissə-hissə xx.xx.2023-500 manat, xx.xx.2023 -500 manat, xx.xx.2023-500 manat, xx.xx.2024-5000 manat ödənildiyini nəzərə alaraq, hər ay üzrə ödənilməyən əmək haqqının və müvafiq kompensasiyanın hesablanaraq cavabdehdən tutulmasını; 2023-cü ilin avqust, sentyabr və oktyabr aylarında qismən ödənişlər edildiyini, lakin tam ödənilmədiyini, bu səbəbdən həmin aylar üzrə çatışmayan əmək haqqının və gecikmə kompensasiyasının cavabdehdən tutulması, 2024-cü ilin noyabr ayında qismən ödəniş edildiyini, lakin tam məbləğin ödənilmədiyini nəzərə alaraq, həmin ay və ondan sonrakı dövr üçün gecikdirilmiş əmək haqqının və kompensasiyanın cavabdehdən tutulması, ödənilməmiş əmək haqqı və kompensasiyanın cavabdehdən tutularaq tam şəkildə ödənildiyi günədək hər gecikdirilmiş gün üçün qanunvericilikdə nəzərdə tutulmuş 1% həcmində kompensasiyanın hesablanması və cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin xahiş edirəm hissəsində dəqiqləşdirərək məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilən tarixədək ödənilməmiş 10.766 manat əmək haqqının və ödənilməmiş əmək haqqının verilməsi gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənişin məhkəmə qətnaməsi icra olunan günədək cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2021-ci il tarixli əmək müqaviləsini göstərir. Lakin qeyd edilən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Beləliklə də iddiaçı 1 illik iddia müddətini buraxmışdır. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Buna görə də xahiş etmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək, izahatında göstərmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdeh ASC-də mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya veriləcək məbləğ vergilər çıxıldıqdan sonra 3.412 manat olmalı idi. Lakin iddiaçı işlədiyi dövrdə əmək haqqını vaxtında almamışdır. İddiaçı ümumilikdə 5 ay 14 gün cavabdeh ASC-də işləmişdir. 2023 və 2024-cü illərdə cavabdeh tərəfindən hissə-hissə olmaqla, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 5.000 manat ödənilmişdir. Ödənilməyən əmək haqqı 10.766 manat təşkil edir. Odur ki, cavabdehdən ödənilməyən əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla, pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinin çıxarışından görünür ki, İddiaçı xx.xx.2021-ci tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində (VÖEN **********) mühəndis laboratoriya vəzifəsində işləmiş və əmək haqqısı 3,412 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı məxsus hesaba ödənilmiş əmək haqqı barədə bank hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci ildə 1.000 manat, xx.xx.2021-ci ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat və xx.xx.2024-cü ildə 5.000 manat əmək haqqı ödənişləri olmaqla, ümumilikdə 8.000 manat ödəniş edilmişdir. İş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (ims) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, "xxxx" ASC isə mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mühəndis vəzifəsində işləmiş və aylıq əmək haqqı 3.412 manat təşkil etmişdir. İddiaçı işlədiyi dövrdə və işdən çıxarıldıqdan sonra əmək haqqını ala bilmədiyi üçün hazırda ona ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirildiyi gündən ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.412 manat məbləğində əmək haqqının 1%-i məbləğində ödəncin cavabdehdən tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, iddianı qəbul etməsi və ya iddiaya etiraz etməsi barədə məhkəməyə hər hansı yazılı münasibət bildirməmişdir. Cavabdeh yalnız xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddia tələbləri üzrə iddia müddətinin ötməsi səbəbindən iddianın təmin edilməməsini xahiş etməklə kifayətlənmişdir. Mövcud işin hallarına və cavabdehin göstərilən ərizəsinə əsasən, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh ASC-də iddia etdiyi müddətdə işləməsi, onun aylıq əmək haqqının 3.412 manat olması və ona əmək haqqı ödənişlərinin edilməsinin gecikdirilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157.1-ci maddəsinə əsasən, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Belə olan halda hazırki mülki iş üzrə iddia tələbinin dəlillərinin əksini sübutetmə cavabdehin üzərinə düşür. Hazırki iş materiallarından göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən 2021- 2024-cü illər ərzində müxtəlif vaxtlarda 500, 1.000 manat civarında olmaqla, cəmi 8.000 manat əmək haqqı ödənişi edilmişdir. Belə ki, iddiaçının cavabdeh ASC-də işlədiyi 5 ay 14 gün üçün ümumilikdə almalı olduğu əmək haqqının məbləği isə cəmi 18.776 manat (3.412x5=17.060 manat, yarım ay üçün 3.412/2=1.706 manat, cəmi 18.766 manat) olmalı idi. Əmək haqqının ödənilməməsi barədə iddiaçının iddiasına qarşı bu halı təkzib edən hər hansı mötəbər sübutlar mövcud deyil, o cümlədən cavabdeh tərəfindən iddiaçıya müvafiq qaydada əmək haqqı hesablanaraq ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bunun əksi olaraq iddiaçı tərəfindən məhkəməyə əmək haqqı hesabının bank çıxarışı təqdim olunmuşdur. Həmin bank çıxarışından müəyyən edilir ki, 2021,2023, 2024-cü illərdə müxtəlif tarixlərdə, sonuncusu xx.xx.2024-cü il tarixdə hazırkı iddiaya baxılan dövrdə 5.000 manat olmaqla, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 8.000 manat əmək haqqı ödənişi edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı yuxarıda sadalanan işin hallarına, mövcud qanunvericiliyin tələblərinə və iddiaçının işlədiyi dövr üçün əmək haqqı almaqla bağlı konstutision hüququna əsasən, ona ödənilməmiş 10.776 manat məbləğində əmək haqqı ödənişi cavabdehdən onun xeyrinə tutulmalıdır. Beləliklə, göstərilən hissədə iddia tələbi təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən maddələrinin tələblərini pozmaqla, orada mühəndis vəzifəsində çalışmış İddiaçı əmək haqqını verməkdə gecikdirmələr edərək, ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla əmək haqqı ödənişləri etmişdir. Məhkəmə araşdırılması zamanı isə əmək haqqı ödənişinin gecikdirilməsinin konkret hansı dövrü əhatə etməsini cavabdehin iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə maneçiliyi səbəbindən müəyyən etmək mümkün olmamışdır. MPM-in 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Əmək Məcəlləsinin 301-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, əmək haqqının gecikdirilməsinə görə verilməli olan ödənc sonuncu əmək haqqı ödənildiyi xx.xx.2024-cü il tarixindən (həmin vaxta ödənilməmiş əmək haqqı 10766 manat təşkil edirdi) başlayaraq, qətnamənin icra ediləcəyi günədək hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməklə, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının hazırkı ərizəsinə qiymət verərək, hesab edir ki, həmin ərizə əsassızdır. Belə ki, cavabdeh sonuncu dəfə xx.xx.2024-cü ildə olmaqla bir neçə dəfə iddiaçının ödənilməyən əmək haqqını onun hesabına ödəmişdir. Yəni iddia müddətinin axımı cavabdehin hər dəfə öhdəliyini icra etdiyi zaman yenidən başlamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblər üzrə iddia müddətini ötürməmişdir. Məhkəmə həmçinin mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hesab edir ki, iddiaçının tələbləri təmin edildiyindən, iş üzrə ödənilməli olan məhkəmə xərcinə daxil olan 122,3 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən ödənilməmiş 10.766 (on min yeddi yüz altmış altı) manat məbləğində əmək haqqı və xx.xx.2024-cü il tarixdən başlayaraq qətnamənin icra ediləcəyi günədək hər gecikdirilmiş gün üçün ödənilməmiş 10.766 manat əmək haqqının 1 %-i məbləğində ödənc İddiaçı ödənilsin. İş üzrə məhkəmə xərcinə daxil olan 122,3 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar