Məhkəmə qərarları › İş №e-2(006)-1010/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1010/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1010/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “aliment ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 dekabr 2010-cu il tarixdə anadan olmuş X2, 07 noyabr 2012-ci il tarixdə anadan olmuş X4 və 01 noyabr 2018-ci il tarixdə anadan olmuş X5 adlı 3 uşağın saxlanılması üçün 3 uşağa görə cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək onunla İddiaçı arasında bağlanmış 08 noyabr 2008-ci il tarixli nikah qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1010/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın ləğvi” tələbinin ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı 08 noyabr 2008-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində 411293 nömrəli qeyd ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan 16 dekabr 2010-cü il tarixdə X2, 07 noyabr 2012-cü il tarixdə X4 və 01 noyabr 2018-ci il tarixdə X8 adlı - 3 uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra birgə təsərrüfatları idarə etməyə çalışmış, bu dövr ərzində cavabdeh işdən sonra və asudə vaxtlarında ona və uşaqlara kifayət qədər diqqət göstərməmiş və yalnız özünün evdən kənar yerlərdə yeyibiçməklə gündəlik istirahətinin təmin olunması ilə məşğul olmuş, lakin iddiaçı ailəsinin qorunması məqsədilə və uşaqlarının xatirinə bütün bunlara dözmüşdür. Bununla yanaşı, cavabdeh özünün əmək haqqına uyğun olaraq uşaqlarının saxlanması xərclərini kifayət qədər ödənilməsini təmin etməmiş və ona görə də bu xərclərin ödənilməsini təkbaşına təmin edə bilməz. Belə olan halda uşaqları saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Bütün bunlara əsasən hesab edir ki, uşaqlarının mənafeyi nəzərə alınaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Cavabdeh Azərbaycan Respublikası baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsində işləyir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Lakin, Cavabdeh mediasiya prosesindən imtina etdiyinə görə mediasiya prosesinə xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və yüksək məbləğdə əmək haqqı alır. Əlavə olaraq, Cavabdeh 16 iyul 2018-ci il tarixində "xxxx" MTK ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə inşa edilən 2-ci bina, 2-ci blok, 5-ci mərtəbə, 37 №-li, 1 otaqlı 40,06 kv.m. ümumi sahəsi olan mənzilin alınması ilə bağlı payçı müqaviləsi bağlamış və bunun üçün hər ay müvafiq məbləğdə pul ödəyir. Bundan başqa, Cavabdeh ilə Azərbaycan Beynəlxalq Bankı arasında bağlanmış kredit müqaviləsinə əsasən hər ay Azərbaycan Beynəlxalq Bankına kredit ödəyir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli Qərarına əsasən, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qazancının yarısı miqdarında aliment tələbi cavabdehin mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Cavabdeh uşaqlarının saxlanılması üçün hər ay 1000 (min) manat məbləğində aliment ödəməyə hazırdır. Qeyd edilənləri nəzərə alaraq iddaçı İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddiası üzrə 16 dekabr 2010-cü il tarixdə anadan olmuş X2, 07 noyabr 2012-cü il tarixdə anadan olmuş X4 və 01 noyabr 2018-ci il tarixdə anadan olmuş X5 adlı 3 (üç) uşağın saxlanması üçün 1000 (min) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 08 noyabr 2008-ci il tarixli, AZ-İ № 411293 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə Rüstəmova (Azadəliyeva) Yeganə Tağı qızı xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 715 nömrə ilə nikah qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Azadəliyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 01 aprel 2011-ci il tarixli, AZ-İİ № 639352 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 30 noyabr 2012-ci il tarixli, AZ-İİ № 992755 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 23 yanvar 2019-cu il tarixli, AZ-İV № 235117 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan 09 dekabr 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:00-dan 11:30-dək keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, lakin İddiaçı iştirak etmiş və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator:Z.Mirzəbəyov). Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən 08 fevral 2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı 16 avqust 2021-ci il tarixindən "xxxx" MMC-də “Sənədləşmə üzrə mütəxəssis” vəzifəsində çalışır. A.Yeganənin xalis aylıq əmək haqqı məbləği 800 (səkkiz yüz) manat təşkil edir. Layihənin bitimi ilə əlaqədar olaraq A.Yeganənin əmək müqaviləsi 28 fevral 2023cü il tarixinədək uzadılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğundan verilən 01 mart 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Cavabdeh həqiqətən 2007-ci ildən prokurorluq orqanlarında işləyir və aylıq vəzifə maaşı 1615 manat, xidmət ilinə görə 726.75 manat, rütbəyə görə 134 manat, vəzifə maaşına əlavə 2018.75 manat, cəmi hesablanmış məbləğ 4494.50 (1615+726.75+134+2018.75=4494.50) manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Əsas kredit razılaşmasına əsasən Cavabdeh "xxxx" ASC-dən 120 ay müddətinə, illik 29% dərəcəsilə 50.000 (əlli min) manat məbləğində kredit götürmüşdür. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 08 noyabr 2008-ci il tarixdə birgə nikaha daxil olmuş, birgə nikahdan üç övladları - 16 dekabr 2010-cu il təvəllüdlü X2, 07 noyabr 2012-ci il təvəllüdlü X4 və 01 noyabr 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Sonradan tərəflərin münasibətləri pozulmuş və onlar ayrı yaşamışlar, Cavabdeh iddiaçı ilə boşanmaqçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı birgə nikahdan doğulmuş 16 dekabr 2010-cu il təvəllüdlü X2, 07 noyabr 2012-ci il təvəllüdlü X4 və 01 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Cavabdeh həqiqətən 2007-ci ildən prokurorluq orqanlarında işləyir və aylıq vəzifə maaşı 1615 manat, xidmət ilinə görə 726.75 manat, rütbəyə görə 134 manat, vəzifə maaşına əlavə 2018.75 manat, cəmi hesablanmış məbləğ 4494.50 (1615+726.75+134+2018.75=4494.50) manat təşkil edir. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarına əsasən, eyni zamanda uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını zəruriliyini və cavabdehin aylıq qazanca malik olmasını nəzərə alaraq alimentin tutulmasını məqsədəmüvafiq hesab edir və belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 16 dekabr 2010-cu il təvəllüdlü X2, 07 noyabr 2012-ci il təvəllüdlü X4 və 01 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment alınaraq iddiaçıya ödənilməlidir. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 09 yanvar 2023-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalı və aliment dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Aliment dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar