Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1024/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi və cavabdehin üzərinə öhdəliyin qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi və cavabdehin üzərinə öhdəliyin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulan mənəvi zərərə görə 6.000 manat və ödənilən dövlət rüsumuna görə 80 manat olmaqla, cəmi 6.080 manat pul vəsaitinin tutulub onun xeyrinə ödənilməsi və cavabdehin üzərinə mənzilinə qarşı qanunsuz əməlinin dayandırması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1952-ci il təvəllüdlü olmaqla, fizika-riyaziyyat elmləri doktoru, dosent, baş elmi işçi kimi daim cəmiyyətin parlaq və ziyalı gələcəyi üçün ömrünü elmi fəaliyyətə həsr etmiş, bu yolda saçlarını ağartmışdır. Hazırda da bu fəaliyyətini yüksək peşəkarlıqla davam etdirərək, öz töhvəsini əsirgəmir. Bu elmi fəaliyyəti ilə yanaşı, o, həm də bir təbiətsevər kimi daima çalışır ki, bacardığı qədər onun qayğısına qalsın. Belə ki, mənzilinin (rəsmi nikahından sonra birgə mülkiyyət əsasında) yerləşdiyi binada, çöl göyərçinlərini bəzən qidalandırmaq məqsədilə öz eyvanının döşəməsinə dən-buğda səpir. Bu xeyirxah əməlinə qarşı isə yaşadığı binaya qonşu olan binanın üst mərtəbəsində yaşayan, Cavabdeh onu təhdid edərək, göyərçinlərə qida verməsinə son qoymağı kobud şəkildə tələb edirdi. Səbəb kimi də həmin göyərçinlərin qidalandıqdan sonra uçub onun eyvanını kirlətməsi gətirilirdi. O isə burada qeyri-qanuni bir əməl etmədiyini, yalnız öz mənzilinin eyvanından kənara çıxmamaq şərtilə döşəməsinə dən-buğda səpdiyini və buna da onun konstitusion hüququnun olduğunu cavabdehə izah etmişdir. Bundan əlavə həmin şəxsə onu da izah etmişdir ki, onların binası köhnə bina olduğundan orada əvvəldən də göyərçinlər məskən salmışlar və göyərçinlərə qida verməsə belə, təbii və instiktiv olaraq heç bir insan təsiri olmadan belə istədikləri məkana qona bilərlər. Həmin qadın onun cavabının əvəzində onu təhdid edərək, bu əməlinə son qoymayacağı təqdirdə əvəzini çıxacağını bildirmişdir. O isə bir ziyalı elm xadimi kimi burada heç bir qeyri-qanuni hərəkət etmədiyini anlayaraq və qarşı tərəfin də öz növbəsində narazılığını yalnız qanunvericilik çərçivəsində, sivil yolla həll edəcəyinə (aidiyyəti quruma və ya məhkəməyə müraciət etməklə) zənn etmişdir. Lakin, qarşı tərəfin «mübahisənin» həll etmə yolu tamamilə qeyri-sivil, yanlış və qeyri-qanuni olmuşdur. Halbuki, cavabdehin ona qarşı etdiyi bu əməllər müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsidir ki, bu da Azərbaycan Respublikasının Konstitusiyası ilə qadağandır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Eləcə də həmin maddənin Vİ hissəsinə əsasən məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır. İddia ərizəsinə sübut kimi əlavə etdiyi DVD-yə yazılmış materialda binalarının girişində quraşdırılan və hamıya açıq şəkildə görünən kamera müşahidəsi mövcuddur. Həmin kamera müşahidəsindən açıq şəkildə görünür ki, cavabdeh tərkibi bəlli olmayan, məişət tullantısı kimi ehtimal olunan bir çirkabı qəsdən, qərəzli, rahat və soyuqqanlı şəkildə onun mənzilinin qapısına tökür. Qeyd etmək istəyir ki, həmin tullantının kəskin və pis qoxusu da mövcud olmuşdur. Bu hüquq pozuntusu sayılan əməllər müşahidə kamerasına əsasən 12.09.2021-ci il tarixdə saat 18:50 radələrində (video görüntü və fotoşəkil əlavə olunur), 15.09.2021-ci il tarixdə saat 13:30 radələrində (video görüntü əlavə olunur), 20.09.2021-ci il tarixdə (fotoşəkil əlavə olunur), 26.09.2021-ci il tarixdə saat 20:55 radələrində (video görüntü əlavə olunur), eləcə də 10.12.2021-ci il tarixdə (fotoşəkil əlavə olunur) və sonuncu dəfə də 13.12.2021-ci il tarixdə (fotoşəkil əlavə olunur) baş vermişdir. Cavabdehin ona qarşı qanunsuz əməli hazırda da davam edir. Video görüntülərə əsasən cavabdehin qərəzli və qəsdən təqsirli hərəkətləri açıq-aydın sübuta yetirilir. Bu cür qərəzli və qeyriqanuni surətdə törədilən əməl 69 yaşlı bir elm xadimi kimi onu bərk qorxuya və stresə salmış, eləcə də mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Bu hüquq pozuntusu təkcə onun mülkiyyətinə qarşı deyil, eləcə də ictimaiyyətə və binanın girişində yaşayan qonşulara da qarşı açıq hörmətsizlik olmuşdur. Hadisə barədə Nəsimi rayon MKTB-nin 48 saylı MKİS-ə şifahi müraciət və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə 21.09.2021-ci il tarixli şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi əsasında Nəsimi RPİ-nin 22-ci PŞ-də araşdırma aparılmışdır. Cavabdehin Nəsimi RPİ-nin 22-ci PŞ-də verdiyi və öz imzası ilə təsdiq olunduğu izahatında da müəyyən olunur ki, cavabdeh onun eyvanında olan göyərçin tullantılarını yığıb onun qapısının önünə bilərəkdən tökmüşdür. Video görüntülərdən də göründüyü kimi, cavabdehin onun qapısına qərəzli surətdə tökdüyü təkcə göyərçin tullantıları deyil, eləcə də maye şəklində olan bir naməlum tərkibli çirkab suyudur. Cavabdeh tərəfindən onun mülkiyyətinə ziyan vurularaq ona qarşı dəfələrlə edilən bu qərəzli, qeyri-hüquqi əməl nəticəsində elmi fəaliyyəti ilə bağlı vaxtı alınaraq, mənzilinin qapısının təmizlənməsinə xeyli vaxt sərf edilmiş və bu da onu bərk qorxuya və stressə salmış, eləcə də mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Cavabdeh tərəfindən mülkiyyətinə qarşı edilən qanunsuz əməl səbəbindən intellektual şəxsiyyətinə və ləyaqətinə də ziyan dəymişdir. Bütün bu keçirdiyi mənəvi sarsıntıya görə o, cavabdehdən 6.000 manat məbləğində mənəvi zərər, eləcə də məhkəməyə müraciəti üçün ödədiyi 80 manat dövlət rüsumu olmaqla, cəmi 6.080 manatı və cavabdehin üzərinə mənzilinə qarşı qanunsuz əməlinin dayandırılması öhdəliyinin qoyulmasını tələb edir. İddia ərizəsinə əlavə etdiyi kamera müşahidəsi görüntülərindən, eləcə də işin materiallarında olan cavabdehin yazılı izahatından da sübut olunur ki, cavabdeh tərəfindən törədilən qanunsuz əməlində bütün hüquq pozuntusunun əlamətləri, yəni həm subyekt, həm obyekt, həm subyektiv cəhət, həm də obyektiv cəhətlər mövcuddur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, həmin ünvanda 14 ildir ki, yaşayır. Əvvəllər göyərçinlərin sayı az idi, lakin son müddət onların sayında artım baş vermişdir. O, demək olar ki, hər gün pəncərələri yumaq məcburiyyətində qalır. Son zamanlar ümumiyyətlə nə pəncərələri aça bilir, nə də ki, eyvana çıxa bilir. Göyərçinlərin gözləri xəstə olduğundan, birbaşa onun pəncərəsinə uçurlar. Hər bir şəxsin səbrinin bir həddi vardır. Bu məsələ ilə bağlı bir neçə orqanlara müraciət etmiş, əfsuslar olsun ki, hər hansı bir məqbul cavab ala bilməmişdir. Həmçinin, bir müddət öncə iddiaçıya da müraciət etmiş, cavabında isə ona qorxuluq (“çuçila”) qoymasını təklif etmişlər. Keçən ilin avqust ayından dekabr ayına kimi cəmi 3 dəfə iddiaçının qapısını çirkləndirmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən və audiovizual materiallardan göründüyü kimi, Cavabdeh iddiaçının həyat yoldaşı X1 məxsus olan, Bakı şəhəri Nəsimi rayonu Vidadi küçəsində istifadədə olan 0,281 ha torpaq sahəsində yerləşən 187 nömrəli, 3 mərtəbəli binada, 156,5 m2 ümumi, 107,5 m2 yaşayış sahəsindən ibarət 7 otaqlı 43/46; 44/45 nömrəli mənzillərinin qapısına və qapının önünə göyərçin peyini tökmüş, bu hərəkəti bir neçə dəfə təkrar etmişdir. Cavabdeh öz davranışını iddiaçının çöl göyərçinlərini eyvanda yemləməsi, göyərçinlərin həmin əraziyə yem üçün gələrək ətraf binalarda olan eyvanlara qonması və hər gün eyvanları peyinləməsi, bundan təngə gəlməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk öncə həm iddiaçı, həmçinin cavabdeh üçün vurğulamağı zəruri hesab edir ki, qonşular bir-birinə münasibətdə ümumi qəbul olunmuş davranış qaydalarını pozmamalı, bir-birinə münasibətdə hər hansı narazılıqları olanda, bunu sivil, qanuni yollarla həll etməyə çalışmalıdırlar. Cavabdeh iddiaçı ilə arasında olan münasibətləri sivil və qanuni yollarla həll etməli olduğu halda, bunu etməmiş, əksinə yuxarıda qeyd olunmuş hərəkətlərə yol vermişdir. Halbuki, hər iki şəxs yetkin insanlar olmaqla, həm iddiaçının yaşı və dünyagörüşü, həmçinin cavabdehin yaşı və dünyagörüşü bu qəbildən olan mübahisənin məqbul şəkildə həll edilməsi üçün kifayət qədər münbit şərait yaradırdı. Cavabdehin yuxarıda qeyd olunan hərəkətləri qonşuluq münasibətləri baxımından yolverilməzdir. İddiaçının göyərçinləri öz eyvanında yemləməsi hər-hansı narahatçılıq yaratmışdırsa belə, bu, cavabdehin hərəklərinə haqq qazandırmır. Mülki Məcəllənin qonşuluq münasibətlərini tənzimləyən maddi hüquq normalarından olan 170-ci maddəsinin məzmunundan görünür ki: - Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. - Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. - Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Göründüyü kimi, qanunvericilik iddiaçıya və cavabdehə aralarında qonşuluqdan doğan mübahisələrin aradan qaldırılması üçün kifayət qədər imkan verir. Sadəcə olaraq, bu imkanlardan istifadə edərək, düzgün davranış nümayiş etdirilməsi zəruridir. Cavabdeh isə qonşusunun onun eyvanına (mülkiyyətinə) təsirinin əhəmiyyətli olmasını təsdiq edən sübutlarla müvafiq orqanlara və ya məhkəməyə müraciət etməmiş, əksinə, mahiyyət etibarı ilə yolverilməz hərəkətə əl ataraq, qadağan olunmuş davranış nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehə bu qəbildən olan hərəkətlərə, qanunsuz əməllərə yol verməməsi öhdəliyi qoyulmalıdır. İddia qalan hissədə təmin edilə bilməz. Çünki, iddiaçı ona mənəvi (real) zərər vurulmasını təsdiq edən mötəbər sübutları (zehni və fiziki iş imkanlarının keçirdiyi stress nəticəsində azalması, yaxud bir müddət ümumiyyətlə aradan qalxması, səhhətində fəsadlar törətməsi və s. bu kimi) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh üzərinə İddiaçı yaşadığı mənzilə qarşı qanunsuz əməlin dayandırılması öhdəliyi qoyulmalıdır. Ödənilmiş dövlət rüsumundan 40 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi – 40 manat iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh üzərinə İddiaçı yaşadığı mənzilə qarşı qanunsuz əməlin dayandırılması öhdəliyi qoyulsun. Ödənilmiş dövlət rüsumundan 40 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi – 40 manat iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1024/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1024/2022
17.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver