Məhkəmə qərarları › İş №e-2(006)-1042/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1042/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1042/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili-nümayəndəsi Vəkil, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 avqust 2011-ci il təvəllüdlü X3 və 24 avqust 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 iyul 2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Rəsmi nikahdan iki övladları var: 1. 26 avqust 2011-ci il təvəllüdlü X5; 2. 24 avqust 2018-ci il təvəllüdlü X7. Cavabdeh demək olar ki, uşaqları ilə maraqlanmır, onlara maddi və mənəvi dəstək göstərmir. Cavabdeh aliment ödəmək iqtidarındadır. Lakin uşaqlarına, ailəsinə qarşı çox biganə yanaşır, onların saxlanılmasında iştirak etmək istəmir. Ailənin bütün yükü iddiaçının üstündədir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı birgə nikahlarından onların xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşlar. Nikaha daxil olduqları gündən onların ailə münasibətləri normal olmuş, aralarında ailə münasibətləri zəminində hər hansı mübahisələri belə olmamışdır. Bir-birlərini başa düşmüşlər və aralarında heç bir narazılıq yoxdur. Hazırda onlar uşaqları ilə birlikdə bir evdə yaşayırlar. Birgə təsərrüfat idarə edirlər. Aralarındakı nikah isə pozulmamışdır. Cavabdeh anası da onlarla yaşayır. Heç bir əsas və səbəb olmadan İddiaçı ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin onun iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, həmin iddianın verilmə səbəbi Cavabdeh anasının onlarla birgə yaşamasıdır. Lakin Cavabdeh evin tək oğludur, anasını ata bilməz. Özü əvvəl Mədəniyyət Nazirliyində işləmiş, hazırda isə işsizdir. Amma bütün bunlara baxmayaraq, ailəsini maddi cəhətdən hər zaman təmin etmiş, uşaqların bütün maddi tələbatlarını ödəmişdir, ödəməkdə də davam edir. Uşaqların saxlanmasında Cavabdeh anası da onlara maddi dəstək olmuş və hazırda da olur. Birgə nikahdan olan uşaqların bütün maddi tələbatlarını o özü qarşılayır. Hazırda işsiz olduğu üçün qarşı tərəf belə bir iddia irəli sürüb. İddiaçı özü də işləyir və aylıq gəliri təxminən 600-800 manat təşkil edir. a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkilinümayəndəsi Vəkil ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. Nikah haqqında AZ-İ seriyalı 694010 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 nikahı Zəngilan rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 129 nömrə ilə qeydə alınmışdır.

9. Doğum haqqında AZ-İİ seriyalı 742740 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2011ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır.

10. Doğum haqqında AZ-T seriyalı 097018 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-467/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizənin qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün xx.xx.2024-cü il tarixədək hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, ərizənin digər hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01724 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 50 manat mediasiya rüsumu, 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir (ödənişə dair xx.xx.2024-cü il tarixli qəbz əlavə edilmişdir).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, ilkin iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Ələkbərli Ələkbər və xx.xx.2018-ci il təvəllüdlü Ələkbərli Nur anadan olmuşdur.

14. Hazırda tərəflərin münasibətlərinin gərgin olması mübahisəsizdir. Lakin onların birgə nikahda olması, nikahlarının pozulmaması da iş üzrə müəyyən olunmuş mübahisəsiz haldır.

15. Hər iki tərəf uşaqları ilə birgə eyni evdə yaşadıqlarını mübahisələndirmirlər. Deməli, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqlar da hər iki valideynin himayəsindədir.

16. Hazırda ilkin iddia üzrə iddiaçı atalarının uşaqların maddi tələbatlarının ödənilməsində heç bir rolu olmadığını iddia edərək, ondan uşaqların saxlanması üçün aliment tələb etsə də, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında özü izahatında bildirmişdir ki, münasibətləri gərgin olsa da, birlikdə yaşayırlar, ilkin iddia üzrə cavabdeh uşaqları hər gün məktəbə aparıb-gətirir, həmçinin, cavabdeh uşaqları öz dostunun yanına piano dərslərinə də göndərir. Cavabdehin anası (qayınanası) da onlarla birgə yaşayır, ev üçün bazarlığı özü və qayınanası edir. İddiaçının vəkilinümayəndəsi, həmçinin, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin anasının öz pensiyasından evin kommunal ödənişlərini ödədiyini bildirmişdir. Deməli, ilkin iddia üzrə iddiaçı cavabdehin uşaqların məişət qayğılarını çəkdiyini, cavabdehin anasının evə ərzaqlar aldığını, yəni cavabdehin uşaqların saxlanılmasında bu və ya digər formada iştirak etdiyini danmır, öz izahatı ilə bunu təsdiq edir. İlkin iddia üzrə iddiaçı, həmçinin, bağçada işləyib aylıq 500 manat əmək haqqı aldığını, cavabdehin gəlir yerinin olub-olmamasını bilmədiyini, onun əvvəllər rəqqas olduğunu bildirir.

17. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin səhərlər işə gedib axşam evə gəldiyini, uşaqların saxlanmasında iştirak etmədiyini, onların qayğılarını özü və anasının çəkdiyini iddia edərək, ondan uşaqların saxlanması üçün aliment tələb edir. Lakin yenə də onun öz izahatları ilə təsdiq olunur ki, uşaqların saxlanmasında hər ikisi bu və ya digər formada iştirak edirlər. Belə ki, əvvəlki məhkəmə iclaslarında özünün işsiz olduğunu, heç bir gəliri, qazancı olmadığını bildirən qarşılıqlı iddia üzrə iddiaçı sonrakı iclaslarda 100-1.000 manat aralığında aylıq gəliri olduğunu qeyd etmiş, əvvəllər xərcləri anasının çəkdiyini iddia etsə də, sonrakı iclaslarda bütün bazarlığı özünün etdiyini bildirib, ziddiyyətli izahatlar vermişdir.

c) Məhkəmənin mövqeyi:

18. Məhkəmə hər iki iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin təyinatı məhz yetkinlik yaşına çatmayan uşaqların saxlanılması olduğundan, hər iki tərəfin bu barədə olan dəlillərinə də məhz uşaqların mənafeyi üstün tutulmaqla qiymət verilməlidir.

19. Məhkəmə qeyd etməyi zəruri sayır ki, yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq və onları maddi cəhətdən təmin etməklə yanaşı, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarını çəkmək də valideynlərin qanundan irəli gələn vəzifəsidir. İlkin iddia üzrə iddiaçı hazırda atalarının uşaqları məktəbə aparıb-gətirdiyini, həmçinin, öz dostunun yanına piano dərslərinə göndərdiyini mübahisələndirmir, onun uşaqların gündəlik qayğılarını çəkdiyini, məişət, təhsil və inkişafında rolunun olduğunu danmır. Belə olan halda, ilkin iddia üzrə iddiaçının hazırkı tələbi məhkəmə tərəfindən əsaslı hesab olunmur. Çünki tərəflərin eyni evdə yaşaması, həmçinin, həmin evdə bəzi xərclərin hətta cavabdehin anası tərəfindən çəkilməsi ilkin iddia üzrə iddiaçının öz izahatı ilə təsdiqlənərək mübahisəsiz olduğundan, məhkəmə bu halı tərəflərin birgə təsərrüfat aparması, uşaqların maddi tələbatlarını birgə ödəmələri və digər bütün qayğılarını birgə çəkmələri kimi qiymətləndirir.

20. Bununla yanaşı, qarşılıqlı iddia üzrə iddiaçı analarının səhər işə gedib axşam gəldiyini bildirərək, uşaqların qayğısının çəkilməsində onun rolunun olmadığını iddia etsə də, qarşılıqlı iddia üzrə cavabdehin əldə etdiyi gəlirlə uşaqlarının heç bir maddi tələbatını ödəməməsi ağlabatan sayılmır. Xüsusilə nəzərə alınmalıdır ki, əvvəlki məhkəmə iclaslarında qarşılıqlı iddia üzrə iddiaçı özü bildirmişdir ki, heç bir gəliri olmur, arada fəhləliklə məşğul olur. Bu da onu deməyə əsas verir ki, uşaqların maddi tələbatlarının bir hissəsinin cavabdeh tərəfindən çəkilməsi qarşılıqlı iddia üzrə iddiaçının öz izahatı ilə dolayı da olsa, təsdiq olunur. Əks halda, məktəbli uşaqları olan ananın işlədiyi halda, əldə etdiyi gəliri uşaqlarına xərcləməməsi, habelə məktəbli uşaqların sadəcə nənələrinin pensiyası ilə saxlanması ağlabatan hesab olunmur. Göstərilənlərə əsasən məhkəmə qarşılıqlı iddia üzrə iddianı da əsassız hesab edir.

21. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflərin uşaqları saxlamaq vəzifəsinin onların özü tərəfindən könüllü qaydada yerinə yetirilməsi müəyyən edildiyindən, onların hər hansı birindən məhkəmə qaydasında aliment tutulmasına əsas verən hal mövcud olmadığından, ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməməlidir.

22. Qeyd olunur ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki tərəfin valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Hazırkı işdə hər iki valideynin bu proseslərdə iştirak etməsi məhkəmə tərəfindən müəyyən edilir.

23. Həmçinin, qeyd edilməlidir ki, tərəflərin birgə nikahından olan uşaqlar tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunduğuna görə, hazırkı qərarın onların maddi vəziyyətinə hər hansı mənfi təsiri olmayacaq, və yaxud tərəflərdən istənilən birinin iddiasının təmin edilməsi belə uşaqların maddi vəziyyətinə müsbət təsir etməyəcəkdi.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34, İV hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 58.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58. Valideynlər: - uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. - uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. - valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. - uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

26. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizələri iddia ərizələri təmin edilməlidir.

29. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edilmədiyindən, onun verilməsi üçün çəkilmiş mediasiya xərcləri də ilkin iddia üzrə iddiaçıya aid edilməlidir.

Nəticə:

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsi üçün çəkilmiş mediasiya xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar