Məhkəmə qərarları › İş №e-2(006)-1108/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1108/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1108/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə, iddiaçıların vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh BOKT ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hadıyev Fərhad Yaşılxan oğlu ilə "xxxx" ASC (hazırkı Cavabdeh BOKT ASC) arasında bağlanmış 06.12.2010-cu il tarixli 942/10/PB saylı ipoteka müqaviləsinə xitam verilməsi, Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Hadıyev Fərhad Yaşılxan oğlu ilə əvvəlki "xxxx" ASC (hüquqi varis Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC) arasında 06.12.2010-cu il tarixli 942/10/PB saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi bağlanmış 06.12.2010-cu il tarixli, 942/10/PB saylı ipoteka müqaviləsinə əsasən F.Y.Hadıyevə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,11 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Hadıyev Fərhad Yaşılxan oğlu kredit öhdəliklərini yerinə yetirə bilmədiyi üçün "xxxx" ASC tərəfindən Biləsuvar rayon Məhkəməsində iddia qaldırılaraq, 9.825,06 ABŞ dolları əsas borc, 6.389,74 ABŞ dolları faiz, 12.716,37 ABŞ dolları dəbbə olmaqla, cəmi 28.931,17 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın cavabdeh F.Y.Hadıyevə məxsus olan 0,11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldərək, həmin əmlakın açıq hərracdan satılması yolu ilə əldə ediləcək vəsait hesabına banka ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin 11.04.2013-cü il tarixli 2(022)- 149/2013 saylı qətnaməsi ilə ümumilikdə 17.485,8 ABŞ dolları borcun tutulması və tələbin ipoteka əmlaka yönəldilməsi qət edilmişdir. Qətnaməyə əsasən ipoteka predmetinə hərracda satışı üçün 49.000 manat ilkin satış qiyməti qoyulmuşdur. Qətnamənin icrası Biləsuvar rayon İcra Bölməsi tərəfindən həyata keçirilmiş və icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcraata başlamaq haqqında qərara və eləcədə sifariş məktubuna əsasən ipoteka predmeti ilkin satış qiyməti 49.000 manat olmaqla satılması üçün Azərbaycan Respublikası Respublika Xammal və X4 Mərkəzi "xxxx" MMC-yə göndərilmişdir. Bununla bağlı İcra Bölməsinin 26.07.2013-cü il tarixli sifariş məktubu "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 nömrəli fərdi yaşayış evi 49.000 manata hərraca çıxarılmış və ilk hərrac 24.09.2013-cü il tarixə təyin edilmişdir. İlk hərracda əmlak satılmadığı üçün 15 % aşağı qiymətlə, yəni 41.650 manat olmaqla ikinci hərraca çıxarılmış və hərrac 28.10.2013-cü il tarixə təyin edilmişdir. Keçirilən hərraclar baş tutmadığı üçün 04.11.2013-cü il tarixdə əmlak tələbkara təklif edilmişdir. Həmin tarixdən bu günə kimi tələbkar əmlakı qəbul etməmişdir. Hərrac təşkilatı isə 19.06.2014-cü il tarixli 01/1964 saylı məktuba əsasən icra sənədini hərracın baş tutmaması səbəbindən Biləsuvar rayon İcra Bölməsinə geri qaytarmışdır. Artıq hərracın keçirilməsindən 7 ilə yaxın bir müddət keçməsinə baxmayaraq tələbkar əmlakı borc əvəzinə qəbul etməmişdir. Bu müddət ərzində X1 vəfat etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X1 23.10.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçılar ipoteka predmeti olan fərdi yaşayış evində əmlak ipoteka qoyulmamışdan əvvəldən yaşamış və hazırdada yaşamağa davam edirlər. Beləliklə iddiaçılar faktiki olaraq mirası qəbul etmiş və miras əmlakı idarə etməyə başlamışlar. Odur ki, bu hissədə onların ipoteka qoyulmuş, sonradan miras qalmış əmlakla bağlı subyektiv hüquqları vardır. İş materiallarına əlavə olunmuş Biləsuvar şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13.12.2021-ci il tarilxi 8678 saylı və 8677 saylı məktublardan görünür ki, iddiaçılar həqiqətən də 2002-ci il tarixdən hal-hazıradək mübahisəli mənzildə yaşayır. Bu hallar iddiaçılar üçün hazırkı iddianın qaldırılmasına hüquqi əsas (subyektiv hüquq) yaradır. Biləsuvar rayon İcra Bölməsinin sifariş məktubuna əsasən ipoteka predmeti olan əmlak İpoteka haqqında qanunun tələblərinə uyğun olaraq hərraca çıxarılmışdır. İddianın əsaslarından və təqdim edilmiş sübutlardan da göründüyü kimi hərracın keçirilməsindən uzun bir müddət (7 il) keçsə də, tələbkar əmlakı əldə etməmişdir. Qanunun tələbinə görə isə əmlakın əldə edilməsi müddəti 30 gündür. Göründüyü kimi ipoteka predmetinin hərracda satılmamasından uzun zaman keçməsinə baxmayaraq, tələbkar ipoteka predmetini qəbul etməmişdir ki, bununla da o, həmin əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş subyektiv hüququnu itirmişdir. Bu səbəbdən də, ipotekanın xitamı üçün hüquqi zəmin yaranmışdır. İddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh BOKT ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Biləsuvar rayon Məhkəməsinin 11 aprel 2013-cü il tarixli 2(022)-149/2013 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin Hadıyev Fərhad Yaşılxan oğluna və İddiaçı2 qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, evin açıq hərracdan satılması, onların və evdə yaşayanların evdən çıxarılması, hüquqi yardıma görə xərcin (zərərin) əvəzinin və 30 manat dövlət rüsumunun tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Hadıyev Fərhad Yaşılxan oğlundan 17.485,8 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalenti məbləğində borc pulun tutulub "xxxx" ASC-yə ödənilməsi; tutmanın Hadıyev Fərhad Yaşılxan oğluna məxsus, ipoteka predmeti olan Biləsuvar şəhəri M.Ə.Sabir küçəsi 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 105,4 m2 yaşayış, 176,8 m2 köməkçi sahədən ibarət olan 59 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərrac vasitəsi ilə satılması; bankın kredit tələbinin satılmış evin hesabına ödənilməsi; evin açıq hərracda ilkin satış qiymətinin 49.000 manat müəyyən edilməsi; ev satıldıqda İddiaçı1, İddiaçı2 və evdə yaşayan digər şəxslərin bir ay ərzində həmin evi tərk etmədikləri təqdirdə onların məcburi qaydada çıxarılmaları; hüquqi yardıma görə ödənilmiş 500 manatın İddiaçı1 tutularaq "xxxx" ASC-yə verilməsi; ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı1 tutularaq "xxxx" ASC-yə verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş, həmin qətnaməyə əsasən icra vərəqəsi tərtib olunaraq icra edilməsi üçün Biləsuvar rayon İcra Qrupuna göndərilmişdir. Biləsuvar rayon İcra Qrupu "xxxx" MMC-yə (Hərrac Mərkəzi) məktub ünvanlayaraq, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 49.000 manat olmaqla hərraca çıxarılmasını xahiş etmişdir. Hərracın keçirilməsi prosedurlarına riayət olunmaqla, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumat vermişdir. Bundan başqa, KİV vasitəsi ilə müvafiq elanlar dərc olunmuşdur. "xxxx" MMC Biləsuvar rayon İcra Bölməsinin sifariş məktubuna əsasən ilk hərracı 24.09.2013-cü il tarixə, əmlak satılmadığından ikinci hərracı 28.10.2013-cü il tarixə təyin etmişdir. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC 04 noyabr 2013-cü il tarixdə "xxxx" ASC-yə təklif ünvanlayaraq, 30 təqvim günü ərzində ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlaka dair təklif qiyməti qeyd edilmişdir (təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 31.237 manat 50 qəpik). İşin faktiki hallarından göründüyü kimi, bank tərəfindən qeyd olunan təklif qəbul edilməmişdir. İş materiallarından (ölüm haqqında şəhadətnamə, arayış və s.) görünür ki, ipoteka qoyan vəfat etsə də, iddiaçılar ipoteka predmeti olan fərdi yaşayış evində yaşamaqla, miras əmlaka münasibətdə hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları var. Belə olduğu təqdirdə, iddiaçıların ipotekaya xitam verilməsi barədə tələbləri əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair) qərarında təsbit edilmiş hüquqi mövqeyə görə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Məlum olduğu kimi, Plenumun Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ipotekaya xitam verilməsinə hüquqi maneə yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə Hadıyev Fərhad Yaşılxan oğlu arasında bağlanmış 06.12.2010-cu il tarixli 942/10/PB saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş Hadıyev Fərhad Yaşılxan oğluna məxsus Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 saylı fərdi yaşayış evinə münasibətdə ipotekaya xitam verilməli, həmin fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Hadıyev Fərhad Yaşılxan oğlu arasında bağlanmış 06.12.2010-cu il tarixli 942/10/PB saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş Hadıyev Fərhad Yaşılxan oğluna məxsus Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 saylı fərdi yaşayış evinə münasibətdə ipotekaya xitam verilsin. Həmin fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar