Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1226/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin may ayının 1-dən həmin ilin 28 dekabr tarixinə kimi olan müddət üçün əmək haqqına dair cəmi 30560 (otuz min beş yüz altmış) Azərbaycan manatı məbləğinin, 8 aylıq gecikmə üçün cəmi 15 000 (on beş min) manat faiz forcunun və son-haqq hesabının cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 03.03.2017-ci il tarixdən 28.12.2020-ci il tarixinə kimi "xxxx" ASC-də çalışmışdır. 28 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Cavabdeh1 ASC-yə verilmiş bank lisenziyası ləğv edilmişdir. Bunun da nəticəsi olaraq Bakı Apelyasiya Məhkəməsinin 30 aprel tarixli qərarı ilə bankın iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin olunmuşdur. Bundan sonra bankın bütün əməkdaşları Əmanətlərin Sığortalanması Fondunun tabeliyinə keçmişdir və o da 28 dekabr 2020-ci il tarixinə kimi LPO Cavabdeh1 ASC-də iş fəaliyyətini davam etdirmişdir. İşlədiyi həmin dövrdə dəfələrlə müraciət etməyinə baxmayaraq ona əmək haqqı ödənilməmişdir. Bu barədə o 20 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Natiq Əmirova LPO Cavabdeh1 ASC-də 01.05.2020-ci il tarixdən 28.12.2020-ci il tarixinə kimi işlədiyi dövrdə ona çatacaq əmək haqqının və hesablanmış son haqq-hesabının ona ödənilməməsi barədə teleqramla müraciət etmişdir. Həmin teleqrama cavab olaraq LPO Cavabdeh1 ASC tərəfindən ona 27.08.2021-ci tarixli **********803 saylı cavab məktubu göndərilmişdir. Məktubda ona əmək haqqının ödənilməməsinin səbəbi kimi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Cavabdeh1 ASC-yə təyin olunmuş müvəqqəti inzibatçının 27 aprel 2020-ci il tarixli 1/M-1-2020 saylı əmrinə əsasən bankın Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin guya işdən kənarlaşdırılması əsas gətirilmişdir. Lakin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə təyin olunmuş müvəqqəti inzibatçı tərəfindən yuxanda qeyd olunan əmrdə bankın Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin işdən kənarlaşdırılması yox , onların ancaq bütün səlahiyyətlərinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçıya həvalə olunması qeyd olunmuşdur ki, (Əmrin surəti əlavə olunur) bu da əmək haqqının verilməməsinə əsas deyildir. Bundan başqa İddiaçı ona çatası olacaq əmək haqqının verilməməsi barədə 04 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti X8, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və surətləri Azərbaycan Respublikasının Prezidentinin İqtisadi İslahatlar üzrə köməkçisi cənab Natiq Əmirova və Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru cənab Tural Piriyevə olmaqla məktubla müraciət etmişdir. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinə və Azərbaycan Respublikası Mərkəzi Bankına müvafiq müraciətlər ünvanlanmışdır. 15.11.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən surəti ona olmaqla Əmanətlərin Sığortalanması Fonduna müraciət daxil olmuş və müraciətə 7 (yeddi) iş günü müddətində baxılaraq Mərkəzi Banka və ona məlumat verilməsi bildirilsə də bu günə kimi hər hansı bir məlumat verilməmişdir. İddiaçı 01.05.2020-ci il tarixdən 28.12.2020-ci il tarixinə kimi LPO Cavabdeh1 ASC-də öz iş fəailiyyətini davam etdirib və 28 dekabr 2020-ci il tarixdə öz tərəfindən Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun adına öz xahişi ilə işdən azad olunmağı barədə ərizə ilə müraciət edilmişdir. Müraciətə əsasən də 28 dekabr 2020-ci il tarixdə LPO "xxxx" ASC tərəfindən tərtib olunan 232/k saylı əmrə əsasən 28.12.2020-ci il tarixi onun sonunucu iş günü olmaqla LPO "xxxx" ASC-nin Müşahidə Şurasının üzvü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə işdən azad olunmuşdur. Çalışdığı müddət ərzində onun əmək haqqının miqdarı Əmək müqaviləsinə və tutduğu vəzifəyə əsasən aylıq 3820 (üç min səkkiz yüz iyirmi) manat olmuş, buna baxmayaraq, 30.04.2020-28.12.2020-ci il tarixlərində cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən bu məbləğ ona öədənilməmişdir. Hal-hazırda cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona 2020-ci il may ayına 3800 (üç min səkkiz yüz) manat, iyun ayına 3820 (üç min səkkiz yüz iyirmi) manat, iyul ayına 3820 (üç min səkkiz yüz iyirmi) manat, avqust ayına 3820 (üç min səkkiz yüz iyirmi) manat, sentyabr ayına 3820 (üç min səkkiz yüz iyirmi) manat, oktyabr ayına 3820 (üç min səkkiz yüz iyirmi) manat, noyabr ayına 3820 (üç min səkkiz yüz iyirmi) manat, dekabr ayına 3820 (üç min səkkiz yüz iyirmi) manat, cəmi 30560 (otuz min beş yüz altmış) manat məbləğində əmək haqqı borcu və son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aparılmamış olmasına dair borcu yaranmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc olaraq ümumi 8 aylıq gecikmə üçün cəmi 15 000 (on beş min) borc yaranmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkməyə müraciət edərək, iddia ərizəsinin ikinci səifəsində 4-cü abzasında 3.800 (üç min səkkiz yüz) manat sözləri əvəzinə 2020-ci ilin may ayına 3.820 (üç min səkkiz yüz iyirmi) manat sözləri kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur və rədd edilməlidir. Belə ki, “Amrahbank" ASC-nin Müşahidə Şurasının və İdarə Heyətinin bütün səlahiyyətlərin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçıya həvalə edilməsi barədə “Amrahbank" ASC-nin müvəqqəti inzibatçısı tərəfindən 27.042020-ci il tarixli 1/m-1-2020 saylı əmr imzalanmışdır. 30 aprel 2020-ci il tarixdə isə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına ərizə ilə müraciət edilərək Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin kapitalını tam itirdiyinə və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirə bilmədiyinə görə müflis elan edilməsi və X1 banka ləğvedici təyin edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2020-cİ il tarixli, 2-3(103)- 130/2020 saylı qərarı ilə ərizə təmin edilmişdir. Göründüyü kimi bankın lisenziyasının 28.04.2020-ci il tarixdə ləğv edilməsindən sonra bankın İdarəetmə orqanlarının o cümlədən Müşahidə Şurasının səlahiyyətləri əvvəlcə müvəqqəti inzibatçıya, sonra isə ləğvediciyə keçdiyi üçün İddiaçı faktiki olaraq səlahiyyətlərinin icrasından kənarlaşdırılmış və ona hər hansı əmək funksiyasının icrası tapşırılmamışdır. Belə olan halda iddiaçının iddia tələblərinin heç bir hüquqi əsası yoxdur, formal mülahizələrə əsaslanır və buna görə də rədd edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İddiaçı və "xxxx" ASC arasında bağlanmış 03.03.2017-ci il tarixli, 36 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-yə Müşavirə Şurasının sədrinin müşaviri vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Mərkəzi X5 “19” nömrəli, 27.04.2020-ci il tarixli qərarın surətindən görünür ki, X6 iki ay müddətinə "xxxx" ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Müvəqqəti inzibatçıya bu qərarın dərhal bankın Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim edilməsi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifə və səlahiyyətlərinin həyata keçirilməsi tapşırılmışdır. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevin verdiyi 232/K saylı, 28.12.2020-ci il tarixli Əmrin surətindən görünür ki, İddiaçı 28.12.2020-ci il tarixi sonuncu iş günü olmaqla ləğv prosesində olan "xxxx" ASC-nin Müşahidə Şurasının üzvü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi və işçinin 30.10.2019-30.04.2020-ci iş ili üzrə istifadə etmədiyi 15 günlük məzuniyyət üçün kompenasiya məbləğində dair tələbinin qeydə alınması və işçiyə bu barədə məlumat verilməsi əmr edilmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev tərəfindən İddiaçı ünvanlanmış 27.08.2021-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-130/2020 saylı, 30.04.2020-ci il tarixli qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və Banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Ləğv prosesində olan “Amrahbank" ASC-nin müvəqqəti inzibatçısı tərəfindən verilmiş 27 aprel 2020-ci il tarixli 1/M -1-2020 nömrəli əmrə əsasən bankın müşahidə şurası və idarə heyəti işdən kənarlaşdırılmış və onların bütün səlahiyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçıya həvalə edilmişdir. İddiaçı işdən kənarlaşdırıldığı dövr üzrə əmək haqqının ödənilməsi ləğvedicinin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. "xxxx" ASC-nin müvəqqəti inzibatçısı R.S.Kazımovun verdiyi 1/M-1-2020 nömrəli, 27.04.2020-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi X5 “19” nömrəli, 27.04.2020-ci il tarixli qərarına əsasən “Amrahbank" ASC-nin müşahidə şurası və idarə heyətinin bütün səlahiyyətlərinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı X4 həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı 03.03.2017-ci il tarixdə LPO "xxxx" ASC-yə işə qəbul edilmiş, həmin tarixdən "xxxx" ASC-nin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Mərkəzi X5 28 aprel 2020-ci il tarixli qərarına əsasən "xxxx" ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2020-ci il tarixli, 2-3(103)- 130/2020 saylı qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun "xxxx" ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Bundan başqa İddiaçı ödənilən əmək haqqının 3.820 manat məbləğində olduğu, 28 aprel 2020-ci il tarixindən 28.12.2020-ci il tarixinədək ona əmək haqqının ödənilmədiyi və 232/K saylı, 28.12.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad olunduğu da işin mübahisələndirilməyən hallarına aiddir. Hazırda işin mübahisələndirilən halı 28 aprel 2020-ci il tarixindən 28.12.2020-ci il tarixədək olan dövr üçün iddiaçıya əmək haqqının verilməməsinin əsaslı olub-olmaması barədə olan məsələdir. Belə ki, barəsində ləğv prosesinə başlanılmış “Amrahbank" ASCnin Müşahidə Şurasının və İdarə Heyətinin bütün səlahiyyətlərinin 28 aprel 2020-ci il tarixindən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçıya həvalə edildiyinə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.8-ci maddəsinə istinadən İddiaçı Müşahidə Şurasının üzvlərinə aid səlahiyyətlərin icrasından kənarlaşdırıldığından və adi işçi olmadığından bu tarixdən etibarən onunla əmək münasibətlərinə faktiki xitam verildiyinə əsaslanan cavabdeh əmək haqqının ödənilməsinə dair iddiaya etiraz etmişdir. Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən işəgötürən işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda, bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə, insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci hissəsinin tələblərinə görə işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir Yuxarıda sadalanan maddələrdən göründüyü kimi işçinin işdən kənarlaşdırılması dedikdə qanunvericilikdə nəzərdə tutulan hallarda işəgötürənin əmrinə əsasən işçinin əmək vəzifələrinin icrasına müvəqqəti olaraq buraxılmaması başa düşülür. Bu tədbir əsasən əmək hüquq pozuntusunun qarşısının alınması və əmək intizamını pozanlara qarşı təsir tədbiri kimi tətbiq edilir. Beləliklə qeyd olunmalıdır ki, cavabdeh tərəf "xxxx" ASC-nin 1/M-1-2020 nömrəli, 27.04.2020-ci il tarixli əmrinə əsasən iddiaçının müvafiq səlahiyyətlərin icrasından kənarlaşdırılmış olduğuna istinad etsə də, iş materiallarına əsasən İddiaçı işdən kənar edilməsinin işəgötürən tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi bu halın sözügedən əmrə əsasən sübut edildiyini göstərsə də məhkəmə qeyd etməyi zəruri sayır ki, bankın bu əmri ilə İddiaçı işdən kənar edilməsi və ya başqa vəzifəyə keçirilməsi deyil, “Amrahbank" ASC-nin müşahidə şurasının və idarə heyətinin bütün səlahiyyətlərinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı X4 həvalə edilməsi əmr edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, 1/M-1-2020 nömrəli, 27.04.2020-ci il tarixli əmri həm də iddiaçı ilə bank arasında olan əmək münasibətlərinə xitam verilməsinə əsas kimi nəzərə alınsa da cavabdeh məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq mübahisə predmeti olan əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən yenidən 28.12.2020-ci il tarixdə xitam verilməsinə dair "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 232/K saylı, 28.12.2020-ci il tarixli əmrinə olan zərurəti əsaslandıra bilməmişdir. Halbuki 27.04.2020-ci il tarixindən 8 ay keçəndən sonra İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 232/K saylı, 28.12.2020-ci il tarixli əmrinə əsasən LPO "xxxx" ASC-nin Müşahidə Şurasının üzvü vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) azad edilmiş, onunla bank arasında olan əmək münasibətlərinə 28.12.2020ci il tarixdə xitam verilməsinə dair əmr edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə LPO “Amrahbank" ASC arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinadən məhz 28.12.2020-ci il tarixdə xitam verildiyi üçün iddiaçıya 2020-ci ilin may ayının 1-dən həmin ilin 28 dekabr tarixinə kimi olan müddət üçün əmək haqqına görə 30.560 (3.820 manat x 8 ay) manat məbləğində pul LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ödənilməlidir. İddianın LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin olunması ilə bağlı məhkəmə Fondun hüquqi təbiətini və fəaliyyət istiqamətini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, Əmanətlərin Sığortalanması Fondu iki istiqamətdə, yəni ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini və banklar üzərində idarəetməni həyata keçirən) və sığortaçı kimi (qorunan əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərməkdədir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun "xxxx" ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Beləliklə məhkəmə tərəfindən "xxxx" ASC-nin daxili idarəetməyə aid bütün səlahiyyətlərinin, o cümlədən bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə istənilən zaman xitam vermək səlahiyyətinin 30.04.2020-ci il tarixdən etibarən banka təyin olunmuş “ləğvedici” Əmanətlərin Sığortalanması Fonduna keçdiyini və bu səlahiyyətlərin Fondun sığorta fəaliyyətindən irəli gəlmədiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının əmək hüquqları məhz “ləğvedici” qismində fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondunun əmək qanunvericiliyə uyğun davranmadığı üçün pozulmuş, bu pozuntu nəticəsində iddiaçının maddi itkilərə məruz qalmasına zəmin yaratmışdır. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə görə banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Bu Qanunun 71.7.6-cı maddəsinin tələblərinə görə bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam vermək ləğvedicinin səlahiyyətlərinə aid edilmişdir. Həmin Qanunun 79.2-ci maddəsinə əsasən ləğvedici istənilən vaxt Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada bankın işçilərinin bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər. Məhkəmə iddia “əmək haqqının gecikdirilməsinə görə bir faizi məbləğində ödənc verilməsi” hissəsində əsassız olduğu üçün hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu Məcəllənin “Qeyd” hissəsinə görə bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Belə ki, sözügedən maddənin dispozisiya şərtlərinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmadıqda normada qeyd olunan qaydada ödənc hesablanır. Normanın qeyd hissəsində deyilir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi işəgötürənin özündən asılı olmayan digər səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Hazırki halda, iddiaçının iddia etdiyi tələblərlə cavabdeh razılaşmır və bu hal tərəflər arasında artıq fərdi əmək mübahisəsinin yaranmasına səbəb olub. Bu hal tərəflər arasında açıq-aşkar əmək mübahisəsi yaratdığından mübahisə, yəni iddianın bu hissəsi Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilməlidir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbləri hazırki əmək mübahisəsinə o, vaxt tətbiq edilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Əmək Məcəlləsinin 287-ci maddəsində isə göstərilir ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddənin tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzrsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürən tərəfindən ödənilməlidir. Lakin, əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilməməsi aktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilə bilər. Göründüyü kimi sözügedən maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Hazırki halda fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olubolmadığı təşkil edir. Belə ki, cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirir və borcun olduğu yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqının bir faizi məbləğində ödənc verilməsi üçün hüquqi əsaslar yoxdur və iddia bu hissədə rədd olunmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, əmək haqqı ödənişləri üzrə 30.560 manat məbləğində pul LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə isə rədd edilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30.560 manat məbləğində pul LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1226/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1226/2022
15.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver