Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1256/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsinin təmin olunması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsinin təmin olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2020-ci il tarixdə törədilmiş yol qəza hadisəsində həlak olmuş, mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxs hesab edilən qardaşı X2 vəfat etməsi ilə əlaqədar ödənilməli olan 5.000 (beş min) manat məbləğində sığorta ödənişinin cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 ilə "xxxx" ASC arasında 10 dekabr 2019-cu il tarixdə PAA ********** saylı sığorta müqaviləsi bağlanmış və «Ford Transit» markalı ** OA *** (köhnə dövlət qeydiyyat nişanlı ** VA ***) dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuş və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə təminat almışdır. 04 dekabr 2020-ci il tarixdə həmin avtomobillə törədilmiş yol qəza hadisəsində onun qardaşı X5 aldığı xəsarətlərdən vəfat etmişdir. O, hadisə ilə əlaqədar sığorta tədbirlərinin həyata keçirilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh isə ona ünvanladığı 25 oktyabr 2021-ci il tarixli məktubunda tələbinin ona münasibətdə təmin edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Səbəb kimi də onun, vəfat etmiş X2 ailə üzvü olmaması göstərilmişdir. Bu səbəbin hüquqi əsası olaraq da «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.4-6.5-ci maddələrinə istinad edilib. Həmin normalara görə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığorta olunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər. Cavabdeh sığortaçının onun tələbindən imtinasının səbəbləri aşağıda qeyd edəcəklərinə əsasən tamamilə əsassız hesab edilməlidir. Belə ki, qardaşının arvadı, uşaqları yoxdur. Ataları və anaları da vəfat etmişlər. Onların bir-birindən başqa bacıları və qardaşları da yoxdur. Qardaşı onunla yaşayıb və onun istər ailə üzvü, istərsə də vərəsəsi yeganə şəxs olaraq odur. O ki, qaldı ailə üzvləri kateqoriyasına istinadən tələbindən imtinaya, bu da tamamilə əsassız imtina hesab edilməlidir. Belə ki, elə istinad edilən qanunun özündə (6.4) hüquqi şəxslərə münasibətdə, ölən üçüncü şəxs hüquqi şəxs olduqda onun hüquqi varisinin belə hüquqa malik olduğu bildirilir. Buradan görmək olur ki, ölən üçüncü şəxsin özünün ailəsi olmadıqda (ər yaxud arvad, uşaq, ata, ana) onun vərəsələri bu hüquqa malik ola bilər. Daha başqa, Ailə Məcəlləsinə görə hətta ögey bacıqardaş belə ailə üzvləri hesab edilir. Hətta bu, cavabdeh ASC-nin özünün idarə heyətinin 2009-cu il tarixdə təsdiq etdiyi «Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortasının qaydaları»nda ümumi müddəalar bölməsinin 4.3-cü bəndində sığortalının ailə üzvləri kimi digərləri ilə yanaşı, bacısı-qardaşı da göstərilir. Məhz bu qeyd olunanlara əsaslanaraq da hesab edir ki, 04 dekabr 2020-ci il tarixdə baş vermiş yol qəza hadisəsində həlak olmuş qardaşı X2 ölümü ilə əlaqədar sığorta ödənişi ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, X6 ilə "xxxx" ASC arasında 10.12.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Ford Transit» markalı ** OA *** (köhnə dövlət qeydiyyat nişanı - ** VA ***) dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Bundan sonra İddiaçı şirkətə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin 04.12.2020-ci il tarixdə qəza törətdiyini və nəticədə X2 vəfat etdiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Hadisə şirkət tərəfindən tam təfsilatı ilə araşdırılaraq sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Daha sonra, İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək "xxxx" ASC-dən 5.000 manat sığorta ödənişinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, İddiaçı yol-nəqliyyat hadisəsində vəfat edən şəxsin, yəni X2 ailə üzvü deyil. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsinə əsasən «ailə üzvləri» dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Qeyd olunanlara əsasən, İddiaçı Rufıq qızı 04.12.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsində vəfat edən X3 «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ailə üzvü olmadığından, həmin Qanunun 7-ci maddəsinə əsasən baş vermiş hadisə üzrə üçüncü şəxs (zərərçəkən) hesab edilmədiyi üçün sığorta ödənişi almaq hüququ yaranmır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, 04.12.2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin verilməsi imtina haqqında cavabdehin qərarı qanuni və əsaslı olduğu üçün, İddiaçı Rufıq qızının "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiasının rədd olunmasını xahiş edir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (mərhumun qanunla və sığorta müqaviləsi üzrə onun ailə üzvü hesab olunmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, X6 ilə "xxxx" ASC arasında 10.12.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Ford Transit» markalı ** OA *** (köhnə dövlət qeydiyyat nişanı - ** VA ***) dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Bundan sonra İddiaçı "xxxx" ASC-yə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin 04.12.2020-ci il tarixdə qəza törətdiyini və nəticədə X2 vəfat etdiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Hadisə "xxxx" ASC tərəfindən tam təfsilatı ilə araşdırılaraq sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Çünki, İddiaçı yol-nəqliyyat hadisəsində vəfat edən şəxsin, yəni X2 ailə üzvü deyil. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Miilki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanunun 6.9-cu maddəsinə əsasən «ailə üzvləri» dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Məhz bu səbəbdən, İddiaçı Rufıq qızı 04.12.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsində vəfat edən X3 «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ailə üzvü olmadığından, həmin Qanunun 7ci maddəsinə əsasən baş vermiş hadisə üzrə üçüncü şəxs (zərərçəkən) hesab edilmədiyi üçün sığorta ödənişi almaq hüququ yaranmamışdır. Göründüyü kimi, 04.12.2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin verilməsi imtina haqqında "xxxx" ASC-nin qərarı qanuni və əsaslıdır. İddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsinin təmin olunması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsinin təmin olunması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 70 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1256/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1256/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver