Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1276/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 ştirakları ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 avqust 2024-cü il tarixdə LOT Airlines aviaşirkəti vasitəsilə Bakıdan Varşavaya səfər etmişdir. Uçuşa hazırlaşarkən Azərbaycan Hava Yollarının bütün rentgen və fiziki olan təhlükəsizlik yoxlamalarından uğurla keçmiş və minik talonunu almışdır. Sonra 1-ci Terminalında növbə çox uzun olduğundan və şəkər xəstəliyindən əziyyət çəkdiyindən, Azərbaycan Hava Yollarının Terminal 2-də yerləşən və əlavə ödənişli olan VİP Zal xidmətindən istifadə etmək qərarına gəlmişdir. Bunun üçün Azərbaycan Hava Yollarının xəzinəsinə 374 manat məbləğində ödəniş etmişdir və xarici pasportuna Azərbaycandan çıxış haqqında möhür vurulmuşdur. Məlum olduğu kimi, şəkər xəstələri tez-tez maye qəbul etməlidir. Həmin VİP Zalda əyləşərkən oradakı müştərilərə ödənişin məbləğinə daxil olan yemək və içkilər ona da təbii ki, təqdim olunmuşdur. Uçuş vaxtı yaxınlaşarkən hava limanının əməkdaşı onu uçuş üçün təyyarənin trapına yaxınlaşmağa dəvət etmişdir. Bu zaman məlum olur ki, o demək olar ki, təyyarəyə minik zamanı yenidən nədənsə təkrar baxışdan keçməlidir, halbuki artıq minik talonu və pasportunda Azərbaycandan çıxış möhürü var idi. Qanunsuz olaraq üzərinə təkrar baxış keçirildiyi zaman, hava limanının əməkdaşı Məmmədov Seymur bildirmişdir ki, həmin VİP Zalda yerləşən soyuducudan götürdüyü və bağlı olan plastik paketdə olan 500 ml-lik suyu özü ilə içəriyə apara bilməz. Ona izah etsə də ki, o, şəkər xəstəsidir və artıq bir dəfə belə bir problemlə rastlaşmışdır ki, təyyarədə olarkən su istədikdə suyu ona 20 dəqiqədən çox müddət ərzində gecikdirdilər. Bu səbəbdən elə hava limanın özünün sərnişinlər üçün qoyduqları və baxış məntəqəsindən 10 metr yaxınlıqda olan və həmin zalda yerləşən soyuducadan götürmüşdür. Uzun şəkildə bu məsələni əməkdaşa izah etməyə çalışsa da, ona bildirmişdir ki, qanunlar belədir, hara istəsə, şikayət edə bilər. Amma hansı qanun belədir ona heç izah etməmişdir. Eyni zamanda başqa xanım əməkdaş da yaxınlaşmışdır, lakin öz adını və vəzifəsini ona bildirməkdən imtina etmişdir. Əksinə, ona istehza ilə yanaşılmışdır, halbuki bilirmişdilər ki, əlindəki adi sudur. O, çox gözəl əhval-ruhiyyədə səfərə yola çıxdığı zaman Azərbaycan Hava Yollarının əməkdaşlarının bu cür qeyri-etik, qeyri-professional davranışına görə çox böyük stress, mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. Belə olan halda hesab edir ki, cavabdeh mənəvi zərərin əvəzi olaraq ona 1000 manat məbləğində pul ödəməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" QSC tərəfindən İddiaçı vurulan mənəvi ziyana görə 1.000 (min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, İddiaçı Əziz oğlunun iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Maye, gel və aerozolların hava gəmisinin salonunda daşınması Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları” ilə tənzimlənir. Həmin qaydaların 10.31.1-ci bəndinə əsasən, ”Hava gəmisinin salonunda sərnişinin əl yükündə maye, gel və aerozollar 100 ml qədər həcmli qablarda (tam və ya qismən doldurulmuş) və ümumi həcmi 1 litrdən çox olmayan bağlanan şəffaf plastik paketlərdə daşına bilər, əks halda onlar daşınmaya qəbul edilmir. Bu qayda aeroportun pərakəndə ticarət müəssisələrində və yaxud hava gəmisinə əldə edilmiş maye, gel və aerozollara da şamil edilir”. İddiaçının hava gəmisinin salonunda əl yükündə aparmaq istədiyi su 500 ml-lik həcmli qabda olmuşdur. Bu isə Qaydaların tələbinə ziddir. Belə ki, iddiaçının hava gəmisinin salonunda əl yükündə aparmaq istədiyi su 100 ml qədər həcmli qabda (tam və ya qismən doldurulmuş) olmalı idi. Bildirilir ki, "xxxx" QSC-nin rəsmi internet səhifəsində (https://www.azal.az/az/information/dangerous-objects/) bu barədə məlumat yerləşdirilib. İddiaçının şəkər xəstəsi olduğu üçün tez-tez maye qəbul etməli olduğu barədə fikirləri ilə bağlı bildirilir ki, sərnişin hava gəmisində su ilə təmin edilir. - İddiaçı iddia ərizəsində bildirir ki, "xxxx" QSC-nin aviasiya təhlükəsizlik əməkdaşlarının bu cür hərəkəti onun stress, mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Buna görə də o, mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat vəsaitin cavabdeh "xxxx" QSC-dən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı iddia ərizəsində “mənəvi zərər”ə anlayış verərkən və “mənəvi zərər”in məbləğini müəyyən edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına və "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına istinad edir. Halbuki, İddiaçı 500 ml-lik qablaşdırmada olan suyun özü ilə götürməsinə icazə verilməməsi nəticəsində iddiaçının iztirab keçirməsi və onun sağlamlğının pozulması nəticəsində fiziki əzab çəkməsinə dair heç bir sübut təqdim olunmamışdır. - İddiaçının 500 ml-lik qablaşdırmada olan suyun özü ilə götürməsinə icazə verilməməsi yuxarıda adı çəkilmiş Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları” ilə tənzimləndiyi üçün (Həmin qaydaların 10.31.1-ci bəndi) cavabdehin aviasiya təhlükəsizlik əməkdaşlarının fəaliyyəti özbaşınalıq kimi qiymətləndirilə bilməz. Cavabdehin aviasiya təhlükəsizlik əməkdaşlarının hərəkətləri yuxarıda göstərilən normativ hüquqi aktın tələblərinə uyğun olduğu üçün iddiaçıya hər hansı mənəvi zərərin vurulmasından söhbət gedə bilməz. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bir dəfə uçuş zamanı “business class” sinifində oturarkən 1-ci dəfə su istədikdə gətirilmədiyini, ikinci dəfə istədikdə isə təxminən 8-9 dəqiqədən sonra gətirildiyini, bununla bağlı şikayətlərinin olduğunu, amma heç bir tədbir görülmədiyini, keçən il uçuşdan öncə xx.xx.2024-cü ildə Gömrük xəstəxanasında analiz verdiyi zaman qlükoza dərəcəsinin onda 173 çıxdığını, əlavə olaraq “Duty Free”dən nəsə ala bilirsə, deməli onu təyyarəyə də buraxa biləcəyini, dəfələrlə uçuş zamanı AZAL-da problemlər gördüyünü qeyd etmiş və sonda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suala cavab olaraq isə onda kobud rəftarı sübut edən hər hansı bir sənəd olmadığını bildirmişdir. 6.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında keçən hər bir işçinin etik davranış qaydalarına riayət etməli olduğunu, iddiaçının bütün qeydiyyatlardan keçdikdən sonra suyu hava limanının sərnişinlər üçün qoyduqları və baxış məntəqəsindən 10 metr yaxınlıqda olan və zalda yerləşən soyuducudan götürdüyünü, daha sonra təyyarəyə daxil olan zaman AZAL-ın əməkdaşının içəri keçirə bilməyəcəyini bildirdiyini, iddiaçının şəkərli diabet xəstəsi olduğunu, başqa bir uçuşlarda iddiaçının əməkdaşlardan su istəməsinə baxmayaraq çox gec gətirildiyini, qarşı tərəfin işçilərinin iddiaçıya çox kobud şəkildə irad bildirdiklərini, bununla bağlı iddiaçının şikayətinin heç bir nəticəsinin olmadığını, iddiaçının bu müddət ərzində çox stress və həyəcan keçirdiyini, ona mənəvi zərər dəydiyini bildirmiş, sonda isə tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə hadisənin mövcud olması ilə bağlı qarşı tərəfin etirafının olmasını, kobud rəftarla bağlı isə sübutun olmamasını, çünki anidən baş verən hadisə olduğuna görə video çəkilə bilmədiyini qeyd etmişdir. 7.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında qaydalarla mayenin əl yükündə təyyarəyə keçirmək üçün mayenin 100 ml-lik qablaşdırmada olması, ümumi həcminin isə 1 litri keçməməli olmasının müəyyən edildiyini, bu qaydanın iddiaçı tərəfindən pozulduğunu, iddiaçının aldığı suyu təyyarəyə daxil olana qədər içə biləcəyini, bununla bağlı heç bir məhdudiyyətin olmadığını, mübahisənin əsas predmetinin iddiaçının aldığı suyu təyyarəyə keçirməyə icazə verilməməsi olmasını, Azərbaycan Respublikası Prezidentinin 613 nörməli fərmanı ilə təsdiq olunmuş Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydaları və bundan başqa AZAL-ın rəsmi internet səhifəsində də mayelərlə bağlı tələblərin öz əksini tapdığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə iddiaçıdan suyun alınmasını və bunun üçün əsaslar olduğunu, iddiaçıya qarşı kobud rəftarın olmadığını qeyd etmişdir. 8.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan **********7 nömrəli mədaxil qəbzindən çıxarışdan görünür ki, 16 avqust 2024-cü il tarixdə Vip xidmətlər Qrupuna 416973******1906 nömrəli bank kartından 374 manat məbləğində pul köçürülmüşdür. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2012-ci il tarixli, 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.31.1-ci bəndinə əsasən Hava gəmisinin salonunda sərnişinin əl yükündə maye, gel və aerozollar 100 ml qədər həcmli qablarda (tam və ya qismən doldurulmuş) və ümumi həcmi 1 litrdən çox olmayan bağlanan şəffaf plastik paketlərdə daşına bilər, əks halda onlar daşınmaya qəbul edilmir. Bu qayda aeroportun pərakəndə ticarət müəssisələrində və yaxud hava gəmisinə əldə edilmiş maye, gel və aerozollara da şamil edilir. 11.Mülki işin materiallarında olan "xxxx" QSC-nin Təhlükəli əşyalara dair məlumat bölməsindən çıxarışdan görünür ki, uçuşun təhlükəsizliyinin təmin olunması məqsədilə aşağıdakı qaydalara riayət olunmalıdır: Hər biri 100 ml-dək (3.4 oz) həcmli qablarda ümumi həcmi 1 litrdən çox olmayan, ağzı bağlı şəffaf plastik paketdə olduqda mayelərin əl yükündə daşınmasına icazə verilir. 12.Mülki işin materiallarına əlavə edilən X3 tərəfindən İddiaçı verilən epikriz və cd-disk. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, 16 avqust 2024-cü il tarixdə iddiaçı “LOT Airlines” aviaşirkəti vasitəsilə Bakıdan Varşavaya səfər etdiyi zaman uçuşa hazırlıq ərəfəsində iddiaçı VİP Zal xidmətindən istifadə etmiş və oradan ümumi çəkisi 500 ml-lik su alaraq təyyarəyə yaxınlaşmış, lakin əməkdaş ona əlində təyyarəyə 500 ml-lik suyun keçirilməsinin qadağan olunduğunu bildirərək, suyun içəri keçirilməsinə icazə verməmişdir. İddiaçı həmin an onun mənəvi sarsıntıya məruz qaldığını iddia edərək tələbini onunla əsaslandırmışdır ki, o, şəkərli diabet xəstəsidir və daha əvvəl də təyyarədə olduğu zaman təyyarə əməkdaşlarından su istəmiş, lakin su ona gec verilmişdir. Bu səfərki uşuş zamanı da təyyarəyə minik vaxtı əlindən suyun alınması, stress yaşaması və əməkdaşların onunla qeyri-etik davranması və s. nəticəsində ona mənəvi ziyan dəymişdir. Hazırda iddiaçı sözügedən hadisə ilə bağlı cavabdeh təşkilat tərəfindən ona dəyən 1.000 manat məbləğində mənəvi ziyanın ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçı tərəfindən Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydalarının pozulduğunu bildirərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 17.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 18.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndinə görə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 19.Hazırki iş üzrə işin faktiki hallarından göründüyü kimi iddiaçı uçuş zamanı təyyarəyə 500 ml-lik qablaşdırmada su keçirmək istəmiş, lakin cavabdehin əməkdaşları tərəfindən buna icazə verilməmişdir. Bu, işin mübahisəsiz halıdır. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı ümumi yoxlanışdan keçdikdən sonra sərnişinlər üçün qoyulan, baxış məntəqəsindən 10 metr məsafədə olan və həmin zalda yerləşən soyuducudan götürdüyü suyun nəyə görə təyyarəyə buraxılmamasını mübahisələndirir və iddia edir ki, minik zamanı əməkdaşlar tərəfindən suyun buraxılmaması, eyni zamanda ona qarşı qeyrietik, qeyri-professional davranışları nəticəsində ona mənəvi ziyan dəymişdir. 20.Məhkəmə ilk növbədə hazırki iş üzrə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya 500 ml-lik qablaşdırmada suyun keçirilməsinə icazə verilməməsi qanunauyğun həyata keçirilmişdir. Belə ki, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2012-ci il tarixli, 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.31.1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, hava gəmisinin salonunda sərnişinin əl yükündə maye, gel və aerozollar 100 ml qədər həcmli qablarda (tam və ya qismən doldurulmuş) və ümumi həcmi 1 litrdən çox olmayan bağlanan şəffaf plastik paketlərdə daşına bilər, əks halda onlar daşınmaya qəbul edilmir. Bu qayda aeroportun pərakəndə ticarət müəssisələrində və yaxud hava gəmisinə əldə edilmiş maye, gel və aerozollara da şamil edilir. İddiaçı isə qeyd edilən qaydalardan kənara çıxaraq əlində 100 ml-dən çox, yəni 500 ml-lik qablaşdırmada su ilə daxil olduğuna görə qeyd edilən qaydalara müvafiq olaraq cabahdehin əməkdaşları tərəfindən haqlı olaraq buna icazə verilməmişdir. 21.Həmçinin, qeyd edilənlərlə yanaşı iddiaçı baş vermiş hadisə ilə bağlı təyyarə əməkdaşlarının qeyri-etik, qeyri-professional davranışına görə çox böyük stress, mənəvi sarsıntı və iztirablara məruz qaldığını iddia etsə də, tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə isə o, məhkəməyə cd-disk təqdim etmiş, orada ona qarşı suyun gecikdiriliyini bildirmişdir. Bu halda isə məhkəmə qeyd edir ki, qeyd edilən videogörüntülər zamanı həqiqətən iddiaçıya suyun verilməməsi nəticəsində (gec verilməsi) ona ziyan dəydiyini və sarsıntı keçirməsi müəyyən edilməmişdir. Bu yalnız iddiaçının emosional gərginliyinin yüksək olması, gecikən hərəkətlərə reaksiyasının gözləntisindən daha çox olması deməkdir ki, bu halın özü şəxsi xarakter hesab edilməli (emosional həssaslıq) və mənəvi ziyanın tələb edilməsi üçün əsas olmamalıdır. 22.Halbuki, qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, hüquqa zidd əməllə onun nəticəsi arasında səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. 23.Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. 24.Hazırki vəziyyətdə isə iddiaçının cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərərə məruz qalması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 25.Beləliklə də, qeyd olunanlara istinadən məhkəmə hesab edir ki, hazırki işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiyası ilə uzlaşmadığından, yəni tələb əsassız olduğundan təmin edilməməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 27.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1276/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1276/2025
24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver