Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-129/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək mübahisəsi üzrə pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək mübahisəsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən istirahət və iş günü hesab edilməyən bayram günlərində ödənilməyən cəmi 20.549,40 manat əmək haqqı, 4.000,2 manat əldən çıxmış fayda, gecikdirilmiş günlər üçün 181.445,70 manat ödənc, cəmi 206.004,40 manat və 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 17/2019 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən iddiaçı havalandırma sistemləri üzrə texnik vəzifəsinə işə götürülmüşdür. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 17/2019 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinin 3.12 və 3.14-cü bəndlərinə əsasən, iş vaxtı beş günlük iş həftəsi olaraq, iş saatları 09.00-dan 18.00-dək, istirahət günləri kimi şənbə, bazar günləri müəyyən edilmişdi. Əmək müqaviləsinin 1.2-ci bəndində vəzifə təlimatı üzrə nəzərdə tutulmuş əmək funksiyalarının həyata keçirilməsi nəzərdə tutulmasına və vəzifə təlimatının əmək müqaviləsinə əlavə olunması qeyd olunmasına baxmayaraq, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən vəzifə təlimatı ilə tanış edilməmiş və bu təlimat iddiaçı tərəfdən imzalanmamışdır. Əmək Məcəlləsinin 57.1-ci maddəsində işəgötürən tərəfindən işçinin əmək funksiyasının - yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən edilməsi imperativ norma olaraq təsbit edilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş tapşırıqlar üzrə müəyyən olunmuş iş günləri ilə yanaşı iddiaçının çalışdığı müddət ərzində istirahət günlərində (şənbə və bazar), eyni zamanda iş günü hesab edilməyən bayram günlərində iddiaçı işə cəlb edilərək verilən tapşırıqları - əmək funksiylarını icra etmişdir. İstirahət günləri və iş günü hesab edilməyən bayram günlərində verilmiş tapşırıqların iddiaçı tərəfdən icra edilməsi və işin təhvil verilməsi müvafiq servis aktları ilə rəsmiləşdirilmişdir. Həmin servis aktlarında işin yerinə yetirilərək təhvil verilməsi və işin təhvil alınması tərəflərin imzası ilə təsdiq edilmişdir. Belə ki, iddiaçı tərəfindən 2019-cu il ərzində 4 gün, 2020-ci ildə 49 gün, 2021-ci ildə 50 gün, 2022-ci ildə 25 gün, 2023-cü ildə19 gün, cəmi 147 gün istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edilmişdir. Lakin iş vaxtından əlavə işlərə görə iddiaçıya qanunla müəyyən edilmiş qaydada əmək haqqı ödənilməmiş, yalnız rəsmi iş vaxtı üçün əmək haqqı ödənilmişdir. Əmək müqaviləsinin 3.11-ci bəndində gündəlik 8 saat, həftəlik 40 saatdan çox olmayaraq beşgünlük iş həftəsi ilə müəyyən olunsa da, Cavabdeh MMC-nin xidmət göstərdiyi müəssisələrdə bəzən bütün sutka istirahət etmədən iddiaçı verilmiş tapşırığı icra etmiş, əmək funksiyalarını yerinə yetirmişdir. Bu hal, iş və istirahət günlərində, həmçinin gecə vaxtında baş vermişdir. Bu halda da, Əmək Məcəlləsinin 166-cı maddəsində müəyyən olunmuş formada mənə gecə vaxtı yerinə yetirilən işə görə müəyyən olunmuş formada əmək haqqı ödənilməmişdir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. İş vaxtından artıq, istirahət və iş günü hesab edilməyən bayram günlərində cavabdeh tərəfindən ödənilməyən əmək haqqı 2019-cu il üçün 548,60 manat, 2020-ci il üçün 6.936,30 manat, 2021-ci il üçün 6.782 manat, 2022-ci il üçün 3.523,50 manat, 2023-cü il üçün 2.758,20 manat, cəmi 20.549,40 manat təşkil edir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Gecikdirilmiş günlər üçün ödənc 181.445,70 manat təşkil edir. Bundan başqa, ödənilməmiş əmək haqqı üçün əldən çıxmış fayda iddiaçıya ödənilməlidir. 2019-2023-cü illərdə orta bank əmanət faizi 10 % olduğu üçün əldən çıxmış fayda 4.000,2 manat təşkil edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət edilmişdir, lakin cavabdeh mediasiya prosesinin davam etdirilməsindən imtina etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət etmiş, Cavabdeh MMC-dən istirahət və iş günü hesab edilməyən bayram günlərində ödənilməyən cəmi 20549.40 manat əmək haqqı, 4000.2 manat əldən çıxmış fayda, gecikdirilmiş günlər üçün 197474.20 manat ödənc, cəmi 222023.80 manat və 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət etmiş, Cavabdeh MMC-dən istirahət və iş günü hesab edilməyən bayram günlərində ödənilməyən əmək haqqı 20549.40 manat, gecikdirilmiş günlər üçün ödənc 231997.30 manat, cəmi 252546.70 manat, əldən çıxmış fayda 4000.2 manat, mediasiya xərci 50 manat, ümumilikdə 256596.90 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət etmiş, Cavabdeh MMC-dən istirahət və iş günü hesab edilməyən bayram günlərində ödənilməyən əmək haqqı 20549.40 manat, gecikdirilmiş günlər üçün ödənc 320154.30 manat, cəmi 340703.80 manat, əldən çıxmış fayda 8115 manat, mediasiya xərci 50 manat, ümumilikdə 348868.80 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət etmiş, Cavabdeh MMC-dən istirahət və iş günü hesab edilməyən bayram günlərində ödənilməyən əmək haqqı 17026.22 manat, gecikdirilmiş günlər üçün ödənc 266259.45 manat, əldən çıxmış fayda 8115 manat, mediasiya xərci 50 manat, ümumilikdə 291450.67 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə və yazılı məhkəmə çıxışı təqdim edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək mübahisəsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, «Cavabdeh MMC tərəfindən verilmiş tapşırıqlar üzrə müəyyən olunmuş iş günləri ilə yanaşı iddiaçının çalışdığı müddət ərzində istirahət günlərində (şənbə və bazar), eyni zamanda iş günü hesab edilməyən bayram günlərində iddiaçı işə cəlb edilərək verilən tapşırıqları - əmək funksiylarını icra etmişdir. İstirahət günləri və iş günü hesab edilməyən bayram günlərində verilmiş tapşırıqların iddiaçı tərəfindən icra edilməsi və işin təhvil verilməsi müvafiq servis aktları ilə rəsmiləşdirilmişdir. Həmin servis aktlarında işin yerinə yetirilərək təhvil verilməsi və işin təhvil alınması tərəflərin imzası ilə təsdiq edilmişdir. Belə ki, iddiaçı tərəfindən 2019-cu il ərzində 4 gün, 2020-ci ildə 49 gün, 2021-ci ildə 50 gün, 2022-ci ildə 25 gün, 2023-cü ildə 19 gün, cəmi 147 gün istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edilmişdir. Lakin iş vaxtından əlavə işlərə görə iddiaçıya qanunla müəyyən edilmiş qaydada əmək haqqı ödənilməmiş, yalnız rəsmi iş vaxtı üçün əmək haqqı ödənilmişdir». İlk olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı 2018-ci ildən cavabdeh şirkətdə işə başlamışdır. Həmin ildə bir müddət işlədikdən sonra işdən ayrılmışdır. Daha sonra o, 2019-cu ildə yenidən Şirkətə müraciət edərək onunla işləmək istədiyini bildirmişdir. Qeyd edir ki, istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edildiyinə görə iddiaçıya qanunverilikdə nəzərdə tutulmuş qaydada (əmrlər əsasında) öz arzusu ilə müvafiq günlərdə istirahət günləri verilmişdir. Əgər iddiaçı həmin (istirahət və iş günü hesab edilməyən bayram günlərinin) əvəzinə başqa istirahət günü verilməsi ilə razı olmasa idi, həmin vaxt öz narazılığını bildirərdi və hətta sonrakı illərdə də həmin şirkətlə işləməzdi. Bundan başqa nəzərə çatdırır ki, iddiaçı iddia ərizəsində cəmi 147 gün istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edildiyini bildirmiş, lakin məhkəməyə 227 ədəd akt təqdim etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə 2019cu ildən 2023-cü ilin sonunadək olan, onun tərəfindən tərtib edilmiş aktları, həmçinin həmin aktların qısa məzmunu ilə qeyd edilmiş siyahı formasını təqdim etmişdir. Aktlarla bağlı bildirir ki, məhkəməyə təqdim edilmiş aktları nəzərdən keçirdikdə, həmin aktların bir qisminin istirahət və iş günü hesab edilməyən bayram günləri deyil, məhz iş günlərinə aid olduğu, bir qisminin ümumiyyətlə iddiaçıya aid olmadığı (başqa işçilərə məxsus adlar və imzalarla təsdiq olunmuş), bəzi aktların verilmiş siyahıda qeyd olunmadığı, verilmiş siyahıda qeyd olunmuş bəzi aktların isə ümumiyyətlə məhkəməyə təqdim olunmadığı (mövcud olmadığı) müəyyən edilir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il tarixli günlərlə (aktlarla) bağlı qeyd edir ki, iddia ərizəsində həmin il üzrə 19 gün olduğu qeyd olunsa da, məhkəməyə 24 ədəd akt təqdim edilmişdir. Müqayisə aparılan zaman bu aktlardan məhkəməyə təqdim edilmiş (siyahıda qeyd olunmayan) xx.xx.2023-cü il tarixli 4897 saylı və xx.xx.2023-cü il tarixli 4898 saylı aktların ümumiyyətlə iddiaçıya aid olmadığı, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 4867 saylı aktın və xx.xx.2023cü il tarixli 5189 saylı aktın isə siyahıda qeyd olunmadığı müəyyən edilmişdir və s. Həmçinin iddiaçı eyni tarixli eyni nömrəli aktların surətini də məhkəməyə təqdim etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı məhkəməyə müraciət edərək özünə aid olmayan və s. aktlar üzrə qanunsuz formada cavabdehdən pul tələb edir. Belə ki, şirkət tərəfindən iddiaçı ilə bağlı verilmiş müvafiq əmrlərdən görünür ki, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilmiş, xx.xx.2023-cü il tarixli əmrlə xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023cü il tarixdə istirahət günü verilmişdir. Beləliklə də, 2023-cü il üzrə iddiaçıya işlədiyi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn, günü əmək haqqı əvəzinə başqa istirahət günü verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164.2-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Beləliklə göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək mübahisəsi üzrə pul» tələbinə dair iddiası 2019-2022-ci illər üzrə iddia müddətini tətbiq etməklə rədd olunmalı, eyni zamanda iddia tələbinin digər hissəsi də qanunsuz və əsassız olduğundan rədd olunmalıdır. Bir daha qeyd edir ki, iddiaçı 2018-ci ildən cavabdeh şirkətdə işə başlamışdır. Həmin ildə bir müddət işlədikdən sonra işdən ayrılmışdır. Daha sonra o, 2019-cu ildə yenidən Şirkətə müraciət edərək onunla işləmək istədiyini bildirmişdir. 2018-ci ildə iddiaçı Şirkətdə işlədiyi zaman Şirkətdə olan iş qaydasını, yəni yerinə yetirməli olduğu müvafiq iş və ya göstərməli olduğu xidmətin dairəsini, işləməli olduğu vaxtları bilmiş və həmin işdə işləməyə razılıq vermişdir. Bundan əlavə iş materiallarından da göründüyü kimi tərəflər arasında iş fəaliyyəti xx.xx.2019-cu ildən başlamışdır. İddiaçının özü də iddia tələbində qeyd etmişdir ki, «2019-cu il ərzində 4 gün istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edilmişdir. Lakin iş vaxtından əlavə işlərə görə iddiaçıya qanunla müəyyən edilmiş qaydada əmək haqqı ödənilməmiş, yalnız rəsmi iş vaxtı üçün əmək haqqı ödənilmişdir». Nəzərə çatdırır ki, iddiaçı işə bağladıqdan sonra (2019-cu il) istirahət və iş günü hesab edilməyən bayram günlərində işlədiyi zaman həmin günün iş günü olmadığını, həmin ilin müəyyən bir ayında ona rəsmi iş vaxtı üçün əmək haqqı ödənildiyi zaman isə iş vaxtından əlavə işlərə görə ona əmək haqqı ödənilmədiyini də bilmişdir. Həmin müddət (2019-cu ildə) o, (iddiaçının mülahizəsinə görə) «hüquqlarının pozulduğunu» aşkar etmiş, lakin buna etiraz etmədən öz vəzifəsinin icrasına davam etmişdir. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçı bu qaydada bu şərtlərlə işləməyə etiraz etmədiyindən həmin qaydada işləməyə razılaşmışdır. Qeyd edir ki, istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edildiyinə görə iddiaçıya qanunverilikdə nəzərdə tutulmuş qaydada (əmrlər əsasında) öz arzusu ilə müvafiq günlərdə istirahət günləri verilmişdir. Əgər iddiaçı həmin (istirahət və iş günü hesab edilməyən bayram günlərinin) əvəzinə başqa istirahət günü verilməsi ilə razı olmasa idi, həmin vaxt öz narazılığını bildirərdi və hətta sonrakı illərdə də həmin şirkətlə işləməzdi. Lakin iddiaçı (onun mülahizəsinə əsasən) ilk olaraq huququnun pozulduğunu bildiyi vaxtdan (2019-cu ildən) 4 ildən çox müddət keçdikdən sonra, yəni 2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hazırki mübahisənin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinə aid müddəaları yaradır. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 164.2-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Göründüyü kimi, iddiaçı Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan bir illik müddəti ötürmüşdür. Bu səbəbdən də hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Mülki Məcəllənin 375.1-cı maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcələnin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu səbəbdən, məhkəmədən iddia tələblərinin 2019-2022-ci illər üzrə iddia müddəti tətbiq edilməklə, qalan hissəsinin isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, 2019-2022-ci illəri əhatə edən dövrlə bağlı tələblər üzrə iddia müddəti ötürüldüyündən, digər hissədə isə əsassız olduğundan iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - 04.09.2018-ci il tarixdə doldurulmağa başlanan ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-yə havalandırma sistemləri üzrə texnik vəzifəsinə işə qəbul edilmiş; xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş; xx.xx.2019-cu il tarixdə Cavabdeh MMCyə havalandırma sistemləri üzrə texnik vəzifəsinə işə qəbul edilmiş; xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayı və ya ştatların ixtisar edilməsi) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli 09/2023 saylı, xx.xx.2023-cü il tarixli 023/2023 saylı, xx.xx.2023-cü il tarixli 106/2023 saylı, xx.xx.2023-cü il tarixli 127/2023 saylı, xx.xx.2023-cü il tarixli 206/2023 saylı, xx.xx.2023-cü il tarixli 207/2023 saylı, xx.xx.2023-cü il tarixli 227/2023 saylı, xx.xx.2023-cü il tarixli 303/2023 saylı, xx.xx.2023-cü il tarixli 310/2023 saylı, xx.xx.2023-cü il tarixli 426/2023 saylı, xx.xx.2023-cü il tarixli 505/2023 saylı, xx.xx.2023-cü il tarixli 512/2023 saylı, xx.xx.2023-cü il tarixli 624/2023 saylı, xx.xx.2023-cü il tarixli 631/2023 saylı (xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilməsi barədə), xx.xx.2023-cü il tarixli 631/2023 saylı (xx.xx.2023-cü il tarixdə işlədiyinə görə xx.xx.2023-cü il tarixdə istirahət günü verilməsi barədə),xx.xx.2023cü il tarixli 707/2023 saylı, xx.xx.2023-cü il tarixli 714/2023 saylı, xx.xx.2023-cü il tarixli 1027/2023 saylı əmrlərdən və tabel cədvəllərindən görünür ki, iddiaçıya işlədyi tarixlərə görə başqa tarixlərdə istirahət günləri verilmişdir. - Bakı 16 saylı Mediasiya Təşkilatının verdiyi xx.xx.2024-cü il tarixli MŞB/16/2024- 00066 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflərin nümayəndələri xx.xx.2024-cü il tarixə saat 11:00-11:30-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. - 01.12.2025-ci il tarixli müstəqil auditorun hesabatında qeyd olunmuşdur ki, audit nəticəsində təqdim edilmiş sənədlərin və aparılan hesablamalar zamanı müəyyən edildi ki, ödənilməmiş əmək haqqının pul məbləği 17.026,22 manat, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləği 266.259,45 manat, cəmi 283.285,07 manat təşkil edir (Məhkəmə qeyd edilən sənədi mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, gəlinmiş nəticə səhv nəticə olmaqla, reallığı əks etdirmir, iddiaçının izahatına əsasən birtərəfli qaydada tərtib olunmuşdur). - İddiaçı tərəfindən təqdim edilmiş çoxsaylı servis aktlarının məzmunundan görünür ki, cavabdeh şirkətin işçiləri, eləcə də, iddiaçı tərəfindən görülən işlərlə bağlı aktlar tərtib olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-yə havalandırma sistemləri üzrə texnik vəzifəsinə işə qəbul edilmiş; xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «a» bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, xx.xx.2019-cu il tarixdə eyni vəzifəyə işə qəbul edilmiş və bu dəfə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayı və ya ştatların ixtisar edilməsi) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tələbində 2019-cu il ərzində 4 gün, 2020-ci ildə 49 gün, 2021-ci ildə 50 gün, 2022-ci ildə 25 gün, 2023-cü ildə19 gün, cəmi 147 gün istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edildiyi üçün ödənilməyən əmək haqqı 2019-cu il üçün 548,60 manat, 2020-ci il üçün 6.936,30 manat, 2021-ci il üçün 6.782 manat, 2022-ci il üçün 3.523,50 manat, 2023-cü il üçün 2.758,20 manat, cəmi 20.549,40 manat, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc olaraq 181.445,70 manat, ödənilməmiş əmək haqqı üçün əldən çıxmış faydanın 2019-2023-cü illərdə orta bank əmanət faizi baxımından 10 % olduğu üçün 4.000,2 manat təşkil etməsini göstərmiş, daha sonra tələbini dəqiqləşdirərək istirahət və iş günü hesab edilməyən bayram günlərində ödənilməyən əmək haqqı 17026.22 manat, gecikdirilmiş günlər üçün ödənc 266259.45 manat, əldən çıxmış fayda 8115 manat, mediasiya xərci 50 manat, ümumilikdə 291450.67 manat pul vəsaitinin tutulmalı olmasını iddia etmişdir. Cavabdehin nümayəndəsi hazırki mübahisəyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müracit etməklə yanaşı 2023-cü il üzrə iddiaçıya işlədiyi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn, günü əmək haqqı əvəzinə başqa istirahət günü verilməsini də vurğulamışdır. Beləliklə də işin materiallarından görünür ki, iddiaçının cavabdehdən pul tələbi 2019-2023-cü illəri əhatə edir və o hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə formalaşmış təcrübəyə əsasən ilk olaraq cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək iddia tələbinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulmuş iddianın dayandırılmasına səbəb olur. Qanunvericilikdə iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən «fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər» ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsi təşkil edir. Həmin normaya əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqqhesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. İşin faktiki hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 2019-2022ci illəri əhatə edən dövrlə bağlı tələblər üzrə artıq, qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Başqa sözlə qeyd edilən dövlər üzrə iddiaçı hüquqlarının pozulduğunu bildiyi halda vaxtında məhkəməyə müraciət etməmişdir. Belə ki, iddiaçının iddiasından və izahatından da görünür ki, 2019-cu ildə o, 4 gün istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edilməklə «hüquqlarının pozulduğunu» aşkar etmiş, lakin buna etiraz etmədən öz vəzifəsinin icrasına davam etmişdir. Həmçinin iddiaçının təbirincə 2020-ci ildə 49 gün istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edilməklə «hüquqlarının pozulduğunu» aşkar etsə də, buna etiraz etmədən öz vəzifəsinin icrasına davam etmişdir. Bu hallar 2021-ci ildə 50 gün, 2022-ci ildə 25 gün müddəti ilə bağlı tələblərə də aiddir. Başqa sözlə, iddiaçı bu halları hüququnun pozulması kimi qiymətləndirdiyi halda ilk hüququ pozulduğu il üzrə cavabdehə müraciət etmək hüququndan istifadə etməmişdir, yəni həmin (istirahət və iş günü hesab edilməyən bayram günlərinin) əvəzinə başqa istirahət günü verilməsi ilə razı olmasa idi, həmin vaxt öz narazılığını bildirərdi və hətta sonrakı illərdə də həmin şirkətlə işləməzdi. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı bu halı qeyd etməsə də, işin araşdırılmış hallarından iddiaçının 2019-cu ildən əvvəl də cavabdeh təşkilatla işləməsi faktı mövcud olmuşdur. Başqa sözlə, iddiaçı 2018-ci ildə iddiaçı işlədiyi zaman cavabdeh şirkətdə olan iş qaydasını, yəni yerinə yetirməli olduğu müvafiq iş və ya göstərməli olduğu xidmətin dairəsini, işləməli olduğu vaxtları bilmiş və həmin işdə işləməyə razılıq vermişdir. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçı bu qaydada bu şərtlərlə işləməyə etiraz etmədiyindən həmin qaydada işləməyə razılaşmışdır. Məhkəmə iddiaçının qeyd edilən illərdə istirahət və iş günü hesab edilməyən bayram günləri işə cəlb edilməsi faktının mövcud olmasını qəbul etsə də hesab edir ki, yuxarıda qeyd edildiyi kimi iddia müddəti ötürülməsi bu hal iddianın qeyd edilən dövrlərə münasibətdə təmin edilməsinin mümkün etmir. Mülki Məcəllənin 375.1-cı maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcələnin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmçinin işin materiallarından görünür ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə verilməmişdir. Cavabdeh tərəf isə əksinə, məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. Beləliklə də məhkəmə iddia tələblərinin 2019-2022-ci illər üzrə iddia müddəti tətbiq edilməklə rədd edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə iddiaçının məhkəməyə müraciət tarixindən əvvəlki 1 ilə münasibətdə tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164.2-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Cavabdeh tərəfin iddiaya etirazın əsası kimi istinad etdiyi və təqdim etdiyi əmrlərdən göründüyü kimi, iddiaçının arzusuna əsasən işlədiyi digər günlərə görə əmək haqqı əvəzinə başqa günlərdə istirahət verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin son 1 illə bağlı hüquqlarının pozulmasına dair izahatının özü-özlüyündə iddianın bu hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir, başqa sözlə, son 1 il ərzində əmək hüquqlarının pozulması hallarına yol verilməsi hissəsi üzrə öz hüquqi mövqeyini sübut edə bilməmişdir. Məhkəmə cavabdeh tərəfin son 1 il üçün istirahət və iş günü hesab edilməyən bayram günlərə görə qarşılıqlı razılaşmaya əsasən əmək haqqı əvəzinə başqa günlərdə istirahət verilməsinə dair iddiaya etirazının dəlillərini inandırıcı saymaqla hesab edir ki, iddiaçı bu faktlardan məlumatlı olduğu halda faktiki olaraq hüquqdan sui istifadəyə yol vermişdir. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması faktı olmadığı halda iddiaçı əsasız iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək mübahisəsi üzrə pul» tələbinə dair iddiası - 2019-2022-ci illəri əhatə edən dövrlə bağlı tələblər üzrə iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə, qalan hissədə isə əsassız olduğundan rədd edilməlidir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək mübahisəsi üzrə pul» tələbinə dair iddiası - 2019-2022-ci illəri əhatə edən dövrlə bağlı tələblər üzrə iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə, qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-129/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-129/2025
25.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver