Məhkəmə qərarları › İş №e-2(006)-1402/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1402/2021

02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1402/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat icbari sığorta pulunun və hüquqi xidmət göstərilməsi ilə bağlı vəkilə ödənilən 145 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahahtında bildirmişdir ki, iddiaçı xx.xx.1993-cü ildə Lerik rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş, hərbi xidmətini N saylı hərbi hissədə, sonra isə Qusar, Füzuli və Cəbrayıl rayonundakı hərbi hissələrdə keçmişdir. Sonuncu dəfə 1994-cü ilin fevral ayında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə sol qolundan dəlib keçən güllə yarası almışdır. İlkin tibbi yardım göstəriləndən sonrakı müddətdə Lənkəran şəhərində Hərbi Hospitalda müalicə olunmuş, yekunda isə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 1995-ci ilin fevral ayında komissiyadan keçib, həqiqi hərbi xidmətə yararsız hesab edilərək, həqiqi hərbi xidmətdən tərxis olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarına əsasən 1995-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona 2-ci qrup əlillik təyin edilmiş və həmin vaxtdan 2-ci qrup əlil kimi pensiya alır. Lakin bu günə qədər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə ona verilməli olan 6.600 manat icbari sığorta pulunu ala bilməmişdir. Belə ki, sığorta pulunun alınması ilə bağlı cavabdeh şirkətə müraciət etmiş, cavabdeh isə xx xxxxxxx 2020-ci il tarixli, 07-07-551 qeydiyyat nömrəli məktubla iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır və qanunla 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6.600 manat sığorta pulu iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı hüquqi xidmət göstərilməsi ilə bağlı onunla xx.xx.2020-ci il tarixində müqavilə bağlamış və xx.xx.2020-ci il tarixli qəbzə əsasən 145 manat hüquqi xidmət haqqı ödənilmişdir. Həmin məbləğ də cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilə kimi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müalicə aktından çıxarışın surətindən görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı xəsarətlə əlaqədar ikinci qrup əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 702459 saylı müayinə aktından çıxarışın surətindən görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı hərbi xidmətdə olarkən sol əlindən güllə yarası almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 07-07-551 saylı məktubundan görünür ki, “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üçün qüvvədə olan qanunvericiliyinə istinadən bildirilmişdir ki, sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il ərzində əlillik dərəcəsi aldıqdan sonra sığorta ödənişini almaq hüququ vardır. Sənədlərdən göründüyü kimi, 1995-ci ildə əlillik dərəcəsi almış, lakin Qanunla müəyyən edilmiş müraciət müddəti keçdiyinə görə sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, 103 saylı müqavilənin və ödəniş qəbzinin surətlərindən görünür ki, İddiaçı tərəfindən ona göstərilən hüquqi yardıma görə «Arbitrium» Vəkil Bürosunun hesabına 145 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, məhkəmə cavabdehdən 145 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi və hüquqi yardıma görə ödənilmiş 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar