Məhkəmə qərarları › İş №e-2(006)-1402/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1402/2024

18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1402/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə verildiyi tarixdən hər ay Cavabdeh aylıq təqaüdünün 1/3 hissəsi miqdarında və 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin və mediasiya xidmət haqqı kimi ödənilmiş 50 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu ildə Bakı şəhərində yerləşən Şuşa rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X4 anadan olmuşlar. Cavabdeh ilə neçə illər normal ailə kimi yaşasalar da, sonradan münasibətləri kəskinləşmişdir. İddiaçı bir neçə aydır ki, övladları ilə birlikdə valideynlərinin evində yaşayır, Cavabdeh ailəyə baxmır, uşaqların maddi ehtiyaclarını təmin etmir, ailəyə maddi köməklik göstərmir. Cavabdeh əvvəllər DİN-nin X8 işləmiş, sonra təqaüdə çıxmışdır və hazırda aylıq 1000 manata yaxın təqaüd alır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikah haqqında AZ-İ seriyalı 493608 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2009-cu il tarixdə 46 №-li akt qeydi ilə Şuşa rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş doğum haqqında AZ-İİ seriyalı 431328 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2010-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında AZ-İİ seriyalı 897496 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/9/2023-02470 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat İMS xərcini ödəmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Bakı 9 saylı MT” xidməti üzrə MŞB-9-02470 nömrəli işə görə 50 manat məbləğində pul ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki: - Cavabdeh yaşa görə aylıq 1202.51 manat məbləğində pensiya alır; - İddiaçı ilə bağlanmış hər hansı əmək müqaviləsi və onun gəlir yeri yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X4, xx.xx.2012-ci il tarixdə isə X5 anadan olmuşdur. Tərəflərin münasibətləri pisləşdiyindən hazırda birlikdə yaşamırlar, uşaqlar iddiaçının yanındadır. İddiaçının gəlir yeri olmadığından uşaqların saxlanılması üçün aliment tələbi ilə mediasiyaya müraciət etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddiaçı cavabdehin keçmiş polis işçisi kimi aylıq 1000 manata yaxın pensiya aldığını və əlavə olaraq taksi sürücüsü kimi işlədiyini bildirərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin pensiyasının 1/3 hissəsi miqdarında və 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını tələb edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından anadan olan uşaqların gəlir yeri olmayan iddiaçının himayəsində qalması, cavabdehin isə aylıq müntəzəm qazanca malik olması nəzərə alındıqda, iddiaçının tələbi qanunvericiliklə yanaşı, uşaqların üstün mənafeyi və əvvəlki təminat səviyyələrinin maksimal saxlanmasının zəruriliyi baxımından qiymətləndirilməli, eyni zamanda, uşaqlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləği diqqətə alınmalıdır. İddiaçının tələbi yetkinlik yaşına çatmayan 2 uşağa görə cavabdehin pensiyasının 1/3 hissəsi miqdarında və eyni zamanda, 150 manat sabit məbləğində alimentin cavabdehdən tutulması olduğundan məhkəmə qeyd edir ki, alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkündür, lakin 1202,51 manat məbləğində pensiyanın 1/3 hissəsi cari il üzrə uşaqlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunundan aşağı olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehdən eyni zamanda, hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 70 manat sabit pul məbləğində aliment tutulması tərəflərin marağını pozmamaqla yanaşı, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi və onların üstün mənafeyi baxımından daha ədalətli və məqsədə müvafiqdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, cari il üzrə yaşayış minimumu alimentin təyin edilməsində mütləq göstərici olmasa da, müvafiq qanunvericilik normalarının tələbinə əsasən nəzərə alınmalı əsas göstəricilər sırasındadır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də, öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Qanunun mənasından göründüyü kimi, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və hər ay hər uşağa görə 35 (otuz beş) manat olmaqla, cəmi 70 (yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyi üçün məhkəmə xərclərinin 40 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, məhkəmə xərclərinin qalan hissəsi isə İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 234.2.1-ci maddəsinə əsasən, qətnamə dərhal icra edilməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında və hər ay hər uşağa görə 35 (otuz beş) manat olmaqla, cəmi 70 (yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Məhkəmə xərclərinin 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar