Məhkəmə qərarları › İş №e-2(006)-1409/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1409/2023

26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1409/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,. MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihama əsasən İddiaçı Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən əməli törədməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin ittihamlarla 14 fevral 2020-ci il tarixində həbs edilərək məhkəməyə verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-179/2021 saylı, xx.xx.2021-ci il tarixli hökümnə əsasən İddiaçı təqsirliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası MM-nin 205.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, Azərbaycan Respublikası MM-nin 234.4.1-ci maddəsi ilə bağlı bəndin çıxarılması, İddiaçı Azərbaycan Respublikası MM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət Əməlini törətməkdə təqsirli bilinərək ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi reimi cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 fevral 2020-ci il tarixindən hesablanması hökm edilmişdir. İddiaçı tərəfindən Apellyasiya şikayəti və ittiham tərəfindən isə apellyasiya protesti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli, 1(106)-27/2022 saylı hökmü ilə apellyasiya protesti təmin olunmamış, apellyasiya şikayətləri təmin edilmiş, İddiaçı CM-nin 234.4.3-cümaddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ləğv olunmuş, məhkum olunmuş şəxsin CM-nin ona qarşı CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə CPMnin 42.14-cü maddəsi ilə bəraət verilmiş və buna görə bəraət almış şəxsin yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş 1010 qram heroinin mənbəyinin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Cəlilabad rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-27/2022 saylı, 16 mart 2022-ci il tarixli hökmdən ittiham tərəfindən verilmiş protest Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər X4 xx.xx.2022-ci il tarixli, 1(102)1302/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İbtidai istintaq qanunsuz və əsassız olaraq İddiaçı barəsində CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürərək onu həbs etmiş heç bir əsas olmadan onun azadlığı əlindən alınmış və məhkəmə istintaqına çıxarılmışdır. Qanunsuz ittiham və həbs edilməsi azmış kimi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir.Bundan sonra Apellyasiya məhkəməsi şəxsin təqsirliyi sübuta yetirilmədiyi üçün ona 16 mart 2022-ci il tarixində bəraət vermiş və məhkəmə zalından azadlığa buraxılmışdır. Вundan başqa Məhkəmə istintaqı zamanı və eləcədə iş materiallarında olan sənədlərdən, şahid ifadələrindən məlum olmuşdur ki, İddiaçı işgəncələrə məruz qalmış, döyülərək bədəninin müxtəlif nahiyyələrindən xəsarətlər almışdır. Penetensiar Penetensiar Xidmətin vəkil sorğusuna əsasən verdiyi 02 mart 2021ci il tarixli, xx/xx-1216 saylı arayışa əsasən də İddiaçı istintaq Təcndxanasına daxil olan zaman tibbi müayinə olunmuş və onun sağ gözaltı nahiyyəsində tünd bənövşəyi rəngli qançırlar və bədənində zədələr müşahidə edilmişdir. Bundan başqa şəxs Dövlət orqanlarının etdiyi səhv nəticəsində qanunsuz və əsassız olaraq şəxs ailəsindən və cəmiyyətdən təcrid edilmiş 761 gün, yəni 25 ay müddətində ikinci qrup əlil olmasına, miokard infakt keçirməsinə, epilepsiya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq törətmədiyi əmələ görə həbsdə saxlanılmışdır. İddiaçı bu müddət ərzində öz müalicəsini tam və yetərli şəkildə apara bilməmiş, səhəti daha pisləşmiş, döymə və işgəncələr nəticəsində sağ gözü 70 faiz görmə qabiliyyətini itirmişdir. Bundan başqa İddiaçı ağır və əsassız ittihama görə məsuliyyətə cəlb edildiyindən onun ailəsi xəstə yaşlı valideyinləri istirab və əzab çəkmişlər, ailənin nüfuzu etibarı zədələnmiş, xəstə yoldaşı və uşaqları başsız qalmışlar. Böyük oğlu nişanlı olsada sonradan nişanı qaytarılmış, narkotik alverçisi damğası vurulması ilə onun cəmiyyət içində olan nüfuzuna xələl gəlmiş, kənd təsərrüfatı və biznes fəaliyyəti tamamən məhv olmuş, həbs edilənə kimi ona məxsus iki yüzə yaxın mal-heyvan tələf olmuşdur. 2 il müddətinə öz torpaqlarını əkib becərmək imkanından məhrum olunmuşdur. Halbuki, özünə və ailəsinə məxsus 20 hektar torpaq sahəsi olmuş və hər il həmin torpaqlardan əkin əkərək gəlir əldə edirdi. Ailəsi bu müddət ərzində çox böyük maddi və mənəvi zərər çəkmiş, ailənin yeganə gəlir gətirən şəxsi əsassız və qanunsuz olaraq 2 ildən artıq həbsdə saxlanılmışdır. Yaxın qohumlarının istintaq və məhkəmə zamanı şahid qismində dindirilmələri onların hər dəfə istintaqa çağırılmaları, övladlarının və yaxınlarının onu həbsxanada ziyarət etmək məcburiyyətində olmaları, narkotik vasitəni evindən çıxararkən ailə üzvlərini və xəstə yaşlı anasını evdən məcburi şəkildə çıxarmaları və evə buraxmamaları. (hökmdə öz əksini tapmış və sübuta yetirilmişdir) Öz qohumları, ailə üzvləri və qonşuların gözü qabağında onu alçaldaraq məcburi evindən narkotik çıxarmaları, döyülmüş və əli qandallı şəkildə onu kameraya çəkərək istintaq hərəkəti kimi qələmə vermək, hər dəfə öz ailəsinə və yaxınlarına törətmədiyi əmələ görə hesab vermək, onların suallarını cavablandırmaq ona çox böyük mənəvi sarsıntı vermiş, şəxsiyyətinə və mənliyinə zərbə vurmuşdur. Bəraət almasına baxmayaraq həbs edildiyi üçün hazırda özünə uyğun iş tapa bilmir və həbsdə olduğu müddətdə sağlamlıq imkanları daha da ağırlaşdığından öz əvvəlki işlərinidə bərpa etmək iqtidarında deyil. Bütün bunlar həmçinin alçaldıcı və təhqiredici hərəkətlər İddiaçı maddi və mənəvi sarsıntı və əzab vermişdir. Göstərilənlərə əsasən İddiaçı vurulmuş mənəvi zərərə görə 200.000 (iki yüz min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı dövlət orqanlarının etdiyi səhv nəticəsində qanunsuz və əsassız olaraq ailəsindən və cəmiyyətdən təcrid edilmiş, 761 gün, yəni 25 ay müddətində ikinci qrup əlil olmasına, miokard infakt keçirməsinə, epilepsiya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq törətmədiyi əmələ görə həbsdə saxlanılmışdır. İddiaçı bu müddət ərzində öz müalicəsini tam və yetərli şəkildə apara bilməmiş, səhəti daha pisləşmiş, döymə və işgəncələr nəticəsində sağ gözü 70 faiz görmə qabiliyyətini itirmişdir. Bundan başqa İddiaçı ağır və əsassız ittihama görə məsuliyyətə cəlb edildiyindən onun ailəsi xəstə yaşlı valideyinləri istirab və əzab çəkmişlər, ailənin nüfüzu etibarı zədələnmiş, xəstə yoldaşı və uşaqları başsız qalmışlar. Böyük oğlu nişanlı olsa da, sonradan nişanı qaytarılmış, narkotik alverçisi damğası vurulması ilə onun cəmiyyət içində olan nüfuzuna xələl gəlmiş, kənd təsərrüfatı və biznes fəaliyyəti tamamən məhv olmuş, həbs edilənə kimi ona məxsus iki yüzə yaxın mal-heyvan tələf olmuşdur. 2 il müddətinə öz torpaqlarını əkibbecərmək imkanından məhrum olunmuşdur. Halbuki, özünə və ailəsinə məxsus 20 hektar torpaq sahəsi olmuş və hər il həmin torpaqlardan əkin əkərək gəlir əldə edirdi. Ailəsi bu müddət ərzində çox böyük maddi və mənəvi zərər çəkmiş, ailənin yeganə gəlir gətirən şəxsi əsassız və qanunsuz olaraq 2 ildən artıq həbsdə saxlanılmışdır. Yaxın qohumlarının istintaq və məhkəmə zamanı şahid qismində dindirilmələri onların hər dəfə istintaqa çağırılmaları, övladlarının və yaxınlarının onu həbsxanada ziyarət etmək məcburiyyətində olmaları, narkotik vasitəni evindən çıxararkən ailə üzvlərini və xəstə yaşlı anasını evdən məcburi şəkildə çıxarmaları və evə buraxmamaları, öz qohumları, ailə üzvləri və qonşuların gözü qabağında onun alçaldaraq məcburi evindən narkotik çıxarmaları, döyülmüş və əli qandallı şəkildə onu kameraya çəkərək istintaq hərəkəti kimi qələmə vermək, hər dəfə öz ailəsinə və yaxınlarına törətmədiyi əmələ görə hesab vermək, onların suallarını cavablandırmaq ona çox böyük mənəvi sarsıntı vermiş, şəxsiyyətinə və mənliyinə zərbə vurmuşdur. Bəraət almasına baxmayaraq həbs edildiyi üçün hazırda özünə uyğun iş tapa bilmir və həbsdə olduğu müddətdə sağlamlıq imkanları daha da ağırlaşdığından öz əvvəlki işlərinidə bərpa etmək iqtidarında deyil. Bütün bunlar həmçinin alçaldıcı və təhqiredici hərəkətlər İddiaçı maddi və mənəvi sarsıntı və əzab vermişdir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq və müdafiə edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi X5 məhkəməyə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(106)-27/2022 saylı hökmündən görünür ki, dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, İddiaçı Qıhcxan oğlu və onun müdafiəçisi Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, İddiaçı Qıhcxan oğlu və onun müdafiəçisi Vəkil apellyasiya şikayətlərinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1 (099)-179/2021 nömrəli hökmünün ləğv edilməsi, İddiaçı Qıhcxan oğluna Azərbaycan Respublikasının Cinayət Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilməsi, İddiaçı Qıhcxan oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunması, İddiaçı Qıhcxan oğluna təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verildiyindən, onun yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş 1010 qram heroinin mənbəyinin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Cəlilabad rayon Prokuroruna göndərilməsi, iş üzrə maddi sübut olan, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 1009,95 qram narkotik vasitə heroin Cəlilabad rayon Polis Şöbəsində saxlanılması, cinayət işi üzrə məhkəmə məsrəfi olan 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat dövlət büdcəsinə aid edilməsi hökm edilmişdir.

8. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1302/2022 saylı qərarı ilə kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliyi sübuta yetirirlməməsi əsası ilə bəraət verilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, 761 gün (25 ay) qanunsuz həbsdə saxlanılmış, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(106)- 27/2022 saylı hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Hazırda iddiaçı ona vurulmuş 200.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

11. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

12. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir.

13. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

14. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

15. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.

16. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

17. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

18. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

19. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

21. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

22. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

24. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur.

25. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.

26. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

27. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

29. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

30. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

31. İşin mübahisəsiz halıdır ki, iddiaçı 25 ay müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, 25 ay müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi psixi məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.

32. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ay üçün 1000 manat olmaqla, 25 ay üçün 25000 manat məbləğində müəyyən olunmalıdır.

33. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 25.000 (iyirmi beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 25000 (iyirmi beş min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar