Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1411/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X26 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X24 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X17rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X17rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Lənkəran rayon Mərkəzi xəstəxanasından müştərək qaydada onun xeyrinə 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X22 vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş və nəticədə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ehtiyatsızlıqdan X3 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2014-cü il tarixli, 16 nömrəli əmrinə əsasən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahginekoloqu olmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 7-ci bəndinin tələblərini kobud surətdə pozaraq, yəni xx.xx.2020-ci il tarixdə saat 09:15-də Lənkəran Rayon Mərkəzi X1 “Hamiləlik İİ. 38-39 həftə: baş gəlişi. FMA. uşaqlıqda çapıq” diaqnozu ilə daxil olmuş X7 təyin edilmiş diaqnoza uyğun olaraq, yəni uşaqlıqda çapıq olduğu üçün doğuşun operativ yolla başa çatdırılmasına qərar verib, qanın ümumi analizindən başqa hər hansı bir laborator və instrumental müayinələrin aparılmasını təmin etməyərək, hamiləliyin başa çatdırılmasında yalnız xx.xx.2020-cı il tarixdə digər klinikada (“Medical Hospital”) aparılmış transvaginal rəngli USM-ə əsaslanmaqla Gülnar Babayevanın üzərində “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı etmiş, əməliyyatdan sonra sonuncunun vəziyyəti ağırlaşmış və bu ağırlaşmada baş vermiş uşaqlıq qanaxmasının dayandırılması üçün o, tələb olunan təkrar operativ müdaxilə etməli olduğu halda işinə laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərini pozaraq, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyərək, qeyri-peşəkarlıq nümayiş etdirməklə tələb olunan əməliyyatı gecikdirərək “Relaporatomiya. Uşaqlığın ekstrpasiyası” əməliyyatını effektsiz icra etməklə orqanizmin kompensator funksiyalarının pozulması nəticəsində uşaqlığın zədələnməsi ilə əlaqədar qanaxması baş vermiş, kəskin qanaxma ilə ehtiyatsızlıqdan X3 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü çıxarılmış və iddiaçı tərəfindən hökmdən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, X12 birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti 2 (iki) ilədək artırılmışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Səhiyyə Nazirliyinin əməkdaşının — Lənkəran rayonu Mərkəzi xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Belə ki, hökmə və qərara əsasən, X22 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi göstərilmişdir. Qızının vəfatından sonra onun həmin vaxtı doğulan uşağına qızının adını qoymuşlar. Qızından yadigar olaraq 2 uşaq qalmışdır. Qızının vəfatı zamanı dünyaya gələn uşağa o, digər uşağa isə qızının yoldaşı baxır. Hər dəfə ona baxanda, adını çəkəndə qızı gözlərinin önündə durur. Bir ana kimi onun nələr çəkdiyini hiss etmək çətin deyil. Son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymiş və ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı iddiaçının mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının ölümü və ondan yadigar qalan uşağa baxmağı keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq, ona dəymiş 50.000 (əlli min) manat məbləğində mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi X23 tərəfindən cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHȘ-yə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmədən cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Lənkəran Rayon Mərkəzi Xəstəxanasından müştərək qaydada iddiaçıın xeyrinə 3 000 000 (üç milyon) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2021 saylı qətnaməsi ilə iddia tələbi "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" PHŞ-yə münasibətdə qismən təmin edilərək, "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" PHŞ-dən X10 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40 000 (qırx min) manat məbləğində pul tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və cavabdeh "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən tam şəkildə icra edilərək pul məbləği iddiaçının bank hesabına köçürülmüşdür. Halhazırda iddiaçının həyat yoldaşı İddiaçı eyni iddia tələbi ilə eyni əsasla, eyni cavabdehlərə qarşı iddia qaldırmışdır. İddiaçı iddia tələbinin əsası X10 iddia tələbinin əsası ilə eynidir. Cavabdeh PHŞnin iddiaçıya qarşı heç bir hüquqazidd əməli olmamış, iddiaçının şəxsiyyətinə və ya əmlakına heç bir zərər vurmamışdır. Əməl ilə zərər arasında heç bir səbəbli əlaqə yoxdur. Hazırki mübahisə üzrə zərərçəkən şəxs artıq həyatda olmadığından onun istintaq və məhkəmə tərəfindən hüquqi varisi kimi atası X23 tanınmışdır. Məhz o bu hüquqdan istifadə edərək Nəsimi Rayon Məhkəməsində mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı iddia qaldırmışdır. Hal-hazırki mübahisə üzrə isə iddiaçının belə hüququ yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X24 vəkilinümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və etirazı iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Vİ-ЖГ seriyalı 279054 №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X23 ilə X4 xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuşlar və nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan XİX-ЖГ seriyalı 435627 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1996-cı il tarixdə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, atası qrafasında X23, ana qrafasında X4 göstərilmişdir. Mülki işin materiallarında olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli 16 №-li Əmrindən görünür ki, X22 xx.xx.2014-cü il tarixindən etibarən Mamusta kənd Xəstəxanasının həkim mama-ginekoloq vəzifəsindən 1.0 ştat vahidi olmaqla Lənkəran Rayon Mərkəzi X2 Mərkəzinin Doğum şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə keçirilmişdir. Mülki işin materiallarında olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH seriyalı 019815 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X22 xx.xx.2016-cı il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində mamalıq-ginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin xx.xx.2021-ci il tarixədək etibarlı olması qeyd edilmişdir. Mülki işin materiallarında olan AZ-İV seriyalı 092476 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, atası qrafasında X5, anası qrafasında X18 göstərilmişdir. Mülki işin materiallarında olan AZ-İV seriyalı 405090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, atası qrafasında X5, anası qrafasında X15 göstərilmişdir. Mülki işin materiallarında olan AZ-İİ seriyalı 098967 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2020-ci il tarixdə travmatik qanaxma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 328 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(049)- 180/2020 saylı hökmündən görünür ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3677/2021-ci il tarixli qətnaməsindən görünür ki, “Lənkəran mərkəzi rayon xəstəxanası” Publik hüquqi şəxsdən X10 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində pul tutulması qət edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanası tərəfindən X10 hesabına 40000 (qırx min) manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı qızı X15 xx.xx.2020-ci il tarixdə travmatik qanaxma səbəbindən ölmüşdür. Belə ki, iddiaçının qızı cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X24 həkimi, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X11 yol verdiyi səhlənkarlıq nəticəsində vaxtında müdaxilə edilmədiyinə görə ölmüş, iş üzrə açılmış cinayət işinin istintaqı zamanı və məhkəmə araşdırmaları nəticəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin təqsiri təsdiq olunmuş və o, qanunamüvafiq qaydada cəzalandırılmışdır. İddiaçının həyat yoldaşı X23 qızlarının hüquqi varisi hesab olunmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3677/2021-ci il tarixli qətnaməsi ilə vurulmuş mənəvi zərərin əvəzi olaraq “Lənkəran mərkəzi rayon xəstəxanası” X21 40000 manat məbləğində pulun tutularaq ona ödənilməsi qət edilmiş, həmin qətnamə “Lənkəran mərkəzi rayon xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən icra edilmişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızının ölümü nəticəsində ona dəymiş mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ isə iddianı qəbul etməyərək, baş vermiş bir hadisə ilə əlaqədar ikinci dəfə eyni tələbin başqa şəxs tərəfindən onlara qarşı qaldırılmasını əsassız hesab edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1, 1099 və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən, tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, Lənkəran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(049)-180/2020 saylı hökmünə əsasən, Lənkəran mərkəzi rayon xəstəxanasının əməkdaşı olmuş X22 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunan cinayət işi ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş və hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan hallardan görünür ki, iddiaçının qızı X6 doğuş zamanı yaranmış kəskin qanaxma mama-ginekoloq tərəfindən düzgün qiymətləndirilməmişdir və bununla bağlı ona zəruri tibbi tədbirlər göstərilməmişdir. Belə ki, sözügedən hökmə əsasən X3 ölümünə səbəbin uşaqlığının zədələnməsi nəticəsində uşaqlıq qanaxması nəticəsində baş vermiş kəskin qanitirmə ilə əlaqəli olduğu müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, X9 MRX-da göstərilmiş qüsurlu tibbi xidmətlə onun ölümü arasında səbəbli əlaqə vardır və buna da məsul şəxs mərhumun vəziyyətini, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyən, əməliyyat zamanı vaxt itkisinə yol verən, doğuşu qeysəriyyə əməliyyatı vasitəsilə icra edən mama-ginekoloq X16r. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh Lənkəran MRX-nın əməkdaşının qanunsuz hərəkətlərinin (hərəkətsizliyin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu, habelə onun təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bu faktlar mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və bunların yenidən müəyyən edilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1112-ci maddəsinin tələblərinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adıçəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Qərarda mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilmişdir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin qərara əsasən, ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Beləliklə, iş üzrə preyudisial əhəmiyyətə malik olan hökm əsasında müəyyən edilmişdir ki, «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X24 əməkdaşı X11 vəzifə öhdəliklərini düzgün icra etməməsi nəticəsində X15 vəfat etmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının ölməsi və nəvələrinin anasız qaldıqları ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı (nəvələrinə qulluq və s.) keçirdiyi stres, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Belə olan halda məhkəmə mənəvi zərərin yaranmasına səbəb olan hadisənin baş verməsindən 3 ildən artıq vaxt keçdiyini, cavabdehin maddi durumunu, yəni daha əvvəl eyni əsasa görə iddiaçının ərinə cavabdeh tərəfindən 40000 manat məbləğində mənəvi zərər ödənildiyini, zərərvuranın təqsirinin ehtiyatsızlıq növündə olmasını və digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X21 iddiaçının xeyrinə 5.000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda, ədalətlidir. Məhkəmə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mənəvi zərərin əvəzinin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarına əsasən 2020-ci il yanvarın 1-dən Lənkəran Rayon Mərkəzi Xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iş üzrə cavabdeh qismində cəlb edilsə də, hazırki mübahisə ilə bağlı hər hansı öhdəliyin daşıyıcısı deyildir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X21 alınaraq İddiaçı ödənilməli, qalan 216 (iki yüz on altı) manat hissəsi isə İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X21 mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X21 alınaraq İddiaçı ödənilsin, qalan 216 (iki yüz on altı) manat hissəsi isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1411/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1411/2023
03.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver