Məhkəmə qərarları › İş №e-2(006)-1421/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1421/2024

24.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1421/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli (1 il) əmək müqaviləsinə əsasən, iddiaçı cəmiyyətin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Aqrokompleksin İdarəedilməsi departamenində “İnzibati nəzarət şöbəsi”nin rəisi vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan Cəmiyyətdə “İnzibati nəzarət şöbəsi” ləğv olunduğu üçün, iddiaçı həmin Aqrokompleksdə “Təsərrüfat şöbəsi”nin müdiri vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixədək həmin vəzifədə əmək funksiyalarını yerinə yetirmişdir. İddiaçı işlədiyi müddətdə daim öz əmək funksiyalarını vaxtında və lazımi qaydada, yəni vicdanla, layiqincə, məsuliyyətlə və vaxtında icra etmiş, nümunəvi işçi kimi onun barəsində heç bir intizam tənbehi verilməmişdir. Cavabdehlə iddiaçı arasında mövcud olmuş əmək hüquq münasibətlərinə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Məlumat üçün bildirilir ki, əmək şəraitinin şərtlərinə görə iddiaçının əmək haqqı 3984 manat təşkil etmiş və həftəlik iş rejimi 6 gündən ibarət olmuşdur. İddiaçı həftənin Bazar Ertəsindən Cümə gününədək 09:00-17:00, Şənbə günü isə 09:00-15:00 arası işləyib. Eyni zamanada bildirilir ki, iddiaçının əmək müqaviləsi üzrə əsas vəzifəsi Azərbaycan Respublikasında istehsal edilmiş müxtəlif növdə meyvələrin çeşidlənərək yük avtomobillərə yüklənməsinin təşkil edilməsindən ibarət olmuşdur. Tərəflər arasında mövcud olmuş əmək müqaviləsinə əsasən iddiaçının həftəlik iş vaxtı 40 saat müəyyən edilməsinə baxmayaraq, işin həcminin çox olması səbəbindən, iddiaçı mütamadi olaraq iş vaxtından artıq işlərin görülməsinə cəlb edilmişdir. Lakin, iş vaxtından artıq işə cəlb edilməsi ilə bağlı iddiaçıya əmək haqqı ödənilmədiyi üçün, işçinin işə davamiyyəti ilə bağlı iş vaxtının uçotu sənədlərin əldə edilməsi məqsədilə tərəfindən cavabdehə sorğu ilə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixli 244/23 saylı vəkil sorğusuna cavab olaraq, cavabdeh tərəfindən iddiaçının işə davamiyyəti ilə bağlı girişçıxış məlumatlarını əks etdirməyən formal tərtib edilmiş cədvəllər təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102.1-ci bəndinə əsasən, işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işləmiş saatların dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 102.2-ci bəndinə uyğun olaraq, iş vaxtının uçotunun forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Eyni zamanda, AR Əmək Məcəlləsinin 99-cu maddəsinin tələblərinə görə, iş günü vaxtından artıq müddət ərzində işin görülməsi işəgötürənin əmri və işçinin razılığı ilə həyata keçirilə bilər. Həmçinin, eyni Məcəllənin 165.1-ci bəndinə uyğun olaraq, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hərsaatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməlidir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respubliksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 dekabr 2022-ci il tarixli **********8 saylı qərarı 2023-cü il üzrə iş vaxtının norması və istehsalat təqvimi təsdiq edilmişdir. Beləliklə, orta aylıq əmək haqqını istehsalat təqvimi ilə müəyyən edilmiş aylıq iş vaxtının normasına bölmək üsulu ilə saatlıq vəzifə maaşını müəyyən etmək olar. Odur ki, müvafiq icra hakimiyyəti orqanının daxili normativ-hüquqi aktının tələblərinə görə, iddiaçıya aşağıdakı şəkildə tərtib edilmiş cədvəldə qeyd edilmiş artıq iş saatlarına görə əlavə əmək haqqı ödənilməlidir. Artıq iş saatlarına görə ödənilməmiş əmək haqqı (ikiqat məbləğdə) cəmi 28.255 manat. Göstərilənlərə əsasən, iş vaxtından artıq vaxt ərzində görülən işə cəlb edilməsi ilə bağlı əmək haqqı olaraq cavabdehdən ümumilikdə 28255 (iyirmi səkkiz min iki yüz əlli beş) manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra cavabdehin nümayəndəsi X8 etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, mübahisənin predmeti olan tələbə daha əvvəl aidiyyatı üzrə X7 Xidmətində baxılıb və müraciət əsassız olduğu üçün İnzibati İcraata MN ******* saylı Qərarla xitam verilmişdir. Həmin Qərardan qarşı tərəf şikayət verməmişdir, qərar ləğv edilməmiş və hazırda qüvvədədir. İnzibati icraatın predmeti ilə məhkəmə mübahisəsinin predmetinin eyni olması məhkəmə iclasında iddiaçı özü etiraf etmişdir. Eyni zamanda, qarşı tərəfin təqdim etdiyi ksero surətlərin mənşəyi bəlli deyil. Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mübahisənin predmetinə daha əvvəl bu istiqamətdə müvafiq səlahiyyətlərə malik dövlət orqanı olan Əmək Müfəttişliyi tərəfindən münasibət bildirilmiş və qərar verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) amal olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.10-cü bəndinə əsasən öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq bilavasitə Əmək Müfəttişliyinin hüququdur. İnzibati İcraata xitam verilməsi barədə MN0208240 saylı Qərar ötən iclasda təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili cavabdehin etirazında qeyd olunmuş dəlillər ilə bağlı mülahizə təqdim edərək bildirmişdir ki, cavabdeh iddia ərizəsinə etiraz edərək, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərara istinad edərək, belə nəticəyə gəlmişdir ki, Əmək Müfəttişliyi tərəfindən iddiaçının əmək hüquqlarının pozulması ilə bağlı faktlar aşkar edilməmişdir. Cavabdehin yuxarıda qeyd etdiyi dəlilinə münasibətdə bildirilir ki, cavabdeh trəfindən Əmək Müfəttişliyinə təqdim edilmiş iş materiallarında da mövcud olan iddiaçının işə davamiyyəti ilə bağlı giriş-çıxış məlumatlarını əks etdirməyən formal tərtib edilmiş cədvələ əsasən, hər hansı araşdırmanın aparılması mümkün ola bilməzdi. Həmçinin, sahibkarlıq sahəsində aparılan yoxlamalar, 2025-ci ilin yanvarın 1-dək dayandırıldığı üçün, iddiaçının şikayəti əsasında aparılan inzibati araşdıma ilə bağlı Əmək Müfəttişliyinin nümayəndəsi tərəfindən inzibati xəta hadisəsinin müəyyən edilməsi ilə bağlı hər hansı əlavə sənədlərin cavabdehdən tələb edilməsini qeyri-mümkün etmişdir. Eyni zamanda, Əmək Müfəttişliyinin tərtib edilmiş Qərarı iddiaçı tərəfindən özünün əmək hüquqlarının pozulması faktlarının mübahisələndirilməsini məhdudlaşdıra bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, yalnız bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə «arəaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, X7 Xidməti tərəfindən müəyyən edilmiş faktlar məhkəmə üçün məcburi ola bilməz. Bundan başqa, cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş turniket məlumatlarının ksero surətlərinin mənşəyi məlum olmadığından məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Halbuki, ilk olaraq cavabdeh tərəfindən elektron məlikəmə informasiya sisteminə əlavə edilmiş 16 fevral 2024-cü il tarixli Etirazın 3-cü abzasında qeyd edildiyi kimi, yəni “belə ki, işçinin günün istənilən saatında turniketdən keçib əraziyə daxil süni şəkildə iş vaxtından artıq işə cəlb olunma görüntüsü yaratsa da, qeyd etmək istəyirik ki, turniket məlumatlarının heç bir hüquqi asası yoxdur” ifadəsi iş materiallarında mövcud olan turniket məlumatlarının bilavasitə cavabdehə məxsus olduğu faktını təsdiq edir, lakin onlara məlum olmayan səbəblərdən həmin sənədin hüquqi qüvvəsini mübahisələndirir. Eyni zamanda, keçirilmiş məhkəmə iclasında cavabdehin əvvəlki nümayəndəsi Emil Qurbanov tərəfindən turniket məlumatlarının cavabdehə məxsus olduğu etiraf edilmişdir. Belə ki, mülki məhkəmə icraatı zamanı aparılmış məlikəmə iclasının fasiləsiz audio yazısı əvvəlki nümayəndə Emil Qurbanov tərəfindən yuxarıda qeyd edilən faktın etiraf edilməsini özündə əks etdirib. Beləliklə, cavabdehin nümayəndəsi tərəfindən iş materiallara əlavə edilmiş etirazın məzmununun, həmçinin məhkəmə prosesi zamanı turniket məlumatlarının cavabdehə məxsus olması faktının nümayəndə tərəfindən etiraf edilməsi yazılı məlumatın həqiqiliyini təsdiq edir və sübut kimi məhkəmə tərəfindən qəbul edilməsini edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci bəndinə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş illar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin rin həqiqiliyini müəyyən etmək mümkün olsun. Əlavə olaraq, turniket məlumatlarının həqiqətən də cavabdehə məxsus olması hazırki mülahizəyə əlavə edilmiş 2023-cü il tarixli avqust ayı üçün giriş-çıxışını təsvir edən sənədə əsasən də müəyyən edilir. Belə ki, iş materiallarında mövcud olan “X15” MMC 2022-ci ilin oktyabr ayı üçün işçilərin işə giriş-çıxışını təsdiq edən davamiyyət cədvəli (əməkdaşların imzaları təsvir edilib) ilə 2023-cü il 14 avqust ayı üçün giriş-çıxışını təsdiq edən sənədi üzləşdirərkən, müəyyən etmək olar ki, "xxxx" MMC-də çalışan əməkdaşların - X2və X3 adları və işə giriş-çıxış məlumatları həm də turniket məlumatında öz əksini tapmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə müxtəlif vəsatətlər vermiş və sonradan iddianı tam şəkildə müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə vermiş olduğu etiraz ərizəsinə uyğun olaraq etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək cavabdeh şirkətdə çalışmışdır. İddiaçı onun iş yoldaşı olub. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun gündəlik iş saatı 09:00-dan 18:00-dək olmuşdur. Başqa işə keçdiyi üçün öz ərizəsi ilə işdən çıxmışdır. Onlara hər hansı tapşırıq verilirdi və onun icrası tarixi bildirilirdi. Həmin tarixədək işin təhvil verilməsi tələb olunurdu. Həmin işlərin isə iş vaxtında çatdırılması mümkün olmadığından onlar məcbur qalıb iş vaxtından artıq işləyirdilər. Bundan başqa elə işlər olurdu ki, iş vaxtı bitdikdən sonra ortaya çıxırdı və onlar həmin işi yerinə yetirməli olurdular. İddiaçıya da belə tapşırıq verilirdi və onlar onunla bir yerdə qalırdılar. Elə gün olurdu ki, o, işlərin icrası ilə əlaqədar gecə saat 04:00- 05:00-da evə gəlirdi. İş saatından artıq işlərə cəlb edilməyi ilə bağlı rəhbərliyə narazılığını bildirsə idi, işdən çıxarılma riski var idi. Səhv etmirsə, İddiaçı narazılığını bildirmişdi, lakin hazırda təfərrütlarını xatırlamır. Əlavə olaraq iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, yanvar ayınadək imza atmaqla giriş-çıxışları müəyyən olunurdu. Bundan sonra isə kart sisteminə keçirildi. İş vaxtından artıq işləməklərinə səbəb işin həddindən artıq çoxluğu olmuşdur. Əlavə olaraq cavabdehin nümayəndəsinin suallarına isə cavab olaraq bildirmişdir ki, iddiaçının əmək funksiyaları işçilərin bölünməsi, işlərin onlar arasında bölünməsi, ərazinin təmizlənməsi, meyvələrin qəbulu və s. ibarət idi.

8. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək cavabdeh şirkətdə inzibati şöbənin inzibatçısı olaraq çalışmışdır. İddiaçı onun şöbə müdiri olub. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onlar işlədikləri müddətdə giriş-çıxış vaxtları yanvar ayınadək imza edilməklə müəyyən olunurdu, daha sonra kart sisteminə keçirilmişdi. İş saatlarından artıq işlərə cəlb edilmişdi. Buna səbəb işlərin çox olması olmuşdur. Şöbə bağlandığına görə işdən çıxmışdır. İşin çox olması ilə bağlı rəhbərliyə narazılığını bildirmişdi. Rəhbərlikdə bildirirdi ki, müvəqqəti çətinlikdir. Yaxşı olacaq. Əlavə iş saatlarına görə ödəniş olunacaq və s. İddiaçı da iş vaxtından artıq işləyirdi. Bəzən olurduki iş vaxtından sonra tırlar gəlirdi. Həmin tırların boşaldılaraq yerləşdirilməsini onlar təmin edirdilər. İddiaçı onların artıq işlədikləri vaxtların uçotunu aparmı, bununla bağlı o, yazılı qaydada müraciət etmişdir. Hətta İddiaçı iclas zamanı da bunu bildirmiş və onlara bunun üçün əlavə haqq verilməsini bildirmişdir. Lakin bunun da bir nəticəsi olmamışdır. Ona işdən çıxdığı vaxta kimi əlavə iş saatları üçün cəmi bir dəfə 88 manat əlavə haqq ödənilib. Əlavə olaraq iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, rəhbərlik tərəfindən bilavasitə və ya dolayısı yolu ilə iş vaxtından sonra işə gəlməkləri ilə bağlı göstəriş verilirdi, əksərən bununla bağlı şöbə müdirinə bildirilirdi, o da onları çağırırdı. İş vaxtının uçotu aparılırdı. Həmin müəssisədə R.Bəhramzadə, S.Nəsirov, A.Xanməmmədov adlı işçilər işləyib. Əlavə olaraq cavabdehin nümayəndəsinin suallarına isə cavab olaraq bildirmişdir ki, iş saatlarından artıq işləməyi ilə bağlı ödəniş almadıqları üçün hər hansı dövlət orqanına və ya məhkəməyə müraciət etməmişdir. Əlavə işlərə cəlb edilməyi ilə bağlı rəhbərlik İddiaçı bildirir, o da onlara məlumat verirdi. Bunu İddiaçı şöbə daxilində bununla bağlı sənədə imza çəkdirməklə rəsmiləşdirirdi.

9. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə işəgötürən Cavabdeh MMC ilə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlayaraq, cəmiyyətin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Aqrokompleksin İdarəedilməsi departamenində “İnzibati nəzarət şöbəsi”nin rəisi vəzifəsinə işə qəbul olunmuş, sonradan cəmiyyətdə “İnzibati nəzarət şöbəsi” ləğv olunduğu üçün, iddiaçı həmin Aqrokompleksdə “Təsərrüfat şöbəsi”nin müdiri vəzifəsinə keçirilmişdir. Qeyd edilən vəzifədə xx.xx.2023-cü il tarixədək əmək funksiyalarını yerinə yetirmiş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. Əmək şəraitinin şərtlərinə görə iddiaçının əmək haqqı 3984 manat təşkil etmiş və həftəlik iş rejimi 6 gündən ibarət olmuşdur. Hazırda əlavə iş saatlarına görə ödənilməmiş əmək haqqı kimi cəmi 28.255 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

b) Mülki işin materialları:

11. Müki işin materiallarında olan 20 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərardan görünür ki, vətəndaş İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, 2022-ci ilin oktyabr, 2023-cü ilin yanvar, mart, aprel, iyun, iyul ayları üzrə artıq iş saatlarına görə əlavə əmək haqları ödənilməmiş, bununla da AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuşdur. Nəticədə, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, daha sonra həmin icraata xitam verilmişdir.

12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli, 9/4735 nömrəli Rəyindən görünür ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənlərə əsasən ekspertiza təyini haqqında Qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh ASC-də işlədiyi müddətdə iş vaxtından əlavə olaraq artıq iş saatlarına cəlb edilmədiyi müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir.

13. Mülki işin materiallarında olan Cavabdeh ASC tərəfindən verilən “əmək müqaviləsinə dəyişiklik barəsində” xx.xx.2023-cü il tarixli, 73_2/K nömrəli Əmrinə əsasən Aqrokompleksin idarəedilməsi departamentinin İnzibati nəzarət şöbəsinin şöbə rəisi İddiaçı 01 iyun 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59cu maddəsinə əsasən Aqrokompleksin idarəedilməsi departamentinin Təsərrüfat şöbəsinə Şöbə müdiri vəzifəsinə keçirilmişdir.

14. Mülki işin materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsindən görünür ki, tərəflər arasında Aqrokompleksin idarəedilməsi departamenti/İnzibati nəzarət şöbəsi, əsas şöbə rəisi vəzifəsinə təyin edilmə ilə bağlı olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsində göstərildiyi kimi, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələri hesab olunur.

17. Həmin Məcəllənin 9-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, “ə” bəndinə əsasən - əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüquqları vardır.

18. Göstərilən Məcəllənin 102-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

19. Azərbaycan Respublikası Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

20. Məhkəmə qeyd edir ki, işçinin iş vaxtından artıq müddətdə işə cəlb edilməsinə əsas verən işəgötürənin (onun səlahiyyətli şəxslərinin) hər hansı yazılı göstərişinin, tərəflər arasında bununla bağlı rəsmi razılaşmanın və ya belə razılaşma olmadıqda görülmüş əlavə işin təhvil alınması barədə müvafiq aktın mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə bir göstərişin və sadalanan digər halların mövcud olmasını təsdiq edən mötəbər sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının iş vaxtından artıq işləməsi və artıq işlədiyi müddət ərzində əmək haqqı almaması barədə dəlillərini əsaslı hesab etmir və iddia tələbi bu hissədə rədd edilməsi qənaətinə gəlir.

21. Məhkəmə həmçinin qeyd edir ki, hər bir işçi işləyərkən bu münasibətləri tənzimləyən onunla işə götürən arasında mövcud olan və əmək münasibətlərini tənzimləyən əmək müqaviləsidir. Həmin əmək müqaviləsində işçinin konkret iş saatları, iş rejimi və s. müəyyən edilməklə işçi ilə razlaşdırılmalıdır. Əlavə iş saatlarına (cəlb edilməyə) gəldikdə isə (əmək müqaviləsindən kənar) bu münasibət hər iki tərəf arasında müvafiq qaydada rəsmiləşdirilməli, əlavə işin nədən ibarət olması işçiyə bildirilməli və bunun razılığı alınmalıdır. Əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətəndə əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir (işçinin əlavə olaraq işə cəlb edilməsi nəticəsində icra olunmuş fəaliyyətin işəgötürən tərəfindən təhvil alınması). Əksi olduğu təqdirdə isə bu kimi işlər (icra olunubsa əgər) könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassız hesab edilməlidir. Bu kimi hallarda məhkəmə hesab edir ki, mütləq qaydada öhdəliyin yaranması üçün işçi işəgötürəndən bu halın razılaşmasını tələb etməli idi.

22. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

23. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

24. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».

27. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).

28. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

29. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

30. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır.

31. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

32. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.

33. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

34. Məhkəmə iddiaçının iş vaxtından artıq vaxt ərzində görülən işə cəlb edilməsi ilə bağlı əmək haqqı olaraq cavabdehdən ümumilikdə 28255 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir.

35. Belə ki, iddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçının 2023-cü ilin yanvaravqust ayları arasında işəgötürən tərəfindən iddiaçının müvafiq olaraq 74, 55, 58, 68, 53, 144, 68, 9 saat əlavə işə cəlb edildiyini və bunun üçün müvafiq olaraq 28255 manat əlavə ödəniş etməli olduğunu qeyd etsə də, həmin faktı təsdiq etmək üçün mötəbər sübutlar təqdim etməmiş, işəgötürənə məxsus turniket məlumatlarına istinad etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı turniket məlumatlarına istinad etsə də, təqdim etdiyi müvafiq məlumatları hansı qaydada, kimdən, hansı mənbədən əldə etdiyini məhkəməyə bildirməmiş və bu halların mövcud olduğu təqdirdə belə həqiqətən həmin anların iddiaçının əmək fəaliyyəti ilə məşğul olması öz təsdqini tapmamışdır (görülmüşsə əgər həmin işlərin təhvil alınması barədə akt).

36. Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

37. Göründüyü kimi, həmin sənədlərin həqiqiliyini müəyyən etmək üçün iddiaçı kifayət qədər dəlil gətirməmiş, cavabdeh tərəfindən həmin məlumatlar mübahisələndirərək işəgötürənə aid olmadığı bildirilmişdir. Bundan əlavə, cavabdeh tərəf turniket məlumatlarının həqiqi olması ehtimalında belə həmin sənədlərin işçilərin işəgötürən tərəfindən əlavə işlərə cəlb edilməsi qənaətinə gəlməyə əsas vermir.

38. Habelə, iddiaçının müvafiq vəsatəti ilə işəgötürənin iddiaçını əlavə işlərə cəlb edibetməməsi barədə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, həmin rəy ilə də işçinin əlavə işlərə cəlb edilmədiyi müəyyən edilmiş, iddiaçının özü də məhkəmə iclasında əlavə işlərə cəlb edilməsi ilə bağlı hər hansı yazılı etiraz etmədiyini bildirmişdir.

39. Məhkəmə iş üzrə ifadə vermiş şahidlər ilə bağlı qeyd edir ki, həmin şəxslər iddiaçının lehinə ifadə vermiş olsalar da, həmin ifadələr öz-özlüyündə iddiaçının tələblərini təsdiq etmək üçün kifayət deyildir. Belə ki, şahidlər X6 və X4 da vaxtilə işəgötürənin işçisi olmuş, onlarla da müvafiq əmək müqavilələrinə xitam verilmişdir. Bu əsasda məhkəmə hesab edir ki, həmin şəxslərin qərəzli ifadə verməsi ehtimalı nəzərdən qaçırılmamalıdır. Bundan əlavə şahidlər də əlavə işlərə cəlb edilmələri ilə bağlı işəgötürənə hər hansı etiraz etmədiklərini bildirmiş şahid Xəyyam Kərimov isə əlavə olaraq onlara əlavə iş saatlarına görə birdəfə 88 manat məbləğində ödəniş edildiyini də qeyd etmişdir. Habelə, sonuncu ifadəsində əlavə iş saatları ilə bağlı iddiaçıya müraciət etdiklərini, sonuncunun onlara müvafiq sənədi imzalatdırdıqlarını bildirsə də, iddiaçı həmin xüsusata münasibət bildirməmiş, işəgötürənə yazılı etiraz etmədiklərini qeyd etmişdir. Həmin xüsusatlar məhkəməyə qeyd edilənlərə tənqidi yanaşmağa əsas vermişdir.

40. İddiaçının nümayəndəsi məhkəməyə dəqiqləşdirmə ilə bağlı müraciət etməsi, həmin ərizəyə "xxxx" MMC-nin rəyini təqdim etməsi ilə bağlı məhkəmə qeyd edir ki, sübutlar hazırlıq iclasında kifayət qədər vaxt olmasına baxmayaraq, təqdim edilmədiyindən baxılmamış saxlanılmışdır. Odur ki, qeyd edilən xüsusat nəzərə alınmalıdır.

41. Məhkəmə bundan əlavə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddiaçının istehsalat təqvimindən artıq işləməməsinidə əsas gətirmişdir. Buna münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 4-cü bəndində onun iş saatları tərəflər arasında sərbəst müəyyən edilmiş, həmin müqavilədə maksimum norma həddləri razışlaşdırılmışdır. Belə ki, Azərbaycan Respubliksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 dekabr 2022-ci il tarixli **********8 saylı qərarı 2023-cü il üzrə iş vaxtının norması və istehsalat təqvimi üzrə müəyyən edilən həddlər müqavilə həddindən kənar cavabdeh tərəfindən pozulmamışdır (ekspert rəyinə, iddiaçının təqdim etmiş olduğu cədvəllərə belə bu nomra həddi aşılmamışdır).

42. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iş vaxtından artıq işlərə cəlb edilməsi ilə bağlı tələbi əsassız olduğundan təmin edilməməlidir. 43.Bundan başqa, iddia tələbi təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 AZN (yüz əlli manat) pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba köçürülməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı «əmək haqqı» tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 AZN (yüz əlli manat) pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar