Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1427/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətində sığortalı olan «BMW 318» minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçının mülkiyyətində olan «Hyundai Sonata» minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya şifahi məlumat verilmişdir ki, «Hyundai Sonata» minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 605 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı mülkiyyətində olan avtomobilə dəymiş ziyanın 605 manat məbləğində qiymətləndirilməsi mövcud tələblərə ziddir. Belə ki, qiymətləndirmənin hansı metodlara uyğun aparıldığı məlum deyildir. «Hyundai Sonata» minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanması ilə əlaqədar təmir servisinə müraciət edilmişdir. 08.11.2021-ci il tarixli Qüsur aktına əsasən «Hyundai Sonata» minik markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 1080 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qanunla müəyyən edilmiş qaydada 23.11.2021-ci il tarixdə pretenziya qaydasında müraciət edilərək mübahisənin məhkəməyədək həll edilməsi təklif edilsə də, cavabdeh təşkilatdan bununla bağlı heç bir hərəkət aparılmamışdır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Kommessiya Şirkətindən əmlaka dəymiş zərərə görə 1080 manat məbləğində sığorta ödənişinin, gecikdirilmiş hər günə (01.10.2021-ci il tarixdən 14.01.2022-ci il tarixədən 106 gün) hesablanmış 114,48 manat (1080x0,1%=1,08, 106x1,08=114,48) dəbbə pulu, vəkilin göstərdiyi hüquqi yardıma görə 250 manat xidmət haqqı, etibarnamənin təsdiqi üçün 17,25 manat rüsum və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək və yazılı etiraz təqdim edərək izahatında göstərmişdir ki, 09.09.2021-ci il tarixdə, saat 08.15-də Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyytinin icbari sığortası» müqaviləsi ilə sağıortalanmış, X2 tərəfindən idarə olunan «BMW 318» minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil, «Nissan Sunny» minik markalı, ** AP *** dövlət qeydiyyat nişanlı avtomobil və İddiaçı məxsus və onun tərəfindən idarə olunan «Hyundai Sonata» minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobili lə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş, hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş, hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtoobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmdən «Hyundai Sonata» minik markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər Şirkət tərəfindən tərtib olunmuş 13.09.2021-ci il tarixli qüsur aktına əsasən 605 manat məbləğində müəyyən edilmişdir. Zərərçəkən sığorta hadisəsi ilə əlaqədar tərtib olunmuş 16108 nömrəli sığorta aktını imzalamış, bununla da ona məxsus sözügedən nəqliyyat vasitəsinə dəyən zərər üçün müəyyən edilmiş 605 manat sığorta ödənişinin miqdarı ilə razılaşdığını təsdiq etmişdir. Bundan sonra zərərçəkənə 27.10.2021ci il tarixində 605 manat sığorta ödənişi həyata keçirilmişdir. Lakin naməlum səbəbdən ödəniş geri qaytarılmış və bu hal iş üzrə iddiaçının məhkəməyə müraciət etməsi ilə əlaqədar müvafiq sənədlərə yenidən baxıldığı zaman aşkar olunmuşdur. Bununla əlaqədar dərhal lazımi tədbirlər götürülmüş və sığorta ödənişi zərərçəkənin bank hesabına tam olaraq köçürülmüşdür. Zərərçəkən ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsi məqsədilə, bilavasitə öz təşəbbüsü ilə "xxxx" MMC-yə müraciət etmiş və həmin servisin tərtib etdiyi 08.11.2021-ci il tarixli qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə guya 1080 manat zərər dəymişdir. Bu fakt «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin kobud şəkildə pozulması faktıdır. Belə ki, istinad olunan maddəyə görə sığortaçı sığorta hissəsi nəticəsində dəymiş məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığorta tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekpert tərəfindən aparılır. Lakin zərərçəkən Şirkəti yaxud onun səlahiyyətli nümayəndəsini məlumatlandırmadan, Şirkət tərəfindən müəyyən edilmiş qiymətlə razılaşdıqdan sonra sözügedən nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsinə təşəbbüs göstərmişdir. Bildirmək lazımdır ki, Qanunun istinad olunan maddəsinin tələbinə görə zərərin miqdarının qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu fəaliyyətlə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil olan, sığorta sahəsində yardımçı fəaliyyət göstərən ekspert qurumları və ya fiziki şəxs olan ekspertlər məşğul ola bilər. "xxxx" MMC sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert deyildir və Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil deyildir. Bu səbəbdən avtomobilə dəymiş zərəri həmin qurumun qiymətləndirməyə ixtiyarı yoxdur, qiymətləndirilmiş olsa iş üzrə əhəmiyyət kəsb edə bilməz. Sığorta hadisəsi 09.09.2021-ci il tarixdə baş verməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən qüsur aktı 08.11.2021-ci ildə tərtib olunmuşdur. Bir avtomobilə dəymiş zərərin hadisədən 2 ay sonra rəsmi reyestrə daxil olmayan bir qurum tərəfindən qiymətləndirilməsi halı, əlavə olaraq iş üzrə tərtib olunmuş qüsur aktı ilə müəyyən edilmiş qiymətdən xeyli artıq olması həmin zərərin eyni hadisə ilə bağlılığını da ciddi şübhə altına alır. İşə baxılması zamanı "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktı məhkəmə tərəfindən mötəbər sübut qismində nəzərdən keçirə bilməz. Ən vacib məqam isə ondan ibarətdir ki, zərərçəkən sığorta hadisəsi ilə əlaqədar tərtib olunmuş 16108 nömrəli sığorta aktı, habelə onun yekun müddəaları ilə tanış olmuş və ona məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ilə razılaşaraq sığorta aktını imzalamış, bununla da sığorta aktının yekun müddəasına əsasən bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişinin sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün qəti olduğunu təsdiq etmişdir. İddiaçının sığorta aktını imzaladıqdan sonra, daha artıq məbləğdə pul vəsaiti əldə etmək məqsədilə məhkəməyə müraciət etməsi tamamilə qanunsuz bir hərəkətdir, eyni zamanda dələduzluq halı kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan «Azərsığorta» DSKŞ tərəfindən tərtib olunmuş 13.09.2021-ci il tarixli İCR-16366 nömrəli aktın surətindən görünür ki, «Hyundai Sonata» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 605 manat vəsait hesablanmışdır.
7. İş üzrə «Azərsığorta» DSKŞ tərəfindən verilmiş 22.09.2021-ci il tarixli sığorta ödənişi ilə bağlı AKT-16108 aktının surətindən görünür ki, həmin şirkətdə sığortalanmış «BMV 318» markalı ** UU *** dövlət qeydiyyat nişanlı avtomobil 09.09.2021-ci il tarixdə İddiaçı məxsus «Hyundai Sonata» markalı ** GY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 605 manat ziyan dəymişdir. Həmin aktından həmçinin görünür ki, zərərçəkən üçüncü şəxs İddiaçı öz imzası ilə təsdiq etmişdir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir.
8. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 08.11.2021-ci il tarixli AA340 nömrəli aktın surətindən görünür ki, «Hyundai Sonata» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1080 manat vəsait hesablanmışdır.
9. İş üzrə 10.02.2022-ci il tarixli 28197 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı sığorta aktına əsasən 605 manat sığorta ödənişi ödənilmişdir.
10. İş materiallarında olan İddiaçı ilə «Yusif Allahverdiyev və Partnyorları» vəkil bürosunun vəkili Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 0016 nömrəli, 12.01.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılığa 250 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta üzrə sığortalanmış «BMW» markalı ** UU *** dövlət nömrə nişanlı avtomaşın 09.09.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən idarə olunan «Hyundai Sonata» markalı, 99GY133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi nəticəsində «Hyundai Sonata» markalı, 99GY133 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş zərər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 605 manat məbləğində qiymətləndirilmiş və iddiaçı həmin məbləğlə razı olmuşdur. Tərtib edilmiş sığorta aktında iddiaçı imza edərək təsdiq etmişdir ki, həmin sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir. Sığorta şirkəti tərəfindən «Hyundai Sonata» markalı, 99GY133 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 605 manat məbləğində sığorta ödənişi 10.02.2022-ci il tarixdə ödənilmişdir. Lakin iddiaçı avtomobilini "xxxx" MMC-nin mütəxəssislərə göstərmiş və sonuncu tərəfindən avtomaşına dəymiş ziyan 1080 manata müəyyən edilmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin əvəzinin tam ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərdə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərdə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetinin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 14.Məhkəmə qeyd edir ki, icbari sığorta qanunvericilyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
15. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə razı olmadığını iddia etsə də, ziyan məbləği sığortaçı tərəfindən müəyyən edilərkən bu hüququnu sığortaçıya bildirməmişdir. Yəni iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə razılığını ifadə edərək sığorta aktını imzalamış və sığorta ödənişini almışdır.
16. Məhkəmə hesab edir ki, iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. 17.Belə ki, icbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqliyyat hadisəsi zamanı avtomaşınına 1080 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin göründüyü kimi iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. 18.Məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi 1080 manat pulun tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.
19. Məhkəmə iddia tələbinin hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
21. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
22. Eyni Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
23. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
24. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
25. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 28.Məhkəmə qeyd edir ki, sığorta şirkəti tərəfindən müəyyən olunmuş 605 manat məbləğində pul iddiaçıya 7 iş günü ərzində verilməmiş, sığorta hadisəsi 09.09.2021-ci il tarixində baş vermiş, sığorta şirkəti ilə iddiaçı arasında isə 22.09.2021-ci il tarixdə sığorta ödənişi ilə bağlı razılaşma olmasında baxmayaraq ödəniş tapşırığı məhkəməyə iddia verildiyi tarixdən ( 14.01.2022-ci il ) sonra yəni, 10.02.2022-ci il tarixdə həyata keçirilmişdir.
29. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf iddiaçıya müəyyən edilmiş 605 manat məbləğində pulun ona 27.10.2021-ci il tarixdə verildiyini qeyd etsədə, bununla bağlı rəsmi sənədləri (sübutları) məhkəməyə təqdim edə bilməmiş, təqdim etmiş olduğu sənəd isə yalnız ödəniş tapşırığı olmuşdur ki, hesablanmış pulun verilmiş tapşırıqdan sonra icra edilməsinə dəlalət etmir. Bunun əksinə olaraqda, həmçinin cavabdeh tərəfinin məhkəməyə vermiş olduğu etirazdada bu halların ( 27.10.2021-ci il tarixdə verilmiş ödəniş tapşırığının icra edilmədən geri dönməsi barədə) baş verdiyini qeyd etmişdir.
30. Odur ki, iddia tələbi hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulun tutulması hissəsində qismən təmin edilməli, yalnız tərəflərin 22.09.2021-ci il tarixli razılaşması ilə müəyyən edilmiş 605 manat məbləğində pulun iddiaçıya məhkəməyə müraciət etdiyi vaxtadək (14.01.2022-ci il) gecikdirilmiş günlərin sayına uyğun olaraq hər günə hesablanmış (605 manat x0,1% x106 gün= 64,13 manat) 64,13 manat dəbbə pulu iddiaçının xeyrinə tutulmalıdır.
31. Məhkəmə hüquqi yardım xərcinə görə 250 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
33. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı vəkilə 250 (iki yüz əlli) manat pul ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir.
35. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə iddia tələbinin qismən əsaslı olmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun 30 (otuz) manatı cavabdehdən tutulmalı, 5 (beş) manatı isə iddiaçıya aid edilməli, həmçinin etibarnamənin təsdiqi üçün 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
37. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin gecikdirilmiş hər günə hesablanmış (605 manat x0,1% x106 gün= 64,13 manat) 64,13 (altmış dörd manat on üç qəpik) manat, hüquqi yardımla bağlı vəkilə 250 (iki yüz əlli) manat , həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat və etibarnamənin təsdiqi üçün 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Sığorta ödənişinin gecikdirilmiş hər günə hesablanmış 64,13 (altmış dörd manat on üç qəpik) manat dəbbə pulu, hüquqi yardımla bağlı vəkilə 250 (iki yüz əlli) manat vəkil xərci, həminin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat və etibarnamənin təsdiqi üçün 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dölvət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov