Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1432/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-3729/2017 saylı qətnaməsi əsasında Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh onun xeyrinə hər ay 220 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixində nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixində X2 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-478/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı “nikahın ləğv edilməsi, uşağın himayədə saxlanılması və aliment tələbinə dair” iddiası qismən təmin edilmiş, Cavabdeh ilə aralarında Bakı Nikah Evində xx.xx.2008-ci il tarixində qeyd edilmiş 3228 nömrəli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2012-ci il tarixindən başlayaraq hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4226/2013 saylı xx.xx.2013cü il tarixli qətnaməsi ilə onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-478/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-478/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi - alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2012-ci il tarixindən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3729/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbinə dair” iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4226/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulması müəyyən edilən alimentin miqdarı artırılaraq 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bu günə kimi ölkədə qida məhsullarının və əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal v.s. qiymətləri bir neçə dəfə artmışdır. Bunun nəticəsində onun maddi durumu dəyişmiş və hazırda himayəsində olan azyaşlı uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 136,60 manat sabit pul məbləğində aliment uşağın normal inkişafı və qidalanması üçün kifayət etmir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Republikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etsədə onun ailə və maddi vəziyyətində nə kimi dəyişiklik olması ilə bağlı məhkəməyə ümumiyyətlə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mulki prosessual Məcəlləsinin 77.1ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlumat üçün bildirmişdir ki, o, İddiaçı ilə boşandıqdan sonra 11 may 2016-cı il tarixdə yeni nikaha daxil olmuş, həmin nikahdan iki övladı 2018-ci il təvəllüdlü Şahnaz İbadullayeva və 2020-ci il təvəllüdlü Ceyla İbadullayeva doğulmuşdur. Uşaqlar körpə olduğundan yoldaşı heç bir yerdə işləmir, uşaqlara qulluq edir. Özümün aldığı məvacib isə cəmi 345 manat təşkil edir. Belə ki, "xxxx" MMC-dən alınmış 03 fevral 2023-cü il tarıxli arayışdan görünür ki, 21 dekabr 2022-ci il tarixdən etibarən "xxxx" MMCdə mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Ayrıca yaşamağa evi yoxdur, anası ilə birlikdə yaşayır. Yaşlı və xəstə anası da onun himayəsindədir. İddiaçı maddi vəziyyəti əksinə ondan qat-qat üstündür. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 28 mart 2023-cü İl larixli arayışından görünür ki, İddiaçı “Art Baget MMC-də satış meneceri vəzifəsində işləyir və orta aylıq əmək haqqı 507 manatdır. Onuda əlavə etmək istəmişdir ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Uşaqların saxlanılmasında valideynlər bərabər məsuliyyət daşımaqla onların maddi və mənəvi tələbatlarının ödənilməsində də eyni həcmdə öhdəlik daşıyırlar. İkinci dəfə ailə həyatını qurmasını, həmin nikahdan iki uşağın olmasını və aldığı məvacib nəzərə alınmaqla təyin olunmuş alimentin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi valideyn kimi onun maddi imkanı xaricində olmaqla gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək onun və uşaqlarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də onun barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etməklə izahatında bildirdi ki, qətnamə ilə alimentin müəyyən edilməsindən keçən müddət ərzində uşaqların tələbatları artmış və müəyyən edilmiş alimentlə onların saxlanılmasını təmin etmək olduqca çətinləşmişdir. Həmçinin qeyd etdi ki, cavabdehə məxsus avtomobil olmuşdur, sonradan alimentin ödənilməsndən yayınmaq üçün həmin avtomobili qohumuna formal olaraq satmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və etirazın məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və etirazın məzmununa oxşar izahat verdi. Məhkəmə, iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3729/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh Hafiz oğlundan 136.6 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materillarında olan etiraza əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X8 nikahlarını bağlamışlar, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. İş materillarında olan AG Telekom MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən AG Telekom MMC-də mühafizəçi vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. İş materillarında olan ART Baget MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ART Baget MMC-də satış meneceri vəzifəsində işləyir və aylıq əmək haqqı 507 manat təşkil edir. İş materillarında olan X5 sistemi vasitəsi ilə əldə edilmiş gəlir məlumatlarından müəyyən olunur ki, Cavabdeh AG Telekom MMC-də işləməklə aylıq əmək haqqı 446 manat təşkil edir. İş materillarında olan X5 sistemi vasitəsi ilə əldə edilmiş gəlir məlumatlarından müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-də işləməklə aylıq əmək haqqı 1500 manat təşkil edir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiyası sesiyasında iştirak etmədiyindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamış və bu barədə müvafiq arayış verilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyini əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin, buna baxmayaraq göstərilən hal, o cümlədən cavabdehin hazırda maddi qazancının tələb olunan miqdarda alimenti ödəmək üçün kifayət etməməsi, yenidən ailə qurması, həmin nikahdan 2 uşağının olması, onun əvvəlki nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay 185 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-3729/2017 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 185 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cəmi 48.4 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 580.8 manat (48.4x12=580.8) müəyyən edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-3729/2017 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1432/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1432/2023
30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver