Məhkəmə qərarları › İş №e-2(006)-1453/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1453/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1453/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, dünya miqyaslı, 14 ölkə arasında fəaliyyət göstərən, X4 ölkələri arasında birinci, ümumdünya əmlak şirkətləri reytinqində isə 8-ci yerdə yerləşən “Этажы” əmlak şirkəti Azərbaycanda franşiza İddiaçı MMC adı altında fəaliyyət göstərir. Müəssisənin fəaliyyət istiqaməti əmlak bazarında mövcüd olan obyektlərin alışında və satışında müştərilərinə keyfiyyətli xidmət göstərməkdir. Respublikada bu növ xidmətin inkişafı üçün peşəkar və yüksək səviyyədə daima çalışırlar. Fəaliyyət istiqamətlərini həyata keçirən zaman Cəmiyyətləri müəyyən müştəri bazası toplayaraq onlara daşınmaz əmlakın alışı və satışı xidmətini göstərir. Həmin müştərilərdən biri Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi 3, mənzil 86 ünvanında qeydiyyatda olan cavabdeh X2 qızı olmuşdur. Cavabdeh Cəmiyyətə müraciət edərək Bakı şəhəri ərazisində təmirli mənzilin alınması üçün köməklik göstərməklərini xahiş etmişdir. Onlar cavabdehin müraciətini qəbul edərək onunla Cəmiyyət arasında 27 oktyabr 2023-cü il tarixli Daşınmaz Əmlakın Alınması Üzrə Vasitəçi Xidmətlərin Göstərilməsi Haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin predmetinə əsasən “Sifarişçi -X3 qızı daşınmaz əmlak obyektinin alınması məqsədi ilə icraçıya - İddiaçı MMC sifarişçinin adından və onun hesabına hərəkət etməyinə razılıq verir. “Sifarişçi bu müqavilənin 2-ci bölməsində göstərilən miqdarda və şərtlər ilə icraçıya haqq ödəməyi öhdəsinə götürür.” Müqaviləni imzaladığdan sonra onlar tərəfindən cavabdehə müqaviləyə müvafiq olaraq xidmətin göstərilməsinə başlanılmış və cavabdehin istəyinə uyğun olaraq müvafiq daşınmaz əmlaklar (mənzillər) təklif olunmuşdur. Edilən təkliflər daxilində Bakı şəhəri, Təbriz küçəsi 16-da yerləşən “Triumf palace” yaşayış kompleksində ümumi sahəsi 80 m olan 3 otaqlı mənzil təklif olunmuş və həmin mənzil cavabdeh tərəfindən bəyənilmişdir. Daha sonra Cəmiyyət tərəfindən mənzilin mülkiyyətçisi ilə danışılaraq cavabdehlə birgə həmin mənzilə baxış təşkil olunmuşdur. Baxış aparıldığdan sonra cavabdeh mənzili tam bəyəndiyini bildirmiş və artıq həmin mənzilin alqı-satqı proseduruna keçid başlanmışdır. Nəticədə cavabdeh X3 qızı Cəmiyyət vasitəçiliylə yuxarıda adı çəkilən müqaviləyə əsasən onlar digər müstərilərinə məxsus mənzili 212000 (iki yüz on iki min) AZN qiymətinə almışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən “Haqq daşınmaz əmlak obyektinin dəyərinin 1%-ni təşkil edir.” Cavabdeh tərəfindən Cəmiyyətə müqaviləyə əsasən 2120 (iki min yüz iyirmi) AZN məbləgində xidmət haqqı ödənilməlidir, lakin bu günə kimi onların xəzinəsinə cəmi 500 (beş yüz) AZN pul ödənilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən “5.1. İcraçının xidmətinin nəticəsi, İcraçının Prinsiplərin tələblərinə cavab verən Daşınmaz əmlak obyekti tapması faktıdır, bu da aşağıdakı sənədlərdən istənilən biri ilə təsdiqlənir: Daşınmaz əmlak obyektinin baxış aktı; ilkin və ya əsas alqı-satqı, tələb hüquqlarının güzəşti, mübadilə, hədiyyə müqaviləsi, icraçının sifarişçi tərəfindən qəbul edilmiş və ya sifarişçiyə sifarişli məktubla göndərilmiş hesabatı, icraçının görülən işlər barədə hesabatı, icraçı tərəfindən birtərəfli qaydada, sifarişçi ilə razılaşdırılmadan tərtib edilir. İcraçının hesabatı Sifarişçiyə icraçının seçimi əsasında aşağıdakı üsullardan biri ilə təqdim olunur: şifahi olaraq şəxsi görüş zamanı, yazılı şəkildə, o cümlədən elektron poçta və ya prinsipalın saytda yaradılan şəxsi kabinetinə göndərilir və s. İcraçıdan hesabatı aldıqdan sonra bir gün ərzində sifarişçidən bu hesabata yazılı etirazlar daxil olmazsa, hesabat sifarişçi tərəfindən hər hansı etiraz və irad olmadan qəbul edilmiş hesab olunur.” Yuxarıda qeyd olunanlarla bağlı və müqavilənin 5.2-ci maddəsinə əsasən Cəmiyyət tərəfindən cavabdehə 27 noyabr 2023cü il tarixli hesabat göndərilmişdir. Hesabatın cavabdeh tərəfindən alındığdan sonra bir neçə gün keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər-hansı yazılı etiraz Cəmiyyətə daxil olunmamışdır. Odur ki, hesabat X3 qızı tərəfindən qəbul edilmiş və təsdiqlənmiş hesab olunur və hesabatda qeyd olunan məbləğ 2120 (iki min yüziyirmi) AZN tam şəkildə Cəmiyyətə ödənilməlidir. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq, 11 dekabr 2023-cü il tarixində isə müqavilənin 7.1-ci bəndinə əsasən “Danışıqlar zamanı razılaşma əldə edilmədikdə, maraqlı tərəf səlahiyyətli şəxs tərəfindən imzalanmış yazılı iddia göndərir.” İddia (pretenziya) məktubu göndərilmişdir. Qeyd olunanlara baxmayaraq cavabdeh tərəfindən bu günə kimi 500 AZN (beş yüz manat) əlavə heç bir ödəniş olunmayıb və cavabdehin Cəmiyyətə hal-hazırda müqavilə üzrə 1620 (min altı yüziyirmi) AZN borcu var. Göstərilənlərə əsasən cavabdeh X3 qızından 1620 AZN (bir min altı yüz iyirmi manat) və 36.20 AZN (otuz altı manat, iyirmi qəpik) dövlət rüsumu olmaqla, cəmi 1656.20 AZN (bir min altı yüz əlli altı manat, iyirmi qəpik) məbləğində pul vəsaitinin İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alınması üzrə vasitəçi xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, bu müqavilənin predmeti sifarişçi daşınmaz əmlak obyektinin alınması məqsədi ilə icraçıya sifarişçinin adından və onun hesabına hərəkət etməyinə razılıq verir. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, sifarişçi bu müqavilənin 2-ci bölməsində göstərilən miqdarda və şərtlər ilə icraçıya haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndindən görünür ki, haqq daşınmaz əmlak obyektinin tapılması üçün ödənilir. Haqqın ödənilməsi sifarişçi tərəfindən Daşınmaz əmlak obyektinə dair hüququn keçməsinin qeydiyyata alındığı gündən 1 iş günündən gec olmayaraq və ya bu müqaviləyə haqqın miqdarının və onun ödənilməsi müddətinin müəyyənləşdirilməsi üzrə əlavə razılaşma ilə nəzərdə tutulmuş başqa bir müddətdə hesablaşma hesabına və/və ya İcraşının kassasına pul vəsaitlərinin ödənilməsi yolu ilə həyata keçirilir. Müqavilənin 2.3-cü bəndindən görünür ki, haqq daşınmaz əmlak obyektinin dəyərinin 1%ni təşkil edir. Mülki işin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh vasitəçilik xidmətlərdən istifadəyə görə MMC-yə 500 manat pul ödəmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023cü il tarixli hesabatda bildirilmişdir ki, müqavilə üzrə tam şəkildə xidmət göstərilmiş və buna əsasən xidmət haqqı ödənilməlidir. Şirkətin xidmət haqqısın məbləği (müqavilə üzrə daşınmaz əmlak obyektinin ümumi dəyərinin 1%-i) 2120 AZN təşkil edir. Hesabat xx.xx.2023-cü il tarixdə Cavabdeh poçt xəbərnaməsinə imza edərək qəbul etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın alınması üzrə vasitəşi xidmətlərin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Nəticədə, cavabdeh iddiaçının vasitəçiliyi ilə müqaviləyə əsasən Bakı şəhəri, Təbriz küçəsi, 16-da yerləşən “Triumf palace” yaşayış kompleksində ümumi sahəsi 80 m2 olan 3 otaqlı mənzili 212000 AZN almışdır. Cavabdeh bu müqavilənin 2-ci bölməsində göstərilən miqdarda və şərtlər ilə icraçıya haqq ödəməyi öhdəsinə götürmüş, lakin tam icra etməmişdir. Bugünədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə borc yaranmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. İş materiallarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə sifarişçi daşınmaz əmlak obyektinin alınması məqsədi ilə icraçıya sifarişçinin adından və onun hesabına hərəkət etməyə razılıq verir. Sifarişçi bu müqavilənin 2-ci bölməsində göstərilən miqdarda və şərtlər ilə icraçıya haqq ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh öhdəlik haqqında müqavilədə göstərilən şərtlərlə razılaşaraq İddiaçı ilə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə öhdəlik götürmüş və yerinə yetirməmişdir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1620 AZN (bir min altı yüz iyirmi manat) məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş cəmi 36,2 AZN (otuz altı manat, iyirmi qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1620 AZN (bir min altı yüz iyirmi manat) məbləğində pul və 36,2 AZN (otuz altı manat, iyirmi qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar