Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1488/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Astara Rayon X15 Hüquqi Şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Astara Rayon X15 Hüquqi Şəxsinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Astara Rayon X15 Hüquqi Şəxsinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Astara Rayon Mərkəzi X1 xeyrinə 50.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum olunan Astara Rayon X15 Hüquqi Şəxsinin nəzdində olan Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı vəzifələrində işləyən 23 mart 1983-cü ildə Astara şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətandaşı X21 və 17 oktyabr 1969-cu ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan respublikasının vətandaşı, Astara rayonun X15 Hüquqi Şəxsinin Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin və Astara rayon mərkəzi xəstəsanası PHŞ-nin Təxirəsalınmaz və X35 həkim-anestezioloq reanimatoloqu vəzifəsində işləyən X8, vəzifə öhdəliklərində səhlənkarlıq edərək, həyat yoldaşının ölümünə səbəb olmuşdur. Belə ki, məhkum olunmuş şəxslərin əsl vəzifələri insan həyatının sağlamlığını qorumaq olduğu halda, etdikləri səhlənkarlıq, vəzifələrinə etinasız yanaşmaqları, insan həyatına qarşı hörmətsizliklərinin nəticəsində, o, 19 illik həyat yoldaşını itirməsinə, iki az yaşlı övladının anasız qalması ilə nəticələnmişdir. Bu hadisə həm onda həmdə övladlarında ciddi mənəvi sarsıntı yaratmışdır. Belə ki, həyat yoldaşının heç vaxt ciddi xəstəliyi olmamış yalnız 2021-ci ilin fevral ayında ginekoloji xəstəliklə əlaqədar o, Lənkaran Rayon Mualicə Diaqnostika Mərkəzində əməliyyat olunmuşdur. Bundan başqa həyat yoldaşının səhhətində başqa problem olmamış, yalnız bəzən baş ağrıları olmuşdur. 10 oktyabr 2021-ci il tarixdə oğlu onu çağırmışdrı ki, anasının (Elnarə Əliyeva) vəziyyəti yaxşı deyil. O, evə çıxdığında yoldaşı Elnarə Əliyevanın qusduğunu görmüş dərhal kənddə yaşayan keçmiş həkim İsa Məstiyevin evinə gedib onu həyat yoldaşı Elnarə Əliyevanı müalicə etməsi üçün evə gətirmişdir. İsa Məstiyev həyat yoldaşının qan təzyiqini ölçüb normal olduğunu bildirərək iki dərman və üç sistem məsləhət görməklə resept yazmışdır. O, reseptdə yazılan dərmanları Ərçivan qəsəbəsində yerləşən aptekdən almışdır. Dərmanlardan biri “Rizoptan” adlı dərman preparatı olmuşdur. Həyat yoldaşı Elnarə Əliyevanın ağrıları keçmədiyinə görə “Rizoptan” dərmanından bir ədəd həb vermişdir. Elnarə həbi qəbul etdikdən təxminən 2 saat sonra huşunu itirmişdir. Buna görədə dərhal tibbi yardıma zəng edib həkim çağırmışdır. X35 gələn kimi təzyiqini ölçərək normal olduğunu, ancaq qəbul etdiyi dərmandan zəhərləndiyini bildirərək X35 maşını ilə Astara rayon mərkəzi xəstəxanasına aparmışlar. Astara rayon mərkəzi xəstəxanasının təxirəsalınmaz və X35 şöbəsinə yerləşdirilmiş və sistem qoşulmuş və həkim-pediatr Aytən Şiriyeva mualicə etmişdir. Yoldaşının vəziyyətindən narahat olduğu üçün Aytən Şiriyevaya təklif etmişdir ki, Elnarəni Lənkaran rayon mərkəzi xəstəxanasına aparsın, lakin Aytən Şiriyeva yoldaşı Elnarə Əliyevanın səhhətində ciddi problem olmadığını və sağalacağını bildirmişdir. Elnarənin xəstəxanaya yerləşdirilməsindən 10 saat vaxt keçsədə səhhətində heç bir düzəliş olmamışdır. Həmin vaxt xəstəxanada olan X35 sürücülərindən biri ona həkim-reanimatoloq Mənsur Cəfərovu gətirməyi məsləhət görmüşdür. O, da qaynı Zaur Rzazadəyə zəng edərək, Mənsur Cəfərovu maşınla xəstəxanaya gətirməsini xahiş etmişdir. Bundan 15-20 dəqiqə sonra qaynı Zaur Rzazadə həkim Mənsur Cəfərovu xəstəxanaya gətirmişdir. Mənsur Cəfərov xəstəxanaya gəldikdən sonra həkimlər yoldaşı Elnarə Əliyevanın mədəsini yumuşlar. Bundan sonra həkimlər səhərə yaxın saat təxminən altının yarısı yoldaşı Elnarə Əliyevanın vəfat etdiyini xəbər vermişlər. Astara Rayon Məhkəməsinin çıxardığı 19 may 2022-ci il 1(018)-50/2022 nömrəli hökmündə olan məhkəmə araşdırmasında da aydın görsənir ki, Astara rayon mərkəzi xəstəxanasınn Anestezologiya-reanimasiya və intensiv terapiya şöbəsinin xüsusi əhəmiyyətinə baxmayaraq, həmin adı çəkilən şöbədə yetəri sayda həkimin olmaması, xəstəxana idarəetmə sisteminin düzgün qurulmaması nəticəsində axşam saatlarında həkimlərin işdən çıxaraq evə getmələri, yalnız xəstəxanaya xəstə daxil olduqdan sonra, onun vəziyyətinə görə həkimlərin xəstəxanaya gəlməsi oradakı vəziyyəti aydın göz önünə sərir. Məhkəmə araşdırmalarındada göründüyü kimi həmin gecə yəni 10 oktyabr 2021-ci il tarxinidə 09:00-a qədər xəstəxananın TTTY şöbəsində növbətçi həkim həkim-pediatr Aytən Şiriyeva, anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi üzrə növbətçi həkim Mənsur Cəfərov olmuşdur. Aytən Şiriyeva 10 oktaybr 2021-ci il tarixində saat 17 radələrində ona zəng edərək, yoldaşı Elnarə Əliyevanın dərman zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirildiyini demiş və xəstənin bir ədəd dərman içib qusduğunu, xəstənin dinamik göstəricilərinin normal olduğunu bildirmişdir. Mənsur Cəfərov, Aytən Şiriyevaya müalicə ilə əlaqədar göstərişlər vermiş və ehtiyac yaranarsa onu dəvət etməsini bildirmişdir. Növbəti dəfə Aytən Şiriyeva saat 1-2 radələrində yenidən Mənsur Cəfərova zəng etmiş, verdiyi müalicə göstərişlərini yerinə yetirməsinə baxmayaraq xəstənin ayılmadığını və onu xəstəxanaya dəvət etmişdir. Mənsur Cəfərov yalnız səhər iş saatında işə gəlmiş və Elnarə Əliyevanın vəfat etdiyi xəbərini eşitmişdir. Məhkəmə araşdırmalarında, məhkəmə tibbi-ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 17 saylı rəyində və məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 noyabr 2021-ci tarixli 6/4980 saylı rəyindən görünür ki, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin siyahısına daxil olmayan”, yararlılıq müddəti keçməyən “Rizoptan” dərman preparatından zəhərlənmə yoldaşı Elnarə Əliyevanın ölümünə səbəb olmuşdur. Dərman vasitəsinin təsir gücünün az olması onu göstərir ki, Astara rayon mərkəzi xəstəxanasında insan sağlamlığına yanaşma, vəzifə öhtəliklərim yerinə yetirməmə, həkimlərin səhlənkarlıqları, daxil olan xəstəyə vaxtında lazımi köməyi göstərməmənin nəticəsində bu cinayət hadisəsi baş vermişdir. Astara Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünə əsasən X21 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Həmçinin məhkum olunan digər şəxs X8 da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan 19 ilik həyat yoldaşının faciəvi ölümü, onun əziyyət çəkməsi gözünün önündən getməməsi, ata olaraq iki uşağına təkbaşına baxması, hələ də ailə həyatı qurmadığını, keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, mənəvi iztirab və s. kimi halları nəzərə alaraq ona, dəymiş 50.000 manat məbləğində mənəvi zərər cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Cavabdeh Astara Rayon X15 Hüquqi Şəxs etirazla məhkəməyə müraciət edərək, İddiaçı Astara Rayon Mərkəzi X2rşı münasibətdə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 1(018)-50/2022 saylı hökmü ilə X21 və X8 Azərbaycan Respublikası CM-nin 314.2,-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. X21 və X8 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Hökmdən göründüyü kimi X21 və X3 Azərbaycan Respublikası CM-nin 314.1.ci maddəsi ilə təqsirləri tam sübuta yetirilmişdir. Belə olan halda iddia bilavasitə həmin şəxslərə qarşı qaldırılmalıdır və həmin şəxslədən mənəvi zərərə görə kompensasiya tələb edilməlidir. İddiaçı iddia ərizəsində “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ-i cavabdeh kimi cəlb etməsini əsaslandırmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir. Qərar 2020-ci ilin yanvarın 1-dən qüvvədədir. Hər iki həkim “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən işə qəbul edilməmişdir. X21 xx.xx.2008-ci il tarixində, X8 xx.xx.1998-ci il tarixində xəstəxana Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan vaxtdan işə qəbul edilmişdir. Bundan əlavə hər iki həkimin praktk tibb fəaliyyəti ilə məşğul olması üçün sertifikatlaşdırılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmşdir. Bir nüansı da qeyd etmək lazımdır ki, iddiaçı öz iddia ərizəsində və Astara Rayon Məhkəməsinin icraatında olmuş 1(018)-50/2022 saylı cinayət işinin məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixində məhrum həyat yoldaşının vəziyyətinin pislədiyi zamanı həmin dövrdə tibbi fəaliyyətlə məşğul olmayan bir şəxsi evinə gətirərək, ona qanunsuz olaraq həyat yoldaşının müayinəsini aparmağı və müayinə nəticəsində həyat yoldaşına dərman yazdırmış və aptekdən həmin dərmanı alıb gətirərək həyat yoldaşına vermişdir. Cinayət işinin materiallarından da göründüyü kimi məhrum Elnarə Əliyevanın ölümünə səbəb “Rizoptan” dərman preparatından zəhərlənmə olmuşdur. İddiaçı özü həyat yoldaşının vəziyyəti ilk dəfə pisləşəndə həmin vaxt tibb fəaliyyəti ilə məşğul olmayan şəxsə onu müayinə etdirməsini, həmin şəxsin qanunsuz yazdığı reseptdəki dərmanı alıb ona verməsini, nəticədə zəhərlənməsindən əvvəl ixtisaslaşdırılmış tibb müəssisəsinə gətirsə idi, məhrum Elnarə Əliyeva xəstəxanada dərman zəhərlənməsindən deyil ilk vəziyyətinin nədən pisləşməsinə səbəb olan halı aşkar edilərək müalicə olunacağını bildirmişdir. Çox təəssüf ki, cinayət işinin materallarında qanunsuz tibb fəaliyyəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb olunmamış, şahid kimi cəlb edilmişdir. Bundan əlavə iddiaçı öz ərizəsində Mülki Məcəllənin 1096, 1097.1.-ci, 1099.1.-ci, 21.1.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir. Göründüyü kimi qeyd edilən maddədə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsindən bəhs edilir. İddiaçıya cavabdeh tərəfindən nə şəxsiyyətinə, nədəki əmlakına zərər vurulmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin etiraza qarşı münasibətdə qeyd etdi ki, məhkum olunmuş şəxslərini hər ikisi cavabdeh Astara Rayon X15 Hüquqi Şəxsin əməkdaşları olmuşlar. Bu səbəbdən də etiraz əsaslı sayıla bilməz. Məhkəmə iclasında cavabdeh Astara Rayon X15 Hüquqi Şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2003-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 xx.xx.2003-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Astara rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2004-cü il tarixdə Astara rayonunda doğulmuşdur. Onun atası İddiaçı, anası X6r. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2007-ci il tarixdə Astara rayonunda doğulmuşdur. Onun atası İddiaçı, anası X6r. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(018)- 50/2022 saylı hökmünün surətindən görünür ki, X21 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 01 müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində cəlb olunmuşdur. Hökmün surətindən həmçinin görünür ki, X21 10 oktyabr 2021-ci il tarixdə, saat 17:00-da Astara rayon mərkəzi xəstəxanası PHŞ-nin TTTY şöbəsinin çağırış bölməsinin işçiləri tərəfindən xəstəxanaya gətirilən Astara rayon Ərçivan qəsəbə sakini X10 barəsində “dərman zəhərlənməsi Rizoptan 10 mg, tənəffiş çatışmazlığı, komatoz vəziyyət” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 7, nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın “Həkim-pediatrın nümunəvi vəzifə təlimatı”nın məsuliyyət əks etdirən İV bölməsinin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, xəstənin vəziyyətini düzgün qiymətləndirmədən özünün ixtisaslı həkim olmamasına baxmayaraq həmin gün növbədə olan ixtisaslı həkim-anestezioloq reanimatoloq X5 vaxtında xəbər verməli olduğu halda bunları etmədən xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin müdiri X19 ilə əlaqə saxlayıb məsləhət aldıqdan sonra müalicə tədbirləri aparmaqla qüsurlu tibbi yardım göstərib, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib həmin gün yalnız saat 22:41-də növbədə olan ixtisaslı həkim-anestezioloq reanimatoloq X5 məlumat verib xəstəxanaya dəvət etməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan hərəkətlər etməklə 11 oktyabr 2021-ci il tarixdə saat 05:20-də Elnarə Əliyevanın “Rizoptan” dərman preparatı ilə kəskin zəhərlənmə baş beyin maddəsinin ödemi, qaraciyərdə piy distrofiyası, ağciyərdə tək-tək xırda ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqlarının yaranması ilə nəticələnən ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Hökmün surətindən həmçinin görünür ki, X8 10 oktyabr 2021-ci il tarixdə, saat 17:00da Astara rayon mərkəzi xəstəxanası PHŞ-nin TTTY şöbəsinin çağırış bölməsinin işçiləri tərəfindən xəstəxanaya gətirilən Astara rayon Ərçivan qəsəbə sakini X10 barəsində “dərman zəhərlənməsi Rizoptan 10 mg, tənəffüs çatışmazlığı, komatoz vəziyyət” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nıın “Həkim-anestezioloq reanimatoloqun nümunəvi vəzifə təlimatı”nın məsuliyyət əks etdirən İV bölməsinin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, həmin gün saat 22:41-də Elnarə Əliyevanın ilkin müalicəsini həyata keçirən ixtisaslı olmayan növbətçi həkim-pediatr X21 tərəfindən xəstə barədə gec məlumat verilsə də, xəstəxanaya dəvət edilməsinə baxmayaraq növbədə olduğu və vaxtında gəlib Elnarə Əliyeva barəsində zəruri ixtisaslı tibbi yardım göstərməli olduğu halda bunları etmədən, yalnız 11 oktyabr 2021-ci il tarixdə saat 03:28-də Elnarə Əliyevanın vəziyyətinin daha da ağırlaşdığını görən sonuncunun qohumları tərəfindən yaşadığı evdən xəstəxanaya gətirildikdən sonra ağır vəziyyətdə olan Elnarə Əliyeva barəsində qüsurlu tibbi yardım göstərib, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib xəstəxanaya vaxtında gəlməməklə əhəmiyyətlidərəcədə vaxt itkisinə və xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan hərəkətlər edib 11 oktyabr 2021-ci il tarixdə saat 05:20-də Elnarə Əliyevanın “Rizoptan” dərman preparatı ilə kəskin zəhərlənmə, baş beyin maddəsinin ödemi, qaraciyərdə biy distrofiyası, ağciyərdə tək-tək xırda ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqlarının yaranması ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X10 ilə xüsusi bağlılığı ilə səciyyələndirən səmimi münasibətləri və mənəvi yaxınlığı olmuş, onun həyatında mühüm yer tutmuşdur. Onlar arasında möhkəm şəfqət və mənəvi bağlılıq nümayiş olunmuşdur. X4 ölümü nəticəsində İddiaçı həyat şəraiti mənfi dərəcədə dəyişmişdir. Mənəvi sarsıntı, əzab və iztirab keçirmiş, özünə qapanmış, həyatda yaşamaq hissi azalmışdır. İddiaçı qəsəbədə hər zaman müsbət xarakterizə olunmuş, qəsəbənin ictimai həyatında fəal olmuşdur. Hazırda subaydır. Himayəsində xx.xx.2004-cü il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.1948ci il təvəllüdlü X14 vardır. İş materiallarında olan Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X21 ilə Astara Rayon Mərkəzi Xəstəxanası arasında xx.xx.2008-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla həmin tarixdən sahə həkim pediatr vəzifəsində çalışmağa başlamışdır. Müqavilə qüvvədədir. İş materiallarında olan Əmək Müqaviləsində dəyişiklik edilməsi vilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 ilə Astara Rayon Mərkəzi Xəstəxanası arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla reanematoloq vəzifəsində çalışmağa başlamışdır. Müqavilə qüvvədədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məlumatdan görünür ki, X21 ilə Astara Rayon Mərkəzi Xəstəxanası arasında xx.xx.2008-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla “Əmək və məşğulluq” altsisteminə xx.xx.2022-ci il tarixdə əlavə edilmiş, hazırda qüvvədədir. X8 ilə Astara Rayon Mərkəzi Xəstəxanası arasında xx.xx.2005-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla, xx.xx.2023-cü il tarixdə “Əmək və məşğulluq” altsisteminə əlavə edilmiş, hazırda qüvvədədir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökm ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Məhkəmə iddiaçı tərəfin izahatına və işdə olan sübutlara əsasən hesab edir ki, baş vermiş cinayət hadisəsi nəticəsində arvadının ölümü ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Beləliklə, iddiaçının arvadının ölümü Astara Rayon X15 Hüquqi Şəxsində çalışan həkimlər X21 və X3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmələri ilə əlaqədar olması qanuni qüvvəyə minmiş Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(018)- 50/2022 saylı hökmü ilə müəyyən olunduğundan onların təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir. Məhkəmə mənəvi zərərin tutulacağı subyektə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır, Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddənin mətnində zərərin kim tərəfindən (həkim, tibb müəssisəsi və s.) ödənilməli olduğu göstərilməsə də maddənin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi göstərilib. Maddənin adından belə başa düşülür ki, bu maddədə tibb müəssisəsinin vurduğu zərərdən bəhs olunur. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsində pasiyentin sağlamlığına vurulmuş zərərə görə tibb müəssisəsi mülki məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, tibbi yardım göstərilməsi ilə bağlı münasibətin sübyektləri tibbi yardım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiyent, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir. Hazırki halda, X21 və X8 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərmişlər. Bu zaman tibb müəssisəsi - Astara Rayon X15 Hüquqi Şəxsi tibbi yardım göstərən subyekt kimi çıxış etməklə, mənəvi ziyan ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin işçisinin təqsiri nəticəsində iddiaçının arvadının ölümü səbəbindən iddiaçı iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin mənəvi zərərin həcmi iddiada göstərilən məbləğdə deyil, 30.000 manat məbləğində müəyyən edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndinin 2-ci abzasında göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-11-ci bəndlərində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Azərbaycan Respublikası MPM-in 217.3-cu maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Astara Rayon X15 Hüquqi Şəxsindən mənəvi zərərin əvəzi olaraq 30 000 manat və ödənilmiş dövlət rüsumu olaraq 240 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Astara Rayon X15 Hüquqi Şəxsindən mənəvi zərərin əvəzi olaraq 30 000 manat və ödənilmiş dövlət rüsumu olaraq 240 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1488/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1488/2023
05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver