Məhkəmə qərarları › İş №e-2(006)-1524/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1524/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1524/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh1 və Cavabdeh2 qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya maddi zərər vurublar. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə onların sığortaçısı kimi dəymiş real zərərə görə iddiaçıya ödəməli olan 5790 manat sığorta ödənişini tam həcmdə ödəməkdən imtina etmiş, bununla da onun hüquqlarını pozmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** SY *** dövlət qeydiyyat nişanlı, "Toyota Prius (Hibrid) minik" markalı nəqliyyat vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində iddiaçının mülkiyyətində olan avtomobillə toqquşmuş və nəticədə iddiaçıya 1400 manat maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri təsdiq olunmuş Cavabdeh2 sahibliyində olan nəqliyyat vasitəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta edilmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** BM *** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze minik" markalı nəqliyyat vasitəsilə ünvan 1 ünvanında iddiaçının mülkiyyətində olan avtomobillə toqquşmuş və nəticədə ona 4390 manat maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri təsdiq olunmuş Cavabdeh1 sahibliyində olan nəqliyyat vasitəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta edilmişdir. İddia ərizəsinə əlavə edilmiş səlahiyyətli orqanların qərarlarından görünür ki, iddiaçının mülkiyyətində olan ** VE *** dövlət qeydiyyat nişanlı "PORSCHE CAYENNE MİNİK" markalı nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Belə ki, Cavabdeh2 adlı şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq olunmuş, bu barədə xx.xx.2021-ci il tarixli TP4736895 saylı qərar qəbul olunmuşdur. Bununla yanaşı Cavabdeh1 adlı şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq olunmuş, bu barədə xx.xx.2021-ci il tarixli TP4700842 saylı qərar qəbul olunmuşdur. Hər iki sürücünün nəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş rəsmi "Porsche" servis mərkəzindən alınmış qüsur aktlarından görünür ki, hər iki yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə cəmi 5790 manat məbləğində maddi zərər dəymişdir. Buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən keçirilmiş müayinə nəticəsində nəqliyyat vasitəsinə hər iki avtoqəzaya görə cəmi 750 manat məbləğində maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Aparılmış bu qeyri-obyektiv qiymətləndirmə iddiaçı tərəfindən bəyənilməmiş və bununla bağlı cavabdeh şirkətə rəsmi məlumat göndərilmişdir. "PORSCHE CAYENNE" lüks sinfə aid avtomobildir və bu nəqliyyat vasitəsinə texniki xidmət yeganə rəsmi hesab olunan, Mikayıl Əliyev küçəsi 7 ünvanında yerləşən "xxxx" MMC-nin servis mərkəzində həyata keçirilir. Həmin servis mərkəzinin apardığı müayinə ilə cavabdeh sığorta şirkətinin apardığı qiymətləndirmənin nəticələri çox kəskin fərq vermişdir. Bu səbəbdən də zərərin müəyyənləşdirilməsi məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apardığı qiymətləndirmə iddiaçı tərəfindən qəbul olunmamışdır. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti xx.xx.2021-ci il tarixli məktubu ilə qiymətləndirmənin qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspertlərdən olan Bakı Ekspertiza Mərkəzi, "Azsurvey" Məhdud Məsuliyyət Cəmiyyəti və Talıblı Əhməd tərəfindən aparılması tövsiyyə olunmuşdur. Həmin şəxslər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə müqaviləsi olan tərəfdaşlar olduqlarına görə onların obyektiv qiymətləndirmə aparacağı şübhə doğurmuş və bu şübhələr doğrulmuşdur. Belə ki, həmin şəxslərin heç biri fərqli qiymət nəticəsi verməyəcəklərini əvvəlcədən bildirmiş, bu səbəbdən də müstəqil ekspert seçimi ilə bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə olunmamışdır. Bu səbəbdən də iddiaçının pozulmuş hüquqları məhkəmə qaydasında bərpa olunmalıdır. Tərəflər arasında müstəqil ekspertin təyin olunması ilə bağlı razılıq əldə olunmamışdır. Bu səbəbdən də mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli hərəkətləri ilə iddiaçıya maddi zərər vurduqlarına görə real sığorta ödənişini ödəməkdən imtina edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə birgə məsuliyyət daşımalı, həmin məbləğ onların hər birinin üzərinə düşən hissədə müştərək qaydada tutulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsi ilə ona verilmiş hüquqlardan sui-istifadə edərək zərərin qiymətini həddən artıq aşağı qiymətləndirmiş və qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspertin seçimində qarşılıqlı razılıq əldə olunmamışdır. İddiaçının əmlakına maddi zərər vurmaqla hər iki hadisəni törətmiş cavabdehlərin sığortaçısı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir və bu səbəbdən də hər iki tələb biri-biri ilə əlaqəlidir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan **-VE-*** dövlət qeydiyyat nişanlı ''PORSCHE CAYENNE MİNİK" markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 4390 (dörd min üç yüz doxsan) manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; İddiaçı mülkiyyətində olan **-VE-*** dövlət qeydiyyat nişanlı "PORSCHE CAYENNE MİNİK" markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 1400 (min dörd yüz) manat pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi; dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat haqqın cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan **-VE-*** dövlət qeydiyyat nişanlı, ''PORSCHE CAYENNE MİNİK" markalı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3750 manat pulun tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun əvəzi qismində 63 manat, hüquqi xidmətə görə vəkilə ödənilmiş 400 manat haqqın və mənəvi zərərə görə 200 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, AD № 754660 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-VE-*** dövlət qeydiyyat nişanlı, "PORSCHE CAYENNE MİNİK" markalı nəqliyyat vasitəsi İddiaçı məxsusdur. İşin materiallarında olan Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ** SY *** dövlət qeydiyyat nişanlı, "Toyota Prius (Hibrid) minik" markalı avtomobilin sürücüsü Cavabdeh2 hərəkət edərkən yolhərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İşin materiallarında olan Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ** BM *** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze minik" markalı avtomobilin sürücüsü Cavabdeh1 hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, **-VE-*** dövlət qeydiyyat nişanlı, "PORSCHE CAYENNE MİNİK" markalı nəqliyyat vasitəsinə 1400 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, **-VE-*** dövlət qeydiyyat nişanlı, "PORSCHE CAYENNE MİNİK" markalı nəqliyyat vasitəsinə 4390 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, **-VE-*** dövlət qeydiyyat nişanlı, "PORSCHE CAYENNE MİNİK" markalı nəqliyyat vasitəsinə 300 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, **-VE-*** dövlət qeydiyyat nişanlı, "PORSCHE CAYENNE MİNİK" markalı nəqliyyat vasitəsinə 450 manat məbləğində ziyan dəymişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2022-ci il tarixli, 9/1656 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, "PORSCHE CAYENNE MİNİK" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3750 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İşin materiallarında olan İddiaçı ilə Nümayəndə arasında bağlanmış xx.xx.2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə hüquqi xidmətin dəyəri 400 manat məbləğində müəyyən edilmişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus "PORSCHE CAYENNE MİNİK" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 idarə etdiyi ** SY *** dövlət qeydiyyat nişanlı, "Toyota Prius (Hibrid) minik" markalı avtomobil və Cavabdeh1 idarə etdiyi ** BM *** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze minik" markalı avtomobil ilə toqquşmuş, hadisənin törədilməsində həmin avtomobillərin sürücüləri təqsirli hesab olunmuş, həmin avtomobillər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. İddiaçının avtomobilinə zərər dəymiş və o, dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Sığorta ödənişinin məbləği ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində iddiaçıya məxsus avtomobilə cəmi 3750 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 200 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən həmin tələbinin əsaslı olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. İddianın hüquqi yardıma görə ödənilmiş cəmi 400 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3750 (üç min yeddi yüz əlli) manat məbləğində maddi ziyanın, hüquqi xidmətə görə 400 (dörd yüz) manat və 63 (altmış üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4213 (dörd min iki yüz on üç) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3750 (üç min yeddi yüz əlli) manat məbləğində maddi ziyanın, hüquqi xidmətə görə 400 (dörd yüz) manat və 63 (altmış üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4213 (dörd min iki yüz on üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar