Məhkəmə qərarları › İş №e-2(006)-1527/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1527/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1527/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə, Bakı şəhəri Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə, Bakı şəhəri Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsinə iddia icraatı qaydasında baxılaraq, cavabdehin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməzsə belə təqdim etdiyi məlumatlar nəticəsində ailəliklə psixoloji təzyiqə məruz qalaraq əzab verdiklərinə görə Daxili İşlər Nazirliyi, Bakı şəhəri Baş Polis İdarəsi və Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin tabeçiliyində olan üç polis nəfəri rəsmən ondan və ailə üzvlərindən yazılı üzr istəməsi ilə bağlı, məhkəmə xərcləri dövlət rüsumu 30 manat, iclaslarda məhkəməyə təqdim edəcəyi qəbzlərlə nəqliyyat xərcləri, keçirdiyi əsəb, stres, sarsıntı, iztirab və mənəvi ziyana görə 900 manat, ümumilikdə 1.000 manatadək, yəni məhkəmə bu məbləğə uyğun ağıla batan hesab etdiyi məbləğində dəymiş ziyanın cavabdehlərin müştərək ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 avqust 2021 tarixində ailəsi ilə birlikdə ona məxsus olan **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən 20 Yanvar dairəsi deyilən ərazidə YHQ və İXM pozmaqla hərəkətinə mane olan sürücülərə rast gəlmişdir. Hərəkətsiz qaldıqda sağ tərəfdə bir-biri ilə mübahisə edən PPX və YPX əməkdaşı diqqətini çəkmişdir. Ailə üzvü oturan sağ tərəf pəncərəni açıb polis əməkdaşlarını köməyə çağırınca gözlənilməz hal baş vermişdir. Bir-biri ilə mübahisə edən PPX və YPX əməkdaşı onların üzərinə «nə var əəə» deyərək şığımışlar. Bu haldan daha çox təzyiq və sarsıntı keçirməmək üçün ailə üzvlərini uzaqlaşdırmışdır. Geriyə qayıdıb polisi barələrində məlumat toplayıb şikayət edəcəyini bildirib getmişdir. Ailəsini evə düşürüb hadisə baş verən yerə qayıdıb YPX əməkdaşının məlumatlarını və sonuncunun onlarla aqressiv davranarkən yanında olan PPX əməkdaşının kimliyini öyrənməyə çalışmışdır. Ərazidə baş verən xaosa hələ də tədbir görmədikləri iradını bildirib şikayətinə əlavə etmək üçün fotoşəkil çəkməyə başlamışdır. Bu zaman YPX əməkdaşı üçüncü PPX əməkdaşını dəvət etmiş və gəlib ona cavab verməsini istəmişdir. Bu sözlərlə sanki DYP əməkdaşı yaranmış xaosun PPX əməkdaşlarının əməli olduğunu vurğulamış və ona cavab verilməsi lazım olduğunu bildirmişdir. Ona yaxınlaşan üçüncü polis nəfəri «Sən kimsən?» sualı ilə müraciətə başlayanda adını, soyadını, ata adını, şəxsiyyət vəsiqəsinin nömrəsini və FİN kodunu əzbərdən demişdir. Lazımdırsa şəxsiyyət vəsiqəsini də təqdim edə biləcəyini, əlavə etmişdir. Polis nəfərlərindən nə istədiyini və niyə şəkil çəkdiyini soruşmuşdur. Baş verənləri sonuncuya söyləmişdir. Cavabında polis ona şəkilləri silərək uzaqlaşmağı məsləhət görmüşdür. Şikayət etmək hüququ olduğunu bildirəndə polis «Bu dəqiqə səni PPX maşınına basıb, aparıb başa salarıq» ifadəsi ilə hədələməyə başlamışdır. Bu hal baş verərsə polisin haqqlarını pozmuş olduğunu bildirəndə, polis əli ilə işarə eləmiş və PPX maşını gəlmişdir. Ona əmr edilmişdir ki, «otur maşına, indi başa salınmağa gedəcəksən», məcbur olub maşına oturmalı olmuşdur. PPX maşını ilə 20-ci Polis Bölməsinə aparılmışdır. Bir müddət sonra keçirdiyi sarsıntı, əsəb, stress və isti havaya görə su içmək ehtiyacı yaranmışdır. Təhvil verildiyi və ona nəzarət edən polislərə bu ehtiyacını bildirdikdə həbs olunduğunu bildirmişlər və gedib su almaq kimi səlahiyyəti olmadığı deyilmişdir. X1 iki saata yaxın saxlandıqdan sonra ondan izahat almaq üçün polis zabiti gəlmişdir. İzahatını almış, polislərdən şikayətçi olduğunu öyrənmiş və izahatını rəisi ilə müzakirə etməyə getmişdir. Rəisin yanından qayıdan polis zabiti baş vermiş hadisəni yola verməyi və unutmağını tövsiyə etmişdir. Nəticədə heç nə olmamış kimi ona azad etmişlər. 21 avqust 2021-ci il tarixdə baş verənlərlə bağlı, yəni niyə həbs edildiyini Nəsimi RPİ-dən yazaraq soruşmuş və Bakı şəhər Baş Polis İdarəsindən ailəsi ilə birlikdə onlara aqressiya ilə yanaşan iki, onu həbs edən üçüncü polis barələrində intizam tədbiri görərək ona yazılı məlumat verilməsini xahiş etmişdir. Hər iki İdarənin cavabında ona qarşı törədilən əməli pisləmiş və gələcəkdə təkrar olunmaması uçun əməkdaşlarına izah edildiyi yazılmışdır. Ona qarşı bu əməlləri törədən üç polis nəfərinin kimliyini bildirib və barələrində intizam tədbiri görmədiklərinə görə hesab edir ki, hüquqları pozulmuşdur. Kimliyi və nə istədiyi bilindiyi halda hesab edir ki, 2 saatdan artıq polisdə saxlanılması ilə Konstitusiyanın ona verdiyi azadlığı və Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci maddəsi ilə təminat altına alınan azadlıq və toxunulmazıq hüququna müdaxilə baş vermişdir. Hadisənin təsirindən 21-dən 22-nə keçən gecə tibbi yardım almalı olmuşdur. Qeyd edilənlərdən görünür ki, ona və ailə üzvlərinə psixoloji təzyiq və mənəvi ziyan dəymişdir. Onun azadlıq hüququ pozulmuşdur. Pretenziya yazaraq məhkəməyə müraciət etməmişdən üç əməkdaşlarının yanlış hərəkətləri və qərarları qarşılığı olaraq hadisəni törədən üç polis əməkdaşının ailəlikcə onlardan yazılı üzr istəməsini, Bakı şəhəri BPİ olaraq ona 1.000 manata qədər məbləğində dəymiş mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Yuxarıda qeyd edilən formada mənəvi ziyan keçirməsinin birbaşa səbəbkarı Respublikanın qəbul etdiyi Qanun, Beynəlxalq Konvensiyalara riayət etməyən bəzi Polis nəfərləri və ona qarşı olan kobudluq olmuşdur. Həbs olunduğu və haqlı olduğunu sübüt edənədək sarsıntılar və mənəvi ziyan çəkmişdir. Hesab edir ki, məhkəmə bütün bu kimi halları nəzərə alaraq iddia ərizəsini təmin etməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə, Bakı şəhəri Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (qanunsuz yerə 2 saat ərzində Polis Bölməsində saxlanılması, ona və ailə üzvlərinə təzyiq edilməsi, basqı altında olması və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş və iddia tələbinin əsaslandırılmasında istinad edilən Nəsimi RPİ-nin və Bakı şəhər BPİ-nin 28 sentyabr 2021-ci il tarixli və 06 dekabr 2021-ci il tarixli məktublarından görünür ki, istər birinci, istər ikinci idarəyə iddiaçı tərəfindən ünvanlanmış müraciətə baxılmışdır. Məktubların məzmunun, həmçinin iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin 02 mart 2022-ci il tarixli 039-3190-1222 saylı məktubundan görünür ki, iddiaçı ilə polis əməkdaşları arasında yolda olan tıxacın aradan qaldırılması vaxtı yaranmış gərgin vəziyyətlə əlaqədar anlaşılmazlıq olmuşdur. Həmin anlaşılmazlıqların təkrarlanmaması, habelə polis əməkdaşlarının vətəndaşlarla daha təmkinli, nəzakətli, etik davranışlara riayət etməklə ünsiyyətdə olmaları üçün polis əməkdaşları ilə müvafiq söhbətlər aparılmışdır. Belə ki, Bakı şəhər BPİ-nin 02 mart 2022-ci il tarixli 039-3190-1222 saylı məktubunda qeyd olunan məlumatlara əsasən, vətəndaş İddiaçı polis əməkdaşlarının kobud rəftarına məruz qalması barədə müraciəti Bakı Şəhər Baş Polis İdarəsində araşdırılmış və müəyyən edilmişdir ki, 21.08.2021-ci il tarixdə, saat 11.00 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan yol patrul xidməti alayının yol patrul xidməti inspektoru, polis baş serjantı Məhəmməd Zalov «20 Yanvar» dairəsində xidmətdə olarkən yaranmış tıxacın qarşısını almaq məqsədi ilə yolun kənarında dayanmış, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin oradan uzaqlaşdırılması üçün tədbir görən zaman vətəndaş İddiaçı idarə etdiyi avtomaşını yolun hərəkət hissəsində saxlayaraq Məhəmməd Zalova uzaqdan əl işarəsi ilə tıxacdan çıxmasına köməklik göstərilməsini bildirmişdir. Polis baş serjantı Məhəmməd Zalov vətəndaş İddiaçı nə demək istədiyini anlamayaraq ona hərəkətini davam etdirməsi işarəsini vermiş, həmin vaxt sonuncu oradan uzaqlaşsa da, bir müddətdən sonra yenidən oraya qayıdıb Məhəmməd Zalovu xidməti ilə bağlı sorğu-sual etməyə və onu mobil telefonu ilə çəkdiyinə görə sonuncu post-patrul xidmətinin əməkdaşlarının köməkliyi ilə İddiaçı Nəsimi RPİ 20-ci PB-yə aparıb raportla təhvil vermiş, orada onunla profilaktiki söhbətlər aparıldıqdan sonra sərbəst buraxılmışdır. Xidməti yoxlama nəticəsində polis əməkdaşları tərəfindən vətəndaş İddiaçı qarşı hüquqazidd hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçı ilə polis əməkdaşları arasında yaranmış anlaşılmazlıq xidməti yoxlama aparılması üçün PB-yə dəvət edilmiş, orada qısa araşdırma aparılaraq, iddiaçıya hər hansı fiziki və ya mənəvi təzyiqə, təsirə yol verilmədən profilaktik söhbət, eləcə də, polis əməkdaşları ilə müvafiq söhbətlər aparıldıqdan sonra, iddiaçı sərbəst buraxılmış, polis əməkdaşları isə ərazidə öz xidmətlərini həyata keçirmək üçün geri qayıtmışlar. İddiaçıya hər hansı mənəvi zərərin vurulması kimi dəyərləndirilə biləcək hal mövcud deyil. Bu səbəbdən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə, Bakı şəhəri Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə, Bakı şəhəri Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar