Məhkəmə qərarları › İş №e-2(006)-1603/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1603/2024

10.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1603/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı X2 vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh PHŞ-nin vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı X2 Cavabdeh PHŞ-yə qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 Cavabdeh PHŞ-yə qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsini, ona istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin Cavabdehndən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kampinas Universiteti qida təhlükəsizliyi sahəsində ixtisaslaşmış bir təhsil müəssisəsidir və iddiaçı X6 həmin Universitetin Qida Elmləri və Qidalanma Bölümündə böyük elmi işçi qismində çalışan professor olmuşdur. Həmin təhsil müəssisəsində çalışan İran vətəndaşı olan iddiaçı 2018-ci ildən cavabdeh ADNSU ilə əməkdaşlıq etmiş, “Qida mühəndisliyi” ixtisası üzrə kadr hazırlığının başlanılması, müasir tədris və elmi laboratoriyaların qurulması ilə bağlı təcrübə mübadiləsinin aparılmasında cavabdehə köməklik etmişdir. Hətta iddiaçıya Cavabdeh sabiq rektoru 23 iyun 2023-cü il tarixli məktub ünvanlayaraq 2018-ci ildən etibarən əməkdaşlıq münasibətlərinin uğurlu davam etdiyini, bu müddət ərzində Qida təhlükəsizliyi sahəsində gözə çarpan nailiyyətlərin əldə olunduğunu, növbəti 3 il ərzində iddiaçı ilə daha sıx əməkdaşlıq etmək istədiyini bildirmiş, Qida mühəndisliyi sahəsində əməkdaşlığın genişlənməsinə nail olunacağı vurğulanmışdır. Daha sonra Cavabdeh rəhbərliyində dəyişikliklər baş vermiş və iddiaçıya tələbələrin və müəllimlərin məzuniyyət dövrü ilə əlaqədar payızda gəlməsi tövsiyə olunmuşdur. İddiaçı da öz növbəsində Universitetin təbliği istiqamətində fəaliyyətini davam etdirəcəyini və göstərişlərə əməl edəcəyini bildirmişdir. Daha sonra iddiaçı bir neçə dəfə Universitetin məsul şəxsləri ilə əlaqə yaratmağa çalışaraq, əmək haqqının ona ödənilmədiyini bildirmək istəmiş, lakin ona cavabdeh təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən 09 avqust tarixli “WhatsApp” ani yazışma programı vasitəsilə bildirilmişdir ki, təhsil müəssəsinə rektor təyin olunanadək Bakıya səfərdən çəkinsin. Daha sonra ona 5 sentyabr 2023-cü il tarixində həmin proqram vasitəsilə əmək haqqının dayandırıldığı barədə mesaj göndərilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək “Müstəqil Xidmətlər Müqaviləsi”, xx.xx.2022-ci il tarixində əmək müqaviləsi, daha sonra yenidən 484 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi (kontrakt) bağlanmışdır. Sonuncu bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı “Kimya-texnologiya” fakültəsinə “tədqiqatçı professor” vəzifəsinə təyin edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 3500 manat məbləğində əmək haqqının ödənilməsi nəzərdə tutulmuş, 4.6-cı bəndində əmək haqqının ayda bir dəfə Kapital Bankdakı hesaba ödənilməsi göstərilmişdir. Müqavilənin 4.17-ci bəndində iş qrafikinin sərbəst şəkildə müəyyən olunması, müqavilənin 8.2-ci bəndinin a) hissəsində əmrə əsasən xx.xx.2023-cü il tarixinədək əmək haqqının 3900 manat, b) hissəsində 3-29-50/3-1/936/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixinədək uzadılması qeyd olunmuşdur. Lakin tərəflər arasında əmək münasibətlərinin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən 2023-cü ilin iyul ayından etibarən aylıq əmək haqqı ödənilməmiş və hal-hazırda da ödənilməməkdədir. Bununla bağlı iddiaçı dəfələrlə Universitetin məsul şəxslərinə məlumat verərək əmək haqqının ödənilməsini tələb etsə də, ona gözləməli olduğu bildirilmiş və Bakı şəhərinə səfərdən çəkinməli olduğu qeyd olunmuşdur. Ona görə də iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olduğuna görə ona ödənilməmiş aylara görə əmək haqqı məbləği, əmək məzuniyyətinə görə pul əvəzi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödənilməlidir. Məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 15 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin 27 dekabr 2023-cü il tarixli arayışa əsasən “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış” təqdim olunmuşdur. İddiaçı tərəf eyni zamanda 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Mübahisənin məhkəmədən kənar mediasiya mərhələsində həll edilməsi üçün cəhd olunsa da, bu, hər hansı bir nəticə verməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı X8 (vəkili-nümayəndəsi Vəkil1) iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsini, ona istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, 22.000 (iyirmi iki min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh PHŞ-nin vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, iş materiallarını tədqiq edərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (sifarişçi) ilə X8 (podratçı) arasında bağlanmış müstəqil xidmətlər müqaviləsindən görünür ki, podratçı sifarişçiyə sifarişçinin Azərbaycan Respublikasındakı əməliyyatları və fəaliyyəti ilə bağlı tələb edilən və aşağıda göstərilənlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan müəllim-ekspert xidmətləri təqdim etməlidir. Müqavilə xx.xx.2018-ci il tarixdə qüvvəyə minir və xx.xx.2019-cu il tarixədək qüvvəyə malikdir. Müqavilə həmin müddət ərzində etibarlıdır, lakin müddət tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər, bu müqavilənin etibarlı olduğu müddət ərzində podratçı Azərbaycan Respublikası ərazisində pedaqoji fəaliyyətini həyata keçirəcək və podratçı tərəfindən göstərilməli olan xidmətlərin tarixləri tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilir. Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının təhsil nazirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, nazirin rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gələcək əcnəbi X5 Heydər Əliyev adına X1 birdəfəlik giriş vizasının verilməsinə etiraz edilməmişdir. Cavabdeh PHŞ (işəgötürən) ilə X8 (işçi) arasında bağlanmış: - 100 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər müqavilənin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək müddətli bağlanması, işçiyə hər ay 3.500 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqı və digər ödənclərin ayda bir dəfə işçinin “Kapital Bank”dakı hesabına köçürülməsi, iş qrafikinin sərbəst olması barədə razılığa gəlmişlər; - 484 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, işçi “Kimya texnologiya” fakültəsinə tədqiqatçı professor vəzifəsinə təyin edilmişdir. Tərəflər işçiyə hər ay 3.500 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqı və digər ödənclərin ayda bir dəfə işçinin “Kapital Bank”dakı hesabına köçürülməsi, iş qrafikinin sərbəst olması barədə razılığa gəlmişlər. Əmək müqaviləsinin 8-ci bəndində əmrə əsasən xx.xx.2023-cü ildən əmək haqqının 3.900 manat olması, xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin xx.xx.2024-cü il tarixədək uzadılması qeyd edilmişdir. Cavabdeh PHŞ tərəfindən X5 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tərəflər arasında 2018-ci ildən başlayan əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini, qısa müddət ərzində “Qida təhlükəsizliyi” sahəsində gözə çarpan nailiyyətlər əldə edildiyini, onunla birgə çalışmaqdan məmnunluq duyduqlarını və növbəti 3 ildə daha sıx əməkdaşlıq edəcəklərinə ümid etdiklərini, birgə səyləri ilə bundan sonra da gələcək əlaqələrinin möhkəmlənməsinə, “Qida mühəndisliyi” sahəsində əməkdaşlığın genişlənməsinə əmin olduqlarını bildirmişlər. X8 ilə Rafiq Camalov adı qeyd edilən “+994 55 778 15 00” nömrəsi arasında olan yazışmalardan: - iddiaçıya ünvanlanmış 07 iyul tarixli mesajdan görünür ki, dünən axşam rektorla danışdığını, rektorun da tələbələrin tətili və müəllimlərin məzuniyyət dövrü ilə məşğul olduğunu, onun isə payızda gəlməsini tövsiyə etdiyini bildirmiş, məzuniyyətindən həzz almasını və payızda görüşmələrini arzulamışdır; - iddiaçı tərəfindən göndərilmiş 20 iyul tarixli mesajdan görünür ki, növbəti gəliş tarixinin 05 sentyabr olmasının təsdiqlənməsini istəmişdir. - iddiaçı tərəfindən göndərilmiş 07 avqust tarixli mesajdan görünür ki, universitetlə qüvvədə olan müqaviləsinin olduğunu, əgər hansı bir problem varsa, bilmək istədiyini, universitetin müqavilədə yazılanlara əməl etməli olduğunu bildirmişdir. - iddiaçıya ünvanlanmış 09 avqust tarixli mesajdan görünür ki, professor Mustafa Babanlının rektor vəzifəsindən azad edilməsi, rektor vəzifəsini digər bir universitetin rektoru Vazeh Əsgərovun icra etməsi, Azərbaycanda rektor vəzifəsinə təyinatın prezidentin sərəncamı ilə olmasını və onların da həmin təyinatı gözləməsini, buna görə də iddiaçının Bakıya gəlməkdən çəkinməsini, özlərinin hər şey aydınlaşan kimi ona xəbər verəcəklərini bildirmişdir. - iddiaçı tərəfindən göndərilmiş 14 avqust tarixli mesajdan görünür ki, o, şəxslə deyil, universitetlə müqavilə bağladığını bildirmiş, universitetdə işləyən hər kəsin maaş aldığı halda, ona keçən ay üçün maaş ödənilməməsinin səbəbini soruşmuşdur; - iddiaçıya ünvanlanmış 01 sentyabr tarixli mesajdan görünür ki, müxtəlif komissiyaların universitetdə maliyyə pozuntuları ilə bağlı araşdırma apardığını, hələ ki, universitetə yeni rektor təyin edilmədiyini, dərslər 15 sentyabrda başlayacağından, bundan sonra onun gəlməsinin mümkünlüyü barədə yazacağını bildirmişdir; - iddiaçıya ünvanlanmış 05 sentyabr tarixli mesajda qeyd edilmişdir ki, rektor vəzifədən azad edildikdən sonra müvafiq komissiya universitetin maliyyə fəaliyyətini yoxlayarkən müəyyən etmişdir ki, bəzi professorlar xaricdə olarkən maaş almışlar. Halbuki, komissiya bildirmişdir ki, sərbəst iş qrafiki o deməkdir ki, professor yalnız Azərbaycanda olduğu müddətdə özünə uyğun vaxtda işləməlidir. Buna görə də onun əmək haqqının müvəqqəti olaraq dayandırıldığı, Miqrasiya Xidməti tərəfindən ona 1 illik iş icazəsi və müvəqqəti yaşayış icazəsinin verildiyi bildirilmişdir. İş yerinə dair xx.xx.2023-cü il tarixli elektron arayışdan görünür ki, X8 xx.xx.2022-ci ildən əmək müqaviləsi əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya texnologiya” fakültəsində tədqiqatçı professor vəzifəsində işləməyə başlamış, əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü ildə qurtarması, aylıq əmək haqqının məbləğinin 3.900 manat olması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin mənəvi ziyanla bağlı hissəsinə görə 156 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə dövlət sərhədindən giriş etmiş, xx.xx.2023-cü il tarixdə çıxmış, xx.xx.2023-cü il tarixdə giriş etmiş, xx.xx.2023-cü il tarixdə çıxmış, xx.xx.2023-cü il tarixdə giriş etmiş və xx.xx.2023-cü il tarixində dövlət sərhədindən çıxmışdır. Mousavi Aminə məxsus “X3” kartı üzrə xx.xx.2022-xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, karta sonuncu dəfə xx.xx.2023-cü ildə 2.985,50 manat məbləğində əmək haqqı, xx.xx.2024-cü ildə isə 3.670,23 manat məbləğində son haqq-hesab köçürülmüşdür. Cavabdeh PHŞ-nin əmək müqaviləsinə xitam verilmə haqqında xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, “Kimya texnologiya” fakültəsinin tədqiqatçı professoru X2 müqavilə müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsi, son haqq-hesabın edilməsinin baş mühasibə tapşırılması barədə əmr verilmişdir. Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 həqiqətən həmin universitetdə “Kimya texnologiya” fakültəsində tədqiqatçı professor vəzifəsində çalışmışdır və ona verilən son haqq-hesab müvafiq olaraq ödəniş edilmiş 9 aylıq (2022-ci ilin oktyabr ayından 2023-cü ilin iyun ayı da daxil olmaqla) əmək haqqına müvafiq olaraq hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı X8 ilə Cavabdeh PHŞ arasında bağlanmış əmək müqavilələrinə əsasən, iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək cavabdeh universitetin “Kimya texnologiya” fakültəsində tədqiqatçı professor vəzifəsində işləmiş, əmək haqqının məbləği əvvəlcə 3.500 manat (xx.xx.2023-cü ildən isə 3.900 manat) təşkil etmiş, tərəflər əmək haqqı və digər ödənclərin ayda bir dəfə işçinin “Kapital Bank”dakı hesabına köçürülməsi, iş qrafikinin sərbəst olması barədə razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya növbəti 3 il ərzində daha sıx əməkdaşlıq edəcəklərinə ümid etmələri məzmununda rəsmi məktub göndərilmişdir. Lakin iddiaçıya sonuncu dəfə iyun ayı üçün əmək haqqı ödənişi edilmiş, bundan sonra işdən çıxarılan tarixədək ona heç bir ödəniş edilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh universitetin beynəlxalq işlər üzrə prorektoru (Rafiq Camalov) arasında aparılan yazışmalara görə, prorektor tərəfindən iddiaçıya rektorun müəllimlərin məzuniyyəti dövrü ilə əlaqədar ona payızda gəlməli olmasını tövsiyə etdiyini bildirmiş, iddiaçı növbəti gəliş tarixinin 05 sentyabr olmasına razılıq verməsini istəsə də, bu zaman iddiaçıya rektorun işdən azad edilməsi barədə məlumat verilmiş və növbəti rektor təyin edilənədək Bakıya gəlməməsini bildirmiş, iddiaçı, həmçinin, iyul ayına görə bütün işçilərə əmək haqqı ödənilsə də, ona əmək haqqı ödənilməməsi səbəbindən narahatlığını ifadə etmiş, bununla əlaqədar professorların xaricdə olarkən maaş almalarının düzgün olmaması, sərbəst iş qrafikinin professorun yalnız Azərbaycanda olduğu müddətdə özünə uyğun vaxtda işləməli olduğunu ifadə etməsi bildirilmişdir. İddiaçı dəfələrlə cavabdehə rəsmi qaydada müraciət edərək, qüvvədə olan əmək müqaviləsi olduğu halda, ona əmək haqqı ödənilməməsinin düzgün olmadığını bildirmiş və vəziyyətinə aydınlıq gətirilməsini xahiş etmişdir. Yaranmış mübahisə ilə bağlı iddiaçı tərəfindən qanunvericiliyin tələbinə müvafiq olaraq aidiyyəti mediasiya təşkilatına müraciət edilsə də, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamış, buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə məhkəmə araşdırmaları aparıldığı dövrdə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, iddiaçıya son haqq-hesab ödənilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona 2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin, istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə kompensasiya məbləğinin və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, habelə 22.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh isə iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn işəgötürən-işçi hüquq münasibətlərinin yaranması, iddiaçının cavabdehin tapşırığı əsasında sərbəst iş qrafiki üzrə məqalələr yazması və ayda bir dəfə kart hesabına köçürmə yolu ilə əmək haqqı və digər ödəncləri alması, lakin 2023-cü ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya heç bir tapşırıq verilməməsi və aralarındakı əmək müqaviləsi qüvvədə olduğu halda, həmin vaxtdan əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü ilədək cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənilməməsi hazırkı işin mübahisəsiz hallarını təşkil edir. Bu müddət ərzində iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada (elektron poçt ünvanı vasitəsilə) və eyni zamanda, universitetin prorektoru ilə yazışmalar zamanı məsələyə aydınlıq gətirilməsi ilə bağlı müraciət ünvanlansa da, cavabdeh tərəfindən ona rəsmi cavab verilməmiş, prorektor isə əvvəlcə ona sentyabr ayınadək işə gəlməməli olduğunu, sonralar isə Azərbaycanda olmaması səbəbindən ona əmək haqqı ödənilməməli olduğunu yazmışdır. Məhkəmə işin bütün faktiki hallarını nəzərə alaraq hesab edir ki, hazırkı mübahisənin əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsi təşkil edir. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçı 2023-cü ilin iyul ayından cavabdehə boşdayanmanın başlaması barədə xəbərdarlıq etsə də və vəziyyətin dəqiqləşdirilməsi üçün müraciət etsə də, əmək qanunvericiliyinə əsasən heç bir təqsiri olmadan boşdayanma halına görə ona vəzifə maaşının 2/3 hissəsindən az olmayaraq əmək haqqı ödənilməli olduğu halda, əmək müqaviləsinə xitam verilən günədək heç bir ödəniş edilməmiş, bununla da, cavabdeh tərəfindən iddiaçının əmək hüquqları pozulmuşdur. Əmək müqaviləsində iddiaçının sərbəst iş qrafiki əsasında işləməli olmasının göstərilməsi, həmçinin, tərəflərin bildirdiyinə görə, iddiaçının vəzifəsinin məhz cavabdehin tapşırığı əsasında məqalələr yazmaq, elmi araşdırmalar aparmaq və s. olması, iddiaçının cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdehin vəzifəli şəxsinin (beynəlxalq işlər üzrə prorektor Rafiq Camalov) iddiaçıya gözləməli olduğunu bildirməsi onu deməyə əsas verir ki, boşdayanma iddiaçının deyil, məhz cavabdehin özünün təqsiri ucbatından baş vermişdir. Belə ki, tərəflər iddiaçının işə gəlməyə zərurət olmadan cavabdeh tərəfindən verilən tapşırıqlar əsasında iş görməsini mübahisələndirmir, lakin cavabdeh iddiaçıya tapşırıq verildiyi halda, onun həmin işi yerinə yetirmədiyini mübahisələndirsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə iddiaçı ona tapşırılan bütün işlərin görülməsinə dair sübutları (xarici dildə olan məqalələrin çap edilmə tarixi göstərilməklə) məhkəməyə təqdim etmişdir. Əgər iddiaçı, həqiqətən də, cavabdehin qeyd etdiyi kimi ona verilən tapşırığı yerinə yetirməmiş olsaydı, bu zaman cavabdeh onun barəsində əmək qanunvericiliyinə müvafiq olaraq tədbirlər görməli idi. Lakin göründüyü kimi, cavabdehin iddiaçının vəzifəsini icra etməməsinə dair mülahizəsi mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə, cavabdehin etirazını doğuran bu halın onun tərəfindən təsdiq edilməməsi və əksinin iddiaçı tərəfindən təsdiq edilməsi göstərilən vaxtdan cavabdeh tərəfindən əmək müqaviləsi üzrə vəzifəsinin icra edilməyərək, onun iddiaçıya heç bir iş tapşırmaması faktını doğrulayır və cavabdehin təqsirinə görə iddiaçının boşdayanmasının yaranması qənaətinə gəlməyə əsas verir. Cavabdeh “prorektorun iddiaçıya “gözlə və s.” kimi göstərişlər verməyə səlahiyyətli olmadığını, iddiaçının həmin göstərişə əməl etməməli olduğunu” mübahisələndirsə də, məhkəmə bu dəlili ona görə əsassız hesab edir ki, iddiaçının rəsmi müraciətinə cavabdeh tərəfindən heç bir rəsmi cavab verilməmiş, həmin müddətlərdə rektor dəyişikliyinin olması, universitetin müvafiq komissiyalar tərəfindən yoxlanılması, buna görə onun vəziyyətinin aydınlaşdırılması üçün iddiaçının yeni dərs ili başlayanadək gözləməli olması cavabdehin vəzifəli şəxsi – özü də beynəlxalq işlər üzrə prorektoru tərəfindən bilavasitə iddiaçıya bildirilmişdir. İddiaçı da haqlı olaraq prorektorun onunla səlahiyyətli şəxs kimi yazışdığını hesab etmiş (prorektor mesajda rektorun və ya müvafiq komissiyanın ona belə dediyini, belə tövsiyə olunduğunu yazmışdır) və buna görə də prorektorun ona dediklərinə əsasən hərəkət edərək gözləməyə məcbur olmuşdur. İddiaçı yalnız prorektor tərəfindən ona göndərilmiş “əmək haqqı ödənilməsinin düzgün olmaması barədə” mesajdan sonra cavabdeh tərəfin əsl niyyətindən xəbərdar olaraq və hüququnun pozulduğunu hesab edərək müvafiq tədbirlərə əl atmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “2023-cü ilin iyul ayından etibarən ödənilməmiş əmək haqqı məbləğinin ödənilməsi” hissəsində qismən təmin edilməli, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək iddiaçıya heç bir ödəniş (əmək haqqı və digər) edilməməsi, 2024-cü ilin mart ayının 12-də tərəflər arasındakı əmək müqaviləsinə xitam verilməsi nəzərə alınmaqla və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 169-cu maddəsinin tələblərinə əsaslanaraq, Cavabdeh PHŞ-dən 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının 2/3 hissəsi tutularaq iddiaçı X2 xeyrinə ödənilməli, tələbin bu hissəsi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin “2023-cü ilin iyul ayından istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflər arasında etibarlı əmək müqaviləsi olduğu halda, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya əmək məzuniyyəti verilməməsi və istifadə edilməmiş əmək məzuniyyəti üçün kompensasiya ödənilməməsi, hətta son haqq-hesab ödənilən xx.xx.2024-cü il tarixdə də bu məsələnin öz həllini tapmaması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, tərəflər arasında etibarlı əmək müqaviləsinin olması, əmək qanunvericiliyinə əsasən iddiaçının qanunla müəyyən edilmiş əmək məzuniyyəti hüququnun olması, lakin 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ona əmək məzuniyyətinin verilməməsi və həmin müddət üçün istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya verilməməsi iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. Buna görə də məhkəmənin qənaətinə görə, əmək qanunvericiliyin tələblərinə müvafiq olaraq, 2023-cü ilin iyul ayından əmək müqaviləsinə xitam verilən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc ödənilməsi” tələbi ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş mövqeyi, işçiyə ayda bir dəfədən az olmayaraq əmək haqqın verilməsi tələbini, əmək müqaviləsində və ya kollektiv müqavilədə əmək haqqının verilməsinin başqa müddətlərinin müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, bu tələb əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan (Bank hesabından çıxarışlardan) da aşkar şəkildə görünür ki, iddiaçıya 2023-cü ilin iyul ayından etibarən əmək müqaviləsində və əmək qanunvericiliyində nəzərdə tutulan müddətdə, yəni hər ay iddiaçıya əmək haqqı ödənilməli olduğu halda ödənilməmişdir. Buna görə də cavabdeh işəgötürən tərəfindən hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc ödənilməsi məqsədəmüvafiqdir. İddia tələbinin “22.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək hüququnun pozulması səbəbindən onun mənəvi ziyan çəkməsi ağlabatan olsa da, bu ziyanın tələb edilən məbləğdə qiymətləndirilməsi məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Nəzərə alınmalıdır ki, mənəvi ziyanın məqsədi zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaqdır. Qeyd olunanları, həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış 484 №-li əmək müqaviləsinin 5.1-ci maddəsinin tələblərini nəzərə alaraq və qiymətləndirmə sərbəstliyinə əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzinin 500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə hesab edir ki, 500 manat məbləğində mənəvi zərərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə gəldiyi qənaəti aşağıdakı normalarla əsaslandırır: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 2-ci hissəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 4-1-ci maddəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 10-cu maddəsinə görə “d” və “q” bəndlərinə görə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. 12-ci maddəsinin 1-ci hissəsinin “a”, “b”, “d” bəndlərinə görə əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. 113-cü maddəsinin 1-2-ci hissələrinin tələbinə müvafiq olaraq, əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. 135-ci maddəsinin 2-ci hissəsinə görə, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 169-cu maddəsinə görə, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. 172-ci maddəsinin 1, 2 və 4-cü hissələrinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 5-ci hissəsinə müvafiq olaraq, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh PHŞ-dən 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının 2/3 hissəsi, həmin dövr üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya, hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc və 500 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçı X2 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinin tələbinə müvafiq olaraq əməyin ödənilməsi tələbi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğuna görə, həmin tələb üzrə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, mənəvi zərərlə bağlı tələb qismən təmin edildiyindən isə həmin tələblə əlaqədar ödənilmiş 156 manat məbləğində dövlət rüsumunun 3 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu barədə qərar qəbul edərkən məhkəmə tərəflərin belə tələblərinin olub-olmamasından asılı deyildir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh PHŞ-dən 2023-cü ilin iyul ayından xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqının 2/3 hissəsi, həmin dövr üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya, hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc və 500 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 156 manat məbləğində dövlət rüsumunun 3 manat hissəsi Cavabdeh PHŞ-dən tutularaq iddiaçı X5 verilsin, qalan hissəsi iddiaçı X5 aid edilsin. Cavabdeh PHŞ-dən 100 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar