Məhkəmə qərarları › İş №e-2(006)-1617/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1617/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1617/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 noyabr 2021-ci il tarixli avtoqəza nəticəsində avtomobilinə dəymiş ziyana görə 5.380 manat, dəymiş ziyanın gecikdirildiyi üçün ödənilməmiş 350 manat dəbbə pulu (61 x 5,38 = 328,18) olmaqla, cəmi 5.708,18 manat məbləğində pulun və ödənilmiş 73,23 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 15 noyabr 2021 ci il tarixdə X2 məxsus “PEUGEOT 207” markalı M347XH29 dövlət qeydiyyat nişanlı avtomobil ilə yolnəqliyyat hadisəsi törədərək ona məxsus “Toyota Rav 4” markalı ** FJ *** qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. X2 məxsus “PEUGEOT 207” markalı M347XH29 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə “Toyota Bakı Mərkəzi" MMC tərəfindən tərtib edilmiş qüsur aktında avtomobilə dəymiş zərərin 5.380 manat qiymətləndirilməsinə baxmayaraq, "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, AS-21/1466 saylı məktubda dəymiş ziyanın əvəzi olaraq 960 manat təklif edilmişdir. Tərəflərindən xx.xx.2021-ci il tarixində "xxxx" ASC-yə 5.380 manat pulun ödənilməsi üçün müraciət olunmuş, lakin həmin məbləğin ödənilməsi sığorta tərəfindən imtina olunmuşdur. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin (15 noyabr 2021-ci il) üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirilməmişdir. Məlumat üçün bildirir ki, maşının təzə olduğu (2021) və zəmanətli olması nəzərə alınsa, müqaviləyə əsasən servisdən kənar yerdə maşının təmir olunması zəmanətin qüvvədən düşməsinə səbəb olacaq. Bu səbəbdən avtomobilin “Toyota Bakı Mərkəzi MMC”-də düzəldilməsi məqsədəuyğundur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, cəmiyyətləri ilə X4 arasında xx.xx.2021-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Peugeot 207” markalı, M347XH29 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı şirkətlərinə ərizə ilə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə qəzaya uğradığını və nəticədə “Toyota RAV-4” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 960 manat məbləğində müəyyən edilmişdir. Daha sonra, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 5.380 manat sığorta ödənişinin, 350 manat dəbbə pulunun və iddianın verilməsi üçün ödənilmiş 73,23 manat, ümumilikdə 5.781,41 manat məbləğində pul vəsasitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh "xxxx" ASC-ya qarşı qeyd olunan iddia ərizəsində göstərilən xüsusatlarla bağlı aşağıdakıları bildirmək istəyirlər. İddiaçı cəmiyyətlərinə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 960 manat məbləğində müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Qeyd olunan maddəyə əsasən, 15.11.202 -ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "xxxx" ASCnin hüququdur. “İcbari sığortalar haqqında’' AR Qanunun 20.1-ci maddəsinə əsasən, əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Bildirmək istəyirlər ki, “İcbari sığortalar haqqında” AR Qanunun 16.2-ci maddəsinə əsasən, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə. zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 10.10cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirinə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Əlavə olaraq bildirmək istəyirlər ki, “İcbari Sığortalar haqqında” AR qanunun 56.1.2-ci maddəsində üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta ödənişinin maksimum limiti 5000 manat miiəyyəb edilmişdir. Həmçinin həmin məcəllənin 18.1-ci maddəsində “bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir” qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” AR Qanunun 18.2-ci maddəsi ilə sığortaçı sığorta ödənişini 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunun tələblərinə müddətlər hissəsində tam əməl olunmuş, sadəcə sığorta ödənişinin məbləği hissəsində mübahisə yaranmışdır. “İcbari Sığortalar haqqında” AR Qanunun 21.1.3-cü maddəsinə əsasən sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda sığorta ödənişi verilmir. Beləliklə, iddiaçının sığorta ödənişinin verilməsi ilə yanaşı, mənəvi zərərlə bağlı tələbi də əsassız hesab olunur. Cəmiyyətlərinin ödəniş etmək öhdəliyi yaranmadığından mənəvi zərərlə bağlı öhdəliyi yaranmır. Beləliklə, iddiaçının sığorta ödənişinin verilməsi ilə bağlı tələbi əsassız hesab olunur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə ilə bağlı 960 manat sığorta ödənişinin verilməsi haqqında qərarları qanuni və əsaslı olduğu üçün İddiaçı "xxxx" ASCyə qarşı “pul tələbinə dair” iddiasının 960 manat hissədə təmin olunması, qalan hissədə rədd olunması xahiş edilmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, 15 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Toyota Rav 4” markalı ** FJ *** qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə iddiaçı qiymətləndirmə şirkətinə müraciət etmiş, "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, iddiaçının avtomobilinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün ehtiyyat hissələrinin alınmasına və təmir olunmasına cəmi 5.380 manat pul vəsaiti lazım olduğu qeyd edilmişdir. İddiaçı ona vurulmuş maddi ziyanın ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmiş, lakin "xxxx" ASC xx.xx.2021-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq, dəymiş maddi ziyanı 960 manat həddində dəyərləndirmişdir. Bununla yanaşı, cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazda cavabdeh tərəf iddianı qismən – 960 manat hissəsində etiraf etdiklərini bildirmiş, iddianı qalan hissədə qəbul etmədiklərini göstərərək, bunu dəymiş faktiki maddi ziyanın 960 manat həcmində olması ilə əsaslandırmışlar. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisə məhz vurulmuş maddi zərərin həcmi ilə bağlıdır. Məhkəmə işə obyektiv və hərtərəfli baxılması üçün müvafiq ekspertizanın keçirilməsi barədə qərardad qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2557 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli və "xxxx" Şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2020-ci il buraxılışlı, “Toyota Rav 4” markalı ** FJ *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 4.470 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini – 4.470 manat sığorta ödənişini, həmçinin həmin ödənişin gecikdirildiyi günlərin sayına görə 272,67 manat dəbbə pulunu iddiaçıya ödəməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 73,23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4.470 manat sığorta ödənişi, sığorta ödənişinin gecikdirildiyi günlərin sayına görə 272,67 manat dəbbə pulu və ödənilmiş 73,23 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. 100 manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilə bilməz. Çünki, iddiaçı iddia tələbinin qalan hissəsinin əsaslı olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4.470 manat sığorta ödənişi, sığorta ödənişinin gecikdirildiyi günlərin sayına görə 272,67 manat dəbbə pulu və ödənilmiş 73,23 manat dövlət rüsumu cavabdeh "xxxx" ASCdən İddiaçı xeyrinə tutulsun. 100 manat ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar