Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1642/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 500.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-cü il tarixdə Naxçıvan MR-nın Culfa rayon Qızılca kəndində doğulmuş, İddiaçı, Naxçıvan şəhərində H.Əliyev adına Hərbi Liseyi 2009-cu ildə bitirdikdən sonra həmin ildə H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2013-cü ildə Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi almış və 1 il müddətinə Silahlı Qüvvələrin Təlim-tədris mərkəzində dinləyici kursunda olmuşdur. Kursu bitirdikdən sonra 2014-cü iyun ayında N nömrəli hərbi hissənin 5-ci tabor, 13-cü bölüyünün, 2-ci tağımına komandir vəzifəsinə, 2014-cü ilin oktyabr ayında N nömrəli hərbi hissənin 4-cü tabor, 10-cu bölüyə tağım komandiri, 2014-cü ilin dekabr ayının 20-də düşmənlə təmas xəttinə yəni, N nömrəli hərbi hissənin 2-ci tabor, 5-ci bölük, 2-ci tağımın komandiri vəzifəsinə təyin edilmişdir. 2017-ci aprel ayının 20-də 15 günlük məzuniyyətə çıxaraq Naxçıvan MR-nın Culfa rayonuna yaşadığı Qızılca kəndinə getmiş və məzuniyyətdə olduğu dövrdə 2017-ci ilin may ayının əvvəllərində Bakı şəhərinə geri dönmüşdür. Adını xatırlamadığı, xidmət etdiyi 2-ci tabor komandirin maddi-texniki təminat üzrə müavini ermənilər tərəfindən açılmış atəş nəticəsində avtomobildə hərəkət edən zaman yaralandığından Baş Klinik Hospitala gedərək həmin zabiti ziyarət etmişdir. Onun yanında olan zaman söhbət əsnasında həmin şəxs N nömrəli hərbi hissənin 2-ci tabor 4-cü bölüyündə bəzi şəxslərin ermənilərlə əlaqələri olması müəyyən edildiyini, hazırda buna görə geniş araşdırma aparıldığını bildirmiş, lakin o müalicə aldığı üçün bu məsələdən geniş məlumatı olmadığını bildirmişdir. O, bir neçə gün də Bakı şəhərində qaldıqdan sonra 2017-ci ilin may ayının 6-da məzuniyyəti bitdiyi üçün xidmət yerinə yollanaraq bölük komandiri Amil Hüseynova zəng etdikdə ona bölüyün şəxsi heyəti ilə birlikdə “Goran” təlim mərkəzində təlimdə olduqlarını və bölükdəki xidməti otağın açarının onda olduğunu qeyd etdi. O, hərbi geyimlərini götürmək üçün ilk öncə “Goran” təlim mərkəzinə gedərək orada Amil Hüseynovdan xidməti otağın açarını götürüb xidmət etdiyi bölüyə yollanmış və bölüyə çatan zaman orada əvvəllər görmədiyi başqa hərbi qulluqçuları görmüş və onu bölüyün ərazisinə buraxmamışlar. Onlara özünü təqdim edib bölükdə olan hərbi səhra geyimlərini götürməyə gəldiyini dedikdə N nömrəli hərbi hissə komandirinin müavini, polkovnikleytenant Fəqan Əliyev ora gəlmiş və kim olduğunu, nə məqsədlə gəldiyini soruşduqdan sonra sonuncu onun bölüyün ərazisinə daxil olmağına icazə vermiş və o, xidməti otağa daxil olaraq orada hərbi səhra geyimini geyinmişdir. Bölüyə daxil olduqdan təxminən yarım saat sonra Fəqan Əliyev ona yaxınlaşaraq Uaz markalı avtomobilə əyləşməyini tapşırdıqda o, avtomobilin arxa oturacağına əyləşmiş,orada olan hərbi hissənin kəşfiyyat bölünün tağım komandiri Məmmədəli Mirzəyev dəavtomobilin ön sərnişin oturacağına əyləşdikdən sonra bir qədər yol getdikdən sonra N nömrəli hərbi hissənin Tərtər rayonunun Şıxarx kəndində yerləşən köhnə qərargah binasına çatmaqlarına bir neçə dəqiqə qalmış Məmmədəli Mirzəliyev ona “kitelini çıxart başına keçirt, belə göstəriş veriblər bizə problem ola bilər” sözlərini dedikdə nə olduğunu anlamadan sonuncunun dediklərini etmişdir. Avtomobil bir neçə dəqiqə getdikdən sonra köhnə qərargah binasının qarşısında avtomobil dayandıqda O, avtomobildən düşdükdə Məmmədəli Mirzəliyev həmin vaxt onu köhnə qərargah binasının içərisinə salmışdır. Həmin vaxt kitelini normal geyinimş, əlləri və gözləri açıq olmuşdur. Binanın içərisinə daxil olan zaman ikinci mərtəbədən bir nəfər hərbi səhra geyimində, başında qara maska olan şəxs əlində 70-80 sm uzunluğunda kauçuk turba tutaraq pilləkənlərlə aşağı düşərək onun qarşısında dayanıb istehza ilə “xoş gəlmisən” sözlərini deyərək əlindəki turba ilə onu vurmaq istədikdə müqavimət göstərərək turbanı onun əlindən alıb yerə atdıqda həmin şəxs “bu qudurub” sözlərini dedikdə ona “quduran özünsən” sözlərini demişdir. Həmin şəxs onun qollarından tutub burmuş, başını aşağı əyərək pilləkənlərlə ikinci mərtəbəyə qaldırmışdır. Həmin vaxt bir nəfər arxadan onun gözlərinin üstünə parça qoyub skoçla bağlayıb ikinci mərtəbədə başını aşağı əyərək onu bir otağa salaraq bir nəfər “danış” demişdir. Həmin şəxsin səsindən hərbi hissə komandirimi olduğunu bilmiş və sonuncuya məzuniyyətdə olduğunu, heç nədən xəbəri olmadığını bildirmişdir. Həmin vaxt Teymur Məmmədovdan başqa otaqda başqa bir nəfərdə olmuş, gözləri bağlı olsa da başını aşağı əyən vaxt yuxarı baxmaqla görərək həmin şəxsin İ Ordu birləşməsi komandirinin müavini Ruslan Ağasiyev olduğunu görmüşdür. O, Teymur Məmmədova heç nədən xəbəri olmadığını dedikdə sonuncu onu gətirən qara maskalı hərbi qulluqçulara müraciət edərək “aparın göstərin” sözlərini dedikdə qara maskalı şəxslər də onu başqa otağa apararaq gözlərini açaraq həmin qara maskalı şəxslər arxa tərəfində duraraq başından tutub otaqda olan şəxslərə baxmağını tələb etmişdir. Həmin vaxt otağa baxanda orada üzü divara 4-5 nəfər tanımadığı şəxsin tam lüt şəkildə ayaq üstdə durduğunu, onların hər birinin işgəncə verilərək kürək və ayaqlarında çoxsaylı qançırlar olduğunu görmüşdür. Qara maskalı şəxslər həmin şəxsləri göstərdikdən sonra yenidən gözlərimi bağlayıb başını aşağı əyərək yenidən Teymur Məmmədovun olduğu otağa aparmış, həmin otaqda qara maskalı hərbiçilər onu dizlərim üstdə yerə oturdub başını aşağı əydikdə Teymur Məmmədov ona müraciət edərək “gördün onları?” və “indi danış” sözlərini dedikdə T.Məmmədova heç nədən xəbərinin olmadığını, məzuniyyətdən həmin gün qayıtdığını bildirmişdir. Teymur Məmmədov da xidmət etdiyi bölükdə guya ermənilərə “işləyən”lərin olduğunu və onuda ermənilərlə əlaqədə olduğunu deyərək etiraf etməyini tələb etmişdir. O belə bir halın olmadığını dedikdə Teymur Məmmədov qara maskalı hərbiçilərə “bunu aparın” sözlərini dedikdən sonra qara maskalı hərbiçilər müxtəlif nahiyələrindən vuraraq dəhlizə çıxarıb dəhlizin baş hissəsinə gətirib ayaq üstdə gözləməyini tapşırmışlar. Həmin vaxt əlləri və gözləri bağlı vəziyyətdə bir qədər ayaq üstdə gözlədikdən sonra heç kim onu çağırmadığından dəhlizdə yerdə oturub orada yuxulamışdır. Səhəri gün, onu ayaq üstdə durquzduqdan bir qədər sonra bir otağa salaraq təpiklə vurub yerə uzatmış və üstünə su tökmüşlər. Üstünə su tökdükdən sonra gözlərinə bağlanmış skoç bir qədər açıldığı üçün otaqda iki nəfər qara maskalı hərbiçi, bir nəfər isə kostyum geyinmiş mülki şəxsi görmüşdüm. Kostyum geyinmiş mülki şəxs onu təhqir edərək ermənilərlə əlaqədə onu ittiham edərək etiraf etməyini tələb edən zaman O, təkzib etdikdə qara maskalı bir nəfər onun üstünə çıxaraq baş hissəsinə, ayaqlarına naqil qoyub 2-3 dəfə elektrik cərəyanı vermişlər. Cərəyanın təsirindən halım pisləşdiyindən onları təhqir etdiyi üçün onu bir neçə dəqiqə təpik, yumruq və kauçuk turba ilə döymüşlər. Təxminən iki saat işgəncələrə məruz qalmış və həmin vaxt qara maskalı şəxslərin və mülki geyimli şəxsin kim olmasını bilməmişdir. Bundan əlavə köhnə qərargah binasında xidmət etdiyi bölükdə sürücü işləyən “maxe” Allahverdiyev Rusifin qara maskalı hərbi qulluqçular tərəfindən tam lüt şəkildə uzadılaraq kauçuk turba ilə döyüldüyünü görmüşdür. 2017-ci ilin may ayının 7-də gecə saatlarında Şıxarx kəndindəki köhnə qərargah binasında onunla birlikdə saxlanılan şəxslər əlləri və gözləri bağlı şəkildə “Kamaz” markalı hərbi avtomobillərlə N nömrəli hərbi hissənin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən köhnə yataqxana binalarına apararaq onları vura-vura, təhqir edərək əvvəllər ferma kimi istifadə edilmiş köhnə yataqxana binasına yerləşdirmişlər. Həmin yataqxana binasının geniş otağında divar boyu müxtəlif şəxslər yerdə əlləri və gözləri bağlı şəkildə oturdulmuşdur. Onuda divara söykənmiş vəziyyətdə yerdə oturtmuş və onlara nəzarəti artıq hərbi geyimi digər hərbi qulqulluqçulardan fərqlənəni və üzlərində qara maska olan Hərbi Dəniz Qüvvələrinin “SAT” deyə adlanıdırılan xüsusi təyinatlıları həyata keçirmişdir. Orada saxlanılan zaman ilk günlər yemək üçün gün ərzində 1 və ya 2 dəfə yalnız boyat çörəklər verilmiş, hərəkət etməyə, otağı tərk etməyə və danışmağa icazə verilməmiş, daim “SAT”ın qara maskalı hərbi qulluqçuları gəzişib əllərində olan kauçuk turba, rezin dəyənək və təpik, yumruq zərbələri ilə otaqdakı şəxslərə zərbələr endirib təhqir etmişlər. “SAT”ın qara maskalı hərbi qulluqçuları dəfələrlə ona kauçuk turba ilə, təpik və yumruq zərbələri endirmişlər. N nömrəli hərbi hissədə bir neçə gün əlləri və gözləri bağlı saxlandıqdan sonra yataqxananın qarşısında olan sıra meydanında sıra hazırlığı və fiziki hazırlıq elətdirilmiş, günün altında saatlarla ayaq üstdə durmaqla işgəncələr verilmiş və həmin sıra hazırlığını N nömrəli hərbi hissənin leytenantı Ruslan Mikayılov həyata keçirərək əziyyət vermişdir. Sıra hazırlığında olan zaman ərazidə dəfələrlə İ Ordu birləşməsi komandirinin hüquq məsələləri üzrə köməkçisi Fuad Ağayevi görmüş, sonuncu belində tapança olmaqla daim ərazidə gəzmiş və ya oradakı “besetka” da oturmuşdur. İ Ordu biləşməsi komandiri Hikmət Həsənovu da həmin yerdə besetka da gömüş və bir dəfə Hikmət Həsənov onlara yaxınlaşaraq uca səslə yanında olan tanımadığı zabitlərə müraciət edərək “bunların saçlarını keçəl qırxın” sözlərini demiş və onların saçları keçəl qırxılmışdır. Hikmət Həsənov və Fuad Ağayevin göstərişləri əsasında onlarla dustaq kimi davranılmış, “xainlər” deyə müraciət edilərək təhqir edilmişlər. 2017-ci ilin iyun ayının 20-dək əlləri və gözləri bağlı şəkildə N nömrəli hərbi hissənin köhnə yataqxana binasında saxlanılmışdır. Onunla birlikdə N nömrəli hərbi hissənin giziri Babək Əliyev, N nömrəli hərbi hissənin zabitləri Turan Əbdüləzimov, bölük komandirim Amil Hüseynov, Anar Sadıqov, N nömrəli hərbi hissənin tabor komandiri Pərviz Pirməmmədov N nömrəli hərbi hissənin köhnə yataqxana binasında saxlanılmış və işgəncəyə məruz qalmışlar. Onun əlləri və gözləri açılaraq N nömrəli hərbi hissənin yeni yataqxana binasına aparılmış, orada yuyunmuş və normal qaydada yataqxanada qalmışdır. Səhəri gün, onu və digər şəxsləri N nömrəli hərbi hissənin köhnə yataqxanalarının qarşısında olan “besetka”da Hikmət Həsənov tək- tək olmaqla qəbul etmiş, sıra ona çatdıqda Hikmət Həsənov xidmətinə davam etmək istəyib-istəmədiyini soruşduqda ona xidməti ə davam etmək istədiyini qeyd etdikdə onun yanında olan X3 Həsənova müraciət edərək “cənab general mənə elə gəlir ki, bu xidməti ə davam edə bilməz” sözlərini demişdir. Hikmət Həsənov ona yenidən müraciət edərək “qalmaq istəyirsən ya getmək?” sözlərini soruşduqdan sonra həmin gün O, N nömrəli hərbi hissənin İsmayılbəyli kəndindəki qərargahına aparılmışdır. Orada sərəncamda qaldıqdan sonra 2017-ci ilin iyun ayında N nömrəli hərbi hissənin 4-cü tabor, 10-cu bölüyə tağım komandiri vəzifəsinə təyin edilərək xidmətini davam etdirmişdir. Bundan başqa o, həmin vəzifədə xidmət edərkən qeyd edilən məqsədlə yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, yuxarı komandanlıq qarşısında nüfuz qazanmaq, özünü xidməti vəzifələrini layiqli şəkildə icra edən hərbi qulluqçu kimi göstərmək və gələcəkdə vəzifədə irəli çəkilmək kimi məqsədlərə nail olmaq üçün mütəşəkkil dəstənin rəhbəri tərəfindən aparılmış vəzifə bölgüsü əsasında verilmiş tapşırığa əsasən və əvvəlcədən hazırlanmış cinayətkar plana uyğun olaraq 6 may 2017-ci il tarixdə axşam saatlarında dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N saylı hərbi hissənin Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 2-ci tabor 5-ci bölük 2-ci tağım komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olan İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi faktı ilə bağlı təhqiqatı qanunvericilikdə qadağan olunmayan qaydada aparmalı olduğu halda mütəşəkkil dəstəyə rəhbərlik edən şəxslərin verdiyi tapşırıqlara uyğun olaraq digər dəstə üzvləri xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən inzibati binasında İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstə üzvləri çoxsaylı zərbələr vurmuş, digər ağır formada fiziki və psixi zor tətbiq etməklə işgəncə vermiş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N nömrəli hərbi hissənin Yevlax rayonu Aran qəsəbəsində yerləşən inzibati binasında vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək mütəşəkkil dəstə tərkibində silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq qida, su və digər təbii ehtiyacların ödənilməsini məhdudlaşdırıb ac, susuz saxlayıb, habelə gündüz saatlarında günün qızmar vaxtında günəş şüaları altında sıra meydanında əsassız olaraq sıra hazırlığı keçib fiziki hərəkətlər etməsini tələb edib, yemək saatlarında qəsdən vaxtı məhdudlaşdıraraq psixi təzyiq göstərməklə, o cümlədən mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə, ümumilikdə 6 may 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək, cəmi 45 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Bundan başqa iddiaçı əsassız azadlıqdan məhrum olduğundan haqqında çox ciddi ittihamlarla onun nüfuzuna xələl vurulmuşdur. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. İşin ictimailəşdirilməsi nəinki onun hətta onun ailəsinin nüfuzuna ciddi xələl gətirmişdir. Ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması, yaddaş pozğunluğu və s. nəticəsində dəymiş mənəvi zərərə görə 500000 manat məbləğində mənəvi zərərə uğramışdır. Hal-hazırda iddiaçı cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş zərərin əvəzinin cavabdeh vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə ödənilməsini xahiş edir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, onun təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia predmentinin əsasını təşkil edən hallar «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununda göstərilən əsasları özündə ehtiva etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək hüquqlarının pozulduğunu və bu əsasla da ona dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsini məhkəmədən tələb etmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində təsbit edilmiş əsasların mövcud olması (bəraətverici hökm,cinayət təqibinə xitam verilməsi və inzibati xəta haqqında işə xitam verilməsi haqqında qərar) nə iddia ərizəsində, nə də işə əlavə edilmiş sənədlərdə görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə müvafiq olaraq, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1-1(093)- 7/2024 saylı hökmü ilə müəyyən edilir ki, 06 may 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək, cəmi 45 gün müddətində mütəşəkkil dəstə tərəfindən törədilməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə dəstə üzvləri ilə birlikdə xidməti silahdan və silah kimi istifadə edilən əşyalardan istifadə edilməklə kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunu “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ordu sıralarından qanunsuz və əsassız təxris olunmasından irəli gələn ağır nəticələrə səbəb ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. (hökmün 1- 3, 126-127, 918-932, 933, 934, 1157-1190 səhifələri). Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. http://eqanun.az/files/framework/data/5/c_f_5104.htmBu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı 06 may 2017-ci il tarixdən 20 iyun 2017-ci tarixinədək (45 gün) müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, İddiaçı 45 gün müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvlərinin mənəvi iztirablar yaşaması, yaxınlarının mənəvi-psixoloji hallar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə görə 500 000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Qeyd olunanları nəzərə alaraq, iddiaçının məruz qaldığı rəftara görə ona hər günü üçün 500 manat olmaqla 22500 manat məbləğin ödənilməsi məntiqəuyğun olmasına baxmayaraq, işin diqqətəlayiq hallarını nəzərə alaraq, vurulmuş mənəvi ziyanın məbləğini 23000 manat müəyyən edilməsi ədalətli və ağlabatan hesab olunur. Odur ki, iddia qismən təmin edilməli, iddiaçının xeyrinə 23000 manat tutulmalıdır. Müəyyən edilmiş məbləğın hansı mənbədən ödənilməsinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 23000 manat ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 23000 (iyirmi üç min) manat ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1642/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1642/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver