Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1704/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh «Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) və «Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və "xxxx" MMC-dən müştərək qaydada sığorta hadisəsi nəticəsində dövlət nömrə nişanı **-AK-*** olan, TİDA minik markalı avtomobilə dəymiş 4010 manat məbləğində zərər və sığorta ödənişinin gecikdirilməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu (4010%0,1*430=1724,3) hesablanaraq ümumilikdə 5734,3 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, İddiaçı ilə cavabdehlərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında HO0008853-2023 saylı, xx.xx.2023-cü il tarixli Maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən dövlət nömrə nişanı **-AK-*** olan, TİDA minik markalı avtomobil (mühərrik: 1498 m, ban C11425850, buraxılış ili: 2011, rəngi: ağ mirvari) lizinq obyekti kimi lizinq alana yəni iddiaçıya müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. Müqavilədə qeyd edildiyi kimi, lizinq obyektinin dəyəri 13500 manat məbləğində qiymətləndirilmiş, ilkin ödəniş olaraq 2700 manat lizinq verənə ödənilmişdir. Yerdə qalan 10800 manat məbləği isə on iki aylıq dövr üzrə hissə-hissə ödənilməsi şərti ilə razılaşdırılmışdır. Qeyd olunan müqavilənin əsas şərtindən irəli gələrək, həmin nəqliyyat vasitəsi lizinq verən tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində KSK********** saylı şəhadətnaməyə əsasən xx.xx.2023-xx.xx.2024-cü il tarixli dövr üzrə “kasko” növü üzrə sığorta təminatı almışdır. Buna görə də, lizinq alan 299.16 manat məbləğində sığorta haqqı ödəməklə avtonəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini sığortalamışdır. Eyni zamanda lizinq verən kimi "xxxx" MMC tərəfindən həmin nəqliyyat vasitəsini Azərbaycan Respublikası daxilində idarə edə bilmək üçün həyat yoldaşı X2 etibarnamə ilə idarə etmək hüququ verilmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixində Abşeron rayonu ərazisində dövlət nömrə nişanı **-AK-*** olan, TİDA minik markalı avtomobili həyat yoldaşı idarə edərkən sığorta hadisəsi baş verir. Həmin hadisə zamanı avtomobilə ciddi maddi zərər dəyir. Sonradan avtomobilə dəyən ümumi zərər "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 01/02-247AS seriyalı mütəxəssis rəyi ilə 4010 manat məbləği həcmində olmaqla qiymətləndirilir. Lakin, qiymətləndirmədən öncə də dəfələrlə sığorta şirkətinə şifahi və yazılı müraciətlər olunmuş çox təəssüf ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti öz öhdəliyini müxtəlif bəhanələri əsas gətirərək icra etməkdən yayınmışdır. Ən sonuncu xx.xx.2024-cü il tarixli yazılı cavabında sığorta şirkəti "xxxx" MMC ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KSK********** saylı “X1 Tam Sığortası” üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülərin siyahısında həyat yoldaşı Aynur Xəlilovanın adının olmadığını əsas gətirərək sığorta ödənişini ödəməkdən imtina etmişdir. Buna baxmayaraq lizinq verən onunla bağladığı lizinq müqaviləsindən sonra həyat yoldaşı Aynur Xəlilovanın qeyd edilən nəqliyyat vasitəsini idarə etmək hüququnu özündə əks etdirən etibarnamələri ona təqdim etmişdir. Əgər lizinq verən etibarnaməni təqdim etmişdirsə həmin etibarnamələri digər tərəfə təqdim edib-etməməsi onun məsuliyyətindədir. Onu da qeyd etmişdir ki, lizinq alan lizinq müqaviləsinin əlavəsindəki cədvələ uyğun olaraq aylıq lizinq ödənişlərini tam həcmdə icra etmişdir. Daha sonra nəqliyyat vasitəsinin “kasko” növündə sığortasına dair sığorta şirkətiylə lizinq verən arasında bağlanmış müqavilənin müddəaları onlara məlum deyildir. Lakin, iddiaçı sığorta və lizinq ödənişlərini etdiyi halda, sığorta obyektinin “kasko” sığorta növündə sığortalandığı dövr ərzində baş vermiş sığorta hadisəsinə görə sığorta şirkətinin dəymiş zərəri qarşılamaması məsuliyyətdən yayınmaqdır, qanuni öhdəliyini qanunsuz olaraq icra etməməkdir. Həmçinin Lizinq verən Cəmiyyət də sığortalanmış lizinq obyektinə münasibətdə dəymiş zərərə qarşılıq heçbir köməklik göstərməyərək iddiaçının həyat yoldaşına vermiş olduğu etibarnamə barədə sığorta şirkətinə məlumat verib vermədiyini rəsmi olaraq bildirmir, eyni zamanda da sığorta müqaviləsinin şərtləriylə bugünədək iddiaçını tanış etməmişdir. Ona görə də hesab etmişdir ki, hər iki cavabdeh nəqliyyat vasitəsinə dəymiş zərərə görə sığorta məbləğinin ödənilməsində birgə məsuliyyət daşıyırlar. Bununla belə, qeyd etmək istəmişdir ki, İddiaçı ilə cavabdehlərdən "xxxx" MMC arasında HO0008853-2023 saylı, xx.xx.2023-cü il tarixli Maliyyə lizinq müqaviləsinin 5.3cü bəndində bildirilir ki, Lizinq verən lizinq obyektinin qorunması üçün Lizinq alanın hesabına tədbirlər görməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 23 yanvar 2023-cü il tarixli Maliyyə lizinq müqaviləsinə əsasən "xxxx" ASC-nin mülkiyyətində olan 2011-ci il buraxılışlı, 77AK871 dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” minik markalı avtomobil iddiaçının müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir və bu dövrdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə avtomobilə maddi ziyan dəymişdir. İddia tələbinə münasibətdə qeyd olunur ki, maliyyə lizinq müqaviləsinin 11.1-ci maddəsinə əsasən lizinq alan müqavilə imzalandıqdan sonra lizinq obyektinin hər cür zədələnməsinə və dağılmasına görə məsuliyyəti, zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəməyi, hətta, lizinq obyekti sıradan çıxsa belə, lizinq ödənişlərini əlavə 1-ə uyğun olaraq ödəməyi üzərinə götürmüşdür. Göründüyü kimi lizinq alan, İddiaçı həmin müqaviləni imzalamaqla, bu müqavilədən irəli gələn şərtlər əsasında müvafiq öhdəlikləri yerinə yetirməyi borclu olmuş, istifadəsində olan avtomobilin zədələnməsi və dağılması onu bu öhdəliklərdən azad edilməsinə əsas olmamışdır. Həmçinin, İddiaçı iddia ərizəsində lizinq verənə ilkin ödəniş etdiyini qeyd etsə də, bu ödəniş sonuncuya deyil, avtomobili satana ödənilir. Eyni zamanda, avtomobili idarə etmək üçün üçüncü şəxsə etibarnamənin verilməsi və onunla bağlı hər hansı bir quruma məlumatın verilməməsi cavabdeh "xxxx" ASC-nin avtomobilə dəymiş zərərin ödəyicisinə çevrilməsinə əsas deyildir, habelə hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli, Q-20 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nda, eləcə də lizinq müqaviləsində bununla bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Bu mənada, iddiaçı tərəfin “qanunda qeyd edildiyi şəkildə lizinq ödənişlərini və sığorta haqqını vaxtında ödəməsinə baxmayaraq, sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərərə görə sığorta ödənişini tələb etdiyi halda ona heç bir ödəniş edilmir və bu hal da onun qanunla qorunmalı hüquqlarını kobud formada pozmuş olur. Həmçinin Lizinq verən Cəmiyyət də sığortalanmış lizinq obyektinə münasibətdə dəymiş zərərə qarşılıq heç bir köməklik göstərməyərək iddiaçının həyat yoldaşına vermiş olduğu etibarnamə barədə sığorta şirkətinə məlumat verib vermədiyini rəsmi olaraq bildirmir, eyni zamanda da sığorta müqaviləsinin şərtləriylə bugünədək iddiaçını tanış etməmişdir. Ona görə də hesab etmişdir ki, hər iki cavabdeh nəqliyyat vasitəsinə dəymiş zərərə görə sığorta məbləğinin ödənilməsində birgə məsuliyyət daşıyırlar” bildirməsi qeyd olunanlara əsasən tamamilə əsassızdır. Digər tərəfdən, İddiaçı 22 yanvar 2024-cü il tarixdən etibarən "xxxx" ASC qarşısında olan lizinq müqaviləsindən irəli gələn öhdəliklərini tam şəkildə icra etmişdir. İddiaçı tərəfindən isə cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Mikro-Kredit BOKT” MMC öhdəliyini vaxtında icra etmədiyi üçün dövlət nömrə nişanı **-AK-*** olan, TİDA minik markalı avtomobil qəzalı vəziyyətdə satıldığından 9876 manat məbləğində ona dəymiş zərər və həmin ödənişin gecikdirilməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün məbləğin 0,1 faizi həcmində dəbbə pulu (9876%0,1*430=4246,68) hesablanaraq ümumilikdə 14122,68 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti onlara nəqliyyat vasitəsini idarə etmək hüququ verməyinə baxmayaraq Dövlət Sığorta Kommersiya Şirkətinə bu barədə məlumat verməli olduğu halda heçbir məlumat vermədiyi üçün sığorta hadisəsi baş verdikdən sonra nəqliyyat vasitəsinə dəymiş zərərə görə sığorta ödənişinin alınması qeyri mümkün olmuşdur. Odur ki, dövlət nömrə nişanı **-AK-*** olan, TİDA minik markalı avtomobilin əldə edilməsi üçün xx.xx.2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə cəmi 4040 manat və 1 il müddətində hər ay 1030 manat olmaqla 12360 manat ümumilikdə isə 16376 manat məbləğində pul ödəmişdir. Qəzadan sonra sığorta ödənişini alıb nəqliyyat vasitəsini təmir etdirə bilmədiyi üçün qəzalı vəziyyətdə dövlət nömrə nişanı **-AK-*** olan, TİDA minik markalı avtomobili məcburiyyət qarşısında 6500 manat məbləğində pula satmışdır. Nəticədə ona 9876 manat məbləğində zərər dəymişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti etirazla məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Lizinq müqaviləsi üzrə 10800 manat məbləğində borc (mükafatlarla birgə) 22 yanvar 2024-ciı il tarixdə lizinq alan tərəfindən tam şəkildə ödənilmişdir. İddia ərizəsinə əsasən 12 noyabr 2023-cü il tarixdə 2011-ci il buraxılışlı, ** AK *** dövlət qeydiyyat nişanlı, “Nissan Tiida” minik markalı avtomobil Abşeron rayonunun inzibati ərazisində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə avtomobilə ziyan dəymişdir. Bəllidir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilinəsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı məhz mülki qanunvericiliyin prinsiplərindəndir. Göründüyü kimi İddiaçı ilə "xxxx" ASC arasında 23 yanvar 2023-cü il tarixdə bağlanmış lizinq müqaviləsi tərəflərin sərbəst iradəsini əks etdirmiş, bu zaman hüquqdan sui-istifadə halları, habelə tərəflərin hüquqlarını məhdudlaşdıran və onları hüquqdan məhrum edən şərtlər olmamış, onlar üzərinə düşən öhdəliklərini tam yerinə yetirmiş, müqavilə ilə tərəflərin, eləcə də digər şəxslərin hüquq və maraqları pozulmamışdır. Belə ki, müqavilənin bağlandığı andan, o cümlədən öhdəliklərin icrası dövründə mübahisələndirilməməsi tərəflərin müqaviləni bəyənməsinə dəlalət edir. Avtomobili idarə etmək üçün üçüncü şəxsə etibarnamənin verilməsi və onunla bağlı hər hansı bir quruma məlumatın verilməməsi cavabdeh "xxxx" ASC-nin avtomobilə dəymiş zərərin ödəyicisinə çevrilməsinə əsas deyildir, habelə hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli, Q-20 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nda, eləcə də lizinq müqaviləsində bununla bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Digər halda, qanuni qüvvəsini almış məhkəmə qətnamələrində belə “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın hüquqi şəxslərlə bağlanmış sığorta müqavilələrinə şamil edilmədiyi birbaşa olaraq təsbit edilmişdir. Mübahisəli sığorta şəhadətnaməsi sığortalı qismində "xxxx" ASC ilə bağlanmış, eyni zamanda şəhadətnamədə faydalanan şəxs qismində də "xxxx" ASC-nin adı qeyd edilmişdir. Odur ki, həmin müqavilənin fiziki şəxsə təqdim edilən sığorta müqaviləsi kimi qiymətləndirilməsi üçün əsas yoxdur. O da vurğulanmalıdır ki, AR Dövlət Sığorta Kommersiya şirkətinin hüquqi şəxslərə təqdim edilən X1 tam sığortası üzrə könüllü sığorta qaydaları mövcud deyildir. Bu halda yuxarıda göstərilən qaydaların analogiya üzrə hüquqi şəxslərə təqdim edilən müqavilələrə tətbiq edilməsinin mümkün olması ehtimal edilsə belə qeyd edilməlidir ki, yuxarıda göstərilən qaydaların 17.1.1.2-ci və 5.3-cü bəndləri sistemli şəkildə şərh edildikdə aydın olur ki, həmin qaydalara əsasən nəqliyyat vasitəsinin sürücü kimi qeyd edilməyən şəxs tərəfindən idarə olunması ilə bağlı risklər X1 tam sığorta müqaviləsi ilə yalnız o zaman sığortalanmamış hesab edilir ki, sığorta şəhadətnamədə yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda sığorta təminatının verilməsi nəzərdə tutulmuş olsun. Hazırkı halda isə sığorta şəhadətnaməsində yalnız sürücü (sığorta olunan) kimi qeyd edilmiş şəxslərin avtomobilin idarə etməsi ilə bağlı sığorta təminatının verildiyi xüsusi qeyd edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfin təbilincə qaydaların analogiya üzrə hüquqi şəxslərə təqdim edilən müqavilələrə tətbiq edilməsinin mümkün olması ehtimal edilsə belə yenə də qeyd edilməlidir ki, sözügedən qaydaların 6.1-ci bəndinə əsasən sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə X9 nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir. “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə Sığorta Qaydalarf’na Əlavənin 6-cı bəndində avtomobili kimin idarə edəcəyi sualına cavab olaraq 3 variant qeyd edilmişdir ( a) avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs, b) yalnız sığortalı, c) sığortalı və aşağıda göstərilən şəxslər). Həmin bənddə aşağıdakı məzmunda qeyd göstərilmişdir: “Mənə izah olunub ki, avtomobilin bu ərizənin 6-cı bəndində qeyd etdiyim şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə hallarda sığorta ödənişi verilməyəcək. Həmçinin o da izah olunub ki, şəxslərə avtomobili idarəetmə hüququnun bu ərizənin 7-ci bəndində qeyd etdiklərimdən başqa digər şəxslərə verilməsindən əvvəl həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməlidir. Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta müqaviləsi sığortalının sığortalanma haqqında ərizəsi əsasında bağlanır. Sığortalanma haqqında ərizə X9 nəzərdə tutulmuş ərizə formasının doldurulması yolu ilə tərtib edilir. Bu məqamda, nə iddiaçı tərəf, nə də əvvəlki cavabdeh AR Dövlət Sığorta Kommersiya şirkəti istinad eldikləri həmin Qaydaların Əlavəsində nəzərdə tutulmuş ərizənin "xxxx" ASC tərəfindən doldurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Halbuki, həmin Əlavədə nəzərdə tutulmuş ərizədə avtomobilin kimin idarə edəcəyi ilə bağlı ayrıca bənd və qeyd göstərilmişdir ki, orada da sığortalıya avtomobilin qeyd etdiyi şəxslərdən başqa digərləri tərəfindən idarə edilməsi halında dəyən zərərin sığorta təminatına daxil olmadığı və belə hallarda sığorta ödənişi verilməyəcəyi, həmçinin avtomobili idarəetmə hüququnun qeyd etdiklərindən başqa digər şəxslərə verilməsindən əvvəl həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün həmin müqaviləyə müvafiq dəyişiklik edilməsi məqsədilə sığortaçıya yazılı məlumat verməli olduğu izah edilməlidir. Deməli, bununla əlaqədar sığorta riskinin yaranmasından, mövcudluğundan, eləcə də hər hansı bir formada artması halından söhbət gedə bilməz. Odur ki, iddia ərizəsində digər sürücü barədə məlumatlandırılmama amilinin vurğulamnası və bunun da tələbin əsası kimi təqdim edilməsi əsassız olmuşdur. Bundan başqa, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə xəbər verməlidir. Sığorta müqaviləsindən də göründüyü kimi nəinki "xxxx" ASC, İddiaçı da müqavilə üzrə sığortalı olmuşdur. Yəni, sığorta haqqı ödəyərək avtomobili sığorta etdirən şəxs olması İddiaçı özünü də sığorta müqaviləsinin tərəfi etmişdir ki, bu zaman sonuncunun da sığorta hadisəsi ilə bağlı sığortaçını məlumatlandırmaq imperativ vəzifəsi yaranmışdır. Digər tərəfdən, sığorta ödənişinin alınması üçün bu sahəni tənzimləyən mülki və sığorta qanunvericiliyinə əsasən zəruri sənədlər təqdim edilməlidir. Lakin, bunun birbaşa faydalanan şəxsin özünün etməsi kimi halın məcburiliyi mövcud qanunvericilikdə təsbit edilməmişdir. Həmçinin, sığortaçının sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildirişi təqdim etməsinin mövcud qanunvericilikdə təsbit edilməsi, bu müraciətin müvafiq sənədlər olduğu təqdirdə, sığortalı, sığorta olunan və ya faydalanan şəxs tərəfindən yerinə yetirilə bilmə imkanını tanıyır. Bir hal da xüsusilə qeyd edilməlidir ki, sığorta ödənişinin alınması üçün zəruri sənədlərin lizinq müqaviləsi üzrə ödənişlər bitənə qədər, yəni 22 yanvar 2024cü il tarixə kimi faydalanan şəxsə təqdim edilməsi faktını təsdiq edəcək hər hansı bir mötəbər sübut və ya sənəd də məhkəməyə təqdim edilməmişdir. Halbuki, lizinq müqaviləsinə əsasən sığorta polisi vasitəsilə təminatı altında olan risklərin qismən və ya tam şəkildə gerçəkləşməsi ehtimalı yarandıqda, lizinq alan onların qarşısını almaq üçün zəruri olan bütün tədbirləri görməyə borcludur. Onlar gecikərsə, müvafiq ictimai və özəl təşkilatlardan yardım istəməklə və belə halda hər zaman müvafiq sənəd və məlumatları əldə etməklə risk sovuşanadək lizinq obyektinin minimal dərəcədə zərərə məruz qalmasını təmin etməyə, zərər və sübutlara görə xərcləri müəyyən etməyə, lizinq verən və sığortaçını dərhal ən sürətli əlaqə vasitəsilə xəbərdar etməyə, zəruri fiziki və hüquqi tədbirləri həyata keçirməyə və ya bununla əlaqədar ortaya çıxan bütün zərərlərin qarşısını digər vasitələrlə almağa borcludur. Sığorta şirkətinə məlumat verilsə də, sığorta ödənişi sığorta şirkətinin daxili qiymətləndirməsi əsasında ödənilməmişdir. Bu halda, ödənişin edilməməsi və ya rədd olunması yalnız sığortaçı ilə iddiaçı arasında mübahisə predmeti ola bilər, lakin lizinq verən bu münasibətdə cavabdeh deyil. Hətta, müqavilə münasibətləri bitdikdən sonra faydalanan şəxsin sığorta ödənişi ilə bağlı məhkəməyə müraciət etməməsi belə, onun üçün hər hansı bir formada digər sığortalı qarşısında məsuliyyət daşımasına gətirib çıxarmır. Çünki, lizinq müqaviləsinə əsasən lizinq obyektinə xidmət edilməsi, eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər məhz lizinq alanın öhdəliyində olmuşdur. Eyni zamanda, lizinq müqaviləsi imzalandıqdan sonra lizinq obyektinin hər cür zədələnməsinə və dağılmasına görə məsuliyyət də lizinq alanın üzərində olmuş, həmçinin lizinq alan zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarının ödəyəcəyini, hətta lizinq obyekti sıradan çıxsa belə, lizinq ödənişlərini əlavə 1 uyğun olaraq ödəyəcəyini öhdəliyinə götürmüşdür. Bu halda, lizinq alanın hərəkətləri, yəni, lizinq obyektinə zərər dəysə belə, ödənişlərini davam etdirməsi onun məsuliyyətli və vicdanlı olmasından deyil, öhdəliyin icra edilməməsi zamanı irəli çıxacaq sonrakı maliyyə problemlərini düşünərək, öhdəliyin icra edilməsi ınəcburiliyiııdən formalaşan “vicdanlılıq”dan irəli gələn hərəkətlərindən ibarət olmuşdur. Lizinq müqaviləsi üzrə öhdəliyin lizinq alan tərəfindən tam şəkildə icra edilinəsi həm mülki qanunvericiliyə, həm də lizinq müqaviləsinə əsasən lizinq obyektinə münasibətdə lizinq verənin maraqlarının bitməsinə, habelə lizinq alanın faktiki mülkiyyətinə keçməsinə dəlalət edir. Lizinq alanın iddiası lizinq verənin müqaviləyə uyğun hərəkət etməsinə baxmayaraq, sanki müqavilə öhdəliklərini pozduğu görüntüsü yaradır. İddiaçının uzun müddət avtomobili adma keçirməməsi, lizinq verən üçün süni məsuliyyət yaratmaq niyyətindən irəli gəlir. Bununla iddiaçı müqaviləyə əsasən öz üzərinə düşən risk və məsuliyyətləri lizinq verənə yönəltməyə çalışır. Bu isə mülki qanunvericilik və lizinq müqaviləsinin şərtləri baxımından yolverilməzdir. Əlavə olaraq, 18 dekabr 2024-cü il tarixli aktdan da göründüyü kimi lizinq obyekti olmuş avtomaşına quraşdırılmış GPS sökülmüşdür. Bunun özü də iddiaçının artıq nəqliyyat vasitəsinə mülkiyyətçi yanaşmasını nümayiş etdirməsinin göstəricisidir. Müqavilədə lizinq verənin sığorta ödənişi almaması halında bu və ya digər şəxslərin qarşısında məsuliyyət daşıyacağı təsbit edilməmişdir. Müqavilənin “lizinq verənə aid xüsusi şərtlər” adlanan 4-cü bəndində iddia tələbində göstərilənlərlə bağlı məsuliyyət halının olmamasını birmənalı şəkildə əks etdirir. Mülki hüququn əsas prinsiplərindən biri-mülki hüquqların vicdanlı şəkildə həyata keçirilməsi və pozulmuş hüquqların qorunması üçün vaxtında və fəal tədbirlər görülməsi zərurətidir. İddiaçı tərəf avtomobili 12 noyabr 2023 tarixində qəzalı vəziyyətə salmasına baxmayaraq, uzun müddət hüquqularının müdafiəsi üçün ciddi zəruri addımlar atmamış, dəyərini tam ödədiyi avtomaşınını nə bərpa etmiş, nə də satışı ilə bağlı aktiv tədbir görməmişdir (elektron etibarnaməyə əsasən avtomobilin satış vaxtı 10 iyun 2025-ci ildir). İddiaçı bu müddətdə passivlik nümayiş etdirmiş və avtomobilin dəyərdən düşməsinə səbəb olmuşdur. Yəni, iddiaçı təmir işləri üçün heç bir konkret addım atmamış, sığorta şirkətinin qərarına qarşı vaxtında etiraz (məsələn, mübahisələndirmə və ya məhkəmə müraciəti) etməmiş, avtomobili 1 il 7 ay ərzində (2025-cü ilin iyununa qədər) olduğu kimi saxlamış (bununla bağlı da mötəbər sübutlar mövcud olmadığından, iddiaçının deməsinə görə qeyd olunur), bu müddətdə avtomobilin dəyəri azalmış və ya ümumiyyətlə dəyərsizləşmişdir. Bu, hüququn sui-istifadəsi və mülki hüquqda passivlik (laqeydlik) kimi qiymətləndirilir. Beləliklə, iddiaçının bu davranışı, mübahisə predmetinə çevirdiyi zərərin yaranmasında birbaşa iştirakını və məsuliyyətini ortaya qoyur. Zərərin hesablanması subyektiv əsaslarla aparılmış, ekspertiza və ya qiymətləndirmə rəyi təqdim olunmamışdır. Həmçinin, dəbbə pulu tələbinin hesablanması qaydası və tələbinin qanuni əsası da iddiaçı tərəfindən əsaslandırılmamışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh «Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X7 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişinin tələb edilməsi ilə bağlı subyektiv hüququ yoxdur. İş materiallarına maliyyə lizinq müqaviləsi əlavə edilmişdir. Həmin müqavilədə sığortalı da faydalanan şəxs də Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı ASC göstərilib. Kasko müqaviləsində ümumiyyətlə tərəf olmayan bir şəxs Şirkətdən sığorta ödənişini tələb edə bilməz. «Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin məktubu daxil olduqda imtina ərizəsində qeyd etmişlər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bu sahəni tənzimləyən sığorta qaydaları mövcuddur. Həmçinin "xxxx" ASC ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KSK********** saylı “X1 Tam Sığortası” üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülərin siyahısında həyat yoldaşı Aynur Xəlilova yoxdur. Məhkəmə, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən «Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə xx.xx.2024-cü il tarixdə ünvanlanmış sığorta ödənilməsindən imtina barədə bildirişdə göstərilmişdir ki, Azərbaycan Mikro-Kredit BOKT ASC ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında “X1 Tam Sığortası” üzrə xx.xx.2023-cü il tarixli, KSK********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) imzalanmış və sığortalı Azərbaycan Mikro-Kredit BOKT ASC-nin mülkiyyətində (sahibliyində) olan “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunuraq, "kasko" növü üzrə sığorta təminatı almışdır. Şirkətə müraciət edərək, sığorta predmeti olan “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığorta hadisəsinə məruz qaldığını bildirmişdir. Müraciətə tərəfindən aidiyyəti üzrə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Mikro-Kredit BOKT ASC ilə Şirkət arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KSK********** saylı “X1 Tam Sığortası" üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülərin siyahısında onun barədə məlumatlar (ad, soyad, ata adı) aşkar edilməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli, Q-20 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları” nın 5.3-cü bəndinə əsasən Sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsasıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təəssüf hissi ilə bildiririk ki, vətəndaş Azərbaycan Mikro-Kredit BOKT ASC ilə Şirkət arasında bağlanmış 25 01 2023-cü il tarixli, KSK********** saylı "X1 Tam Sığortası" üzrə müqavilədə sığortalanmış nəqliyyat vasitəsini idarə edən sürücülər siyahısında Sizin barədə məlumatlar (ad, soyad, ata adı) qeyd edilmədiyindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. İş materiallarında olan Azərbaycan Mikro-Kredit BOKT ASC tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə verilmiş etibarnaməyə (yol vərəqinə) əsasən “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi İddiaçı və X3 xx.xx.2023-cü il tarixinədək və xx.xx.2024-cü il tarixinədək etibar edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubda göstərilmişdir ki, Azərbaycan Mikro-Kredit BOKT ASC-yə məxsus “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qəza nəticəsində dəymiş zərərin həcmi 4010 manat təşkil edir. İş materiallarında olan X1 tam sığortası haqqında sığorta şəhadətnaməsində faydalanan şəxs-Azərbaycan Mikro-Kredit BOKT ASC, sürücü-İddiaçı, sığorta haqqı 299.16, azadolma-100, sığorta məbləği 10 800, sığorta predmeti “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, qüvvəyə minmə xx.xx.2023, qüvvədən düşmə xx.xx.2024 göstərilmişdir. İş materiallarında olan lizinqverən Azərbaycan Mikro-Kredit BOKT ASC ilə lizinqalan İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış maliyyə və lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş “Nissan Tiida minik” markalı avtomobilini mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsi ilə lizinq haqqı müqabilində Azərbaycan Respublikası qanunvericiliyi, habelə bu lizinq müaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Mikro-Kredit BOKT ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Azərbaycan Mikro- Kredit BOKT ASC qarşısında lizinq müqaviləsindən irəli gələn icra edilməli öhdəliyi qalmamış, lizinq müqaviləsi üzrə 10800 manat borc xx.xx.2024-cü tarixdə tam ödənilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda göstərilmişdir ki, “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verdiyi anda X4 tərəfindən yol vərəqi əsasında idarə edilmişdir. İş materiallarında olan Abşeron DYP-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2023cü il tarixli TP ******* saylı qərarında göstərilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 09:20-də Xırdalan-Saray yolu ərazisində “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqmətli hərəkət zolağına çıxmadan manevr etmiş nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 906.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. Həmin Məcəllənin 909.1-ci maddəsinə əsasən sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Girov və lizinq münasibətlərinin şərti kimi tətbiq edilən sığorta müqavilələri üzrə faydalanan şəxs (şəxslər) müvafiq olaraq girov saxlayanın və ya lizinq verənin razılığı ilə təyin edilə və ya dəyişdirilə bilər. Həmin Məcəllənin 915-ci maddəsinə əsasən sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir. Məhkəmə araşdırması zamanı və işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Azərbaycan Mikro-Kredit BOKT MMC arasında “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin birinciyə lizinqə verilməsi haqqında xx.xx.2023-cü il tarixdə maliyyə lizinq müqaviləsi bağlanmışdır. Cavabdehlər arasında “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortalanması haqqında xx.xx.2024-cü il tarixinədək qüvvədə olan KSK********** saylı sığorta müqaviləsi bağlanmışdır. Sığorta şəhadətnaməsi üzrə sığortalı və faydalanan şəxs Azərbaycan Mikro-Kredit BOKT MMC, sürücü İddiaçı göstərilmişdir. Eyni zamanda İddiaçı arvadı X2 “Nissan Tiida minik” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün yol vərəqi verilmişdir. X4 inzibati xəta törətməklə barəsində müvafiq qaydada inzibati tənbeh növü tətbiq edilmişdir. Sonradan iddiaçı lizinq müqaviləsi üzrə lizinq obyektinin dəyərini tam olaraq ödəmişdir. Hazırda lizinq obyektinin ona qəzalı vəziyyətdə satıldığı üçün iddiaçı dəymiş zərəri və dəbbə pulunu tələb edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən X1 tam sığortası üzrə sığorta qaydaları”nın 2.0.7-ci madəsinə əsasən sürücü –sığortalanmış avtomobili idarə etməsi halında baş verən sığorta hadisələrinə sığorta təminatı verilən fiziki şəxs, bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığorta müqaviləsində sığorta olunan qismində göstərilən şəxslərin siyahısına daxil edilən fiziki şəxs kimi qeyd edilmişdir. Həmin Qaydaların 5.3-cü maddəsinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Həmin Qaydaların 5.4-cü maddəsinə əsasən sığorta müqaviləsində fiziki şəxs olan sığortalı sığorta olunan sürücülərin siyahısında göstərilmədikdə də onun sığorta olunan qismində tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmin Qaydaların 17.1-cü maddəsinə əsasən sığorta müqaviləsində başqa cür nəzərdə tutulmursa, 17.1.1.2-ci maddəsinə görə təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması halında sığorta təminatı verilmir. Tərəflər arasında yaranan münasibətlərə baxdıqda müəyyən olununur ki, onlar arasında bağlanmış lizinq müqaviləsindən və lizinq obyekti sığorta şirkəti seçilməklə könüllü tam sığorta edilməsi barədə müqavilədən irəli qələn münasibətlər yaranmışdır. İddiaçı ilə «Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC arasında bağlanmış maliyyə lizinq müqaviləsinin 14.1.1-ci bəndinə əsasən lizinq obyektinə sahiblik hüququnun lizinq alana verilməsindən əvvəl o, lizinq obyektinin bu müqavilənin müddəti üçün zədələmə, məhvetmə, ətraf mühitə ziyan vurma, üçüncü şəxslərə ziyan vurma risklərindən öz hesabına sığortalamalıdır. Bu zaman sığorta şirkətini lizinq verən seçir və fayda alan tərəfi lizinq verən təyin edir. Qeyd edilməlidir ki, nəqliyyat hadisəsi baş verdiyi zaman sığorta şəhadətnaməsi üzrə sığortalı və faydalanan şəxs avtomobilin mülkiyyətçisi lizinq verən-«Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC olmuşdur. Maliyyə lizinq müqaviləsinin şərtlərinə görə lizinq obyektinin öz dəyərini saxlaması üçün zəruri olan bütün tədbirlərin həyata keçirilməsi, lizinq obyektini saz şəkildə saxlanması, lizinq obyektini bədbəxt hadisələrdən, yanğından, təhlükədən, oğurluqdan və digər bu kimi risklərdən qorunması tədbirlərinin görülməsi lizinq alanın borcu kimi razılaşdırılmışdır (xx.xx.2023-cü il tarixli maliyyə lizinq müqaviləsinin 9-cu bəndi). Digər tərəfdən, xx.xx.2023-cü il tarixli maliyyə lizinq müqaviləsinin 5-ci bəndinə əsasən, Lizing verənin xüsusi hüquq və səlahiyyətlərinə lizinq obyektinin qorunması üçün Lizinq alanın hesabına tədbirlər görmək onun hüququ kimi çıxış edir. Lizinq verən nəqliyyat vasitəsinin lizinq alandan başqa digər şəxsə də yol vərəqəsi verməklə həmin şəxsi nəqliyyat vasitəsini idarə etməyə səlahiyyətləndirmiş, lakin öz hüququndan istifadə edərək onun məsiliyyətini tam sığortalamamışdır. Bu barədə öz münasibətini lizinq alan vəzifəsi olmasına baxmayaraq yol vərəqəsi verildiyi anda deyil yalnız yol nəqliyyat hadisəsi baş verdikdən sonra lizinq şirkətinə bildirmişdir. Qeyd olunan məsələ öz həllini tapsa da belə, yəni hadisə üzrə sığorta ödənişi veriləsi olsa da, hadisə baş verdiyi tarixdə lizinq obyekti-nəqliyyat vasitəsi Lizinq verənin mülkiyyətində olduğundan, sığorta müqaviləsi üzrə sığortalı və faydalanan şəxs Lizinq verən çıxış etdiyindən sığorta ödənişi Lizinq verənə onun tələbi əsasında ödənilməlidir. Göründüyü kimi Lizinq verən bu hüququndan istifadə etmədiyinə görə iddiaçı ondan dəymiş zərəri və dəbbə pulunu tələb edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv prosesindədir) və «Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıy aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1704/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1704/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver